ARDNŞ-in İnsan Resursları Departamentində QHT-lərin iştirakı ilə müşavirə

 

 

Azərbaycanda  korrupsiya və rüşvətxorluğa  qarşı mübarizə  son  illər  daha ciddi  xarakter almışdır. Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev  iqtisadiyyatdakı  inhisarçılıq  meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa  və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı mühüm  vəzifə  kimi qarşıya qoymuşdur. Ona  görə də   bu gün ölkəmizin hər yerində  bu məsələ ciddi nəzarətdədir və   bununla bağlı mühüm  tədbirlər həyata keçirilir.

ARDNŞ İnsan Resursları Departamentində qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən müşavirə  də bu  mühüm  məsələyə həsr olunmuşdu.  Yüksək və işgüzar şəraitdə  keçirilən müşavirədə müxtəlif ictimai birliklərin, assosiasiyaların, fondların, şirkətlərin, konfederasiyaların, mərkəzlərin və digər qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər.

Toplantıda  giriş sözü ilə çıxış edən ARDNŞ İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli departamentin  yaranması və fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O, bildirmişdir  ki, ARDNŞ işə qəbul prosedurlarını təkmilləşdirməklə  daha şəffaf prinsiplərə söykənmiş və  bu işdə obyektivliyi əsas götürmüşdür. İmtahanların keçirilməsi və testləşdirmə prosesi beynəlxalq təcrübə və standartlara uyğunlaşdırılmışdır. ARDNŞ  sistemində  işə götürülən  hər bir vətəndaş öz bilik, bacarıq və səriştəsinə güvənərək imtahanlarda iştirak edib müvəffəqiyyət  qazanmışdır.  Hazırda bu proses uğurla davam etməkdədir. İşçilərlə əlaqələr yüksək səviyyədə qurulmuşdur. ARDNŞ-də fəaliyyət göstərən hər bir əməkdaş öz seçimi ilə təhsilinə, biliyinə, iş təcrübəsinə, bacarıq və səriştəsinə uyğun olaraq karyera inkişafını təmin edə biləcək.

A.Bəkirli bildirmişdir  ki, ARDNŞ xarici və daxili təqaüd proqramları həyata keçirərək potensial kadrların formalaşmasına əsas vermişdir. Daha sonra  departamentin fəaliyyətini və strukturda olan dörd şöbənin işini əks etdirən təqdimat keçirilmişdir.

Müşavirədə çıxış edən QHT-lərin Antikorrupsiya şəbəkəsinin koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirmişdir ki, peşəkar kadrların seçilməsində ədalətlilik və obyektiv prinsiplərin olması Azərbaycan dövlətinin maraqlarını və onun gələcəyini təmin edir. O qeyd etmişdir ki, bu nümunəvi tədbir dövlət qurumları və vətəndaş cəmiyyəti arasındakı münasibətlərin möhkəmlənməsinə müsbət təsir göstərir. Bunun nəticəsində vətəndaşlarda qanuna və qanunun aliliyinə inam artır.

Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Fuad Mayılov maddi sərvətlərin insan kapitalına, intellekt məhsuluna çevrilməsinin vacib bir ictimai məqsəd olmasından bəhs etmişdir.

Qeyd olunmuşdur ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda bizə peşəkar kadrlar lazımdır. Son dövrlərdə  Azərbaycan iqtisadiyyatının çox sürətlə inkişaf etməsi peşəkar kadrların hazırlanması və üzə çıxarılmasının nəticəsində mümkün olmuşdur.  Bütün sahələrdə olduğu kimi, kadrların hazırlanması sahəsində də  korrupsiya və rüşvətxorluqla mübarizə sənayemizin və iqtisadiyyatımızın inkişafına səbəb olmuşdur.

Müşavirədə “Konstitusiya” Araşdırmalar Fondu, Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına yardım Fondu, Korrupsiyaya qarşı mübarizə Fondu,  Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına yardım Fondu,  Effektiv Təşəbbüslər Mərkəzi, “Hüquq və İnkişaf” İB, “Demokratiyanı Öyrənmə” İB, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı, “Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İB, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB, İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Ümid” İB, İqtisadi Tədqiqatlar Mərkəzi, “Ekoaləm” İB, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzi, “Demokratik Təsisatlar və İnsan Hüquqları” İB və “Qadınlar Arasında Həmrəylik” İB-nin nümayəndələri iştirak etmişlər.

Müşavirə iştirakçıları belə tədbirlərin tez-tez keçirilməsini məqsədəuyğun hesab etdiklərini bildirmişlər. Tədbirdə ədalətlilik və obyektivlik prinsipinin cəmiyyətin bütün sferalarında öz əksini tapmasının vacibliyi vurğulanmışdır.

Müşavirədə iştirakçıların sualları ətraflı cavablandırılmışdır. Müzakirələrdə qeyd olunmuşdur ki, korrupsiya və rüşvətxorluqla mübarizənin gücləndirilməsi həm təhsil, həm səhiyyə, həm də sənaye sahələrində  yüksək nəticə verməkdədir.

Görüşün sonunda tədbir iştirakçıları müsbət rəylərini ifadə etmiş və bu kimi işlərdə vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsində göstərdiyi təşəbbüsə görə ARDNŞ rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

M. MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında