Ümummilli liderimiz Heydər Əliyev sahibkarlığın inkişafını yüksək qiymətləndirərək demişdir: “Ölkəmizdə sahibkarlığın inkişafını özümüzün əsas vəzifələrimizdən biri hesab edirik. Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”. Bu gün muxtar respublikamızda da sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür, yeni istehsal sahələri yaradılır, tələbatın ödənilməsində yerli istehsalın çəkisi artır. Təkcə 2012-ci ildə muxtar respublikada 98 layihə üzrə istehsal və xidmət sahəsi yaradılmışdır.
Bu tədbirlərin davamı olaraq aprelin 2-də “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan İnşaat” Sənaye Kompleksi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının direktoru Vüqar Abbasov bildirmişdir ki, muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı nəticəsində əlverişli biznes mühiti formalaşmışdır. 1995-ci ildən fəaliyyətə başlayan “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı ərzaq məhsulları ilə yanaşı, tikinti materialları istehsal edən zavod və fabriklərin yaradılmasına da nail olmuş, istifadəyə verilən “Cahan İnşaat” Sənaye Kompleksində lazımi şərait yaradılmış, müasir avadanlıqlar qurulmuşdur. Kompleksin istifadəyə verilməsi muxtar respublikanın tikinti məmulatlarına olan tələbatının ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikamızda vacib sahələrdən biri olan tikinti materialları istehsalı müəssisəsinin istifadəyə verilməsi münasibətilə təşkilatçılara təşəkkürünü bildirərək demişdir: Bu gün ölkəmizin sürətli sosial-iqtisadi inkişafı tikinti-quruculuq işlərinin əhatə dairəsinin genişlənməsinə, bu sahədə keyfiyyətli məhsul istehsal edən yeni sənaye müəssisələrinin yaradılmasına stimul vermişdir. Muxtar respublikamızda da sənaye müəssisələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tikinti işləri aparılarkən keyfiyyətli məhsullardan istifadə etmək başlıca şərtdir. Yerli xammalla işləyən “Cahan İnşaat” Sənaye Kompleksində keyfiyyətli məhsul istehsalı həyata keçiriləcəkdir. İstehsal olunan məhsul muxtar respublikanın tikinti şirkətlərinin və əhalinin təlabatının ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ali Məclisin sədri demişdir: Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, sahibkarlığın inkişafına, yeni istehsal sahələrinin yaradılmasına xüsusi diqqət və qayğı göstərilir. Muxtar respublikamızda da özəl bölmənin inkişafı diqqət mərkəzində saxlanılır, yeni sahibkarlıq müəssisələri yaradılır, iş yerləri açılır. Bu gün istifadəyə verilən istehsalat sahəsində də 60-dan artıq yeni iş yeri açılmışdır.
“Hər bir ölkənin siyasi gücü onun iqtisadi inkişafından asılıdır”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, bu gün dövlət-sahibkar münasibətləri ölkəmizin iqtisadi gücünün artmasında mühüm rol oynayır. Muxtar respublikamızda da dövlət-sahibkar-işçi münasibətləri yüksək səviyyədə qurulmuşdur. Dövlətimiz tərəfindən sahibkarlara göstərilən hərtərəfli qayğı, eyni zamanda sahibkarlar tərəfindən işçilərə göstərilməlidir. İşçilər isə qurulan müasir avadanlıqlardan səmərəli istifadə etməli, mütəxəssis kimi yetişməlidirlər.
Ali Məclisin sədri kollektivi təbrik etmiş, müəssisəni işə salaraq istehsal prosesini izləmişdir.
Məlumat verilmişdir ki, ümumi sahəsi 8 hektar olan kompleksdə Beton Məmulatları İstehsalı Zavodu, Daşqırma və Qumələmə sahəsi vardır. Kompleksin yaradılmasına 8 milyon 165 min manat vəsait sərf olunmuş, 54 ədəd yeni texnika alınmışdır.
Müasir tələblər səviyyəsində qurulan Beton Məmulatları İstehsalı Zavodunda yerli xammaldan istifadə edilərək hazır beton istehsal olunacaqdır. Zavodun istehsal gücü saatda 120 kubmetrdir. İstehsal prosesi avtomatlaşdırılmış texnologiya əsasında həyata keçirilir. Xammal bunkerdən elevator vasitəsilə qarışdırma sahəsinə ötürülür. Qarışdırma sahəsində hər birinin tutumu 100 ton olan 4 bunker vardır. İstehsal olunan məhsulların yüksək standartlara cavab verməsini təmin etmək üçün zavodda ən son avadanlıqlarla təchiz olunan laboratoriya fəaliyyət göstərir. Laboratoriyada xammalın və hazır məhsulun keyfiyyətinə tam nəzarət edilir. İstehsal olunan beton ekoloji baxımdan təhlükəsiz və davamlıdır.
Daşqırma və qumələmə sahəsində avtomatik idarə edilən dəzgahlar quraşdırılmışdır. Gücü saatda 150 kubmetr olan daşqırma və qumələmə sahəsində 4 çeşiddə məhsul istehsal olunur. Kompleksin ərazisində 2 ədəd artezian quyusu qazılmış, sutəmizləyici sistem yaradılmış, yeməkxana tikilmişdir.
Baxış zamanı qeyd olunmuşdur ki, istehsalat sahələrində fasiləsiz iş rejiminin təmin olunmasında maşın-mexanizmlərin rolu böyükdür. Bu vasitələrin təchizatı ilə yanaşı onlara texniki xidmətin təşkili və istismar müddətinin uzadılması da vacib şərtdir. Gələcəkdə kompleksin ərazisində Maşın-Mexanizmlər İdarəsi üçün yeni bina və Maşın-Mexanizmlərə texniki baxış sahəsi tikiləcəkdir.
Sonda kollektivlə görüşən Ali Məclisin sədri muxtar respublikada yeni istehsal müəssisələrinin yaradılmasına gələcəkdə də xüsusi diqqət yetiriləcəyini qeyd etmiş, sahibkarlara bundan sonra da lazımi dövlət dəstəyi göstəriləcəyini bildirmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.