Dünya İqtisadi Forumunda (Davos Forumu) Azərbaycan iqtisadiyyatının uğurları və potensialı bir daha diqqətə çatdırıldı

 

 

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq bu il yanvarın 23-də Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilmişdir. Klaus Şvab paytaxtımızda reallaşan bu yüksək səviyyəli tədbirdə demişdir ki, forumun Azərbaycanda keçirilməsi bizim üçün bir qürurdur. Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir. Ümumiyyətlə, son illər ərzində Azərbaycanda çox böyük iqtisadi artım göstəriciləri qeydə alınmışdır. Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox qabaqcıl bir ölkədir.

Klaus Şvab vurğulamışdır ki, region ölkələrinin heç biri potensialı təkbaşına reallaşdıra bilməz. Uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Yəni bu uğur yalnız təbii resurslardan asılı deyildir.

Prezident İlham Əliyev forumda çıxış edərək demişdir ki, hazırda əsas məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir. Bunun üçün biz dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyi və təbii sərvətlərə malik olan ölkə, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq olan bir respublika kimi təqdim etməliyik. Dünya İqtisadi Forumu, eləcə də Davosda keçirilən görüşlər sayəsində açılan imkanlar Azərbaycanı keçmişdə, ümumiyyətlə, tanımayan dünya şirkətləri ilə münasibətlərin qurulmasını mümkün edir. Ölkəmiz kifayət qədər gəncdir, müstəqilliyimizin 21 yaşı vardır. Lakin Azərbaycan böyük tarixə, adət-ənənələrə, mədəniyyətə malik olan ölkədir. Dövlət başçımız nitqində diqqəti həmçinin 1993-cü ildən ötən müddət ərzində ölkəmizin keçdiyi inkişaf yoluna yönəltmişdir. Xatırlatmışdır ki, respublikamızda 1993-cü ilin ortalarından etibarən vəziyyət sabitləşməyə başlamışdır. Azərbaycanda olduqca ciddi, köklü siyasi - iqtisadi islahatların əsası qoyulmuşdur. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, birpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitarizmdən demokratiyaya keçid dövründə real dəyişikliklər baş verdi. İslahatların başlanğıc mərhələsində Azərbaycan öz enerji sektoruna böyük sərmayələr cəlb edə bildi. Sonrakı mərhələdə iqtisadi inkişafın istiqaməti enerji sektorundan qeyri-enerji sektoruna yönəldildi, neft-qaz sahəsinə aid olmayan sektorlara sərmayələr cəlb olundu. Eyni zamanda siyasi və iqtisadi islahatlar davam etdirildi.

Ölkə Prezidenti daha sonra demişdir: “...Bizim çox əlverişli coğrafi mövqeyimiz vardır. Lakin infrastruktur olmadan bu mövqenin böyük əhəmiyyəti yoxdur. Təbii sərvətlərimiz vardır, karbohidrogenlərimizin nəql edilməsi üçün şaxələndirilmiş şəbəkə yaratmışıq. Çünki Azərbaycanın açıq dənizə çıxışı yoxdur. Buna görə də neft və qazımızı nəql etmək üçün boru kəmərlərini çəkməli idik. Bu, 1990-cı illərin sonunda və bu əsrin əvvəlində qarşımızda duran ən böyük vəzifələrdən biri idi. Bu vəzifə uğurla icra edildi. Hazırda bizim şaxələndirilmiş boru kəmərləri şəbəkəmiz vardır. Azərbaycanın neft və qazını beynəlxalq bazarlara və Avropa bazarlarına çıxaran 7 neft-qaz boru kəməri mövcuddur. Eyni zamanda Azərbaycan karbohidrogenlərin nəqlində Xəzər dənizinin digər sahilində yerləşən tərəfdaşlarımız üçün tranzit rolunu oynamağa başlamışdır.

Lakin son 10 il ərzində əsas məqsədimiz iqtisadiyyatın şaxələndirilməsi olmuşdur. Əgər Azərbaycanın iqtisadi inkişafına nəzər yetirsəniz görərsiniz ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Ümumi daxili məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə artmışdır. Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır...".

Dövlət başçısı nitqində Dünya İqtisadi Forumunun ayrı-ayrı vaxtlarda Azərbaycan iqtisadiyyatına verdiyi qiyməti də yüksək dəyərləndirmişdir. Bildirmişdir ki, adıçəkilən forumun hesabatında iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycan 46-cı yerdə qərarlaşmışdır və bu sahədə ölkəmiz ardıcıl olaraq dördüncü ildir ki, MDB məkanında birinci yerdədir. Hətta iqtisadi və maliyyə böhranı zamanı iqtisadiyyatımız artmaqda davam etmişdir. Neftin qiymətləri kəskin surətdə aşağı düşdüyü zaman iqtisadiyyatımızın inkişafı yenə də davamlı xarakter almışdır. Çünki respublikada qeyri-enerji sektoru yaxşı nəticələr verməyə başladı. “Fitch”, “Standard & Poor’s”, “Moody’s” kimi əsas kredit reytinqi təşkilatları Azərbaycanın kredit reytinqini bu yaxınlarda yaxşılaşdırmışdır. Bu da islahatların yaxşı göstəricisidir.

Hazırda Azərbaycanda neft gəlirləri insan kapitalına çevrilir. Dövlətin əsas gələcək məqsədlərindən biri təhsildir. Təhsil istənilən ölkənin hər hansı uğurlu inkişafının ən vacib amilidir. Bu sahəyə ayrılan sərmayə, Azərbaycan universitetləri ilə dünyanın aparıcı təhsil müəssisələri arasında əlaqələr iqtisadi inkişafı çox ciddi intellektual potensiala əsaslanaraq planlaşdırmağa imkan yaradır. Eyni zamanda Azərbaycanda hazırda yeni texnologiyalara sərmayə yatırılır. İndi informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda prioritetlərdən birinə çevrilir. Azərbaycan artıq kosmos sənayesinə malik olan məhdud sayda ölkələr klubunun üzvünə çevrilmişdir. Bu ilin fevral ayında ilk peykimiz - “Azərspace-1" uğurla buraxıldı və bu, kosmik sənayenin inkişafının yalnız başlanğıcıdır...

Forumda Azərbaycan iqtisadiyyatının digər uğurlu göstəricilərinə də diqqət yetirilmişdir. Bildirilmişdir ki, son 10 il ərzində Azərbaycana 130 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayələrin müəyyən hissəsi xarici investisiyadır. Yaxşı sərmayə mühiti, proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə sabit durum və əlbəttə ki, regional əlaqələr hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən biridir. Bu gün Azərbaycan regional əməkdaşlıqda öz rolunu oynayır. 1990-cı illərin ortalarında başlanılan layihələr nəinki Azərbaycanın iqtisadi inkişafına, o cümlədən geniş regional əməkdaşlığa yönəlmişdir. Azərbaycan Xəzər dənizini xarici sərmayələr üçün açıq elan edən ilk ölkə olmuşdur. Respublikamız Xəzər dənizindən Aralıq dənizinə və Qara dənizə dəhliz yaradan ilk ölkədir. Neft və qaz dəhlizləri sonra ümumi geosiyasi və enerji dəhlizi rolunu oynamağa başlamışdır. Hazırda Azərbaycan, Gürcüstan və Türkiyə arasında mühüm dəmir yolu xətti layihəsi yekunlaşmaq üzrədir və bu, Avropanı Asiya ilə Azərbaycan və qonşu ölkələr vasitəsilə bağlayacaq layihə olacaqdır.

Azərbaycan iki il əvvəl Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzalamışdır. Həmin memorandumda nəzərdə tutulan tələblər hazırda həyata keçirilir. Son dövrün ən mühüm nailiyyətlərindən biri TANAP - Trans-Anadolu boru kəməri layihəsidir. İdeya Azərbaycan tərəfindən verilmiş, Türkiyə və Gürcüstandakı tərəfdaşların güclü dəstəyini almışdır. Azərbaycan bu layihənin həyata keçirilməsi üçün əsas maliyyə öhdəliyini öz üzərinə götürmüşdür və ən azı 100 il xidmət edəcək boru kəmərinin çəkilişinə başlamışdır. Çünki Azərbaycanın nəhəng qaz ehtiyatlarını və regiondakı potensial resursları nəzərə alsaq, bu dəhliz gələn on illiklər ərzində mühüm rol oynaya bilər.

Forumda çıxış edən Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız demişdir ki, beynəlxalq əlaqələrdə mühüm rol oynayan irimiqyaslı layihələrin ümumi təhlilini aparmağa ehtiyac vardır. İqtisadiyyatlar qloballaşır, siyasətlər isə beynəlmiləlləşir. Ölkələr beynəlxalq siyasətlərini birləşdirdikləri zaman əməkdaşlıq əlaqələrini qura bilirlər.

Türkiyə dünyanın bir çox ölkələri ilə müxtəlif layihələr həyata keçirməyə nail olmuşdur. Ona görə siyasi sabitliyini davam etdirən ölkələrlə birlikdə region güclənə bilər. Enerji resurslarından sülhün, sabitliyin təminatçısı kimi istifadə edərək inkişafa nail ola bilərik.

Bu gün Türkiyə Qara dənizdə Rusiya Federasiyası ilə “Cənub axını” layihəsini reallaşdırmaqla yanaşı, dost və qardaş ölkə Azərbaycan ilə Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsini uğurla həyata keçirir.

Türkiyənin hazırda regiona olan töhfəsinin davam edən siyasi sabitliklə birlikdə daha da artdığını vurğulayan nazir Taner Yıldız bildirmişdir ki, sözügedən ölkə bundan sonra da coğrafi vəziyyətinin üstünlüklərindən istifadə edərək, ciddi layihələr həyata keçirmək üçün müsbət mövqeyini davam etdirəcəkdir. Türkiyə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsi ilə birlikdə Xəzərdəki enerji ehtiyatlarının dünya bazarına çıxmasına töhfə verir. Dəmir yolu layihələri ilə birlikdə nəqliyyat təhlükəsizliyinin təminatçısı olur.

Dünya İqtisadi Forumunda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda aparılan müzakirələr də diqqət çəkmişdir. “Neftdən asılılığın azaldılması ilə bağlı proqramlar hansı planları əhatə edir, bundan əlavə, regionda əməkdaşlıq baxımından daha çox hansı model haqqında danışılmalıdır?”-sualına  Prezident İlham Əliyev cavabında demişdir: “Hökumətimiz üçün son 10 ildə şaxələndirilmə bir nömrəli prioritet olmuşdur. Çünki biz müstəqilliyin əvvəlki mərhələsində sərmayələri cəlb etmək üçün enerji potensialımızı təqdim etməli idik. Biz investorlar üçün çox güzəştli şəraitlər yaratmalı idik ki, onlar özlərini Azərbaycanda rahat hiss etsinlər. Lakin aydın şəkildə anlayırıq ki, yalnız enerji sektorunun inkişafı bizə dəyişikliklərə nail olmaq, iş yerlərini açmaq imkanını yaratmayacaqdır. Çünki enerji sektoru çox sayda iş yerləri açmır. Bilirdik ki, bu, bizə zəngin və yoxsul arasındakı boşluğu aradan qaldırmağa imkan verməyəcəkdir. Buna görə də biz 2004-cü və 2009-cu illərdə iki regional inkişaf proqramını qəbul etdik. Bu  proqramların əsas məqsədi şaxələndirmə və infrastruktura, sərmayə, özəl sektorun stimullaşdırılması idi.

Əlbəttə ki, tənzimləmə, liberal islahatlar və sərmayə mühiti bu məqsədə nail olmaqda bizə yardımçı oldu. Deyə bilərəm ki, Azərbaycan haqqında ən yaxşı statistik məlumatlar  yoxsulluğun, işsizliyin azaldılması və qeyri-enerji sektorunun yüksəlməsi idi. Ötən il qeyri-enerji sektorunda artım təxminən 10 faiz olmuşdur. Gələn illər ərzində əminəm ki, şaxələndirmə prosesi uğurla gedəcəkdir. Çünki ölkəmizdə 2020-ci ilə baxış proqramı vardır. Bu, 2020-ci ilə qədər hansı işlərin görülməsini təsvir edən  əhatəli və olduqca dəqiq proqramdır. Məqsədimiz gələn 8-9 il ərzində qeyri-enerji sektorunda ümumi daxili məhsulun payının 2 dəfə artırılmasıdır. Artıq dediyim kimi, diqqət yetirdiyimiz sektorlar - informasiya-kommunikasiya texnologiyaları, həmçinin kənd təsərrüfatı, xidmətlərdir. Enerji amilindən asılılığın azaldılması, həmçinin prioritetlərimizdən biridir. Eyni zamanda aydın şəkildə anlayırıq ki, enerji amili nəinki Azərbaycanın iqtisadi inkişafında, o cümlədən buradakı regional əməkdaşlıqda mühüm yer tutacaqdır. Çünki bu, aparıcı qüvvədir".

Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab forumda demişdir ki, Azərbaycanın nadir coğrafi mövqeyi, yüksək təhsil almış işçi qüvvəsi vardır. Buradakı sağlam mühit, ümumiyyətlə, birgə iş və əməkdaşlıq çərçivəsində çox uğurlar əldə oluna bilər. Avropa qitəsinə, yaxud Asiya regionuna baxsaq, görərik ki, iqtisadi, sosial sahələrdə uğurlar əldə etmək üçün mütləq etibar və uzunmüddətli əməkdaşlıq şəraitində birgə səylər göstərilməlidir. Məhz buna görə də Dünya İqtisadi Forumu çox nadir bir format yaradır.

Forumdan məqsəd sadəcə olaraq müəyyən görüşlərin keçirilməsi deyildir. Məqsəd uzunmüddətli təşəbbüslərə start verməkdir. Cənubi Qafqaz və Orta Asiya regionları üçün müəyyən ssenarilər təqdim olunur. Qarşıdan gələn 18 ay ərzində bu proseslər davam edəcəkdir. Regiondan və region xaricindən olan aparıcı şəxslər bu prosesə cəlb ediləcəklər. Məqsəd regional iqtisadi inteqrasiyaya nail olmaqdır. Regionun uzunmüddətli gələcəyi üçün müxtəlif ssenarilər yaradılır. Məqsəd regionun nadir evolyusiya potensiallarını araşdırmaq və müxtəlif alternativ ssenariləri nəzərdən keçirməkdir. Bu gün biz bu prosesi başlayırıq. Məqsəd regionun nadir imkanlarını aşkar etməkdir.

Bakıda Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində keçirilən sessiyada Dünya İqtisadi Forumu idarə heyətinin üzvü və icraçı direktor Borge Brende, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, Azərbaycan Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov, Rusiyanın Bioenerji Korporasiyasının (BioEnCo) təsisçisi və Direktorlar Şurasının sədri David Yakobaşvili və başqaları çıxış edərək  Azərbaycanın öz potensialından əsasən necə istifadə etməsi, daha geniş regionda iqtisadi imkanların artırılması üçün hansı praktiki addımların atılması məsələləri ətrafında danışmışlar. Qeyd etmişlər ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun inkişafı üçün bölgə ölkələri geniş potensiala malikdir. Region ölkələrinin iqtisadiyyatlarının və bu bölgədə ticarətin təşviqi nəticəsində ümumi daxili məhsulu hətta dəfələrlə artırmaq mümkündür.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında