“Şahdəniz-2” layihəsi cənub qaz dəhlizinin əsas təchizatçısı olacaq

 

 

 

 

Regionda qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan  Azərbaycan hazırda bir sıra dünya və Avropa ölkələrinin “mavi yanacaq”la təminatında mühüm rol oynayır. Məlum olduğu kimi, ölkəmizi dünyanın potensial qaz ixracatçılarından birinə “Şahdəniz” yatağı çevirmişdir.  Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağının istismara verilməsindən altı ildən artıq vaxt ötür.

Xatırladaq ki, adıçəkilən yatağın istismarını nəzərdə tutan hasilatın pay bölgüsü sazişi 1996-cı ilin iyun ayında Bakı şəhərində imzalanmışdır. 2003-cü ilin fevral ayında isə layihə çərçivəsində əsas tikinti-quraşdırma işlərinə start verilmişdir. Ötən müddətdə “Şahdəniz” yatağında  Xəzər regionu üzrə ən nəhəng platformalardan biri quraşdırılmış, sualtı boru kəməri çəkilmiş, Səngəçal sahil terminalında genişləndirmə işləri aparılmışdır. 2006-cı ilin sonlarında isə Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılmış unikal platforma vasitəsilə “Şahdəniz” yatağından ilkin qazın hasilatına başlanmışdır. Həmin platformadan hasil edilən təbii qaz sualtı boru kəməri vasitəsilə Səngəçal terminalına nəql olunur. Buradan isə  qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə  dünya bazarına çıxarılır.

 Son illər Azərbaycanın dünyanın potensial qaz ixrac edən ölkələri sırasındakı mövqeyi xeyli möhkəmlənmişdir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan bir neçə ildir ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Elə hazırda gündəmdə  olan bir sira nəhəng qaz ixracı layihələrinin tərəfdaşları da  ölkəmizi ən potensial qaz təchizatçısı hesab edirlər. Görünür buna görədir ki, 2012-ci ilin yayında  həyata vəsiqə almış Trans-Anadolu boru kəməri (TANAP) layihəsi çərçivəsində çəkiləcək kəmərin də məhz “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi üzrə hasil ediləcək qaz həcmlərinin hesabına doldurulması nəzərdə tutulur. 

“Şahdəniz” qaz hasilatı və ixracı layihəsinin reallaşdırılması istiqamətində atılan uğurlu addımların səmərəsi getdikcə artır. bp-Azərbaycan şirkətinin 2012-ci ilin yekunları ilə bağlı  hesabatına əsasən, “Şahdəniz” konsorsiumunun səhmdarları tərəfindən il ərzində layihə üzrə fəaliyyətlərin əməliyyat xərclərinə  269 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 99 milyon dollar sərf olunmuşdur. Ötən il “Şahdəniz” yatağındakı öncəqazma quyularından sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Onu da deyək ki, “Şahdəniz” layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana, GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko şirkətinə satılır.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında quraşdırılmış unikal  platforma vasitəsilə istismar olunan quyuların sabit rejimdə işləməsi qaz hasilatının  artırılmasına imkan yaradır. 2012-ci ildə   yatağın gündəlik hasilat həcmi 21,1 milyon kubmetr qaz və 44 min 100 barrel kondensat təşkil etmişdir.  İl ərzində “Şahdəniz” yatağından  7,73 milyard kubmetr qaz və 2 milyon ton kondensat çıxarılmışdır.  Bununla belə, yataqdakı 2 saylı quyunun texniki səbəblər ucbatından dayanması  qaz hasilatının həcminə təsirsiz ötüşməyib. Xatırladaq ki, sutkada təqribən 6 milyon kubmetr qaz verən həmin quyunun yenidən işə salınması  yataq üzrə gündəlik hasilatın həcmini 27 milyard kubmetrə çatdırmağa imkan verəcək. Bütövlükdə isə   2006-cı ilin sonlarından - “Şahdəniz” yatağında hasilata başlanıldığı gündən 2012-ci ilin sonunadək yataqdan  37,6 milyard  kubmetr təbii qaz və  10,1  milyon ton kondensat hasil edilərək mövcud ixrac  boru kəmərləri vasitəsilə  dünya bazarına çıxarılmışdır.  “Şahdəniz” yatağındakı öncəqazma quyularından qaz hasil edilməklə yanaşı, burada quraşdırılmış platformada qazma əməliyyatları da davam etdirilir. Belə ki, ötən müddətdə yeni quyular sistemi istismara verildikdən sonra  platformadan yeni quyular qazılmışdır. 2012-ci ilin fevral ayında SDA05 hasilat quyusunda intervensiya işləri yekunlaşdırılmışdır. Bundan sonra SDA06 hasilat quyusunda yenidən tamamlanma əməliyyatlarına start verilmiş və ikinci rübdə işlər başa çatdırılmışdır. Sentyabr ayında platformadakı qazma qurğusunun beşillik sertifikatlaşdırılması tamamlandıqdan sonra SDA03y quyusunun yanaqazma əməliyyatlarına hazırlanmasına başlanmışdır. Bu quyunun isə cari ilin üçüncü rübündə təhvil verilməsi gözlənilir.  2013-cü ildə daha bir quyuda intervensiya əməliyyatlarının aparılması nəzərdə tutulur. Həmin quyu  gələn ilin birinci rübündə istismara veriləcək.

Bütün bunlarla yanaşı, “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi üçün planlaşdırılmış tədbirlər də uğurla reallaşdırılır. Belə ki, ötən ilin ikinci rübündə üç qabaqlayıcı quyuda qazma işləri həyata keçirilmişdir. Daha sonra isə SDX06 quyusunda sınaq əməliyyatları aparılmış və bu işlər ilin son ayında başa çatdırılmışdır. 2013-cü ilin əvvəllərində “İstiqlal” qazma qurğusu vasitəsilə SDC02 quyusunun aşağı hissəsində başlanmış qazma əməliyyatlarının üçüncü rübdə tamamlanması planlaşdırılır. Qazma qurğusunda kiçik modernləşdirmə işləri aparıldıqdan sonra isə SDC03 quyusunun qazılmasına başlanacaq. 2012-ci ilin dördüncü rübünün sonunda Heydər Əliyev adına qazma qurğusu vasitəsilə SDX07A bərpa olunmuş qazma işləri isə cari ilin birinci yarısında başa çatdırılacaq. Yeri gəlmişkən, Heydər Əliyev adına qazma qurğusunda planlaşdırılmış texniki tədbirlərin və sertifikatlaşdırma işlərinin həyata keçirilməsindən sonra ilin üçüncü rübdə SDD02 quyusunda qazma əməliyyatlarına başlanacaq. Həmin quyu isə 2014-cü ilin ikinci rübündə təhvil veriləcək.

Məlum olduğu kimi, 2012-ci ilin aprel ayından etibarən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi ilə bağlı mühəndis-layihə işlərinə start verilmişdir. Bu isə Azərbaycanı dünyanın potensial qaz ixracatçısına çevirmiş “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi istiqamətində son dərəcə mühüm bir addım olmuşdur. Ötən müddətdə ilkin mühəndis-layihə işləri ilə bağlı mühüm irəliləyişlər əldə edilmişdir. Xatırladaq ki, “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıracaq dünya səviyyəli, nəhəng bir layihədir. Hesablamalara görə, dəyəri 25 milyard dollar təşkil edən bu layihə çərçivəsində ”Şahdəniz" yatağından ildə əlavə olaraq 16 milyard kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. Bu da yatağın illik hasilat gücünün 25 milyard kubmetrə çatdırılmasına imkan yaradacaq. Məlumat üçün bildiririk ki, sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdiriləcək iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, dənizin 550 metrədək  dərinliyi ilə çəkləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəməri marşrutunun mövcud ixrac gücünə ildə 16 milyard qaz həcmlərinin əlavə olunması, eləcə də Səngəçal terminalının genişləndirilməsi daxildir. Bununla yanaşı, Şahdəniz qazının Türkiyə və Avropa ərazilərindən daşınması üçün əlavə boru kəmərləri çəkilməli və genişləndirilməlidir.

 “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda “mavi yanacaq” Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, “Şahdəniz” qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək. Ən başlıcası isə  “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi  Azərbaycan iqtisadiyyatına təqribən  25 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır. “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi layihəsi yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını artırmaqla yanaşı, köhnə qitənin enerji təhlükəsizliyinin təminatına da mühüm töhfələr verəcək. Hazırda Avropanın təbii qaza olan tələbatının ödənilməsi üçün yeni bir ixrac marşrutunun yaradılması istiqamətində tədbirlər davam etdirilir. Ötən ilin iyun ayında Azərbaycan və Türkiyə hökumətləri arasında Türkiyə Respublikasının ərazisindən keçən Trans-Anadolu boru kəmərinin inşası və tranzit sazişləri imzalanmışdır. Daha sonra isə hər iki saziş Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya edildikdən sonra qanun statusu almışdır. Artıq TANAP layihəsinin “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi ilə paralel həyata  keçirilməsinə başlanmışdır. Layihənin səhmdarlarından birinə çevrilməsi üçün  ARDNŞ-in təklif etdiyi 12 faizlik iştirak payıını əldə edən bp şirkəti hazırda Azərbaycan və Türkiyə hökumətləri tərəfindən TANAP layihəsinə dəvət olunmuş bütün iştirakçılarla yaxından işləyir. Bundan əlavə, bp  TANAP layihəsinə dəstək olaraq  Türkiyənin BOTAŞ şirkəti ilə əməkdaşlığı da davam etdirir.

Ötən il dekabr ayının 18-də “Şahdəniz” konsorsiumu ilə ARDNŞ arasında bir sıra sazişlər imzalanmışdır ki, bunu da yekun investisiya qərarının qəbulu istiqamətində mühüm addım saymaq olar. Yeri gəlmişkən,  “Şahdəniz” konsorsiumunun ikinci mərhələ qazını Türkiyənin qərb sərhədindən Avropanın likvid və böyüməkdə olan bazarlarına çatdırılmasını nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) və Nabukko Uest layihələri də cənub dəhlizinin son hissəsi kimi qiymətləndirmə mərhələsindədir. Hazırda bp də daxil olmaqla “Şahdəniz” konsorsiumunun digər iştirakçıları Avropaya qaz nəql edəcək boru kəməri sisteminin hər bir hissəsində iştirak etməyi planlaşdırırlar. Xatırladaq ki, bu sistemə Cənubi Qafqaz boru kəməri, TANAP və qazı Avropaya çatdırmaq üçün seçiləcək TAP və ya Nabukko Uest daxildir. Hazırda bütün diqqət Avropa marşrutunun yekun seçim prosesinə yönəlmişdir. Həmin proses isə TAP və Nabukko Uest layihələrinin növbəti bir neçə ay ərzində tam qiymətləndirilməsindən ibarətdir.  Bu iki layihə arasında yekun seçim qərarının 2013-cü ilin ortalarında verilməsi gözlənilir.  “Şahdəniz” yatağının tammiqyaslı işlənmə layihəsinin yekun investisiya qərarı da məhz bu il ərzində qəbul ediləcək. Bütövlükdə isə 2013-cü ildə layihə üzrə işlərə 2,3 milyard dollar vəsait xərclənəcək. “Şahdəniz-2” layihəsi çərçivəsində böyük qaz hasilatının  2018-ci ildə başlanması proqnozlaşdırılır.

2012-ci ildə “Şahdəniz” yatağından çıxarılan qaz və kondensatın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəqli də uğurla davam etdirilmişdir. Xatırladaq ki, hazırda Səngəçal terminalının emal sistemləri “Şahdəniz” yatağından gün ərzində 25,5 milyon kubmetr qazı qəbul edib ixraca yönəltməyə imkan verir. Bütövlükdə isə terminalın ümumi gündəlik qaz emalı gücü 39,5 milyon kubmetr təşkil edir. Məlum olduğu kimi, “Şahdəniz” qazı Səngəçal terminalından Cənubi Qafqaz boru kəməri vasitəsilə ixrac olunur. Uzunluğu 970 kilometr, illik ötürücülük qabiliyyəti  30 milyard kubmetr təşkil edən bu  kəmər 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyə, Yunanıstan və digər Avropa ölkələrinə “Şahdəniz” qazını çatdırır. Ötən il Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 11 milyon dollar vəsait xərclənmişdir.  İl ərzində kəmərlə  ötürülən gündəlik qazın həcmi orta hesabla təxminən 11,1 milyon kubmetr təşkil etmişdir. Bütövlükdə isə 2012-ci ildə adıçəkilən kəmərlə 4 milyard 60 milyon kubmetrdən çox Azərbaycan qazı ixrac olunmuşdur.

Yeri gəlmişkən,   bu yaxınlarda Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi üzrə keçirilən ictimai dinləmələrdə “Şahdəniz-2” layihəsi çərçivəsində Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi məqsədilə Azərbaycan ərazisində yeni qaz kəmərinin inşa ediləcəyi ilə bağlı məlumat verilib.  Xatırladaq ki, bu işlər çərçivəsində yeni boru kəmərinin başlanğıcı Hacıqabula yaxın ərazidən başlayıb, Gürcüstanla sərhədə qədər təqribən 386 kilometr uzanacaq. Daha sonra boru kəməri Gürcüstan ərazisinədək də daha 56 kilometr uzadılacaq və həmin nöqtədən başlayaraq isə  mövcud   kəmərə birləşdiriləcək. Azərbaycanda boru kəmərinin başlanğıcında yeni ərsinləmə stansiyası və 5 yeni bağlayıcı siyirtmə stansiyası yerləşəcək. Ölkəmizdə ilkin tikinti işlərinə 2014-cü ilin ortalarında, əsas tikinti işlərinə isə 2015-ci ilin əvvəlində başlanacaq və 2017-ci ilin sonunda tamamlanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi gözlənilir. Tikinti işlərində 1200-1500 nəfərin çalışacağı, layihənin isə 3  milyard dollara başa gələcəyi bildirilir.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında