Yeni qəbul olunmuş Dövlət Proqramı dəmir yolunun inkişafına geniş imkanlar açır

{nl}

 Ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tamhüquqlu üzv kimi qəbul olunması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi, beynəlxalq və regional layihələrdə aktiv iştirak etməsi ümummilli lider Heydər Əliyevin uzun illər apardığı məqsədyönlü siyasətin nəticəsidir. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da bu gün irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı indi özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daimi qayğısı sayəsində mümkün olmuşdur. Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin müdrik siyasəti sayəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.
Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. O, istər bilavasitə respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu 1983-87-ci illər ərzində, dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilmişdir. Həmin illərdə Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur ki, bu da ümummilli lider tərəfəindən dəmir yoluna və dəmiryolçulara göstərilən böyük qayğı və diqqətin parlaq təzahürüdür. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasət adamı Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil almışlar.
Bunlar, sadəcə, qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, ümummilli liderin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasını şərtləndirən əsas amillərdir.
Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz "Bakı-Tbilisi-Qars"və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.
Ölkə başçısının dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 iyul 2009-cu il tarixli "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" sərəncam imzalaması yeni bir mərhələnin başlanğıcı idi. 15 fevral 2010-cu ildə Nazirlər Kabineti tərəfindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq olundu və bu işlər sürətləndi. Bununla da gələcəkdə Azərbaycanın dəmir yolunda islahatların aparılması və restrukturizasiyası, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsi istiqamətində yeni islahatlar prosesinə start verildi.
Görülən işlərin məntiqi davamı kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Proqramda Azərbaycan polad magitstralının sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb. Vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və sair təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün tədbirlər planında öz əksini tapıb.
Sənəddə göstərildiyi kimi, Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın ölkə başçısı tərəfindən imzalanması dəmir yolunda aparılan islahatların sürətlə başa çatdırılması üçün çox böyük imkanlar açır. Proqramda nəqliyyat sisteminin əsas sahələrindən olan dəmir yolunun bütün təsərrüfatlarının inkişaf etdirilməsi, modernləşdirilməsi nəzərə alınıb. Məsələn:
- Dəmir yolu nəqliyyatı haqqında qanun layihəsinin işlənib hazırlanması;
-Yalama və Böyük-Kəsik sərhəd-keçid stansiyalarında yolların, enerji təchizatı və rabitə qurğularının və xidməti binaların yenidən qurulması;
- Sürətin artırılması və təhlükəsiz hərəkətin təmin olunması məqsədi ilə 317 km uzunluğunda baş yolların əsaslı təmiri;
- Bir neçə körpünün rekonstruksiyası;
- 50 ədəd yeni dəyişən cərəyanlı elektrovozun alınması;
-13 ədəd TE10 tipli teplovozun əsaslı təmir edilməklə modernləşdirilməsi;
- Biləcəri lokomotiv deposunun əsasında lokomotivlərin əsaslı təmiri bazasının yaradılması;
- Neft və neft məhsullarının daşınması üçün 300 ədəd yeni çən vaqonlarının alınması;
-Quru yüklərin daşınması üçün vaqonların alınması;
- Ələt vaqon deposunun və vaqonların yuyulması məntəqəsinin yenidən qurulması; - 25 ədəd yeni sərnişin vaqonunun alınması;
- Azərbaycan dəmir yolunun Yalama - Biləcəri hissəsində optik-lifli rabitə xəttinin yaradılması;
- Osmanlı-Astara sahəsində optik lifli rabitə xəttinin yaradılması;
- Azərbaycan dəmir yolunda yük və sərnişin daşımalarının avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması;
- Azərbaycan dəmir yolunun işarəetmə və bloklama sisteminin dispetçer mərkəzləşdirilməsi idarəetməsinin yaradılması;
- Dəmir yolunun Bakı - Böyük-Kəsik sahəsində 27,5 kvt-lıq dəyişən cərəyanlı dartı sisteminə keçməsinin təmin edilməsi;
- 10 ədəd ADM tipli texniki istismar və təmir maşınlarının (drezinlərin) alınması;
- Dəmir yolu nəqliyyat sisteminin ixtisaslı fəhlə, ali və orta ixtisas təhsilli kadrlarla təmin edilməsi və digər tədbirlər nəzərdə tutulur.
Göründüyü kimi, Dövlət Proqramında dəmir yolunun bütün təsərrüfatlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Bütün bu görüləcək işlər nəticəsində qatarların hərəkətnin təhlükəsizliyi təmin ediləcək və hərəkət sürətinin yüksəldilməsi təmin olunacaqdır. Dövlət Proqramının preambulasında bu, çox dəqiq ifadə olunub: "Ölkədə dəmir yolu nəqliyyat xidmətlərinə olan tələbatın tam ödənilməsi və ölkənin dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün daha müasir nəqliyyat infrastrukturunun yaradılması, daşımalarda yük vahidinə nəqliyyat xərclərinin azalması, çevik tarif siyasətinin müəyyən edilməsi, Azərbaycanın tranzit potensialının artırılması, institusional islahatların aparılması, dəmir yolu nəqliyyatının fəaliyyətinə dair təkmil qanunvericilik bazasının formalaşdırılması, dəmir yolu sahəsi üçün yüksək ixtisaslı kadrların hazırlanması və onların sosial müdafiəsi təmin olunacaqdır".
Bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcəkdir. Artıq ölkə başçısının dəstəyi sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə 450 milyon ABŞ dolları məbləğində və Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində Kredit Sazişi imzalanmışdır. Layihə üzrə Tender Komissiyası texniki və maliyyə təkliflərinin açılışı prosedurunu başa çatdırıb.
Dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətimizin və hökumətimizin qarşımızda irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır. Ölkə başçısı İlham Əliyevin 2010-cu il 6 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" qeyd olunanları reallaşdırmağa geniş imkanlar açır.

{nl}

 Qurban NƏZİROV, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, respublikanın əməkdar mühəndisi, texnika elmləri namizədi

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında