Biznes üçün yaradılan mühit böyük məbləğdə sərmayələrin əsas kapitala yönəldilməsini stimullaşdırmışdır. Ötən il ölkə iqtisadiyyatına
20,3 milyard manat (25,8 milyard dollar) investisiya yatırılmışdır.
Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyətinə dair Milli Məclisin iclasında dinlənilən illik hesabatında Prezident İlham Əliyevin rəhbərliyilə sosial-iqtisadi inkişafın bütün sahələrində baş verən müsbət dəyişikliklər, dövlət proqramlarının icrası vəziyyəti dolğun əks etdirilmişdir.
Hesabatda göstərilir ki, dövlət başçısının rəhbərliyi altında son illərdə ardıcıl olaraq reallaşdırılan inkişaf strategiyası keçən il də uğurla davam etdirilmiş, aparılan sistemli və məqsədyönlü islahatlar yüksək sosial-iqtisadi nailiyyətlərlə nəticələnmişdir. İqtisadiyyatın şaxələndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən mühüm işlər, əldə olunan konkret nəticələr dövlət başçısının müasir çağırışlara cavab verən iqtisadi siyasətinin ən önəmli səciyyəvi xüsusiyyətləridir.
Dünya iqtisadiyyatında tənəzzülün davam etməsinə baxmayaraq, ölkəmiz yüksək makroiqtisadi göstəricilər əldə etmiş, regionda həyata keçirilən transmilli layihələrdə aparıcı rol oynamış, dövlət proqramlarını uğurla icra etmişdir.Burada ən önəmli cəhət ümumi daxili məhsul istehsalında 2,2 faiz, qeyri-neft sektorunda isə 9,7 faiz artımın əldə edilməsidir. Bu, o deməkdir ki, adambaşına ümumi daxili məhsulun həcmi 7,5 min dollara çatmışdır.
Azərbaycanın 2012-ci ildəki uğurları beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri tərəfindən yüksək dəyərləndirilmişdir. Bu, dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkəmizin nüfuzunu bir daha göstərir.
Hesabatda vurğulanır ki, ötən il sahibkarlığın inkişafı, qeyri-neft sektoruna investisiya qoyuluşları üçün əlverişli şərait yaradılması, qabaqcıl texnologiyaların tətbiqi yolu ilə dünya bazarlarına rəqabət qabiliyyətli məhsulların çıxarılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan amili potensialından daha dolğun istifadə olunması hökumətin fəaliyyətinin üstün istiqamətlərini təşkil etmişdir. Nazirlər Kabineti neft gəlirlərini və onlardan istifadənin şəffaflığını diqqət mərkəzində saxlamışdır. Dövlət Neft Fondunun gəlirləri 14,3 faiz artaraq, 2013-cü il yanvarın 1-nə 34 milyard dollardan çox olmuşdur. Bu vəsaitlərin müəyyən hissəsi beynəlxalq əhəmiyyətli və ölkə miqyaslı infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və Samur-Abşeron kanalının yenidən qurulması layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir.
Biznes üçün yaradılan mühit böyük məbləğdə sərmayələrin əsas kapitala yönəldilməsini stimullaşdırmışdır. Ötən il ölkə iqtisadiyyatına 20,3 milyard manat (25,8 milyard dollar) investisiya yatırılmışdır. Bu, böyük rəqəmdir. Müqayisə üçün deyim ki, həmin məbləğ ötən ilin ümumi dövlət büdcəsinin xərclərini 3 milyard manatdan çox üstələyir.
Hesabatda o da qeyd edilir ki, ötən il hökumətin fəaliyyətində önəmli məqamlardan biri də genişmiqyaslı sənaye parklarının yaradılmasıdır. Bu işin davamı olaraq və onu sürətləndirmək məqsədi ilə hökumət cari ildən əlverişli vergi güzəştlərinin tətbiqinə başlamış, işə cəlb olunan şirkətləri 7 il müddətinə əsas vergilərdən azad etmişdir. Başqa güzəştlər də nəzərdə tutulmuşdur.
2012-ci ildə əhalinin rifah halının yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Nəticədə əhalinin hər nəfərinə düşən gəlirin məbləği 3,8 min manata çatmış, onun artım sürəti isə istehlak qiymətlərinin bahalaşmasını xeyli üstələmişdir. Ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşması yoxsulluq səviyyəsinin azalmasına təsirini göstərmiş və bu göstərici 1,6 faiz azalaraq 6 faizə enmişdir.
Hesabat ilində ümumi daxili məhsulun istehsalı 2,2 faiz artmışdır. Prioritet təşkil edən qeyri-neft sektoru üzrə isə artım 9,7 faiz olmuşdur. İqtisadiyyata bütün maliyyə mənbələri hesabına 25,8 milyard ABŞ dolları məbləğində investisiya yönəldilmişdir. Onun 75 faizi qeyri-neft sektorunun payına düşür. İllik inflyasiyanın 1,1 faiz həddində saxlanılması sosialyönümlü siyasət üçün əlverişli zəmin yaratmışdır. Strateji valyuta ehtiyatları 46 milyard dollara qədər artaraq, xarici dövlət borcunu 8 dəfə üstələmişdir.
İcmal büdcənin gəlirləri 22,1 milyard manat təşkil etmiş, dövlət büdcəsinin gəlirləri isə artıqlaması ilə yerinə yetirilmişdir.
Hesabatda xatırladılır ki, 2012-ci il ərzində bank sisteminin maliyyə dayanıqlılığı təmin edilmiş, kredit qoyuluşları 27,8 faiz artmışdır. Məhz elə bunun nəticəsidir ki, ötən il uzun müddət cəmiyyəti narahat edən daha bir problem öz həllini tapmışdır. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanılmışdır. İlin sonuna əmanətçilərə 550 milyon manatdan artıq vəsait ödənilmişdir və bu proses cari ildə başa çatdırılacaqdır.
(ardı 2-ci səhifədə)
(əvvəli 1-ci səhifədə)
Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilmişdir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 2011-ci ildəkindən 2,2 dəfə artıq maliyyə vəsaiti xərclənmişdir. Nəticədə 23 minədək məcburi köçkün yeni mənzillə təmin edilmişdir.
Ümumilikdə, məcburi köçkünlərin sosial ehtiyaclarının həllinə 600 milyon manatdan artıq vəsait sərf edilmişdir ki, bu da 2003-cü illə müqayisədə 5,5 dəfə çoxdur.
Əldə olunan əsas makroiqtisadi göstəricilər və həyata keçirilən sosial tədbirlər sosial-iqtisadi siyasətin əsas hədəf parametrlərindən olan yoxsulluğun səviyyəsini hesabat ilinin sonuna 6 faizə endirməyə imkan vermişdir.
Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyətinə dair illik hesabatında vurğulanır ki, 2012-ci ilin əsas fərqləndirici xüsusiyyəti iqtisadiyyatın şaxələndirilməsində sürətləndirilməsi olmuşdur. Əgər əvvəlki illərdə iqtisadi yüksəliş əsasən mədənçıxarma sənayesi hesabına əldə edilirdisə, hazırda bu, qeyri-neft sektorunun inkişafı sayəsində baş verir. Qeyri-neft sənayesindəki yüksək artım yeni müəssisələrin yaradılmasına, mövcud olanların isə fəaliyyət dairəsinin genişləndirilməsinə əsaslanan davamlı sənayeləşmə prosesinin əyani göstəricisidir. Bu prosesdə yaradılan biznes mühitinin və sahibkarlığa dövlət dəstəyi tədbirlərinin mühüm rolu olmuşdur. Keçən il təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 218 milyon manat güzəştli kredit verilmişdir. Son illər ərzində isə sahibkarlara bu mənbədən 1 milyard 200 milyon manat məbləğində kreditlər ayrılmışdır.
Hesabat ilində ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, neft strategiyasının davam etdirilməsinə xüsusi önəm verilmişdir. Elektrik enerjisi mənbələrinin genişləndirilməsi və səmərəliliyinin artırılması, paylayıcı şəbəkələrdə elektrik xətlərinin və yarımstansiyaların tikintisi və yenidən qurulması ilə bağlı zəruri layihələr icra olunur. Dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi haqqında qərar qəbul edilmişdir. Bu və həyata keçirilən digər layihələr Azərbaycanın Avropa ölkələrinin təbii qazla təchiz edilməsindəki rolunu artıracaqdır.
Ərzaq təhlükəsizliyi üzrə 2008-2015-ci illəri əhatə edən Dövlət Proqramının ardıcıl icrası ilə bağlı məsələlər yenə də hökumətin diqqət mərkəzində olmuşdur. Keçən il kənd təsərrüfatında ümumi məhsul istehsalı 6,6 faiz artmış, sahənin əsas məhsullarının istehsalında və emalında yüksək nəticələr əldə edilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyaların tətbiqi, damazlıq heyvanlarının baş sayının alınması və digər dövlət dəstəyi tədbirləri bu nailiyyətlərə öz töhfəsini vermişdir.
Ərzaq məhsulları ilə təminatda idxaldan asılılığın azaldılması məqsədi ilə yeni quşçuluq, heyvandarlıq, dəyirman kompleksləri yaradılmış, taxıl anbarları və soyuducu kameralar tikilərək istifadəyə verilmişdir.
Ölkədə ərzaq buğdasına olan daxili tələbatın ödənilməsi məqsədilə Ağcabədi və Beyləqan rayonlarında iri pilot taxılçılıq təsərrüfatları yaradılmışdır. Hazırda digər rayonlarda da belə təsərrüfatların yaradılması istiqamətində işlər aparılır.
Dövlət büdcəsindən və Neft Fondundan ayrılan vəsaitlər hesabına meliorasiya və su təsərrüfatı kompleksində genişmiqyaslı meliorativ layihələr həyata keçirilir. Bunların sırasında ən iri layihələrdən olan Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisini və gələcək faydasını xüsusi qeyd etmək istərdim.
Ölkə iqtisadiyyatının sürətlə inkişaf edən nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sektorlarında mühüm infrastruktur layihələri həyata keçirilmişdir.
Bakı-Tbilisi-Qars dəmir yolunun, beynəlxalq və respublika əhəmiyyətli, ölkədaxili avtomobil yollarının, körpülərin, yeni metro stansiyalarının, dəniz və hava limanlarının tikintisi davam etdirilmişdir.
Ölkədə informasiya cəmiyyətinin qurulması istiqamətində inamlı addımlar atılmış və informasiya-kommunikasiya texnologiyaları sektoruna irihəcmli investisiyalar qoyulmuşdur. Bu sahədə aparılan institusional islahatlar nəticəsində “ASAN xidmət” mərkəzi yaradılmış, əhaliyə müasir, şəffaf və operativ elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.
2012-ci ildə də ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması ilə bağlı nəzərdə tutulmuş vacib tədbirlər icra olunmuşdur. Çirklənmiş sahələrin radioaktiv tullantılardan təmizlənməsi, Bakı buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və biomüxtəlifliyin qorunması, meşəliklərin və parkların salınması istiqamətində böyük işlər görülmüşdür.
Respublikada uzun illərdən bəri həllini gözləyən ən vacib problemlərdən biri əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi idi. Buna görə ölkənin bütün bölgələrinin içməli su və kanalizasiya sistemləri ilə təmin edilməsi layihələrinin hazırlanmasına və ardıcıl icrasına başlanılmışdır. Bu tarixi vəzifənin həlli istiqamətində hesabat ilində də irimiqyaslı işlər yerinə yetirilmişdir.
Ölkəmizin ildən-ilə artan iqtisadi imkanları elm, təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahələrə yönəldilən büdcə vəsaitlərinin və investisiyaların da əhəmiyyətli dərəcədə artırılmasına imkan yaratmışdır. Nəticədə təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, informasiya texnologiyalarının tətbiqi sürətləndirilmiş və tədris prosesi təkmilləşdirilmişdir. Səhiyyə müəssisələrinin yenidən qurulması və qabaqcıl texnologiyaların tətbiqi davam etdirilmişdir. Sahəyə ayrılan büdcə vəsaiti son on ildə 12,5 dəfədən çox artırılmış, 500-ə yaxın səhiyyə müəssisəsi tikilmiş və əsaslı təmir olunmuşdur. Bunun və digər amillərin təsiri nəticəsində orta ömür müddəti əhəmiyyətli dərəcədə artmış, körpə və ana ölümü göstəriciləri kəskin azalmışdır.
Hesabatda həmçinin qeyd edilir ki, ölkənin bütün bölgələrinin tarazlı inkişafını nəzərdə tutan və ardıcıl icra olunan iki regional Dövlət proqramı öz müsbət nəticələrini verməkdədir. Təkcə keçən il proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4,7 milyard manat, 2009-2012-ci illərdə isə 16 milyard manatdan artıq vəsait xərclənmişdir ki, bu da birinci Dövlət Proqramının bütövlükdə icrasına yönəldilmiş vəsaitdən 2,4 dəfə çoxdur. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına ümumilikdə 2,1 milyard manatdan artıq vəsait sərf edilmişdir. Proqramda nəzərdə tutulan qaz, su, enerji təminatı, istilik sistemlərinin yenidən qurulması, qəsəbələrarası yolların, sosial infrastruktur obyektlərinin tikilməsi və ya təmir edilməsi ilə bağlı əhəmiyyətli işlər görülmüşdür.
Məlum olduğu kimi, ötən ilin may ayında baş vermiş güclü zəlzələ Zaqatala, Balakən və Qax rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan vurmuşdur. Ölkənin mövcud iqtisadi imkanları, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə yaradılan texniki və kadr potensialı əsasında qısa müddətdə dəymiş ziyanın bərpasına başlanılmışdır. İlin sonuna 2974 fərdi ev, 19 məktəb və digər obyektlər tikilib istifadəyə verilmiş, 3 mindən çox ailəyə evlərinin bərpası üçün maliyyə yardımı edilmişdir.
Hesabatda son olaraq göstərilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş və praqmatik sosial-iqtisadi siyasət, həyata keçirilən köklü islahatlar tarixi nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. Əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artmış və onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9, 6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan artıq yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.