Bakıda Dünya İqtisadi Forumu çərçivəsində “Azərbaycanın gələcəyinə baxış: Yeni iqtisadiyyata doğru” mövzusunda sessiya keçirilmişdir

 

 

Aprelin 8-də Bakıda Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində “Azərbaycanın gələcəyinə baxış: Yeni iqtisadiyyata doğru” mövzusunda sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, sessiyada Azərbaycanın öz potensialından əsasən necə istifadə etməsi və daha geniş regionda iqtisadi imkanların artırılması üçün hansı praktiki addımların atılması məsələləri ətrafında müzakirələr aparılmışdır.

Sessiyanı açan Dünya İqtisadi Forumu idarə heyətinin üzvü və icraçı direktor Borge Brende Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun inkişafı üçün bölgə ölkələrinin geniş potensiala malik olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, region ölkələrinin iqtisadiyyatlarının və bu bölgədə ticarətin təşviqi nəticəsində ümumi daxili məhsulu hətta dəfələrlə artırmaq mümkündür.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar əsasən enerji və təbii ehtiyatlar mövzusunda çıxış etmişdir. Azərbaycanda səfir olmaqdan və bu mötəbər tədbirdə çıxış etməkdən məmnunluğunu bildirən diplomat enerji məsələlərinin həm respublikamız, həm də region üçün əhəmiyyətini bildirmişdir.

Azərbaycan və Türkiyənin Avropaya qazın nəqlində mühüm yol qət etdiklərini vurğulayan səfir TANAP layihəsinin əhəmiyyətindən danışmışdır. O, bu layihəyə gələcəkdə qonşu ölkələrin də qoşulması ilə TANAP-ın əhəmiyyətinin daha da artacağını qeyd etmişdir.

Prezident İlham Əliyevin Azərbaycan üçün iqtisadiyyatın şaxələndirilməsinin önəmli olması ilə bağlı fikrini tədbir iştirakçılarının diqqətinə çatdıran R.Morninqstar bu baxımdan digər sahələrin, o cümlədən nəqliyyatın, kənd təsərrüfatının, turizmin, rabitənin, insan kapitalı və s. inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulamışdır.

Sessiyada çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov neft gəlirlərinin idarə edilməsi sahəsində ölkəmizin yaxşı təcrübəsinin və nailiyyətlərinin olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, DNF ümummilli lider Heydər Əliyev tərəfindən 1999-cu ildə, ilk növbədə, makroiqtisadi sabitliyin qorunması, neft gəlirlərinin idarə edilməsi, gələcək nəsillər üçün əmanətlərin yaradılması məqsədi ilə təsis olunmuşdur. Neft vəsaitlərindən elə istifadə edilməlidir ki, həm ondan yararlana bilək, eyni zamanda, “Holland sindromu”nu yaşamayaq. Biz bu vəsaitlərdən səmərəli istifadə etmək yolu ilə, bir çox çətinlikləri aradan qaldırmağı bacardıq və ölkəmiz üçün yeni imkanlar yaratdıq. Hazırda bu vəsait ölkənin ümumi daxili məhsulunun yarısına bərabərdir. Belə maliyyə ehtiyatlarının olmasına bir çox ölkələr həsəd aparır.

Ş.Mövsümov Dövlət Neft Fondunun vəsaitlərinin əsasən infrastruktur sahəsinə yönəldilməsi nəticəsində çox böyük irəliləyişə nail olunduğunu vurğulamışdır. Bildirilmişdir ki, bu sahələrdən biri ölkədə genişzolaqlı internetin coğrafiyasının artırılmasıdır. Bu isə özəl sektor üçün böyük imkanlar yaradacaqdır. Qeyd edilmişdir ki, DNF-in vəsaitlərindən, həmçinin mühüm strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında və Azərbaycan gənclərinin xaricdə təhsil alması proqramında da istifadə olunur. Prezident İlham Əliyevin “İqtisadi modernləşmə yüksək təhsilli gənclər olmadan mümkün deyildir” fikrini diqqətə çatdıran Fondun sədri rəhbərlik etdiyi qurumun bu sahəni xüsusilə diqqət mərkəzində saxladığını qeyd etmişdir.

Bakıda olmaq böyük şərəfdir, - deyən Rusiyanın Bioenerji Korporasiyasının (BioEnCo) təsisçisi və Direktorlar Şurasının sədri David Yakobaşvili ölkəmizdə son illərdə çox böyük, inanılmaz dəyişikliklərin baş verdiyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan Prezidentinin səyləri ilə mühüm nailiyyətlərə imza atılmışdır.

Azərbaycanın ümumi daxili məhsulunun 48 faizinin təbii ehtiyatlar hesabına formalaşdığını qeyd edən David Yakobaşvili 2020-ci ildə bu rəqəmin 20 faiz olacağını demişdir. Biz təbii ehtiyatları əvəz etmək strategiyasını düşünməliyik. Bunun əsas əvəzedicisi Böyük İpək yolunun bərpasıdır. O, bu baxımdan daxili və xarici bazarlara çıxışın, gömrük və sərhəd administrasiyalarının səmərəliliyinin və şəffaflığının, nəqliyyat infrastrukturunun, İKT-nin əlyetərliliyinin və keyfiyyət tənzimləyici mühitin olmasının əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, bu sahədə atılmış addımlar növbəti altı ildə Azərbaycana ümumi daxili məhsulunu iki dəfə artırmağa imkan verəcəkdir.

Rusiyanın İpoteka Kreditləri Agentliyinin baş icraçı direktoru Aleksandr Semenyaka Xəzər regionunun sürətli iqtisadi inkişafının yeni maliyyə bazarları yaratdığını qeyd etmişdir. Xəzər regionu ölkələrində inflyasiyanın aşağı səviyyəsinə baxmayaraq, bankların faiz dərəcələrinin yüksək olduğunu söyləyən A.Semenyaka demişdir ki, hazırda kommersiya banklarının üzləşdiyi əsas problem uzunmüddətli kapitalın əldə edilməsidir. Bundan çıxış yolu kimi  hökumətlərarası səviyyədə uzunmüddətli kapitalın cəlb edilməsi üçün platformalar yaradılmalıdır. Bu platformalar kommersiya banklarının uzunmüddətli maliyyə mənbələrinə çıxış imkanı üçün çox mühümdür. Bu, həm də hökumətlə özəl sektor arasında əməkdaşlıq imkanı yaradır.

Sonra çıxışlar ətrafında müzakirələr aparılmışdır.

Müzakirələrdən sonra çıxış edən Fransanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Rəqabətlilik Proqramının rəhbəri Antonio Somma demişdir ki, təbii ehtiyatların tükənməsinə iqtisadiyyatların necə hazır olması məsələsi çox böyük əhəmiyyət kəsb edir. Burada əsas məsələ regionda təhlükəsizliyi təmin etməkdir. Enerji ilə əlaqəli olmayan digər sahələrdə investisiya mühitini elə möhkəmləndirmək lazımdır ki, davamlı inkişaf təmin edilsin. Bunun üçün təbii resurslardan əldə edilən gəlirlər elə xərclənməlidir ki, ənənəvi sektorlarda rəqabətlilik yaransın.

Ukraynanın “KM Core” şirkətinin baş icraçı direktoru və sədri, Ukrayna üzrə Qlobal Gündəlik (Agenda) Şurasının rəhbəri Yevgeni Utkin insan kapitalı və sahibkarlıqla bağlı fikirlərini bildirmişdir.

Azərbaycanın biliyə əsaslanan iqtisadiyyat yaratmaq istəyi ilə bağlı Prezident İlham Əliyevin sözləri ilə çıxışına başlayan Y.Utkin demişdir ki, bu baxımdan hazırkı dövrdə cəmiyyətlərin öz biliyi və qabiliyyəti sayəsində kapital yaratmış qəhrəmanlara ehtiyac vardır. Bu regionda maliyyə vəsaitləri çoxdur və biliyə əsaslanan iqtisadiyyata keçid prosesində risklərə hazır olmaq lazımdır. Yeni qəhrəmanlar yaradılmalıdır və buna böyük ehtiyac vardır.

Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirmişdir ki, qlobal dünyada heç bir ölkə qonşu dövlətlərlə və digər regionlarla ticarət əlaqələri qurmadan mövcud ola bilməz. Qafqaz və Mərkəzi Asiya regionunda inteqrasiya və əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayan nazir müavini ticarət axınına əsas maneələrdən biri kimi sərhəd prosedurunun mürəkkəbliyini göstərmişdir. S.Həsənova Azərbaycanda və Gürcüstanda bu problemlərin həlli istiqamətində xeyli iş görüldüyünü qeyd etmişdir.

Azərbaycanın son illərdə nəqliyyat şəbəkəsi və infrastruktur sahəsində böyük layihələr reallaşdırdığını diqqətə çatdıran nazir müavini ölkəmizin bir sıra layihələrdə kreditor kimi iştirak etdiyini bildirərək demişdir ki, təhlükəsizlik və sabitlik olmadan heç bir biznes imkanı mövcud ola bilməz.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı Azərbaycanın iqtisadi artım sahəsində həqiqətən son on il ərzində mühüm uğurlar qazandığını söyləmişdir. Bu uğurun davamı üçün şaxələndirmə lazımdır. Bunun üçün bazar və biznes qurumları tərəfindən müəyyənləşdirilən prioritet sahələri hökumət dəstəkləməlidir.

R.Aslanlı bu baxımdan makroiqtisadi sabitliyin, hökumətin əlverişli biznes mühitinin yaradılmasına dəstəyinin və insan kapitalının inkişaf etdirilməsinin önəmini qeyd etmişdir. Bunun üçün beynəlxalq təcrübədən faydalanmalı, ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilməli, qanunun aliliyi təmin olunmalıdır.

Qırğızıstan Baş nazirinin birinci müavini Comard Otorbayev Azərbaycanın region ölkələri üçün model olduğunu diqqətə çatdırmışdır. Biz istərdik ki, Azərbaycanın iş adamları Şərqə doğru da sərmayə qoymağa daha iddialı olsunlar. Qırğızıstan Azərbaycandakı inkişafdan daha çox təcrübə qazanır. Gəlin, regionumuzu daha konkret olaraq Xəzər bölgəsi adlandıraq və bu bölgəni ümumi bir vahid məkan hesab edək. 

Sessiya maraqlı diskussiyalarla başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında