Ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası geosiyasi mövqeyinə görə dünya ölkələrinin maraq dairəsinə daxil oldu. Özünün zəngin yeraltı və yerüstü sərvətlərinə arxalanan gənc Azərbaycan dövləti beynəlxalq aləmin müstəqil subyekti kimi sərbəst inkişaf yolunu seçdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi sabitlik yaradıldı.
Ölkəmiz əsaslı islahatlar dövrünə, iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni neft strategiyası işlənib hazırlandı. Ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə və regionda uzunmüddətli əməkdaşlığın yaradılmasına hesablanmış bu strategiya “Əsrin müqaviləsi”nin imzalanması ilə nəticələndi. Bununla da müstəqil Azərbaycan Respublikası xarici sərmayələr üçün açıq elan olundu.
Dünyanın transmilli neft şirkətləri ilə fəal əməkdaşlıq şəraitində “Əsrin müqaviləsi”ni uğurla reallaşdıran Azərbaycan qısa müddətdə bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal icraçısına çevrildi. Özünün zəngin karbohidrogen ehtiyatlarını müstəqil şəkildə dünya bazarına çıxarmağa nail olan ölkəmiz neft və qazın satışından əldə etdiyi gəlirləri iqtisadiyyatın digər sahələrinin inkişafına yönəltməyə başladı. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişaf etdirilməsini ölkəmizin iqtisadi inkişaf strategiyasının başlıca hədəfinə çevirdi. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, səmərəli tədbirlər iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sənayesi sahələrinin inkişafı üçün geniş imkanlar yaratdı. Ölkəmizin karbohidrogen ehtiyatlarından əldə edilən gəlirlərin bir hissəsinin isə kosmik sənayenin inkişafına yönəldilməsi qərara alındı. Əslində bu, tarixi zərurətdən yaranan bir addım idi. Belə ki, Avropa və Asiya qitələri arasında yerləşən Azərbaycan Respublikasının iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması çox vacib idi.
Neft kapitalının insan kapitalına çevrilməsinin vacibliyini bəyan edən dövlət başçısı ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafının təmin edilməsi üçün bir sıra vacib addımlar atdı. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, Prezidentin sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də məhz bu məqsədə xidmət edir. Artıq neftdən əldə edilən gəlirlərin insan kapitalına çevrilməsi ideyasının müəllifi olan Prezident İlham Əliyevin ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər öz müsbət nəticələrini verməkdədir. Bu il fevral ayının 8-də isə ölkəmizin müstəqillik tarixinin ən önəmli hadisələrindən biri baş verdi. Belə ki, həmin gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki–“Azərspace-1” uğurla orbitə buraxıldı. Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan fəzaya doğru səmt götürən peykimiz “Ariane-5” kosmik daşıyıcısı ilə orbitə çıxarıldı. Ümumi çəkisi 3250 kiloqram təşkil edən peykin istifadə müddəti 15 ildir. Peyk Azərbaycanla yanaşı, Mərkəzi Asiya, Şərqi Avropa, Şimali Afrika, Qafqaz, eləcə də Yaxın Şərq regionunun bir çox ölkələrinə xidmət göstərəcək. Bir qədər əvvəl isə peykimiz artıq orbitdəki yerini tutdu. Bununla da, regionda qlobal enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarı olan Azərbaycan Respublikası kosmosda da öz varlığını təmin etməyə müvəffəq oldu. Artıq peykin idarə edilməsi tam olaraq “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. Peyk “Azərkosmos”un Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən adı çəkilən qurumun mütəxəssisləri tərəfindən idarə olunacaq.
Yeri gəlmişkən, Azərbaycanda kosmik sənayenin təşəkkülü və inkişaf tarixi ötən əsrin 70-ci illərindən başlayır. Belə ki, 1973-cü ildə respublikamızda Aerokosmik Agentliyi yaradılmışdır. Ötən müddətdə Azərbaycanda kosmik sənaye sahəsi üçün savadlı kadrlar da hazırlanmışdır. Hazırda ölkəmiz kosmik sənayenin sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin əsası isə Prezident İlham Əliyevin 2008-ci il noyabrın 4-də imzaladığı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncamı ilə qoyulmuşdur. Bu mühüm sənədin davamı olaraq bir il sonra Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı qəbul edilmişdir. Xatırladaq ki, bu mühüm dövlət sənədinin əsas məqsədi ölkəmizdə kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının ödənilməsi, regionlarda əhalinin teleradio yayımına artan tələbatının təmin edilməsi, ölkənin beynəlxalq rabitə kanallarının artırılması və kosmik fəzadan sürətli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsi ilə bağlıdır. Proqramda strateji məqsədlərlə yanaşı, onun reallaşdırılmasının əsas istiqamətləri, kadrların hazırlanması, maliyyə mənbələri, gözlənilən nəticələr və geniş tədbirlər planı öz əksini tapmışdır. 2010-cu ildə isə dövlət başçısı tərəfindən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncam imzalanmışdır. Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” mövcud olduğu iki il ərzində ölkəmizdə teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində mühüm işlər görmüşdür. Qurumun ən böyük layihəsi isə, heç şübhəsiz, ölkəmizin ilk süni peyki olan “Azərspace-1” in hazırlanması və orbitə çıxarılması ilə bağlı olmuşdur.
İlk telekommunikasiya peykimizin orbitə çıxarılması Azərbaycanın beynəlxalq nüfuzunun bir qədər də artmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, bu əlamətdar hadisə münasibətilə xalqımızı təbrik edən Prezident İlham Əliyev demişdir: “Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir və biz artıq kosmik klubun üzvüyük... Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcəkdir. Yəni bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaqdır”.
Xatırladaq ki, dizaynı və qoşulma imkanları ilə milyonlarla insanın informasiya və rabitə xidmətlərindən geniş istifadə edəcəyi bu nəhəng telekommunikasiya infrastrukturu təkcə kommersiya baxımından deyil, ölkəmizin informasiya təhlükəsizliyinin təminatı üçün də müstəsna əhəmiyyət kəsb edir. Belə ki, hər bir ölkənin müstəqil informasiya siyasətinin mövcudluğu artıq tarixi bir zərurətə çevrilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Rasim Əliquliyev deyir ki, Azərbaycan indiyədək digər ölkələrə məxsus süni peyklərdən icarə əsasında istifadə etsə də, bu, informasiya təhlükəsizliyinin təminatı baxımından bir qədər riskli idi. Digər ölkələrin peyklərindən istifadənin bir sıra kritik məqamlarda müəyyən təhlükələrə yol açması qənaətində olan R. Əliquliyevin fikrincə, 1990-cı ilin qanlı yanvar hadisələrindən öncə Azərbaycan televiziyasının fəaliyyətinin dayandırılması ilə bütün respublikamızın informasiya blokadasına alınması da bunu təsdiqləmişdir. Ölkəmizin yerətrafı orbitdə süni peykinin olmasının təhlükəsizlik məsələləri baxımından üstünlüklərinə toxunan mütəxəssis alim qeyd edir ki, süni peykimizin imkanlarından ölkəmizin ən ucqar yaşayış məntəqələrində də yüksək səviyyədə istifadə etmək mümkün olacaq. Milli peykimiz Azərbaycanla yanaşı, böyük bir regionu əhatə edəcək. Bu, ölkəmizin regionda mövqeyinin daha da möhkəmləndirilməsi, onun beynəlxalq nüfuzunun bir qədər də artmasına gətirib çıxaracaq. Süni peykimizin xidmətlərindən digər dövlətlərin də istifadə etməsinə imkan yaranacaq. Deməli, Azərbaycan süni peyk vasitəsilə öz zəruru ehtiyaclarının ödəməklə yanaşı, həm də gəlir əldə edəcək...
Xatırladaq ki, 250 milyon dollara başa gələn ilk süni peykimiz təqribən 5-6 il ərzində ona çəkilən xərci tam ödəyəcək. Peykin gəlirlərinin isə istismar müddəti ərzində 650 milyon dollar təşkil edəcəyi proqnozlaşdırılır. Onu da qeyd etmək lazımdır ki, “Azərspace-1” peykinin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə kommersiya məqsədilə dünya bazarlarına ixrac ediləcək. Mütəxəssislər hesab edirlər ki, peykin istismar müddəti nisbətən az olduğu üçün onun bazarlanması, çəkilən xərclərin ödənilməsi müəyyən risklər tələb edir. Məhz buna görə də peykin resurslarının mümkün qədər tez satılması olduqca vacibdir. Artıq ilk peykimizin resurslarının 44 faizinin satışı üçün müqavilələrin imzalanması, bununla bağlı digər təkliflərin nəzərdən keçirilməsi isə artıq bu sahədə heç bir çətinliyin olmayacağına dəlalət edir. Milli İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, Azərbaycan gələcəkdə daha biznes yönümlü peyklərin buraxlmasına çalışmalıdır. Belə ki, ekologiya, metrologiya, kəşfiyyat, müdafiə, geodeziya və s. yönümlü peyklərdə daha böyük biznes var. Mütəxəssis hesab edir ki, bu sahədə beynəlxalq qurumlarla əməkdaşlıq etməklə müştərək layihələrin reallaşdırılmasına da önəm verilməlidir.Çünki bu addım ölkəmizə gəlir gətirməklə yanaşı, risklərin bölüşdürülməsində də faydalı olar.
Göründüyü kimi, beynəlxalq peyk ailəsinin üzvünə çevrilmiş Azərbaycan artıq özünün kosmik sənayesinin formalaşdırmasına başlamışdır. Ölkəmizdə kosmik sənayenin hərtərəfli fəaliyyətini təmin etmək məqsədilə yerüstü infrastrukturla yanaşı, kosmik məlumatların qəbulu, emalı və istehlakçılara çatdırılması üçün bütöv bir kompleks yaradılacaqdır. Orbitdə peykimizin mövcudluğu Azərbaycanın rabitə sisteminin daha da təkmilləşdirilməsini, təbii ehtiyatların öyrənilməsini və operativ məlumatların əldə edilməsini asanlaşdıracaq. Belə ki, “Azərspace-1” peyki vasitəsilə ölkəmizdə radio və televiziya yayımının keyfiyyəti xeyli yaxşılaşdırılacaq, yüksək sürətli internet şəbəkəsi və məlumatların ötürülməsi sistemi təmin olunacaq. Yeri gəlmişkən, bu ilin aprel ayından Azərbaycanın bütün telekanallarının yayımının “Azerspace-1” peyki vasitəsi ilə həyata keçirilməsinə başlanacaq. Eyni zamanda, peykin uğurlu fəaliyyəti nəticəsində diplomatik nümayəndəliklərlə birbaşa və etibarlı rabitənin yaradılması, ölkəmizin informasiya təhlükəsizliyinin qorunmasının gücləndirilməsi, kosmik sahə üzrə kadrların hazırlanması və insan kapitalının inkişafı üçün yeni imkanların yaradılması təmin ediləcək. Bütün bunlarla yanaşı, kosmik sənayenin yaradılması ölkədə çoxsaylı iş yerlərinin açılmasına səbəb olacaq, iqtisadiyyatın digər sahələri üçün əlavə stimul yaradacaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.