Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniyanın Federal Maliyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanmışdır

 

 

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid kadastrının aparılması sahələrində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Almaniyanın özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi sahəsində əldə etdiyi zəngin təcrübə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. İkitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2012-ci il tarixli sərəncamına uyğun olaraq, Almaniyanın Berlin şəhərində Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Federal Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Anlaşma Memorandumunu Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Almaniya Federativ Respublikası adından Federal Maliyyə Nazirliyinin Federal Əmlakın İdarə Olunması və Özəlləşdirilməsi Qurumunun baş direktoru Bruno Kahl imzalamışlar.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Anlaşma Memorandumunda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı qanunvericilik sahəsində qarşılıqlı yardım, təcrübə və məlumat mübadiləsi, qarşılıqlı səfərlərin təşkili, məsləhət xidmətlərinin göstərilməsi, investorların özəlləşdirmə prosesinə cəlb edilməsi, habelə tərəflər üçün qarşılıqlı maraq kəsb edən digər məsələlər əməkdaşlıq istiqamətləri kimi müəyyən edilmişdir.

İmzalanma mərasimindən sonra Anlaşma Memorandumu ilə nəzərdə tutulan əməkdaşlıq əlaqələrinin həyata keçirilməsinə dair müzakirələr aparılmışdır. Danışıqlar zamanı komitə sədri K.Həsənov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində qazanılmış nailiyyətlərdən, həyata keçirilən iqtisadi islahatlardan söhbət açmış, dünyada gedən qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatının yüksək templə inkişafı barədə məlumat vermişdir. Komitə sədri regionların inkişafı, işsizliyin aradan qaldırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük nailiyyətlər qazanıldığını vurğulamışdır. Qeyd edilmişdir ki, ölkənin hazırkı inkişaf mərhələsində həyata keçirilən özəlləşdirmə prosesi iqtisadi yüksəlişdə bir vasitə rolunu oynayır. 1995-ci ildə başlamış və indiyədək davam edən özəlləşdirmə prosesi nəticəsində Azərbaycanda kimya, maşınqayırma, tikinti, nəqliyyat, rabitə, ticarət, xidmət, eləcə də bank sektoruna və bir sıra digər sahələrə aid müəssisələr özəlləşdirilmişdir. Bu illər ərzində 45 mindən çox kiçik müəssisə və obyekt xüsusi mülkiyyətə verilmiş, 1600-dən artıq orta və iri müəssisə səhmdar cəmiyyətinə çevrilmişdir. Yalnız investisiya müsabiqələri yolu ilə özəlləşdirilmiş müəssisələrə investorlar tərəfindən 982 milyon ABŞ dolları məbləğində investisiya yatırılmışdır. Dövlət əmlakının özəlləşdirilməsi prosesində 530 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşmışdır. Ümumilikdə götürdükdə, 1,5 milyondan artıq vətəndaş özəlləşdirmədən bu və ya digər formada bəhrələnmişdir.

Sonda tərəflər Anlaşma Memorandumu ilə nəzərdə tutulmuş əməkdaşlıq əlaqələrinin gələcəkdə inkişaf etdiriləcəyi və möhkəmləndiriləcəyinə əminliklərini ifadə etmişlər. 

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında