Dünya İqtisadi Forumunun Qlobal Gənclər Birliyinin
“Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumunun Bakıda keçirilməsi də bunu təsdiqlədi
Bu günlərdə Bakıda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumu başa çatmışdır. Belə bir mötəbər tədbirin Bakıda keçirilməsi heç də təsadüfi deyil. Son illər Azərbaycan gəncliyinin xoş sədaları dünyanın müxtəlif yerlərindən eşidilir.
Gənclərimiz nüfuzlu beynəlxalq qurumların tədbirlərində fəal iştirak edir, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə olduğu kimi çatdırılmasında böyük fədakarlıq göstərirlər. Bakıda keçirilən forumda iştirak etmiş xarici ölkələrin nümayəndələri də ölkəmizdə gənclərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirmiş, Cənubi Qafqaz və Mərkəzi Asiya problemlərinin həllində azərbaycanlı gənclərin fəaliyyətini xüsusi qeyd etmişlər. Bakının belə bir tədbirin keçirilməsi üçün gözəl məkan olduğunu vurğulayan qonaqlar bunu ilk növbədə xalqımızın qonaqpərvərliyi ilə əlaqələndirirlər.
Məsələn, “Mir” telekanalının Tacikistandakı müxbiri Ellina Kim demişdir ki, forum çox yüksək səviyyədə təşkil edilib. Azərbaycanın ildən-ilə sürətlə inkişaf etdiyini qeyd edən qonaq forumun müxtəlif ölkələrdən olan insanların bir araya toplaşması baxımından əhəmiyyətini də qeyd etmişdir.
Gənclər forumunun digər iştirakçısı, Qazaxıstanın gənc sahibkarlar klubunun həmtəsisçisi və rəhbəri Zinaida Pak forumun Bakıda keçirilməsindən məmnunluğunu bildirmiş, Azərbaycanda gənclərə göstərilən yüksək diqqət və qayğını təqdirəlayiq hesab etmiş və Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasəti xüsusi qeyd etmişdir. O, Bakıda keçirilən tədbirə iqtisadiyyat, siyasət sahələrində fəaliyyət göstərən dünyanın istedadlı gənclərinin toplaşmasını yüksək qiymətləndirmişdir.
Z.Pak forumun mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmış və tədbirin ölkələrarası əlaqələrin inkişafında müstəsna rol oynayacağını əminliklə qeyd etmişdir. Azərbaycanda ilk dəfə olduğunu deyən qonaq şəhərin gözəlliyindən, Bakının qədim və modern tikililərindən, ölkəmizin sürətli inkişafından da söz açmışdır.
Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması, iqtisadi cəhətdən getdikcə qüdrətlənməsi gəncliyin də inkişafında mühüm rol oynayır. Ümumiyyətlə, dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdən prioritet məsələ kimi qarşıya qoyulmuşdur. Gənclərin ölkənin sosial - iqtisadi, elmi və mədəni həyatının inkişafında fəaliyyətini artırmaq, onlara geniş imkanlar yaratmaq əsas vəzifələrdən biri olmuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə gəncliyin qüvvəsini, potensialını yüksək qiymətləndirmiş, bu sahəyə daim xüsusi diqqət və qayğı bəsləmiş, gənclərin fiziki və mənəvi cəhətdən sağlam, hərətərəfli biliyə malik olmaları üçün hər cür şərait yaratmışdır.
Böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin daxili və xarici siyasətini siyasi uzaq görənliklə davam etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinin hərətərəfli inkişafı, dünya birliyinə inteqrasiyası və beynəlxalq miqyaslı tədbirlərdə fəal iştirakının təmin olunması üçün bütün imkanlardan istifadə etdi. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında yüksək fəaliyyəti ilə seçilir. Gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Gənclər siyasətinin daha da təkmilləşdirilməsinin təmin edilməsi, yaradıcılıq potensialının aşkara çıxarılması üçün lazımi şəraitin yaradılması, onların intellektual səviyyəsinin yüksəldilməsi, xüsusi istedadlı gənclərin seçilməsi və çoxlu sayda müvafiq tədbirlərin həyata keçirilməsi qarşıya qoyulmuş prioritet vəzifələrdəndir. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında, beynəlxalq tədbirlərdə fəal təmsil olunur, cəmiyyətin inkişafına və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına öz töhfələrini verirlər.
Azərbaycan gənclər təşkilatlarının nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı istiqamətində də mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsi olaraq son illər gənclər təşkilatlarımız nüfuzlu beynəlxalq qurumlara üzv qəbul edilib.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5 min gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. Bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilmişdir.
Hazırda ölkəmizdə 200-ə yaxın gənclər təşkilatı, ali məktəblərdə fəaliyyət göstərən 40- dan artıq tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, onların sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlə arasında təbliği və digər məsələlər kifayət qədər aktualdır.
Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyasını daha da sürətləndirmək və gənclərimizin nüfuzlu beynəlxalq tədbirlərdə iştirakını təmin etmək istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi bu gün özünü bariz şəkildə büruzə verir. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Bütün bunlar nüfuzlu beynəlxalq qurumların diqqətindən yayınmamışdır.
Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumun açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva demişdir: “Cənubi Qafqaz və Mərkəzi Asiya dünyanın zəngin təbii ehtiyatlarını, habelə infrastrukturun qeyri-adi yüksəlişini və texniki inkişafı özündə birləşdirən regionlardan biridir. Bunun və digər amillərin sayəsində dünya məhz bizim regionda ilk neft bumlarından birinin şahidi olmuşdur. Regionumuz siyasi təfəkkür və dövlətçilik ənənələri, incəsənətin, mədəniyyətin və elmin tərəqqisi ilə bəşər tarixinin bir hissəsinə çevrilmişdir. Eyni zamanda, şairlərimizin və filosoflarımızın əsərləri bütün dünyada milyonlarla insanın qəlbini və zəkasını fəth etmişdir.
Coğrafi baxımdan Qərb ilə Şərqin qovuşuğunda yerləşən Cənubi Qafqaz nəinki iki sivilizasiyanın dəyərlərini özündə ehtiva edir, həm də Qərbi Şərqə, Şərqi Qərbə təqdim etmək iqtidarındadır".
L.Əliyeva diqqətə çatdırmışdır ki, bu gün gənclər çox mühüm intellektual, mədəni və peşəkar potensialdır. Dövlətlərimizin taleyi onların həyatının və inkişafının keyfiyyətindən asılıdır.
O, həmkarlarına müraciətlə demişdir ki, Azərbaycan on bir iqlim qurşağının doqquzunun mövcud olduğu, son dərəcə gözəl təbiətə və zəngin biomüxtəlifliyə malik bir ölkədir. Biz də bu sərvəti gələcək üçün qoruyub saxlamaq məqsədi ilə qarşımıza konkret vəzifələr qoymuşuq.
Gənclərin qarşısına qoyulan vəzifələr barəsində məlumat verən Heydər Əliyev Fondunun vitse-prezidenti vurğuladı ki, fəaliyyətimizin miqyasını daha da genişləndirmək üçün müxtəlif yollar axtarılmalıdır. L.Əliyeva hazırda Azərbaycanın hüdudlarından kənarda ən fəal gənclər təşkilatı olan Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəaliyyətini də diqqətə çatdıraraq dedi ki, bu təşkilat geniş şəkildə çoxsaylı humanitar və mədəni layihələr, habelə ətraf mühitin mühafizəsinə yönəlmiş layihələr həyata keçirir. Bütövlükdə RAGB-ın fəaliyyətinin miqyası Rusiyada gənclərin həyatının bütün sahələrini əhatə edir ki, bu da qurumdan əməkdaşlığı genişləndirmək məkanı kimi istifadə etməyə imkan verən müsbət amildir. Gələcək planlar və ideyalar barəsində məlumat verən Leyla xanım Əliyeva dedi:“İdeya və planlarımızı sizə çatdırmaq imkanının verilməsinə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Mən gələcəyə nikbinliklə baxıram. Əminəm ki, siyasi, iqtisadi, ekoloji və mədəni mübadilə bizim nəslin nümayəndələrinə bəşəriyyətin ümumi idealları naminə gələcəyin təhdidlərini aradan qaldırmaq və sülhü qoruyub saxlamaq imkanı verəcəkdir”.
Azərbaycan gəncliyi beynəlxalq aləmdə, yüksək tribunada söz demək iqtidarında olduğunu bir daha təsdiqlədi. Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumun Bakıda keçirilməsi bir daha təsdiqlədi ki, gənclərimizin dünya birliyinə inteqrasiyası yüksək səviyyədədir. Belə bir nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi Leyla xanım Əliyevanın qeyd etdiyi kimi, forum iştirakçılarının nadir tarixi irsə malik, əbədiyaşar Azərbaycanı - dinamik və rəngarəng mədəniyyəti olan müasir dünyəvi bir dövləti görmək imkanı yaratdı.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.