“İKT ili”ndə bir neçə irimiqyaslı layihənin həyata keçirilməsi nəzərdə tutulur

 

 

 Azərbaycan son illər sürətli inkişaf yolundadır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı daxili və xarici siyasət ölkəmizi Cənubi Qafqazin lider dövlətinə çevirmişdir. Bu inkişafın nəticəsidir ki, bir sıra təşkilatların reytinq cədvəlində Azərbaycanın mövqeyi ildən -ilə irəliləyib.

 Respublikamız təkcə neft sektorunda deyil, digər sahələrdə də uğurlu nəticələr qazanır, dünya birliyində öz mövqeyini möhkəmləndirir.Həyata keçirilən dövlət proqramları böyük müvəffəqiyyətlə reallaşdırılır. Cənab Prezident hər ilin yekunu ilə bağlı keçirilən müşavirədə növbəti ili inkişafımızın prioritet sahələrindən birinə həsr edir. “Ekologiya ili”, “Turizm ili” buna misal ola bilər. 2012-ci ilin yekunlarına həsr olunmuş müşavirədə isə 2013-cü ili “İnfomasiya-kommunikasiya texnologiyaları ili” elan etmişdir. Bu da təsadüfi deyil. Artıq Azərbaycan bu sahədə böyük uğurlara imza atmışdır.

 Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu yaxınlarda İKT-nin inkişafını konkret faktlarla açıqlamışdır. O, demişdir ki, bu gün Azərbaycan İKT-nin göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Eyni zamanda, son illərdə məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin İKT sektoru hər üç ildə 2 dəfə artıb və son 8-10 ildə orta illik artım tempi 20-25 faiz təşkil edib və bu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır. Təkcə yola saldığımız 2012-ci ilin göstəricilərinə nəzər salsaq, 2012-ci il ərzində ölkə üzrə ümümdaxili məhsulun (ÜDM) həcmi 54 milyard manat, ötən illə müqayisədə real artım tempi isə 2,2 faiz təşkil edib.

 Hazırda RİTN ölkəmiz üçün strateji əhəmiyyəti olan böyük transmilli layihələrdə iştirakını, eləcə də mühüm layihələrin icrasını da davam etdirir. Ölkə rəhbəri tərəfindən İKT-nin prioritet sahə elan edilməsi “İKT sahəsində böyük layihələrin başlanğıc ili” adlandırılan 2013-cü ilin Azərbaycanın rabitə sahəsi, ümumilikdə respublikamız üçün əlamətdar hadisələrlə zəngin ilə çevriləcəyinə böyük ümidlər yaradır. Məlum olduğu kimi, Azərbaycan özünün ilk peykini fəzaya qaldırdı. Bu hadisə həqiqətən böyük uğur idi. Dünyanın hər yerindən bu hadisə böyük maraqla izləndi. İlk peykimiz olan “Azərspace-1” Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan ”Ariane Space” fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırıldı və geostasionar orbitə çıxarıldı. Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya, Şərqi Asiya ölkələrini əhatə edən peyk ölkəmizin bütün ərazisində internet və digər rabitə, televiziya yayımı üzrə xidmətlər təqdim edəcək.

 Nazir Ə.Abbasov “İKT ili” çərçivəsində həyata keçiriləcək digər bir mühüm layihənin də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən hazırlandığını bildirib. Bu layihəyə görə, “Azərbaycanda evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksək sürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması nəzərdə tutulur. 2013-cü ildə artıq bu layihəyə 103,6 mln manat vəsait ayrılıb. Nazirin sözlərinə görə layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir, 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi investisiya hesabına ödəniləcək. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, ölkə ərazisini 10-100 mbs. arasında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını təxminən 85 faizə çatdırmaqdır ki, bu da bizə 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək.

Peykin buraxılması kimi mühüm mərhələnin ardınca, RİTN fevral ayında ölkənin İT şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə və inkişafına yönələn daha bir tədbirin reallaşmasına başlayacaq və 2012-ci ilin 6-9 noyabrında İnternet İdarəçiliyi Forumu və “Bakutel” İKT həftəsi çərçivəsində Bakıda keçirilmiş ilk “Azərbaycan-ABŞ İKT forumu”ndan sonra RİTN daha bir ilkə imza atacaq. Bu da İKT sahəsində böyük uğurlara imza atan Yaponiyadır. Bununla da ölkə daxilində RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün aparılan əhəmiyyətli işlərin, keçirilən görüşlərin, eləcə də dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə imzalanan sənədlərin sırası daha da genişlənəcək. İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı üzrə aparıcı dövlətlər sırasında olan ABŞ, Yaponiya kimi ölkələrlə tərəfdaşlıq, onlarla imzalanan İKT üzrə əməkdaşlığa dair memorandumlar Azərbaycana və qarşı tərəfə iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizdə İKT üzrə yeni inkişaf dövrünün də başlanğıcını qoyur. Amma bu qarşılıqlı marağın ortaya çıxmasında ölkəmizin siyasi stabilliyi, son illərdə davamlı qazanılan və artmaqda olan iqtisadi göstəricilərlə bərabər, respublikamızda aparılan islahatların nəticələrinə beynəlxalq təşkilatların verdiyi qiymət də az rol oynamayıb. Belə ki, son illərdə Azərbaycanın İKT sahəsində nail olduğu inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində yer alaraq, müsbət tendensiyalarla əks olunur.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında