Bu il aprelin 7-8-də Davos İqtisadi Forumunun növbəti forumu Azərbaycanda keçiriləcək.Bu isə Azərbaycanın qlobal biznes ölkəsi kimi tanınması ilə bağlı mühüm hadisədir. Növbəti Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiyada əməkdaşlıq və inteqrasiyanın inkişafına kömək edəcək amillərdən hesab edilir. Bu forumun Bakıda keçirilməsi birmənalı şəkildə Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu. İlk dəfədir ki, Davos Forumu Qafqaz və Mərkəzi Asiyada keçirilir. Region ölkələri arasından Azərbaycanın seçilməsi isə məhz ölkəmizin əhəmiyyətini göstərən əsas faktorlardandır.
Davos İqtisadi Forumu – dünyanın aparıcı tədbiri
Dünya İqtisadi Forumu 1971-ci ildə alman əsilli, Cenevrə Universitetinin iqtisadiyyat fənni üzrə professoru olan Klaus Şvab tərəfindən “İqtisadi İdarəetmə Forumu” adı ilə yaradılmışdır. Forum fəaliyyətinin ilkin dövrlərində Avropa iqtisadi modelini dünyaya, xüsusilə Amerika biznes cəmiyyətinə təqdim etməyə mühüm önəm vermiş, bu istiqamətdə iri, strateji və qlobal miqyaslı tədbirlər həyata keçirmişdir. Bu tədbirlər uğurlu alındığından “İqtisadi İdarəetmə Forumu” 1987-ci ildə öz adını dəyişdirərək “Dünya İqtisadi Forumu” adı ilə əvəzlənmişdir. 1973-cü ildə cərəyan edən hadisələr forumun fəaliyyətində əsaslı və gələcək planlara təsir edəcək dönüşə səbəb oldu. Belə ki, həmin dövrdə Bretton-Vuds (Bretton-Woods) maliyyə sisteminin iflasa uğraması və ərəb-İsrail müharibəsi forumun istiqamətini dəyişdi, iqtisadi idarəetmə məsələlərindən əvvəlcə iqtisadi, daha sonra isə siyasi məsələlərə üstünlük verildi.
1988-ci ildə forum vasitəsilə uzun müddət həlli yolunu tapmayan Türkiyə-Yunanıstan arasında münasibətlərin yaxşılaşması, razılıqların əldə olunması və XX əsrin ortalarından etibarən Qəzza sektorunda baş verən gərginliyin müvəqqəti də olsa, aradan qaldırılması Dünya İqtisadi Forumunun beynəlxalq müstəvidə nüfuzunu yüksəltdi, siyasi və iqtisadi imicini daha da möhkəmləndirdi.
Azərbaycan Davos İqtisadi Forumuna töhfə verən ölkə kimi
Azərbaycan 1995-ci ildən bəri Dünya İqtisadi Forumunun daimi iştirakçısıdır. Həmin il keçirilən forumda Azərbaycana həsr olunan görüş təşkil olunmuş, burada ümummilli lider Heydər Əliyev ölkəmizin zəngin neft-qaz resursları və xarici investisiya üçün potensial şəraitin olması barədə dünya ictimaiyyətinə məlumat vermişdir. Etiraf edək ki, müstəqilliyimizin ilk illərində respublikamıza xarici investisiyaların cəlb olunması zəruri və prioritet məsələlərdən idi...
Davos İqtisadi Forumunun 2000-ci il görüşündə Azərbaycan artıq dünya miqyasında nüfuz qazanmış, “Əsrin müqaviləsi”nə imza atmış bir dövlət kimi iştirak edirdi. Həmin forumda müzakirə olunan məsələlərdə (İpək Yolu, Qafqazın perspektivləri) Azərbaycanın mövqeyinin nəzərə alınması ölkəmizin nəinki regionda, həmçinin dünyada artıq söz sahibi kimi tanınmasından xəbər verirdi.
Forumun illik tədbirlərinin birində, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra beynəlxalq terrorçuluqda nəzarətsiz qalan torpaqların rolunun müzakirəsi Azərbaycan üçün əhəmiyyətli oldu. Bu müzakirədən sonra dünya ictimaiyyətinin diqqəti respublikamızın sözügedən probleminə bir daha yönəldildi. Əvvəllər Davos Forumuna qatılmaqla əsasən öz iqtisadiyyatını inkişaf etdirmək, investorlar cəlb etmək üçün görüşlər keçirən Azərbaycan, sonradan artıq ölkəmizin investisiya imkanlarını dünyanın diqqətinə çatdırırdı.
Davos Forumu Bakıda:
yeni imkanlar
Dünya İqtisadi Forumunun növbəti regional toplantısının Azərbaycanda keçirilməsi ölkəmizin həm beynəlxalq etibarının artmasından, həm də dünyanın enerji təhlükəsizliyində oynadığı roldan xəbər verir. Eyni zamanda, forumun son regional toplantılarının keçirildiyi dövlətlərin siyahısına diqqət etsək, məsələn, Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və s. görərik ki, bu ölkələr seçilərkən diqqət edilən əsas məqamlar iqtisadi artımı şərtləndirəcək daxili tələbatın olması və bu dinamikanı şərtləndirəcək vəsaitin çoxluğudur.
Hazırda Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə ciddi strategiya formalaşdırır. Müəyyən edilmiş hədəflər isə kifayət qədər ciddidir. Bir sözlə, forum dünyanın iqtisadi və siyasi çevrələrinin diqqətini bu boşluğa və imkanlara yönəldəcək. Eyni zamanda, bu forum Azərbaycana ölkənin investisiya mühitini, yeni biznes layihələrinə olan şəraiti və son zamanlarda ölkənin iqtisadi və siyasi həyatında baş verən irəliləyişləri təqdimetmə imkanı yaradacaq.
Forumda dünyanın aparıcı şirkətlərinin iştirak etməsi yeni və daha iri həcmli investisiyaların cəlb edilməsinə, ölkə iqtisadiyyatının daha da canlandırılmasına, yeni iş yerlərinin açılmasına, potensial istehsal imkanlarından səmərəli yararlanmasına, dəyişən dünyanın son iqtisadi inkişaf çağırışlarına cavab verə bilən biznes mühitinin formalaşmasına ciddi imkanlar yaradır. Digər tərəfdən, bu forumun ölkəmiz üçün başqa üstünlüyü ölkəmizin qeyri-neft sektorunda investisiya imkanlarının təqdim edilməsinə yaranacaq şəraitdir. Bir sözlə, Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına böyük həcmdə vəsaitlərin daxil olmasına vasitə ola bilər.
Bununla yanaşı, forumun Azərbaycan üçün önəmi sadəcə xarici investisiyanın cəlbi deyil, həmçinin ölkəmizin Avropaya həm iqtisadi, həm də demokratik dəyərlər baxımından inteqrasiyasına töhfə verəcəkdir. Əminliklə qeyd etmək olar ki, forum iştirakçıları qarşılarında müasir həyat tərzi, Azərbaycan insanının demokratik dəyərlərə verdiyi önəm, sürətlə yenilənən infrastruktur gördükdə onların baxışlarında ciddi dəyişiklik yaranacaq, bu da, əlbəttə, iqtisadi-siyasi inteqrasiyanın sürətlənməsinə, habelə dünyada çox az rastlaşdığımız müasir islam mədəniyyətinə söykənən imicin güclənməsinə ciddi təsir edəcək. Daha doğrusu, forum ölkənin dünyaya müasirliklə islamın vəhdətini nümayiş etdirməsini şərtləndirəcək.
Davos İqtisadi Forumunda hər zaman iqtisadiyyatla siyasətin birgə müzakirə edildiyini və strategiya formalaşdırıldığını nəzərə alsaq, Qafqazda dondurulmuş münaqişələrin, o cümlədən, Dağlıq Qarabağ düyününün də müzakirə olunacağını, bu sahədə ən azından vahid mövqenin nümayişi xüsusilə vurğulanmalı məqamlardan biridir. Çünki iqtisadi maraqlar daimi sülh və yaxın qonşuluq münasibətlərini tələb edir. Məhz bu nüans beynəlxalq birliyin diqqətini bu sahəyə yönəldə və problemin həllini sürətləndirə, yaxud da gələcəkdə diqqətdə saxlanmasını təmin edə bilər.
Bakı Forumunun genişmiqyaslı regional əhəmiyyəti
Dünya İqtisadi Forumunda müzakirə olunacaq mövzular Azərbaycanın artıq müəyyən uğur əldə etdiyi istiqamətlərdir. Belə ki, artıq reallaşmaqda və ya planlaşdırılmış layihələr barədə konfrans keçirməklə Dünya İqtisadi Forumu ölkəmizin bu sahə üzrə fəaliyyətini dünyada işıqlandırmaqla müsbət fəaliyyət göstərir. Məsələn, builki tədbirdə müzakirə olunacaq insan kapitalı, uzunmüddətli investisiya, Mərkəzi Asiyanın resurslarının tranziti kimi məsələlərin reallaşmasında Azərbaycan artıq praktiki fəaliyyətə başlamışdır.
Davos İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyətli hesab oluna bilən bir məqamına da diqqət yetirək. Davos İqtisadi Forumu hər il “Dünya ölkələrinin qlobal rəqabətlilik qabiliyyəti” hesabatını açıqlayır. Son iki il ərzində bu hesabatda Azərbaycan öz yerini möhkəmləndirərək, 55-ci yerdən 46-cı yerə qədər yüksələ bilmişdir. Diqqət yetirdikdə görürük ki, bu dəyişiklik dünya investorları üçün mühüm stimulverici fakt rolunu oynaya bilər. Deməli, bu dəyişiklik onlar üçün əvvəla, güclənən iqtisadiyyat, ikincisi, münbitləşən investisiya mühiti, daha sonra risklərin azalması və yüksək gəlir deməkdir. Belə şəraitdə hər bir investor böyük məmnuniyyətlə çalışa bilər.
Region dövlətləri ilə müqayisədə “Dünya ölkələrinin qlobal rəqabətlilik qabiliyyəti” hesabatında əldə edilən müsbət göstəricilər Azərbaycanın iqtisadi cəhətdən sağlam dövlət imicini möhkəmləndirir. Başqa sözlə, investorlara kiçik, az gəlirli və riskli dövlətə investisiya qoymaqdansa, dayanıqlı iqtisadiyyata böyük gəlir götürmək niyyətilə risksiz investisiya qoymaq daha məntiqli görünür. Forumun digər töhfəsi ondan ibarətdir ki, onun nəşr etdirdiyi “Qlobal Rəqabətlilik İndeksi” Azərbaycanın bir sıra yeni liderlik imkanlarını üzə çıxarmışdır. Belə ki, Azərbaycan artıq Müstəqil Dövlətlər Birliyi üzvləri arasında ən davamlı və yüksək reytinqə malik dövlətdir. Heç bir MDB dövləti 46-cı yerdən yuxarıda qərar tutmamışdır. Müqayisə üçün deyək ki, son indeksdə Rusiya 67-ci, Qazaxıstan 51-ci, Ermənistan 82-ci və keçmiş MDB dövləti olan Gürcüstan 77-ci yerdə qərar tutmuşlar.
Bütün bunlarla yanaşı, bir məqama da diqqət yetirək. Dünya İqtisadi Forumu hazırladığı hesabatlarda Azərbaycanın texnologiya, səyahət və turizm sahələrindəki mövqeyi də əhəmiyyətli yerə malikdir. Məsələn, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları” hesabatında Azərbaycan informasiya texnologiyaları sahəsində lider ölkələrdən hesab edilir. Hesabat Azərbaycanı, Rusiyanı və Qazaxıstanı 2012-ci il üçün MDB dövlətləri arasında ən effektiv informasiya texnologiyası siyasəti yürüdən 3 ölkə elan edilmişdir. “Səyahət və Turizm Rəqabətliliyi” hesabatında isə Azərbaycan 140 ölkə arasında 78-ci yerə layiq görülmüşdür. Bu göstərici 2011-ci ilin müvafiq göstəricisilə müqayisədə 5 pillə irəliləmə deməkdir.
Sonda qeyd edək ki, Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi həm ölkəmizin regionda əldə etdiyi iqtisadi irəliləyişlərə dəstək, həm də gələcək strateji planlamada respublikamızın mühüm rol oynayacağına işarədir. Bu, dünyada qlobal maliyyə böhranından sonrakı dövrə istiqamətlənən iqtisadi şəkilləndirmənin mövcud vəziyyətdən çıxaraq daha mükəmməl modelə doğru aparan yolda ciddi faktor hesab edilə bilər.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.