Ulu öndər Heydər Əliyevin dövlətçiliyin, demokratik cəmiyyətin və yeni iqtisadi sistemin yaranmasını şərtləndirən siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsi olaraq hazırda Azərbaycan iqtisadi sahədə qazandığı uğurlarla dünya ölkələri arasında mövqeyini daha da möhkəmləndirmişdir. Bu, eyni zamanda, ümummilli liderimiz tərəfindən əsası qoyulan iqtisadi siyasətin Azərbaycan modelinin mövcud iqtisadi münasibətlər müstəvisində alternativsizliyini təsdiqləyir.
Məhz bunun nəticəsidir ki, son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə etmiş, neft sahəsinin, qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Birinci və ikinci regional inkişaf proqramlarının, habelə digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə reallaşdırılması nəticəsində yeni iş yerlərinin və müəssisələrin yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiya qoyuluşlarının artırılması, yoxsulluğun azaldılması və s. məsələlər öz müsbət həllini tapmışdır.
Azərbaycanda uğurla davam etdirilən siyasət nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sahələrinin, regionların inkişafı, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi və s. beynəlxalq reytinq agentliklərinin məlumatlarında da öz ifadəsini tapıb. Məsələn, dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan "Fitch Ratings" təşkilatı Azərbaycanın reytinqini yüksəldib. Agentlik respublikamızla bağlı təyin etdiyi uzunmüddətli "BB+" reytinqini yüksəldərək "BBB-" səviyyəsində müəyyən edib. "Fitch Ratings" agentliyi yeni reytinqin müəyyənləşməsində ölkəmizin iqtisadi, investisiya, maliyyə sabitliyinin dözümlü olmasını, iqtisadiyyatın inkişaf dinamikasının stabil artım templəri ilə davam etməsini başlıca elementlər kimi qəbul edib. Eyni zamanda, qurum yeni reytinq təyin olunarkən neft gəlirlərinin sürətlə artmasını və həmin vəsaitlərin güclü daxili və xarici netto-kreditor mövqeyinin formalaşması məqsədilə səmərəli idarə olunmasını əsas amillər kimi nəzərə alıb.
"Fitch Ratings"in iqtisadçılarının fikrincə, bir çox ölkələr dünyada baş verən böhran meyillərinin təsirinə məruz qalsa da, Azərbaycanda antiböhran siyasətinin çevik və effektli şəkildə həyata keçirilməsi iqtisadi seqmentlər üzrə fəallığın azalmasının qarşısını alıb. Azərbaycan hökumətinin böhrana qarşı mükəmməl iqtisadi konsepsiya hazırlayaraq həyata keçirməsi makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasına və real sektorda iqtisadi dinamizmin artmasına imkan yaradıb. Eyni zamanda, respublikamızın maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldib və böhranın növbəti fazasının ölkəmizə mənfi təsirlərinin qarşısını almış olub. İqtisadiyyatın əsas bölmələrində, xüsusilə də, özəl sektorda dinamizm meyilləri güclənib. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempi 6 faizdən artıq olub ki, bu da ümumilikdə Avropa iqtisadiyyatının inkişaf göstəricisindən 2-3 dəfə artıq deməkdir.
"Fitch Ratings" yeni reytinqi müəyyənləşdirərkən ölkəmizdəki investisiya mühitini də ciddi şəkildə təhlil edib. Respublikamızdakı şəffaf biznes mühitini və xarici sərmayədarların fəaliyyəti üçün təmin edilmiş cəlbedici sərmayə atmosferlərini dəyərləndirən agentlik bu faktorun investisiya fəallığına əlverişli zəmin yaratdığını bildirir.
"BBB-" ölkəmiz üçün həddindən artıq mühüm əhəmiyyət daşıyan kredit reytinqi və ölkəmizin investisiya qabiliyyətinin yüksək göstəricisi kimi səciyyələndirilə bilər. Yeni reytinq Azərbaycan üçün beynəlxalq səviyyəli investisiya reytinqi sayıla bilər. Bu, respublikamızın beynəlxalq statusa malik potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə də dərin əsaslar yaratmış olur. "BBB-" kredit reytinqinin təyin edilməsi beynəlxalq maliyyə institutlarının və investorların respublikamıza etimadının daha da yüksəlməsinə, ölkəmizin borclanma qabiliyyətinin artırılmasına, iri şirkətlər tərəfindən borclanma məqsədilə qiymətli kağızların emissiyası üçün zəruri şəraitin yaradılmasına və Azərbaycanın dünyanın ən böyük kapital bazarlarına çıxışının asanlaşdırılmasına münbit şərait yaradacaq.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı büdcənin artımında da özünü göstərir. Xatırladaq ki, iqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan büdcənin real göstəricələri və artım səviyyəsi ölkəmizdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Etiraf edək ki, fəaliyyətində sosial məsuliyyət prinsipini, məqsədyönlülüyü rəhbər tutan Azərbaycan hökuməti bir qayda olaraq dövlət büdcəsinin mədaxil və məxaric hissəsini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışır. Büdcə dövlətin hərtərəfli inkişafı baxımından zəruri olan sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi üçün əsas maliyyə mənbəyi rolunu oynayır. Bu maliyyə sənədində həmçinin, dövlətin perspektiv inkişafına hesablanan mühüm dövlət proqramlarının,f ərman və sərəncamların realizəsi üçün zəruri maliyyə vəsaitləri əksini tapır.
Milli Məclisin bir neçə gün bundan əvvəl keçirilən iclasında 2010-cu ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə edilib. Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qanunvericilik təşəbbüsü ilə 2010-cu ilin dövlət büdcəsində əlavə və dəyişikliklər aparılması haqqında qanun layihəsini parlamentə təqdim edib. Onun sözlərinə görə, ölkədə reallaşdırılan iqtisadi islahatlar dərinləşməkdədir. Nəticədə bütün sahələr inkişaf edir. Komitə sədri bildirib ki, Azərbaycanın iqtisadi qüdrəti artdıqca yeni layihələrin həyata keçirilməsi imkanları da artır. O, həmçinin, vurğulayıb ki, baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasını da dövlət öz gücü ilə həyata keçirir. Ümumilikdə, cari ilin əvvəlindən dünyada və ölkədə baş verən proseslər, eləcə də, dünya bazarlarında neftin qiymətinin artması büdcəyə əlavə və dəyişikliklər etmək zərurətini yaradıb. Komitə sədri onu da göstərib ki, Hesablama Palatası da büdcə ilə bağlı rəyini təqdim edib. Z.Səmədzadə, eyni zamanda, bildirib ki, bu gün dünya bazarında neftin orta qiyməti faktiki 75,5 dollardır və bu, əlavə vəsaitlərin daxil olmasına şərait yaradıb. Dəyişikliklərlə büdcə kəsiri 2,3 faiz olacaq.
Milli Məclisdə göstərilib ki, cari ilin yanvar-aprel aylarında vergi ayırmaları üzrə daxilolmalar artıqlaması ilə yerinə yetirilib. Azərbaycan Dövlət Neft Fondunun əlavə gəlirləri isə 1,9 milyard manat təşkil edib. Büdcənin mədaxil hissəsinin 1,5 milyard manat artırılması nəzərdə tutulur. Gəlirlərin belə artımı şəraitində ölkə üçün zəruri olan bir sıra xərclərin artırılmasına da zərurət yaranıb. Ayrılan vəsaitin böyük bir hissəsi müdafiə xərclərinin artırılmasına yönəldiləcək.
Maliyyə naziri Samir Şərifov vurğulayıb ki, layihədə Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirlərinin 1 490 milyon manat, xərclərinin isə 1 011,3 milyon manat artırılması təklif olunur. Bu artımla dövlət büdcəsinin gəlirləri 11 505 milyon manat, xərcləri isə 12 275,3 milyon manat təşkil edəcək. Gəlirlərin artımının 490 milyon manatı Vergilər Nazirliyi, 1 milyard manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaq. Bununla da Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxil olması planlaşdırılan vəsaitlərin həcmi 4 470 milyon manata çatacaq. Proqnozlaşdırılan büdcə kəsirinin məbləği 478,7 milyon manat azaldılacaq. Yeri gəlmişkən, xərclərin artırılmasına bir sıra amillər əsas verir. Maliyyə nazirinin sözlərinə görə, Kür və Araz çaylarının yaratdığı sel fəlakətinin fəsadlarının aradan qaldırılması və gələcəkdə anoloji halların baş verməməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 300 milyon manat ayrılır: Eyni zamanda, müdafiə xərclərinə 400 milyon manat əlavə ediləcək. Bu, geosiyasi vəziyyət nəzərə alınaraq ölkənin müdafiə potensialının yüksəldilməsi məqsədi daşıyır. Naxçıvanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsinə 17 milyon manat, yol layihələrinin başa çatdırılması, Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına 129 milyon manat, elmə 3 milyon manat, səhiyyəyə 10 milyon manat ayrılır. Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin dotasiyası 2,7 milyon manat artırılacaq. Dövlət büdcəsinin kəsiri ÜDM-in 2,3 faizini təşkil edəcək.
Yeri gəlmişkən, büdcənin artım səviyyəsi ilə bağlı bir məqama da diqqət yetirək. Azərbaycanın dövlət büdcəsinin sosial yönümlü olması ölkə Prezidentinin sosial-iqtisadi siyasəti ilə bağlıdır. Bunu faktlar da aydın göstərir. Belə ki, 2009-cu ilin dövlət büdcəsindən əhalinin sosial müdafiəsinə yönəldilmiş xərclərin məbləği 2003-cü illə müqayisədə 6 dəfə çox olmuşdur. 2008-ci ildə bu və ya digər sosial məqsədlər üçün ayrılmış vəsaitlər 2 milyard 312 milyon manat təşkil etmiş, bu da 2007-ci illə müqayisədə 38,4 faiz (642 milyon manat) olmuşdur. 2009-cu ildə isə büdcədə sosialyönümlü xərclərin xüsusi çəkisi 33 faiz, yaxud 4 milyard 24 milyon manat təşkil etmişdir. Bu ilin dövlət büdcəsində isə həmin məqsəd üçün - yalnız sosial müdafiə və sosial iəminat xərcdərinə 1 milyard 192,3 milyon manat həcmində vəsait nəzərdə tutulmuşdur.
S.Şərifovun məlumatına görə, ölkədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yaradılmış Dövlət Komissiyası ilk növbədə təxirəsalınmaz tədbirlər həyata keçirib. Hazırda isə dövlət başçısının sərəncamına uyğun olaraq təbii fəlakətdən ziyan çəkmiş rayonların iqtisadiyyatına, nəqliyyat, enerji, rabitə, sosial və digər infrastrukturlarına dəymiş ziyanın qiymətləndirilməsi prosesi başlanıb. Həmin bölgələrdə əhaliyə maddi köməklik məsələləri də nəzərdən keçirilir. Bu prosesin həyata keçirilməsi üçün əlavə vəsaitə ehtiyac olduğunu deyən maliyyə naziri qeyd edib ki, bu səbəbdən də, 2010-cu ilin dövlət büdcəsinin gəlir və xərc hissəsinə əlavələr olunur.
"Təhlillər nəticəsində müəyyən olunub ki, neft sektoru üzrə hasilat proqnozlarını dəyişdirilmədən 2010-cu il dövlət və icmal büdcələri hesablanarkən neftin 1 barelinin 45 dollardan 60 dollara çatdırılması, 2010-cu il dövlət büdcəsinin gəlirlərinin əlavə olaraq 490 milyon manat, Dövlət Neft Fondunun gəlirlərinin isə 2 milyard 700 milyon manat artmasına əsas verir. Buna görə də, büdcədə neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi təklif olunur", - deyə maliyyə naziri Milli Məclisin iclasında vurğulayıb.
Milli Məclisin iclasında müzakirə zamanı ölkə iqtisadiyyatının dinamik inkişafına toxunulub və bildirilib ki, dövlət büdcəsi iqtisadiyyatın güzgüsüdür. Bütün iqtisadi göstəricilər büdcədə rəqəmlərlə əks olunur. Bu, qeyri-neft sektorunun inkişafında da özünü büruzə verir. Əsas məqamlardan biri ölkəmizin müdafiə xərclərinin artırılmasıdır. Eyni zamanda, büdcə kəsirinin ÜDM-nin 2,3 faizini təşkil etməsi diqqəti cəlb edir. Amma digər ölkələrdə vəziyyəti təhlil etsək görərik ki, Azərbaycan daha üstün mövqedədir. Əlbəttə, bu ölkəmizdə həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsidir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.