Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentində “Açıq qapı günü” keçirilmişdir. Tədbir KİV nümayəndələrini vergi xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri olan vergi auditinin təkmilləşdirilməsi və səyyar vergi yoxlamalarının səmərəliliyinin artırılması istiqamətində görülən işlərlə tanış etmək məqsədi daşıyırdı.
Vergi Auditi Departamentinin (VAD) rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov departamentin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermişdir. KİV nümayəndələri departamentin inzibati binası, iş otaqları, o cümlədən qəbul otağı ilə tanış olmuşlar.
Sonra vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov bu tədbirin vergi orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumat alma imkanlarının genişlənməsinə, informasiya mübadiləsində şəffaf mühitin yaradılmasına müsbət təsir göstərəcəyini qeyd etmişdir. Bildirmişdir ki, ötən il Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə “Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Bu plan çərçivəsində şəffaflığın artırılması sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi nəzərdə tutulur.
İ.Əhmədov vergi auditinin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə də danışmışdır. Vurğulamışdır ki, səyyar vergi yoxlamalarının və operativ vergi nəzarətinin təkmilləşdirilməsi və yoxlamaların əlaqələndirilməsi məqsədilə vergilər naziri Fazil Məmmədovun 19 mart 2009-cu il tarixli əmri ilə Bakı Şəhər Vergilər Departamentinin Audit və Operativ nəzarət idarələri ləğv edilərək, onların əsasında Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti yaradılmışdır. Hazırda adı çəkilən departamentin strukturuna təmir-tikinti, topdan ticarət, istehsal, rabitə və nəqliyyat, təhsil, səhiyyə, maliyyə və digər xidmət sahələri, ictimai iaşə və pərakəndə ticarət sahələri üzrə audit idarələri daxildir.
İ.Əhmədov həmçinin vergi auditi proseslərinin səmərəliliyinin artırıldığını, bu sahədə informasiya texnologiyalarının tətbiqinin genişləndirildiyini bildirmişdir.
Sonra Vergi Auditi Departamentinin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir. Filmdən sonra Vergi Auditi Departamentinin rəisi H.Məmmədov vergi yoxlamalarının səmərəliliyi ilə bağlı məsələlərə toxunaraq diqqətə çatdırmışdır ki, 2010-cu ildə səyyar yoxlamalar nəticəsində əlavə hesablanmış vəsaitin ümumi məbləği 134 milyon manat təşkil etdiyi halda, ötən il bu rəqəm 451,7 milyon manatadək artmışdır. 2012-ci ildə səyyar vergi yoxlamaları ilə dövlət büdcəsinə 387,9 milyon manat vəsaitin ödənilməsi təmin edilmişdir. Bu, hesablanmış əlavə vəsaitin 85,9 faizini təşkil etmişdir.
Natiq bildirmişdir ki, departament tərəfindən nağdsız hesablaşmaların aparılması sahəsinin genişləndirilməsi məqsədilə pos-terminalların tətbiqi, yanacaqdoldurma məntəqələrində yeni tipli nəzarət-kassa aparatlarının quraşdırılması və digər operativ nəzarət tədbirlərinin həyata keçirilməsi istiqamətində də ciddi tədbirlər görülür. Ötən il operativ nəzarət idarəsi tərəfindən vergi ödəyicilərinə məxsus obyektlərdə 16.124 nəzarət-kassa aparatının və 28.712 posterminalın qeydiyyata alınması təmin edilmişdir.
Ötən ilin ikinci yarısından başlayaraq əmək münasibətlərinə vergi nəzarətinin gücləndirilməsi, o cümlədən qeyri-leqal məşğulluğun leqallaşdırılması və muzdlu işlə əlaqədar əmək haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi istiqamətində də bir sıra kompleks tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər nəticəsində 25,798 ödəyici üzrə 97,480 əmək müqaviləsi bağlanılmışdır.
KİV nümayəndələrinin nəzərinə həmçinin çatdırılmışdır ki, departamentin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə onun maddi-texniki bazası yeniləşdirilmiş, əməkdaşlar operativ nəzarət sahəsinə aid olan qanunvericilik sənədləri toplanmış qovluqlar, kompyuter tipli informasiya daşıyıcıları İ-Pad-lər, eyni zamanda nəzarətin çevikliyinin təmini baxımından “Motorola” markalı radio-rabitə vasitələri ilə təhciz edilmişlər. İnnovativ yeniliklər nəticəsində hazırda departamentin əməkdaşları vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin onlayn qeydiyyata alınması, bank hesabının açılması, NKA-ların qeydiyyata qoyulması kimi məsələləri elektron şəkildə həyata keçirə bilirlər.
Görüşdə departament qarşısında duran mühüm vəzifələrə də toxunularaq qeyd edilmişdir ki, hazırda vergi sistemi elektron auditə keçid mərhələsindədir. Bu məsələ ilə bağlı departament tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi, onun tətbiqi, auditorlarda müasir texnologiyalardan istifadə etmə bacarığının formalaşdırılması və bütövlükdə işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlərin əhəmiyyətli dərəcədə gücləndirilməsi nəzərdə tutulur.
Tədbirin sonunda KİV nümayəndələrinin çoxsaylı sualları cavablandırılmışdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.