Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı

 

 

 

 

Ulu öndərimiz Heydər Əliyev  1969-cu ildə Azərbaycana rəhbər seçiləndə, ilk növbədə, iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı. İttifaq hökuməti qarşısında respublikanın gələcək iqtisadi həyatı ilə bağlı məsələlər qaldırdı və qısa vaxt ərzində sovet hökumətinin respublikamızın inkişafına dair xüsusi qərar qəbul etməsinə nail oldu. İttifaq orqanları ilə əməkdaşlıq formalarının təkmilləşdirilməsi istiqamətində səmərəli addımlar atıldı, məhsuldar əməyə, işin nəticələrinə layiqli qiymət vermək ön plana çəkildi. Bir sözlə, respublika iqtisadiyyatında qaynar həyatın formalaşması üçün bütün imkanlar və vasitələr hərəkətə gətirildi ki, bütün bunlar da öz bəhrəsini verdi: milli gəlir, sənaye, kənd təsərrüfatı məhsulları istehsalındakı 60-cı illərdəki gerilik aradan qaldırıldı, yeni keyfiyyətli inkişafın fundamental əsaslarının möhkəmləndirilməsi üçün xeyli iş görüldü. Azərbaycan dotasiyasız yaşayan bir respublika kimi tanındı.

Bunu belə bir faktdan aydın görmək olar ki, əgər sovet dövrünün bütün əvvəlki 50 ilində (1920-1970-ci illər) Azərbaycanın iqtisadiyyatına bütövlükdə 14 milyard rubl (ildə orta hesabla 280 milyon rubl) sərmayə qoyulmuşdusa, 15 ildə (1971-1985-ci illər) bütövlükdə 36 milyard rubl (hər il orta hesabla 2,4 milyard rubl), yəni ildə 10 dəfəyə yaxın çox vəsait sərf olunmuşdur.

Ulu öndərimizin hazırladığı enerji strategiyası da respublikamızın elektrik enerjisi ilə təminatında ciddi dönüşün yaranmasına səbəb oldu. 1969-1982-ci illərdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün yeni  tikilən və yenidən qurulan elektrik stansiyaları hazırda ölkəmizin enerji balansının əsas təməllərini təşkil edir. Sözügedən dövrdə respublikamızın qazlaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir.

Ümummilli liderimiz hakimiyyətinin birinci dövründə respublikanın inkişaf tempinin, genişmiqyaslı quruculuq işlərinin ardıcıl  xarakter alması üçün davamlı islahatlar reallaşdırdı. Həyata keçirilən iri layihələrin icrası nəticəsində daha çox kənd təsərrüfatı respublikası olan Azərbaycan sənaye respublikasına çevrildi. Bu dövrdə neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələr əhəmiyyətli dərəcədə inkişaf etməyə başladı. Azərbaycan sənaye məhsulunun artım tempinə görə ittifaq ölkələri arasında ilk yerlərdən birini tutdu. 1970-1980-ci illərdə respublikamızda istehsal olunan sənaye məhsulunun payı ÜDM-də 66 faizə çatdı. Bu illər ərzində respublikada 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verildi. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 ədədə bərabər idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatdırıldı.

Sözügedən dövrdə Azərbaycanın ixrac potensialı da artdı. Sənaye və kənd təsərrüfatı məhsulları təkcə ittifaq respublikalarına deyil, xarici dövlətlərə də ixrac olunmağa başladı. Həmin illərdə respublikamızda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Azərbaycanın sürətli inkişaf dinamikası tikinti-quraşdırma, nəqliyyat, infrastruktur bölmələrinə də təkan verdi. Həmin illərdə respublikamız nəhəng tikinti meydançasını xatırladırdı. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər tikildi, yollar salındı.

Ümummilli lider Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması və sonradan sovet ittifaqının çökməsi nəticəsində respublikamızın əldə etdiyi müstəqilliyin ilk ilyarımlıq dövründə sosial-iqtisadi sahələr ciddi tənəzzülə məruz qaldı. Ölkənin müqəddəratının səriştəsiz adamların əlinə düşməsi nəticəsində bütün sahələrə ağır zərbələr vuruldu, xarici havadarlarının güclü dəstəyi ilə ərazimizin böyük bir hissəsi ermənilər tərəfindən  işğal edildi.

1991-ci il oktyabrın 18-də istiqlaliyyətini bərpa etmək şansı qazanmış Azərbaycanda sosial-iqtisadi sahələrdə acınacaqlı vəziyyət yaranmışdı: iqtisadiyyatda tənəzzül prosesi dərinləşir, inflyasiyanın səviyyəsi gündən-günə yüksəlir, əhalinin sosial şəraiti pisləşir, zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə yönümündə səmərəli addımlar atılmırdı. 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5 faiz aşağı düşürdü. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almışdı: 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 faizə, 1992-ci ildə 37 faizə, 1993-cü ildə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının 23 faizini itirmiş, 1992-ci ildə inflyasiyanın səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artmışdı.

1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun, xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsini 250 faizə çatdırması bank sektorunun idarəolunmaz vəziyyətə düşməsindən xəbər verirdi.

Sosial gərginlik daha qabarıq nəzərə çarpırdı: 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü.

Azərbaycanın gələcək taleyinin müəyyən olunduğu belə bir ağır zamanda - 1993-cü ilin iyununda  Heydər Əliyevin xalqın təkidli istəyilə  Naxçıvandan Bakıya qayıtması və Ali Məclisin sədri seçilməsi ulu öndərin təkcə  hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın xaosdan qurtulması və davamlı inkişaf yoluna qədəm qoyması  demək idi. Ümummilli liderimiz  məhz bu tarixdən etibarən Azərbaycan dövlətçiliyini faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində ölkədə administrativ idarəçiliyə əsaslanan planlı təsərrüfatdan bazar iqtisadiyyatına uğurla keçid prosesi sürətləndi, iqtisadiyyatın tarazlı inkişafının təmini sahəsində kompleks tədbirlər reallaşdırıldı. Davamlı iqtisadi qərarların qəbulu nəticəsində qiymət indeksi 2-3 il ərzində aşağı salındı və inflyasiya 11-12 faizə düşdü. Dövlət büdcəsinin gəlirləri əhəmiyyətli dərəcədə artaraq 1995-ci ildə köhnə manatla  1 trilyon 584 milyard manata çatdı. 1997-ci ildə isə büdcə gəlirləri 2 trilyon 565 milyard dollardan çox oldu. Əhalinin pul gəlirləri, orta aylıq əmək haqqı, pensiya məbləği 3-4 dəfə artdı. 1995-ci ildən sabitləşməyə başlayan iqtisadiyyat inkişaf üçün baza rolunu oynadı və növbəti illərdə bu tendensiya özünü daha qabarıq şəkildə göstərməyə başladı.

Ulu öndərin əlverişli investisiya mühitinin təmin olunması ilə bağlı qəbul etdiyi qərarlar ölkəmizin regionda sərmayələrin yatırıldığı əhəmiyyətli dövlət kimi mövqeyinin artmasına gətirib çıxardı. Həmin dövrlərdə ölkəyə investisiya qoyuluşları da yox səviyyəsində idi. Azərbaycanın bir neçə beynəlxalq maliyyə təşkilatı və xarici kredit qurumları ilə əməkdaşlığa dair saziş imzalamasına baxmayaraq, respublikamıza sərmayə və yaxud kredit verən yox idi. 1993-cü ildə ölkəyə kredit qoyuluşları köhnə manatla 7 milyard manat idisə, 1994-cü ildə bu rəqəm 20 dəfə artaraq 140 milyard manata, 1995-ci ildə 270 milyard manata çatdı. Belə  siyasət respublikamızın nüfuzunu artırmaqla bərabər, Azərbaycana investisiya qoymaq istəyən xarici iş adamlarının fəallığını artırmış oldu.

Heydər Əliyev yaxşı bilirdi ki, iqtisadi və sosial inkişafın aparıcı amillərindən birinə çevrilən sahibkarlıq fəaliyyəti, o cümlədən özəl sektor olmadan əhalinin maddi rifah halının dinamik yüksəlişi mümkün deyil. Dinamizm, təşəbbüs, yenilik, yüksək məhsuldarlıq anlayışları ilə assosiasiya təşkil edən sahibkarlığın inkişafı tərəqqi prosesinin sürətləndirilməsi ilə yanaşı, inkişafa istiqamətlənmiş çoxsaylı yeni ideyaların ərsəyə gəlməsində də mühüm rol oynayır. Ona görə də sahibkarlığın bazar iqtisadiyyatı şəraitində iqtisadi yüksəlişə verdiyi töhfəni aydın görən Heydər Əliyevin gerçəkləşdirdiyi sistemli tədbirlər sayəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması kontekstində özəl sektorun formalaşması üçün hüquqi baza yaradılmış,  digər mühüm əməli tədbirlər görülmüş, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilmişdir.

Yuxarıdakı fikrin təsdiqi kimi bəzi məqamlara diqqət yetirək. Sahibkarlıq potensialının uğurla reallaşdırılması  üçün atılan növbəti vacib addımlardan biri 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramı olmuşdur. Həmin proqramlar sahibkarlığın inkişafını, dövlət tərəfindən özəl sektor subyektlərinə hərtərəfli dəstəyin göstərilməsini özündə ehtiva etmişdir. Bütün bunlara paralel olaraq sözügedən sahəyə dövlət nəzarət sistemi təkmilləşdirilmiş, müvafiq qanunvericilik bazasında qabaqcıl dünya təcrübəsinə uyğun dəyişikliklər həyata keçrilmişdir. 1996-cı il iyunun 17-də “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” ölkə Prezidenti tərəfindən verilən fərman iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz xarakterli  yoxlamaların sayının azaldılmasına gətirib çıxardı.

Böyük strateq Heydər Əliyevin siyasi uzaqgörənliyinin və qətiyyət nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına yeni təkan vermişdir. “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə prinsipinə əsaslanır. Bu müqavilə dünyada miqyasca ən böyük enerji layihəsinin həyata keçirilməsini təmin etməklə yanaşı, respublikamızın ciddi elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının gerçəkləşməsinə imkan yaratmış, dayanıqlı siyasi sabitliyə, iqtisadi və milli təhlükəsizlik maraqlarının beynəlxalq səviyyədə təminatına real zəmin formalaşdırmışdır.

Azərbaycanın müstəqil enerji sisteminin formalaşması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Bunu belə bir fakt da təsdiqləyir: ümummilli liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 30 il ərzində Azərbaycanın energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətləri istifadəyə verilmiş, enerji sisteminin real imkanları iki dəfədən çox artmışdır. Yaxud, belə bir misal. Azərbaycan 1969-cu ildə elektrik enerjisi idxal edirdisə, 1982-ci ildən elektrik enerjisi ixracatçısı kimi tanınmağa başlamışdır.

Ölkə iqtisadiyyatının tərkib hissəsi kimi aqrar sahənin dirçəldilməsi də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Kənd təsərrüfatında başlanan islahatlar bu sahədə tənəzzülün qarşısını almaqla bərabər, onu yeni inkişaf yoluna çıxardı.

Bir həqiqəti xatırladaq ki, Azərbaycanda aqrar islahatın həyata keçirilməsi istiqamətində ilk addımlar Naxçıvan Muxtar Respublikasında atılmışdır. Belə ki, Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən 1992-ci ilin aprel ayında muxtar respublikanın  qanunverici orqanının sessiysında aqrar islahatlara dair xüsusi qərarlar qəbul olunmuşdu. İkinci dəfə hakimiyyətə gəldikdən sonra isə Heydər Əliyev bildirirdi ki, müstəqil inkişaf yoluna qədəm qoyan respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməli, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır. Ulu öndər qeyd edirdi ki, təsərrüfat sahəsində iqtisadi islahatlar Azərbaycanın yeganə yoludur və respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsində, mülkiyyət formalarının dəyişdirilməsində, sahibkarlıq üçün şərait yaradılmasında və ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının bütün sahələrində bazar iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsində aqrar bölmənin ehtiyat mənbələri böyük əhəmiyyət kəsb edir. Bütün bunların məntiqi nəticəsi olaraq Heydər Əliyev ölkə əhalisinin ərzaqla, sənayenin bir çox sahələrinin xammalla təmin edilməsində kənd təsərrüfatının imkanlarından maksimum istifadə edilməsi ilə yanaşı, kənd təsərrüfatı sahəsində iqtisadi islahatların keçirilməsinin sürətləndirilməsini ilk plana çəkirdi.

2003-cü ildə prezident seçkiləri zamanı namizədliyini İlham Əliyevin xeyrinə geri götürən ulu öndər həmin vaxt qeyd edirdi: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu öndərin siyasi varisi bu ümidləri qısa müddətdə doğrultdu, çünki həmin siyasət ənənəyə söykənir və bu missiya inkişaf edir. Ümumiyyətlə, Heydər Əliyevin müəyyənləşdirdiyi bütün sosial - iqtisadi hədəflər bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədləridir və bu strategiya bütünlüklə zəngin və qüdrətli Azərbaycanın davamlı inkişafına xidmət edir. Məhz, bu gün də davam edən bu strategiya dahi öndərimiz tərəfindən təməli qoyulmuş inkişaf və tərəqqi konsepsiyasına söykənir və müasir mərhələdə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşməkdədir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

İqtisadi İnkişaf Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim olunur


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında