Azərbaycan Respublikasının davamlı və tarazlı inkişafı uğurla davam edir. Son illər ümumi tərəqqiyə və inkişafa xidmət edən mühüm dövlət proqramlarının qəbul edilib müvəffəqiyyətlə reallaşdırılması ölkənin sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişmiş, gələcək inkişafa və davamlı yüksəlişə zəmin yaratmışdır. Dövlət başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da məhz bu məqsədə xidmət edir.
Ölkəmizin növbəti beş ili üçün əsas fəaliyyət proqramı kimi qəbul edilmiş bu mühüm, ümummilli sənədin başlıca hədəfləri regionların iqtisadi potensialını hərəkətə gətirməkdən, buradakı əmək ehtiyatlarından səmərəli istifadə etməkdən, eləcə də əhalinin həyat səviyyəsini yüksəltməkdən ibarət idi. Adı çəkilən sənədin qəbulundan ötən bir il ərzində Azərbaycanda regional inkişaf daha da sürətlənmiş, bölgələrdə iqtisadi fəallıq bir qədər də canlanmışdır. Bir sözlə, yeni proqramın icrasına başlanılması ilə ölkəmizin davamlı və tarazlı inkişafı yeni, daha sürətli mərhələyə qədəm qoymuşdur. Ölkənin bütün bölgələrinə yeni nəfəs, ruh gətirən bu sənədin qəbulundan keçən bir il ərzində kənd təsərrüfatının, emal sənayesinin, turizmin və digər sahələrin inkişafı istiqamətində mühüm işlər həyata keçirilmişdir.
2004-2008-ci illəri əhatə edən birinci regional inkişaf proqramı kimi bu sənədin də icrasını daimi nəzarətdə saxlayan dövlət başçısı İlham Əliyev bu məqsədlə ölkənin şəhər və rayonlarına müntəzəm səfərlər edir, yeni-yeni müəssisə və obyektlərin təməlqoyma və ya açılış mərasimlərində iştirak edir.Ölkə Prezidentinin iyulun 8-də Zaqatala və Balakən rayonlarına səfərinin də proqramı bu baxımdan zəngin olmuşdur. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, son illər ölkəmizdə baş vermiş yüksək inkişaf və tərəqqi bu rayonlarda da açıq-aydın hiss olunur. İndi ölkənin bütün bölgələri kimi, Şəki-Zaqatala iqtisadi rayonu da özünün yeni yüksəliş dövrünü yaşayır. İqtisadi rayona daxil olan Zaqatala və Balakəndə son illər həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyat daha da inkişaf etmiş, əhalinin həyat səviyyəsi xeyli yüksəlmiş, abadlıq-quruculuq işləri vüsət almışdır.
Son illər nəinki regionun, həmçinin ölkənin ən inkişaf etmiş rayonlarından sayılan Zaqatalanın sosial-iqtisadi və mədəni həyatında mühüm keyfiyyət dəyişiklikləri baş vermiş, ümumi məhsul buraxılışı ötən altı ildə 4,1 dəfə, sənaye məhsulunun həcmi 2,3 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,9 dəfə, əsas kapitala yönəldilən investisiyalar 20,5 dəfə, tikinti-quraşdırma işlərinin həcmi isə 15,7 dəfə artmışdır. Son yeddi ildə 7805-i daimi olmaqla, 12190 yeni iş yerinin açılması da rayonun sosial-iqtisadi mənzərəsinin əsaslı şəkildə yaxşılaşmasını sübut edən amillərdəndir.
Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev iyulun 8-də Zaqatalaya səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bütün bunları yüksək dəyərləndirərək demişdir: "Bu, mənim son illər Zaqatalaya üçüncü səfərimdir və hər dəfə burada olanda yenilikləri, inkişafı görəndə çox sevinirəm... Zaqatala tarixi şəhərdir. Çox gözəl şəhərdir. Zaqatalanın tarixi simasını saxlamaqla bu gün burada aparılan müasir işlər, əlbəttə ki, yeni infrastrukturun yaranmasına xidmət göstərir. Siz - burada yaşayanlar bütün bu işlərin fəal iştirakçılarısınız. Bütün bu işlərdə fəal iştirak edirsiniz və ümumiyyətlə, bu bölgənin gələcək inkişafı Azərbaycanın potensialını böyük dərəcədə gücləndirəcəkdir".
Zaqatala rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının və emal sənayesinin inkişafı istiqamətində mühüm işlər görülür. Elə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi ilə bağlı mühüm tədbirlər nəzərdə tutulur. Artıq rayonda tərəvəzçilik, gülçülük, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandarlığın inkişafı ilə bağlı işlər getdikcə sürətlənir. Prezident İlham Əliyevin Zaqatalaya səfəri çərçivəsində istifadəyə verilən "İntertobakko" MMC-nin tütün emalı zavodu da adı çəkilən rayonun, bütövlükdə ölkəmizin qeyri-neft sektoruna mühüm töhfə sayıla bilər.
Xatırladaq ki, iki hektar ərazidə inşa olunmuş zavodun illik emal gücü 3300-3600 tondur. Burada ən yüksək texnologiya əsasında xammal istehsalı yaxın vaxtlarda həm daxili, həm də xarici bazara çıxmağa imkan yaradacaq. Bununla yanaşı, yeni zavodun açılışı Zaqatalada və ətraf rayonlarda tütünçülüyün inkişaf etdirilməsinə səbəb olacaq ki, bu da regionda məşğulluq strategiyasına mühüm töhfələr verəcək.
Dövlət başçısının Zaqatalada açılışında iştirak etdiyi süd emalı zavodu da rayonun iqtisadi həyatı üçün mühüm yenilik sayıla bilər. Məlumat üçün bildiririk ki, "Gilan" MMC tərəfindən beş hektar sahədə inşa olunmuş bu zavod ölkədəki 5 süd emalı müəssisəsindən biridir. Sutkalıq emal gücü 30 ton olan müəssisədə xaricdən gətirilən müasir avadanlıq quraşdırılmışdır. Öz növbəsində yeni emal müəssisəsinin istifadəyə verilməsi Zaqatala rayonunda heyvandarlığın inkişafına təkan verəcək, əhalinin məşğulluq imkanlarını artıracaq.
Yeri gəlmişkən, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev hər iki sənaye müəssisəsinin istifadəyə verilməsini həm Zaqatalanın, həm də ölkənin iqtisadi həyatı üçün mühüm töhfə kimi dəyərləndirmişdir.
Dövlət başçısı əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş Zaqatala rayon Mədəniyyət evində aparılan təmir-bərpa və yenidənqurma işlərini də yüksək qiymətləndirmişdir. Xatırladaq ki, müasirliyi ilə seçilən bu obyektdə rayonun ictimai və mədəni həyatı ilə bağlı bütün tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Məlum olduğu kimi, həmin gün Prezident İlham Əliyev bölgənin sürətlə inkişaf etmiş rayonlarından sayılan Balakəndə də olmuşdur. Son zamanlar sosial-iqtisadi inkişaf sahəsində uğurları ilə seçilən Balakən rayonunda ümumi məhsul buraxılışı ötən il 2003-cü illə müqayisədə 3 dəfə, sənaye məhsulu 4,3 dəfə, kənd təsərrüfatı məhsulları 2,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 10,9 dəfə, tikinti-quraşdırma işlərinin həcmi isə 9 dəfə artmışdır. Elə 2010-cu ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışında 21 faiz, sənaye məhsulu istehsalında isə 3,2 faiz artımın qeydə alınması da rayonun sosial-iqtisadi inkişafını xarakterizə edən başlıca amillərdəndir.
Son illər Balakən şəhərinin qazlaşdırılmasının əsasən başa çatdırılması, hətta bir çox kəndlərə "mavi yanacağ"ın verilməsinə başlanılması, rayonun avtomobil yollarında əsaslı və cari təmir işlərinin görülməsi burada sosial problemlərin həlli istiqamətində də mühüm işlərin görülməsinə dəlalət edir. 2004-2009-cu illərdə Balakəndə 3096-sı daimi olmaqla, 8876 yeni iş yerinin yaradılması isə rayonda məşğulluq strategiyasının uğurla reallaşdırılmasını təsdiqləyir.
İkinci regional inkişaf proqramında rayonun sənaye və kənd təsərrüfatı sahələrində istehsalın genişləndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlər də uğurla həyata keçirilir. Bütövlükdə isə adı çəkilən sənəddə Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 16 mühüm tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, artıq onların bir çoxuna start verilmiş, uğurlu nəticələr əldə edilmişdir.
Son illər ölkəmizin bütün şəhər və rayonları kimi, Balakənin də siması xeyli dəyişmiş, gözəlləşmişdir. Rayon mərkəzində, kənd və qəsəbələrdə abadlıq-quruculuq işləri yüksək səviyyədə, xüsusi zövqlə aparılmışdır. İyulun 8-də Balakənə səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev demişdir: "Son illər ərzində burada aparılan işlər nəticəsində Balakənin siması dəyişib, şəhər gözəlləşib, müasirləşib. Dünya səviyyəli inkişaf etmiş şəhərlərin sırasına daxil edilib. Nəzərə alsaq ki, Balakənin çox gözəl təbiəti, gözəl təbii şəraiti var, bu, doğrudan da, dünya miqyasında özünün xüsusi yeri olan bir şəhərdir". Şübhəsiz, dövlət başçısının rayon haqqında söylədiyi xoş sözlər, burada aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirməsi hər bir balakənlidə qürur hissi oyadır, onları rayonun gələcək inkişafı naminə daha geniş quruculuq işlərinə sövq edir.
Balakən rayonu ölkəmizin zəngin turizm potensialına malik bölgələrindəndir. Bu səbəbdən də son illər rayonda bu gəlirli və vacib sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Elə Prezident İlham Əliyevin Balakənə səfəri çərçivəsində rayon mərkəzində "Qubek" mehmanxanasının açılışında iştirak etməsi də bunun bariz nümunəsi idi. Xatırladaq ki, tikintisinə üç il əvvəl başlanılmış 100 yerlik mehmanxanada 9 lüks və 54 sadə nömrə, 80 nəfərlik konfrans zalı, 80 nəfərlik yay və qış restoranları burada turistlərə yüksək səviyyədə xidmətin təşkilindən xəbər verir.
Balakən rayonunda bədən tərbiyəsi və idmanın inkişafına da dövlət qayğısı getdikcə artırılır. Dövlət başçısı rayona səfəri çərçivəsində burada 2008-ci ildə Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikintisinə başlanılmış olimpiya-idman kompleksinin açılışında iştirak etmiş, bu əlamətdar hadisə münasibətilə rayonun idman ictimaiyyətinə təbriklərini çatdırmış, obyektin işi ilə yaxından tanış olmuşdur.
Həmin gün Prezident İlham Əliyev Balakəndəki Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin də açılışını bildirən lenti kəsmişdir. Yeni məntəqənin işi ilə yaxından tanış olan dövlət başçısı lazımi tapşırıq və tövsiyələrini vermişdir.
Son illər Azərbaycan dövləti tərəfindən regionlarda müasir səviyyəli səhiyyə obyektlərinin - müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların inşasına xüsusi diqqət və qayğı göstərilir. Artıq dövlətimizin başçısı İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan bu səhiyyə ocaqları regionlarda əhaliyə uğurla xidmət göstərir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən ARDNŞ-in vəsaiti hesabına 2006-cı il aprelin 11-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş Balakən Rayon Mərkəzi Xəstəxanası, nəhayət, bu il iyulun 8-də istifadəyə verilmişdir. Dövlət başçısının açılışında iştirak etdiyi bu səhiyyə müəssisəsində 99 həkim, 202 orta və 153 kiçik tibb işçisi əhalinin sağlamlığının keşiyində dayanacaqdır. Burada yaradılmış hərtərəfli şərait, ən müasir avadanlıqlar əhaliyə yüksək səhiyyə xidməti göstərilməsinə imkan yaradacaq.
Hazırda ölkəmizdə ekoloji cəhətdən son dərəcə əlverişli sayılan alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir. Bu baxımdan Balakən rayonunda da böyük potensial mövcuddur. Elə Prezident İlham Əliyevin rayona səfəri çərçivəsində "Balakən-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etməsi də yaxın illərdə bu potensialdan səmərəli istifadəyə başlanılması məqsədi daşıyır. Məlumat üçün bildiririk ki, "Balakən-1" su elektrik stansiyasında ildə 10 milyon kilovat-saat enerji istehsal ediləcəkdir ki, bu da rayonun elektrik enerjisinə olan tələbatının 25 faizini təşkil edir. Dövlət başçısının bəyan etdiyi kimi, yaxın illərdə Balakən rayonu ərazisindəki çaylarda 10 elektrik stansiyası inşa ediləcək. Bu isə rayonun ekoloji cəhətdən təmiz elektrik enerjisinə olan tələbatının tam ödənilməsinə imkan yaradacaq.
Dövlət başçısının Zaqatala və Balakən rayonlarına səfəri bir daha göstərdi ki, regionların inkişafına, əhalinin sosial şəraitinin və həyat səviyyəsinin yaxşılaşdırılmasına diqqət getdikcə artırılır. Bütövlükdə isə ölkə rəhbərinin bölgələrə səfərləri zamanı mövcud problemlərin qısa müddətdə həlli ilə bağlı verdiyi tövsiyə və tapşırıqlar, bir sıra infrastruktur layihələrinin reallaşdırılması üçün göstərdiyi qayğı və diqqət Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına səbəb olur.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.