"Ticarət və insan inkişafının ehtiyaclarının qiymətləndirilməsi" hesabatının təqdimatı olmuşdur

İyulun 8-də İqtisadi İnkişaf Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMT İP) tərəfindən Azərbaycan üzrə hazırlanmış "Ticarət və insan inkişafının ehtiyaclarının qiymətləndirilməsi" hesabatı ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə müvafiq dövlət orqanlarının, BMT-nin və Avropa Komissiyasının, eləcə də beynəlxalq maliyyə və inkişaf təşkilatlarının nümayəndələri iştirak etmişlər.
İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycanda aparılan iqtisadi islahatlar və əldə olunmuş uğurlar barədə məlumat vermişdir. Bildirmişdir ki, ölkəmizdə böyük inamla davam etdirilən kompleks islahatların məntiqi nəticəsi olaraq 2010-cu ilin yanvar-mayında ümumi daxili məhsulun real artımı 4,5 faiz təşkil etmiş, onun adambaşına düşən həcmi isə 3,1 faiz artmışdır. Bu ilin ilk 5 ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 10,6 milyard ABŞ dolları təşkil etmişdir. Bu dövrdə Azərbaycan 126 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 5,8 milyard ABŞ dolları olmuşdur.
Cari ilin ilk 5 ayında 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın xarici ticarət dövriyyəsi 53,5 faiz, o cümlədən ixrac 78 faiz, idxal isə 4,4 faiz artmışdır. Ölkədə ticarətin liberallaşdırılması üzrə ardıcıl və kompleks tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2010-cu il 14 may tarixli fərmanı ilə idxal-ixrac əməliyyatlarının prosedurunun daha da sadələşdirilməsi bu sahədə atılmış çox əhəmiyyətli addımdır.
Vurğulanmışdır ki, Azərbaycan ixrac potensialının və regionda ticarət əlaqələrinin genişləndirilməsi məqsədi ilə 2008-ci ildə Dünya Ticarət Təşkilatı və BMT-nin ticarətə yardım mexanizminə qoşulmaq təşəbbüsü ilə çıxış etmişdir. Təşəbbüs BMT-nin Mərkəzi Asiya üzrə Xüsusi İqtisadiyyat Proqramına (SPECA) üzv ölkələrdə "Ticarət və insan inkişafının ehtiyaclarının qiymətləndirilməsi" hesabatlarının hazırlanması, bu sənədlərə SPECA dövlətləri tərəfindən baxılması, bununla bağlı Azərbaycanda SPECA ölkələri nazirlərinin görüşünün keçirilməsi və yekun hesabatın hazırlanması mərhələlərindən ibarətdir.
Diqqətə çatdırılmışdır ki, nazirlərin görüşünə hazırlıq kimi BMT İP tərəfindən 2009-cu ildə SPECA ölkələrində, o cümlədən Azərbaycanda ticarət üzrə tədqiqatlar aparılmışdır. Tədqiqatlar nəticəsində hər bir üzv ölkə, o cümlədən Azərbaycan üzrə "Ticarət və insan inkişafının ehtiyaclarının qiymətləndirilməsi" hesabatı hazırlanmışdır. Hesabatda Azərbaycanda ticarətin inkişaf potensialı və perspektivləri təhlil edilmişdir.
Tədbirdə BMT İP-in Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Baxodur Eşonov və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının ticarət şöbəsinin müdiri xanım Virginia Cram-Martos çıxış edərək SPECA proqramı çərçivəsində görülmüş işlər barədə məlumat vermiş, "Ticarət və insan inkişafının ehtiyaclarının qiymətləndirilməsi" hesabatının hazırlanmasının ticarətin inkişafında əhəmiyyətini vurğulamışlar.
Sonra "Ticarət və insan inkişafının ehtiyaclarının qiymətləndirilməsi" hesabatının təqdimatı keçirilmişdir.
Tədbir çərçivəsində, həmçinin BMT İP-in Avropa və MDB regional mərkəzinin müdiri Jacek Cukrovski ticarətə yardım təşəbbüsü, ticarətin inkişafının qiymətləndirilməsi metodologiyası və ticarətə yardım regional layihələri ilə bağlı geniş məlumat vermişdir.
SPECA ölkələri üzrə hazırlanmış yekun hesabata bu il dekabrın 1-2-də Bakıda keçiriləcək SPECA ölkələri nazirlərinin görüşündə baxılması nəzərdə tutulur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında