2013-cü il Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sahəsində mühüm uğurlar dövrü olacaq

 

Son illər  ölkəmizdə   həyata keçirilən davamlı islahatlar öz müsbət nəticələrini verir. Azərbaycan bütün  sahələrdə   böyük  uğurlara imza  atır. Heç təsadüfi deyil ki, respublikamız  artıq  Cənubi Qafqazda lider  dövlətə çevrilmişdir.  Neft kapitalının insan kapitalına  çevrilməsi istiqamətində   böyük layihələr reallaşdırılır. İnformasiya  kommunikasiya  texnologiyalarının   artan inkişaf tempi  buna əyani  sübutdur.

Cənab  Prezident İlham Əliyev bu sahəni inkişafımızın prioritet istiqaməti  elan edib və onu həmişə xüsusi diqqət mərkəzində  saxlayır. Dövlət başçısı Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə   həsr olunmuş iclasında   bu ili “İnformasiya kommunikasiya texnologiyaları ili”  elan etmişdir.  Prezident iclasdakı yekun nitqində demişdir:  “Bu müstəqillik dövründə, doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də bunun böyük rəmzi mənası vardır. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013-cü ili “İnformasiya kommunikasiya texnologiyaları ili” elan edirəm və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq”.

Bu gün qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətlərdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya və kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnmə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya kommunikasiya texnologiyalarının tutduğu yer və onun inkişafı dayanır.

Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz də qlobal çağırışlardan kənarda qalmayıb. 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya kommunikasiya texnologiyaları ili” elan edilməsi də bu reallıqlardan irəli gəlmişdir.

Ölkə rəhbəri tərəfindən İKT-nin prioritet sahə elan edilməsi “İKT sahəsində böyük layihələrin başlanğıc ili” adlandırılan 2013-cü ilin Azərbaycanın rabitə sahəsi, ümumilikdə respublikamız üçün əlamətdar hadisələrlə zəngin ilə çevriləcəyinə böyük ümidlər yaradır. Məlum olduğu kimi, artıq Azərbaycan özünün ilk peykini fəzaya qaldırdı. İlk peykimiz olan “Azərspace-1” Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan “Ariane Space” fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılmış və geostasionar orbitə çıxarılmışdır. Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya, Şərqi Asiya ölkələrini əhatə edəcək peyk ölkəmizin bütün ərazisində internet və digər rabitə, televiziya yayımı üzrə xidmətlər təqdim edəcək.

“İKT ili” çərçivəsində həyata keçiriləcək digər bir mühüm layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Dövlət Neft Fondu tərəfindən hazırlanıb. Bu layihəyə görə, “Azərbaycanda evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması nəzərdə tutulur. 2013-cü ildə artıq bu layihəyə 103,6 milyon manat vəsait ayrılıb. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir, 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcək. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla,  ölkə ərazisini  10-100 meqabitsaat arasında sürətli internetlə təmin etmək və genişzolaqlı  internet istifadəçilərinin sayını təxminən 85 faizə çatdırmaqdır ki, bu da bizə 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək.

Peykin buraxılması kimi mühüm mərhələnin ardınca, RİTN fevral ayında ölkənin informasiya texnologiyaları şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə və inkişafına yönələn daha bir tədbirin reallaşmasına başlayacaq və 2012-ci ilin 6-9 noyabrında İnternet İdarəçiliyi Forumu və “Bakutel” İKT həftəsi çərçivəsində Bakıda keçirilmiş ilk “Azərbaycan-ABŞ İKT forumu”ndan sonra nazirliyimiz daha bir yeniliyə imza atacaq. Belə ki, 27-28 fevralda birinci “Yaponiya - Azərbaycan İKT forumu” keçirilmişdir.

Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Eyni zamanda, son illərdə məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin İKT sektoru hər üç ildə  2 dəfə artıb və son 8-10 ildə orta illik artım tempi 20-25 faiz təşkil edib. Bu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır. Təkcə yola saldığımız 2012-ci ilin göstəricilərinə nəzər salsaq, 2012-ci il ərzində ölkə üzrə ümümi daxili məhsulun (ÜDM) həcmi 54 milyard manat, ötən illə müqayisədə real artım tempi isə 2,2 faiz təşkil edib. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 faiz təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən illə müqayisədə 17,3 faiz artaraq 1503,4 milyon manat təşkil edib. Ötən illə müqayisədə artım tempi İKT sektorunda 16,6 faiz, o cümlədən telekommunikasiya sektorunda 17,4 faiz, informasiya texnologiyaları sektorunda 8,6 faiz, eyni zamanda, poçt sektorunda 18,2 faiz, informasiya sektorunda isə 50,1 faiz təşkil edib. 2012-ci ilin sonuna əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı 70-ə bərabər olub. Hazırda ölkədə hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 50-yə bərabərdir.

Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir və dünya orta göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır. Əldə olunan nailiyyətlər beynəlxalq aləmin də diqqətindən yayınmayıb. Belə ki, “Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları - 2012” (“The Global Information Technology Report 2012”)  hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib. Bu hesabata əsasən, ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin say çoxluğuna görə MDB-də I yerdədir. Həmçinin, Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report 2012-2013” hesabatında “Qlobal rəqabətqabiliyyətlilik indeksi” üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutub. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) İnformasiya Cəmiyyətinin ölçülməsi “Measuring the Information Society - 2012” adlı hesabatında “İKT inkişaf indeksi” (IDI) üzrə əvvəlki hesabatla müqayisədə 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutub. Bu hesabatda Azərbaycan 10 “Ən dinamik inkişaf edən ölkələr” qrupunda yerini möhkəmlədib. Məhz bu göstəricilərə əsaslanaraq, beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin gələcək inkişafı ilə bağlı müsbət fikirlər səsləndirirlər. Bu proqnozlara görə, Azərbaycan hökuməti İKT sahəsinə investisiya yatırmaq, eyni zamanda, İKT sahəsinin inkişafına xüsusi şərait yaratmaqla, bu istiqamətdə islahatları davam etdirərsə, 2025-ci ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsindən əldə olunan gəlirlər neft sektorundan gələn gəlirlərə bərabər olacaq və daha sonra bu gəlirləri üstələyəcək.

Heç təsadüfi deyil ki, ölkə başçısı bu yaxınlarda Davosda Dünya İqtisadi Forumu (DİF) çərçivəsində keçirilən və “Mərkəzi Asiya üçün yeni üfüqlər” mövzusuna həsr olunmuş sessiyada çıxışında İKT-nin ölkəmizdə prioritet sahə elan edildiyini, dövlətin bu sahənin inkişaf etdirilməsinə stimullaşdırıcı maliyyə dəstəyi verəcəyini, eləcə də bu ilin “İKT ili” elan edildiyini bir daha beynəlxalq birliyə bəyan edib.

Həmçinin, Prezident İlham Əliyev Davosda “Booz&Co”, “McKinsey”, “Microsoft” və “ThalesAlenia” şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərdə də İKT, internet, peyk sənayesi və əlaqədar sahələrin ölkəmizdə vüsətlə inkişafını təmin etmək üçün kompleks işlərin görüləcəyini potensial investorların diqqətinə çatdırıb.

Bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi, gücləndirilməsi və genişləndirilməsi üçün yaxın illər ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər respublika Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Bu  konsepsiyada  texnologiyaların, innovasiyaların inkişafı, onların digər sahələrdə də geniş tətbiqindən əldə olunacaq uğurlu gözləntilərə ümidlər böyükdür.

Getdikcə artan qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəviyə qədəm qoyması və bu xətt üzrə genişlənməsi müasir dövrün çağırışlarında mühüm istiqamətlərdən birini tutur ki, Azərbaycan da bu qlobal mühitdə digər ölkələrdən kənarda qala bilməz. Dünya iqtisadiyyatına inteqrasiya yolunda bu inkişafdan geri qalmamaq üçün ölkəmiz ənənəvi iqtisadiyyatı arxada buraxaraq, inkişaf tempini məhz texnologiyaların inkişaf etdirilməsi hesabına artırmağı hədəfləyir. Beləliklə, konsepsiyanın icrası nəticəsində Azərbaycanın rəqabət  qabiliyyətini artıraraq, iqtisadi və siyasi cəhətdən daha çox inkişaf etmiş bir ölkəyə çevriləcəyi gözlənilir. “İnformasiya kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi” konsepsiyada əsas istiqamətlərdən birini təşkil edir. Burada qoyulan məqsədlərə görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir.  2020-ci ilə qədər  “Elektron hökumət” xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali hökumət orqanları tərəfindən göstərilən daha asan, qısa zaman ərzində, keyfiyyətli xidmətlərlə təmin olunacaq.

Həmçinin, qarşıdakı illər ərzində kosmik sənayenin inkişaf etdirilməsini hədəf götürən Azərbaycan aşağıorbitli peykini  2015-ci ildə, ikinci telekommunikasiya peykini isə 2016-cı ildə kosmosa buraxmağa hazırlaşır. Telekommunikasiya peyklərinin geostasionar orbitə çıxarılması isə ölkəni daha etibarlı peyk rabitəsi ilə təmin edəcək, bu da öz növbəsində respublikanın informasiya təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək. Konsepsiyaya uyğun olaraq, telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi genişləndiriləcək, milli radio və televiziya proqramlarının peykdən paket yayımı təşkil ediləcək. Aşağıorbitli peyklərin orbitə çıxarılması isə respublikada ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, topoqrafiya və kartoqrafiya, eləcə də milli təhlükəsizlik sahəsində fəaliyyəti daha səmərəli edəcək.

Rəqəmli  TV-yə keçidin başa çatdırılması və əhaliyə yüksəkkeyfiyyətli radio-TV yayımının təşkili qarşımızda duran  əsas məsələlərdən biridir. Rəqəmli televiziya yayımının tətbiqi TV proqramlarının keyfiyyətinin və sayının artırılması ilə yanaşı, məhdud resurslar olan tezliklərdən daha səmərəli istifadə edilməsinə, xüsusilə genişzolaqlı mobil rabitə xidmətlərinin inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq. Hazırda Azərbaycanda televiziya diapazonunun konversiyası hesabına LTE texnologiyasının tətbiqinə başlanılıb.

2020-ci ilə qədər ölkənin regionun İKT xidmətləri bazarına çıxışını təmin etmək məqsədilə tranzit informasiya magistrallarının, regional informasiya resurslarının və şəbəkə idarəetmə sistemlərinin qurulması kimi layihələr də gerçəkləşdiriləcək. Onu da əlavə edim ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və 2009-cu ildə BMT Baş Assambleyası tərəfindən xüsusi qətnamə ilə yekdilliklə qəbul edilmiş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin də başa çatdırılması nəinki ölkəmizdə, həmçinin, böyük bir regionda yüksəksürətli internet üçün geniş imkanlar yaradacaq. Eyni zamanda, Azərbaycan bu gün Avropa-Yaxın Şərq İnformasiya Magistralı (EPEG - Europe Persia Express Gateway)  layihəsində həm əsas, həm də ehtiyat marşrut olaraq iştirak edir.

 

Azərbaycan region ölkələri  üçün informasiya xidmətlərini ixrac edən bir mərkəzə çevrilməkdədir. Artıq bu istiqamətdə də işlər aparılır. Belə ki, bu gün ölkəmizdən Gürcüstana, İrana, Orta Asiyaya internet xidmətləri ötürülməkdədir.       “Azərbaycan 2020: inkişaf konsepsiyası”na əsasən əsas məqsədi  İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı 8 ildə sektorun gəlirlərini 8-9 milyard dollara çatdırmaqdır.

Konsepsiya üzrə həyata keçiriləcək işlər sırasında innovativ sahibkarlığın dəstəklənməsi, informasiya texnologiyaları şirkətlərinə imtiyazlı və münbit biznes mühitinin yaradılması, bu yolla ölkədə yeni sahibkarlığın inkişafını gücləndirmək də yer alıb. Artıq bu ildən RİTN-in nəzdində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) fəaliyyətə başlayacaq ki, onun da əsas istiqaməti informasiya kommunikasiya texnologiyaları sektorunda stimullaşdırmanı həyata keçirməkdir.  Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli  fərmanı ilə yaradılmış “Yüksək Texnologiyalar Parkı”nın əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır. Həmçinin, “Yüksək Texnologiyalar Parkı” innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə İKT sektorunun rəqabət  qabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verəcəkdir. Hal-hazırda “YT Park”ın fəaliyyətinin təmin olunması istiqamətində işlər aparılır.

“İKT ili”ndə, həmçinin, qarşıdakı illərdə insan kapitalının yaradılması da diqqət mərkəzində olacaq ki, konsepsiyada nəzərdə tutulan istiqamətlərdən biri də məhz informasiya texnologiyaları sahəsində kadrların hazırlanması ilə bağlı tədbirlərdən ibarətdir. Artıq bildiyiniz kimi, ölkə Prezidentinin sərəncamı ilə  İnformasiya Texnologiyaları Universiteti yaradılıb və 2013/2014-cü tədris ilindən tələbə qəbuluna başlanacaq. Bu, İKT-nin gələcək inkişafı üçün çox mühüm bir qərardır. Eyni zamanda,  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”  çərçivəsində də  İKT ixtisasları üzrə kadr hazırlığının genişləndirilməsi  nəzərdə tululur.

Apardığımız  araşdırmalar göstərir ki, ümumi inkişafa öz töhfələrimizi vermək üçün qarşıdakı 8 ildə İKT sektorunun həcmini təxminən 4,5-5,0 dəfə artırmalıyıq.  Artıq hədəflər müəyyənləşib, məqsədimiz aydındır. Rabitə və informasiya texnologiyaları sektorundan gözlənilən inkişafın həcmi kifayət qədər böyükdür və biz bu gözləntilərə nail olmaq üçün tam gücümüzlə çalışacağıq.

 

 

İltimas MƏMMƏDOV,
rabitə və informasiya texnologiyaları nazirinin müavini 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında