Azərbaycanın neft strategiyasının uğurla reallaşdırılması ölkəmizin dinamik sosial-iqtisadi inkişafı üçün möhkəm baza yaratmışdır. Belə ki, zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə nəticəsində Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Artıq 15 ilə yaxındır ki, Azərbaycanın karbohidrogen ehtiyatları dünya bazarına çıxarılır. Onu da qeyd etmək lazımdır ki, neft və qaz ehtiyatlarının ixracı üçün yaradılmış çoxvariantlı boru kəmərləri ölkəmizin Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməsinə imkan verir.
Ötən müddətdə neft və qaz ixracından əldə edilən gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları xeyli artmış, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmişdir. “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulmuş Azərbaycanın yeni neft strategiyasının uğurları iqtisadiyyatın şaxələndirilməsinə, xüsusən də qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. Bu da öz növbəsində ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılmasına və yeni iş yerlərinin açılmasına imkan yaratmışdır.
Azərbaycanda neft-qaz sektoru isə hələ uzun illər iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır. Bu baxımdan ölkəmizin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutan hasilatın pay bölgüsü tipli sazişlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın yeni neft strategiyasının əsasını qoymuş “Əsrin müqaviləsi” çərçivəsində əvvəlki dövrlərdə olduğu kimi, 2012-ci ildə də mühüm tədbirlər həyata keçirilmiş, bu sahədə bir sıra nailiyyətlər qazanılmışdır. “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru olan bp-Azərbaycan şirkətinin 2012-ci ilin nəticələrinə dair hesabatı da bunu təsdiqləyir. Hesabatda qeyd olunur ki, yanvar-dekabr ayları ərzində konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 725 milyon dollar, əsaslı məsrəflərinə isə 2 milyard 495 milyon dollar xərclənmişdir ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.
2012-ci ildə müqavilə sahəsindəki beş hasilat platformasından ümumilikdə 32,9 milyon ton və ya 243 milyon barel neft hasil olunmuşdur. Həmin platformalar üzrə ümumi orta gündəlik neft hasilatı isə 664 min 400 barel təşkil etmişdir. Bunun da 74 min 440 bareli “Çıraq”, 158 min 430 bareli “Mərkəzi Azəri”, 190 min 540 bareli “Qərbi Azəri”, 134 min bareli “Şərqi Azəri” və 107 min bareli “Dərinsulu Günəşli” platformalarının payına düşür. Bütövlükdə isə 1997-ci ilin noyabr ayında “Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin hasilatına başlandığı gündən 2012-ci ilin sonunadək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan təqribən 292 milyon ton neft çıxarılmışdır.
Ötən il müqavilə sahəsində 65 hasilat quyusundan neft hasil edilmişdir. Bundan əlavə, 29 quyudan texniki məqsədlər üçün istifadə olunmuşdur ki, bu da hasilat quyularının sabit rejimdə işləməsini təmin etmişdir.
“Azəri”, “Çıraq” və “Günəşli” (dərinsulu hissəsi) yataqlarında neftlə bərabər, səmt qazı da çıxarılır. “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, həmin qaz təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru olan bp şirkəti 2012-ci ildə “Azəri” yatağındakı üç hasilat platformasından səmt qazının 28 düyməlik sualtı kəmər vasitəsilə Səngəçal terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi üçün ölkənin qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. İl ərzində “Çıraq” patformasından hasil edilmiş səmt qazının da bir hissəsi mövcud 16 düyməlik sualtı kəmər vasitəsilə ARDNŞ-in Neft Daşlarındakı kompressor stansiyasına nəql olunmuşdur. Ötən il konsorsium iştirakçıları tərəfindən Azərbaycanın qazpaylayıcı şəbəkəsinə gündə təxminən 9,2 milyon kubmetr olmaqla 3,4 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Bu isə bütün il üçün nəzərdə tutulduğundan 13 faiz çoxdur. “Azəri” yatağından çıxarılan səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı boru kəmərləri ilə “Mərkəzi Azəri” platformasına körpü vasitəsilə birləşdirilmiş kompressor və suvurma platformasına göndərilmişdir. Hazırda adıçəkilən platforma vasitəsilə beş quyudan laya qazvurma əməliyyatları davam etdirilir.
2012-ci ildə “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində qazma və tamamlama əməliyyatları da uğurla davam etdirilmişdir. Belə ki, il ərzində müqavilə sahəsində dörd neft quyusu və bir qaz injektor quyusu qazılaraq istismara verilmişdir. Bundan əlavə, “Çıraq” neft layihəsi çərçivəsində 7 öncə qazma quyusu qazılaraq gələcəkdə istifadə üçün bağlanmışdır. Ötən ilin noyabr ayında “Çıraq” platformasının qazma qurğusunda planlaşdırılmış profilaktik tədbirlər və bir sıra quyularda nəzərdə tutulmuş texniki işlər başa çatdırılmışdır. Hazırda bir quyuda yanaqazma əməliyyatları aparılır. Cari ilin ikinci yarısında isə daha iki hasilat quyusunun istismara verilməsi və bir quyuda intervensiya əməliyyatlarının həyata keçirilməsi planlaşdırılır. 2012-ci ildə “Mərkəzi Azəri” platformasında da uğurlu qazma əməliyyatları həyata keçirilmiş, il ərzində burada yeni bir qaz injeksiya və bir neçə neft quyusu istismara verilmiş, bəzi quyularda yenidən tamamlama əməliyyatları aparılmışdır. Yeri gəlmişkən, Azərbaycanda “Əsrin müqaviləsi” çərçivəsində böyük neft hasilatına məhz 8 il əvvəl - 2005-ci ilin fevral ayında “Mərkəzi Azəri” platformasının istismara daxil edilməsi ilə başlanmışdır.
Ötən il “Azəri” yatağının qərb və şərq hissələrində də qazma əməliyyatları nəzərdə tutulmuş tədbirlər planına uyğun həyata keçirilmişdir. Belə ki, ilin əvvəlində istismarda olan C07 quyusunda qazliftə uyğunlaşdırma əməliyyatları aparıldıqdan sonra C04 quyusunda yenidən tamamlama işləri aparılmışdır. Bundan əlavə, hesabat ilində burada daha beş quyuda analoji işlər başa çatdırılmış, yeni bir quyuda qazma əməliyyatlarına start verilmişdir. Həmin quyu isə bu yaxınlarda istismara təhvil veriləcək. 2013-cü ilin qalan dövrü ərzində “Azəri” yatağının qərb hissəsindəki quyularda intervensiya əməliyyatlarının başa çatdırılması və burada yeni bir hasilat quyusunun qazılması nəzərdə tutulur. “Şərqi Azəri” platformasında isə il ərzində bir quyuda yenidən tamamlanma əməliyyatları aparılmış, iki hasilat quyusu qazılıb təhvil verilmiş, bir sıra quyularda isə lazımi texniki işlər görülmüşdür. Burada qazma və texniki işlər cari il ərzində də davam etdiriləcək. Belə ki, bu il platformada bir hasilat və bir suvurma quyusu qazılıb istismara veriləcək.
Konsorsium iştirakçıları tərəfindən “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin istismarı da il ərzində uğurla davam etdirilmişdir. Belə ki, burada nəzərdə tutulmuş qazma və intervensiya işlərinin vaxtında başa çatdırılması yataqda hasilatın sabit saxlanmasına imkan yaratmışdır. Ötən il “Dərinsulu Günəşli”platformasında üç quyuda intervensiya işləri uğurla başa çatdırılmış və E16 quyusunda qazma əməliyyatları bərpa edilərək dekabr ayında həmin quyu təhvil verilmişdir. 2012-ci ilin üçüncü rübündə “Dədə Qorqud” qazma qurğusu vasitəsilə burada sualtı qazma əməliyyatlarına başlanmış və iki quyuda işlər uğurla başa çatdırılmışdır.Yeri gəlmişkən, “Cünəşli” yatağının dərinlikdə yerləşən hissəsində Xəzər dənizində ilk dəfə olaraq sualtı suvurma əməliyyatlarının həyata keçirilməsi üçün lazımi infrastruktur yaradılmışdır. Bu ilin ikinci rübündə Dədə Qorqud üzən qurğusu vasitəsilə burada qazma əməliyyatlarına başlanacaq. Xatırladaq ki, “Dərinsulu Günəşli” platformasından 3,2 və 5,2 kilometr aralıda yerləşən üç sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə kollektora gündə təqribən 400 min barel su vurmaq mümkün olacaq. Qeyd etdiyimiz kimi, bu, Xəzər dənizində ilk mühüm sualtı işlənmə layihəsidir və gələcəkdə digər yataqlarda da analoji proqramın tətbiqinə geniş yol açır. “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin istismarını həyata keçirən konsorsium iştirakçıları 2013-cü ilin planlarını da açıqlamışlar. Belə ki, cari ildə burada yeni bir hasilat quyusunun qazılıb istismara verilməsi, “Dədə Qorqud” qazma qurğusunda planlaşdırılmış profilaktik işlərin aparılması və yataqda suvurma quyularının qazılması nəzərdə tutulur ki, bu da hasilatın sabit saxlanmasına imkan yaradacaq.
2013-cü ildə “Əsrin müqaviləsi” çərçivəsində ixrac əməliyyatları da uğurla davam etdirilmişdir. Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neft və səmt qazı sualtı boru kəmərləri vasitəsilə Səngəçal sahil terminalına nəql olunur. Terminalın texniki emal sistemlərinin gücü isə gün ərzində 1,2 milyon barel nefti qəbul edib ixraca yönəltməyə imkan verir. 2012-ci ildə Səngəçal terminalından 282,9 milyon barel neft ixrac olunmuşdur. Xam neftin 246,4 milyon bareli Bakı-Tbilisi-Ceyhan, 29,1 milyon bareli Bakı-Supsa kəmərləri, təxminən 6 milyon bareli isə dəmir yolu vasitəsilə daşınmışdır. Bundan əlavə, il ərzində xam neftlə yanaşı, 1,4 milyon barel kondensat ixrac edilmişdir.
Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyəti də getdikcə genişlənir. 2012-ci ildə Bakı-Tbilisi-Ceyhan kəməri üzrə əsaslı xərclərə 64 milyon dollar sərf olunmuşdur. Artıq adıçəkilən kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barelə çatdırılmışdır. Ötən il adıçəkilən kəmərlə 32,8 milyon ton xam neft ixrac edilərək 320 tankerlə dünya bazarına çıxarılmışdır. Bütövlükdə isə 2006-cı il iyun ayının 4-də ilk tankerin Türkiyənin Ceyhan limanından yola salınmasından indiyədək kəmər vasitəsilə nəql edilmiş 213 milyon ton xam neft 2061 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Bakı-Tbilisi-Ceyhan kəmərinin bir gün üçün ən yüksək ötürmə gücü isə 1 milyon 44 min barel təşkil etmişdir.
Yeri gəlmişkən, hazırda Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatla yanaşı, Türkmənistan nefti də daşınır. Bununla yanaşı, adıçəkilən kəmərlə Qazaxıstanın “Tengiz” yatağından neft həcmlərini daşımaq haqqında sazişlər də mövcuddur. Bütün bunlar isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin rentabelli, həm də uzunmüddətli fəaliyyəti üçün geniş imkan yaradır. Göründüyü kimi, Azərbaycanda “Əsrin müqaviləsi” çərçivəsində hasil olunan neftin dünya bazarına çıxarılması üçün ölkəmizdə son dərəcə etibarlı və geniş imkanlara malik ixrac sistemi mövcuddur. Bu da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə səbəb olur, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməsinə imkan yaradır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.