Azərbaycanı Avropa ölkələrində tanıtmaq istiqamətində mühüm layihələr həyata keçirən Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə martın 14-də Parisdə “Azərbaycan: Qafqazın lokomotivi-investisiya potensialı və imkanları” mövzusunda biznes forumu keçirilmişdir. Forumda enerji texnologiyası, su və saflaşdırma, ərzaq, telekommunikasiya və peyk, böyük miqyaslı infrastruktur layihələri əsas müzakirə obyekti olmuşdur.
Forumu açan Avropa-Azərbaycan Cəmiyyətinin nümayəndəsi Vanessa Ren Azərbaycanın investisiya sahəsində Avropa, xüsusilə Fransa ilə əlaqələr qurmaqda maraqlı olduğunu, bu gün Fransanın Azərbaycan ilə ticarət sahəsində əməkdaşlıq etdiyi ölkələr arasında ikinci yeri tutduğunu diqqətə çatdırmışdır.
Fransanın Azərbaycandakı ilk səfiri, Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Perrən Fransanın Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmiz ilə diplomatik əlaqələr quran ilk dövlətlərdən biri olduğunu, Azərbaycan üçün çox ağır dövrdə - torpaqlarımızın ermənilər tərəfindən işğal edildiyi bir vaxtda səfir kimi fəaliyyətə başladığını, məhz Azərbaycanın çətin günlərində xalqın təkidli tələbi ilə uzaqgörən siyasətçi Heydər Əliyevin Bakıya gəldiyini xüsusi vurğulamış, məhz ulu öndərin apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkədə sabitliyin bərpa olunduğunu və iqtisadi sahədə nəzərəçarpacaq irəliləyiş əldə edildiyini bildirmişdir.
Ümummilli liderimiz Naxçıvanda olarkən onu ziyarət etdiyini və Heydər Əliyevlə görüşdüyünü xatırladan J.Perrən ulu öndərin prezident seçildikdən sonra ilk xarici səfərini Fransadan başladığını diqqətə çatdırmışdır. J.Perrən demişdir: Əgər kimsə Azərbaycanın ağır günlərində bu ölkədə səfərdə olubsa, bu gün həmin adam Odlar Yurdunda tamamilə fərqli bir mənzərə ilə qarşılaşacaqdır. Bakının və rayonların görünüşü tamamilə dəyişmiş, müasir tələblərə cavab verən magistral yollar salınmışdır. Bir sözlə, Azərbaycan sürətli inkişaf yolu tutmuşdur".
Keçmiş səfir dünyanın tanınmış şəxsiyyətlərindən biri olan Heydər Əliyevin siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin ölkənin dinamik inkişafına xüsusi diqqət yetirdiyini, Azərbaycanın işıqlı və zəngin gələcəyi naminə səy və bacarığını əsirgəmədiyini, xarici sərmayə üçün münbit şərait yaradıldığını, respublikamızın beynəlxalq aləmdə imicinin gündən-günə artdığını bildirmişdir.
Fransa Xarici İşlər Nazirliyi Qafqaz və Mərkəzi Asiya üzrə idarəsinin əməkdaşı Fransua Dekahus forumun Fransa-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini, təmsil etdiyi nazirliyin ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olduğunu, iki ölkə arasında gözəl siyasi əlaqələr qurulduğunu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyət göstərdiyini, ötən ilin sentyabr ayında Yelisey sarayında Fransa Prezidenti Fransua Olland ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün yüksək səviyyədə keçdiyini, Fransa Azərbaycanı həmişə özünə dost bildiyini qeyd etmişdir.
Avropa-Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter cəmiyyətin Azərbaycanı iqtisadi, siyasi və mədəni sahələrdə təmsil etmək məqsədi daşıdığını, neft və qaz ehtiyatları sayəsində son on ilin nəticələrinə görə ölkəmizin ən yüksək iqtisadi göstəricilərə malik olduğunu, əldə edilən vəsaitin sənayenin, kənd təsərrüfatının, təhsilin, səhiyyənin və mədəniyyətin inkişafına yönəldildiyini bildirmiş, cəmiyyət tərəfindən 2011-ci və 2012-ci illərdə Londonda biznes forumun keçirildiyini, bu forumun Parisdə ilk dəfə təşkil edildiyini, gələcəkdə Belçikada, Almaniyada və digər ölkələrdə də biznes forumun təşkil ediləcəyini vurğulamışdır.
Fransanın Qafqaz ölkələri arasında gördüyü işlərin 71 faizinin Azərbaycan ilə bağlı olmasını qeyd edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ölkəmizin Avropanın aparıcı dövlətlərindən biri olan Fransa ilə sıx əlaqələr yaratdığını və bu əlaqələrin inkişaf etməkdə olduğunu bildirmişdir.
Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ilk xarici səfərlərinə Fransadan başladıqlarını xatırladan səfir bu səfərlərin Fransa ilə əməkdaşlığın inkişafına verilən xüsusi diqqətin təzahürü olduğunu vurğulamışdır. Fransız şirkətləri yalnız neft və qaz sektoruna deyil, qeyri-neft sektorlarına da maraq göstərirlər. Total və Qaz de France kimi şirkətlər Azərbaycanın müstəqilliyinin ilk günlərindən ölkəmizdə fəaliyyətə başlamışlar. Digər fransız şirkətləri də Azərbaycanda müəyyən layihələr həyata keçirirlər. Əminəm ki, forumdakı fikir mübadilələri iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına öz töhfəsini verəcəkdir.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye çıxışında Azərbaycan və Fransa arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün bütün imkanların olduğunu bəyan etmişdir.
Azərbaycanda tolerantlığın əksər ölkələrə nümunə olduğunu vurğulayan diplomat ölkəmizdə müxtəlif icmaların, azsaylı xalqların qarşılıqlı hörmət və dostluq şəraitində yaşadıqlarının, dini azadlığın şahidi olduğunu xüsusi vurğulamış, Azərbaycanda Avropa dəyərlərinin daha çox nəzərə çarpdığını bildirmişdir.
Ölkənin dinamik inkişafını diqqətə çatdıran səfir bunu yüksək səviyyəli kadrların fəaliyyəti kimi dəyərləndirmişdir. Fransanın Azərbaycana sərmayə yatırmasından söhbət açan Paskal Mönye bu sahədə ölkəsinin gecikməsindən təəssüf hissi keçirdiyini bildirmiş, fransız iş adamlarını Azərbaycanda inkişaf etməkdə olan infrastruktur sahələrinə investisiya qoymağa çağırmışdır.
Səfir Azərbaycanda telekommunikasiya sahəsində əldə edilən uğurlardan, tullantıların yenidən emal olunması ilə bağlı zavodun istifadəyə verilməsindən, Sumqayıtda müasir texnologiya hesabına kimya zavodlarının qurulmasından, turizm sektorunun sürətlə inkişafından da bəhs etmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun İnvestisiyaların Təşviqi Departamentinin direktoru Natiq Mədətov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev, Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz, Moldova və Belarus üzrə direktoru Pol-Anri Forestye, “SALANS” şirkətinin üzvü Ceyms Hoq, “TOTAL” Mərkəzi Asiya və Avropa kontingentinin vitse-prezidenti Mikael Borell, senator Andre Reişardt, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, “La Sade” şirkətinin əməkdaşı Filip Deparday, Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru Rəşad Məcidov, “Arianespace”in vitse prezidenti və ticarət direktoru Jak Breton, “Suez Environnement” şirkətinin nümayəndəsi xanım Diane d’Arras, infrastruktur üzrə mütəxəssis Hacı Hüseynov, “Akkord”un direktorlar qrupunun prezidenti, baş direktor Xaqani Quluzadə, “VİNCİ”nin Avropa və Aralıq dənizi üzrə direktoru Hosni Bouzid, Avropa Bankının yaradıcısı və ilk prezidenti, yazıçı Jak Attal və digərləri təmsil etdikləri şirkətlərin fəaliyyəti, qeyri-neft sektorlarının inkişafı və onlara sərmayə yatırılmasının vacibliyi, ölkəmizdə investisiya üçün münbit şəraitin yaradıldığını, xarici investorların hüquqlarının qorunduğu və müəyyən investisiya yatırımlarına dövlətin qarant olduğu, ölkəmizin ilk peykinin orbitə çıxarılması və gələcəkdə bu istiqamətdə aparılacaq işlərdə, telekommunikasiya sahəsində fransız şirkətləri ilə əlaqələr haqqında danışmışlar.
Panelin sonunda senator Natali Qule və səfir Elçin Əmirbəyov ölkələr arasında əlaqələrin intensiv inkişafında bu cür forumların keçirilməsini yüksək qiymətləndirmiş, Azərbaycan və Fransa iş adamlarını qarşılıqlı əlaqə yaratmağa və onu inkişaf etdirməyə çağırmışlar.
Avropa-Azərbaycan Cəmiyyətinin Parisdəki ofisinin rəhbəri Eliza Pieter çıxış edənlərə və qonaqlara təşəkkür etmişdir.
Günün ikinci yarısında forum müxtəlif sektorlar üzrə öz işini davam etdirmişdir.
“SİSTRA”nın Cənubi Aralıq dənizinin Avropa regionunun direktoru Andre Onezer forumla bağlı AzərTAc-a verdiyi müsahibəsində demişdir: Bu forum bizim üçün mühüm əhəmiyyət daşıyır. Əsas layihələr və onların Azərbaycanda həyata keçirilməsi ətrafında fikir yürüdüldü. Burada irəli sürülən maraqlı fikirlərdən biz iştirakçılar bəhrələndik və ölkənizdə hansı layihələri reallaşdırmağın mümkünlüyü barədə lazımi məlumat əldə etdik. Biz Azərbaycanda metro tikintisi ilə bağlı böyük bir layihəni həyata keçirməkdə maraqlıyıq".
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye isə müsahibəsində demişdir: “Biz Avropa-Azərbaycan Cəmiyyəti ilə ilk dəfə Fransada iş adamlarının forumunu təşkil edirik. Forumda istər fransız, istərsə də azərbaycanlı iş adamlarının maraqlı çıxışları oldu. Forum fransız iş adamlarının Azərbaycanda fəaliyyətlərinin inkişafını istiqamətləndirməkdə mühüm rol oynadı. Belə fikirləşirəm ki, bu, gələcək əməkdaşlığa imkan yaradacaqdır”.
Əsgər ƏLİYEV
AzərTAc-ın xüsusi müxbiri
Paris
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.