“Baku Steel Company” MMC-də Bakıda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində görüşlər davam etdirilmişdir

 

 

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq birlik tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunmasını bir daha sübut etdi.

AzərTAc xəbər verir ki, bu sözləri aprelin 9-da “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov “Air Liquide” şirkətinin nümayəndələri  ilə görüşündə söyləmişdir. O bildirmişdir ki, Dünya İqtisadi Forumu Cənubi Qafqazda və Mərkəzi Asiyada əməkdaşlığın və inteqrasiyanın inkişafına geniş yollar açacaqdır. Tədbirdə iştirak edən “Air Liquide” şirkətinin Orta Asiya üzrə vitse-prezidenti Asixan Serikov Forumda dünyanın müxtəlif ölkələrinin hökumət rəhbərləri, qlobal və regional biznes liderləri daxil olmaqla 200-dən artıq nümayəndənin iştirakını çox müsbət amil kimi dəyərləndirmişdir.

Sonra “Baku Steel Company” MMC və “Air Liquide” şirkəti arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. Memorandumda “Baku Steel Company”nin strateji planına uyğun olaraq “Air Liquide” şirkətindən avadanlıq alınması məsələsi əksini tapmışdır.

Eyni zamanda, “Baku Steel Company” Gəncədə və Hövsan qəsəbəsində yeni nəhəng metallurgiya zavodlarının inşasını planlaşdırır.  Zavodların  inşası ilə bağlı “Baku Steel Company” uzunmüddətli təchizat müqaviləsi çərçivəsində “Air Liquide” şirkəti tərəfindən autsorsinq şərtlərlə oksigen və azot qazlarının təchiz olunması barədə müzakirələr aparmışdır. “Baku Steel Company” qaz şəklində oksigen və azotun təchiz edilməsi tələbatını təmin etmək üçün “Air Liquide” şirkəti ilə əməkdaşlıq edəcəkdir.

Tədbirdə Amerikanın “Midrex” şirkətinin nümayəndələri də iştirak etmiş, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov və “Midrex” şirkətinin MDB üzrə layihə direktoru Ken Joyner tərəfindən anlaşma memorandumu imzalanmışdır. Sənəddə “Baku Steel Company” Daşkəsən filizsaflaşdırma kombinatında dəmir filizinin “Midrex”  bərpa  prosesindən istifadə etməklə birbaşa bərpa qurğusunun yaradılması imkanlarını qiymətləndirir. Eyni zamanda, Gəncədə tikiləcək müasir polad istehsalı zavodunun konsepsiyasında şəhər yaxınlığında əlaqəli parçalama, xırdalayıcı, zənginləşdirici və okatiş qurğusunun, EQS poladəritmə və tökmə sexinin tikintisi nəzərdə tutulur. “Baku Steel Company” MMC “Midrex” şirkətinin dəstəyi ilə tikintinin səmərəliliyini qiymətləndirmək niyyətindədir.

Günün ikinci yarısında İtaliyanın “Danieli” şirkətinin nümayəndələri ilə də görüş keçirilmiş və anlaşma memorandumu imzalanmışdır. “Danieli” şirkətinin vitse-prezidenti Luca Palezza və “Baku Steel Company” MMC-nin baş direktor müavini Çingiz Həsənovun imzaladıqları anlaşma memorandumunda bildirilir ki, yeni layihəyə görə, Hövsanda  ildə  0.66 milyon ton istehsal gücündə yeni metallurgiya zavodu  inşa ediləcəkdir. “Danieli” dünyada texnologiyalar, modernləşmə, məhsullar və xidmətlər sahəsində aparıcı tərəfdaş kimi fəaliyyət göstərir. Bu şirkət layihənin həyata keçirilməsi üçün “Baku Steel Company” MMC-də xüsusi avadanlığın quraşdırılması, mühəndislik, habelə müvafiq xidmətlərin göstərilməsini təklif və təchiz etməkdə maraqlıdır.  Bundan sonra da hər iki şirkət layihənin işlənib hazırlanması və həyata keçirilməsi üçün sıx əməkdaşlıq etmək niyyətindədir.

Bununla da “Baku Steel Company” MMC-də Dünya İqtisadi Forumu çərçivəsində iki gün davam edən görüşlər başa çatmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında