Azərbaycan rəqabət qabiliyyətli iqtisadiyyat reytinqində mühüm yer tutur

 

 

 

 

Azərbaycanın yüksək templə inkişaf etməsi ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü çevik və düşünülmüş iqtisadi siyasət kursunun nəticəsidir. Bu baxımdan Dünya İqtisadi Forumunun “Dünya Rəqabətlilik Hesabatı – 2012-2013” nəşrinə əsasən, Azərbaycan Respublikası reytinq cədvəlində 9 pillə irəliləyərək dünyanın 144 dövlət arasında 46-cı yerdə qərarlaşmışdır.

Forumun hesablamalarında ölkəmiz makroiqtisadi sabitliyə görə hazırda dünya miqyasında 18-ci yerdədir və bu göstəricinin yaxın dövrlərdə xeyli yaxşılaşdırılması üçün kifayət qədər iqtisadi resursa və mexanizmlərə malikdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Azərbaycanın bölgələrində geniş abadlıq və quruculuq işləri görülmüş, yeni sənaye və kənd təsərrüfatı obyektləri istifadəyə verilmiş, 200-ə yaxın ümumtəhsil məktəb binası, əlavə tədris korpusları inşa edilmiş, 100-dən çox məktəb əsaslı təmir olunmuş, onların maddi-texniki bazası yenilənmişdir.

Ötən il ölkənin valyuta ehtiyatlarının məbləği artaraq 46 milyard dollar olmuşdur. Bu isə ümumi daxili məhsulun 70 faizini təşkil edir. Digər tərəfdən, Azərbaycan Respublikasının 2013-cü il üçün müəyyən olunmuş dövlət büdcəsi ölkənin iqtisadi potensialının gücləndirilməsinin təzahürü olaraq rekord həddə çatdırılmışdır. Belə ki, bu il dövlət büdcəsi gəlirlər üzrə 19 milyard 159 milyon manat və yaxud 24,4 milyard ABŞ dolları, xərclər üzrə isə 19 milyard 850 milyon manat (25,2 milyard dollar) təşkil edir. Bu isə on il əvvəlki dövr ilə müqayisədə büdcə həcminin müvafiq olaraq 15,7 və 16 dəfə artımı, ölkənin iqtisadi-sosial problemlərinin aradan qaldırılmasına geniş maliyyə imkanlarının yönəldilməsi deməkdir.

Bu gün ölkəmizin əldə etdiyi iqtisadi uğurların təməlini ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının uğurla reallaşdırılması təşkil edir. Ötən il neft hasilatı sahəsində müəyyən çətinliklər yaşansa da, həyata keçirilmiş tədbirlər sayəsində həmin problemlər müsbət həllini tapmışdır. Məsələn, təqribən 300 milyard kubmetr qaz ehtiyatına malik olan “Ümid” yatağı Azərbaycanın enerji təhlükəsizliyinə ilk töhfələrini verməkdədir. Eyni zamanda Azərbaycanın zəngin təbii ehtiyatlarında maraqlı olan “Qaz de Frans” və “Total” şirkətləri “Abşeron” yatağında məhsuldar qaz ehtiyatları müəyyən etmişlər. Yeni yataqların kəşfi nəticəsində Azərbaycanın qaz ehtiyatlarının həcmi artaraq 2,6 trilyon kubmetrə çatdırılmışdır. Proqnozlar isə ümumi potensialın 6 milyard kubmetr təşkil etdiyini göstərir.

Ötən il Azərbaycan və Türkiyə arasında əlaqələr daha da inkişaf etdirilərək ən yüksək həddə çatdırılmışdır. 2025-ci ilədək Azərbaycandan ixrac olunan qazın əsas hissəsinin qardaş Türkiyəyə və Avropa ölkələrinə ünvanlanması nəzərdə tutulmuşdur. Bu baxımdan ötən ilin əhəmiyyətli iqtisadi uğurları sırasında iyun ayının 26-da İstanbulda Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə bağlı imzalanmış iki saziş xüsusi əhəmiyyətə malikdir. Geniş iqtisadi, siyasi və strateji mahiyyət daşıyan, Azərbaycan dövlətinin təşəbbüsü ilə irəli sürülən həmin layihə üzrə çəkilən kəmər Türkiyənin şərq hissəsindən qərb istiqamətinə uzanaraq, Azərbaycan qazının Avropaya kənar vasitəçi olmadan sabit və təhlükəsiz şəkildə tranzitini təmin edəcəkdir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bir daha vurğulamışdır ki, “TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır. Bizim bu sahədəki liderliyimiz gözəl nəticələrə gətirib çıxarıb. Biz nəinki ölkəmizi inkişaf etdiririk, eyni zamanda inkişafımız bölgəyə də müsbət təsir göstərir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün bizə imkan yaradır. Təsadüfi deyildir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış sənədlərdə Azərbaycan bu sahədə çox önəmli və həlledici tərəfdaş kimi göstərilir”.

Ümumi smeta dəyəri 7 milyard ABŞ dolları olan və 2018-ci ildə istismara daxil edilməsi nəzərdə tutulan yeni boru magistralı Cənubi Qafqaz kəmərini Avropa Birliyinin qaz təminatı xətləri ilə əlaqələndirəcəkdir. İlkin hesablamalara əsasən, 2020-ci ildə TANAP xətti vasitəsilə nəql olunan 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyənin, qalan hissəsi isə Avropa dövlətlərinin istehlakçıları üçün nəzərdə tutulmuşdur. Gələcəkdə - 2026-cı ildə isə ümumi qaz nəqlinin həcmi artaraq 31 milyard kubmetrə çatdırılacaqdır.

2012-ci ildə enerji sahəsində Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlıq TANAP layihəsi ilə məhdudlaşmamışdır. İzmir şəhərində “Petkim” şirkətinin yeni “Star” Neft Emalı Zavodunun da təməli qoyulmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin AzərTAc-a müsahibəsində qeyd edilir ki, bu gün dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, hələ 2004-cü ildə Prezident İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr reallığa çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırmışdır və hazırda dünyanın müasir və inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Son 10 ildə biz iqtisadiyyatımızı şaxələndirməyə, ümumi daxili məhsulu 300 faiz artırmağa, ən əsası, iqtisadiyyatın qeyri-neft sektorunu 2,4 dəfə yüksəltməyə nail olduq. Ötən müddətdə ölkəmizin strateji valyuta ehtiyatları 30 dəfəyə yaxın çoxalaraq 46 milyard dolları ötmüşdür. Hesab edirəm ki, yoxsulluğun səviyyəsinin 49 faizdən 6 faizə, işsizliyin isə 5,2 faizə endirilməsi həyata keçirilən sosial siyasətin ən böyük uğuru hesab olunmalıdır. Respublikanın şəhər və rayonları, qəsəbə və kəndləri tanınmaz dərəcədə dəyişmiş və müasirləşmiş, əhalinin rifahı yüksəlmişdir.

Ölkəmiz öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirməkdə və onu zənginləşdirməkdə davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür.

Öz enerji təhlükəsizliyini təmin etmiş ölkəmiz Avropanın enerji bazarında mühüm amilə çevrilir, həm də onun təhlükəsizliyinə öz töhfələrini verir. Hesablamalara görə, hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil edir.

Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, əlverişli investisiya mühitinin təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkəmiz bazar iqtisadiyyatı yolu ilə inkişaf edir, iqtisadi sahədə liberal islahatlar davam etdirilir, azad sahibkarlığa böyük diqqət və qayğı göstərilir. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon kredit verilmiş, ötən il bu rəqəm 250 milyon manat təşkil etmiş, bu il də həmin məbləğdə vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu gün Azərbaycanda ÜDM-in 83 faizinin özəl sektorda formalaşması sahibkarlığın gücünün, onun cəmiyyətin, dövlətin inkişafına əvəzsiz töhfələrinin göstəricisidir. Sahibkarlar vergi ödəyiciləridirlər, iş yerləri açırlar, dövlətin iqtisadi gücünü, resurslarını artırırlar. Haqlı olaraq sahibkar da dövləti özünə arxa hesab edir, ona güvənir. Bütün bu işlərin fonunda bəzi yerli icra hakimiyyəti orqanları rəhbərlərinin sahibkarlara münasibətində xoşagəlməz halların mövcudluğu,  əlbəttə ki, yolverilməzdir.

Prezident İlham Əliyev regionlara səfərlərində həmişə sahibkarlarla görüşür, onları narahat edən problemlərlə maraqlanır və bu məsələləri daim diqqət mərkəzində saxlayır. Təəssüf ki, bəzi yerli icra orqanlarının rəhbərləri bundan nümunə götürmürlər, sahibkarlara, yumşaq desək, soyuq münasibət bəsləyirlər. Bəzi hallarda isə sahibkarlıq subyektlərinə öz tabeçiliklərində olan strukturlar kimi yanaşırlar və onlara aidiyyəti olmayan tapşırıqlar verirlər. Azərbaycan Prezidenti sahibkarlara ən yüksək səviyyədə dəstək verirsə, onların arxasında durursa, bütün problemlərinə diqqət və qayğı ilə yanaşırsa, dövlət orqanları, vəzifəli şəxslər bundan nəticə çıxarmalıdırlar. Dövlət strukturları iş adamlarının fəaliyyətinə şərait yaratmalı, onlara mane olmamalıdırlar. Vergi ödəyiciləri kimi sahibkarların fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər daha da sürətləndirilməlidir. Bütün bunlar dövlət başçısının, qanunlarımızın qarşıya qoyduğu vəzifələr və tələblərdir.

Yeri gəlmişkən, bir məqama da toxunaq. Azərbaycan hökuməti, Mərkəzi Bank, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2012-ci il üzrə “Pul siyasəti İcmalı”nda ətraflı məlumat verilmişdir. İcmalda vurğulanır ki, Dünya Bankı açıqladığı son iqtisadi xülasəsində Azərbaycan üzrə iqtisadi artımın 2013-cü ildə davam edəcəyini və 4,2 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bütövlükdə, DB, BVF, Avropa Yenidənqurma və İnkişaf Bankı və BMT-nın proqnozları 2013-cü ildə ölkədə iqtisadi artımın orta hesabla 3,5 faiz olacağını göstərir.

Qeyd edək ki, 2012-ci ildə ÜDM real ifadədə 2,2 faiz artmış və nominal olaraq 54 milyard manata çatmışdır. Hesabat ilində neft-qaz sektorunda 5 faiz azalma qeydə alınmış, qeyri-neft sektorunda isə artım 9,7 faiz təşkil etmişdir. Yaradılan əlavə dəyərin 2/3 hissəsi məhsul istehsalı, 1/3 hissəsi isə xidmət sahələrinin payına düşür.

İcmala əsasən, AMB tərəfindən aparılan Real Sektorun Monitorinqi (RSM) də iqtisadi aktivlik üzrə gözləntilərin optimist olduğunu göstərir. Belə ki, RSM-in nəticələrinə əsasən, ilin əvvəlindən xidmətə tələb və ticarət üzrə satış gözləntisi indeksi artıma meyillidir. Pozitiv gözləntilər eyni zamanda sənayenin qida, tikinti materiallarının istehsalı və toxuculuq alt seksiyalarında, ticarətin isə mebel, elekrtik məişət avadanlıqları seqmentlərində müşahidə edilmişdir. Gözləntilərin belə pozitiv olması sənayedə realizə olunmamış izafi mal ehtiyatının azalmasında da özünü büruzə verir. Ümumilikdə, AMB tərəfindən aparılan RSM nəticələri son aylar istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayının yüksəldiyini və bu artımın dayanıqlı olduğunu göstərir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında