Fevralın 26-27- də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Əfqanıstan İslam Respublikasında rəsmi səfərdə olmuşdur.
Səfərin ilk günü, fevralın 26-da Kabul şəhərinin “Sirena” mehmanxanasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəhbərliyinin Əfqanıstan Respublikası maliyyə nazirinin müavini Mubin Şah və Gömrük Xidmətinin Baş direktoru Bismillah Kammavi ilə görüşü keçirilmişdir.
Əfqanıstan Respublikası maliyyə nazirinin müavini Mubin Şah bu kimi səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsirindən danışmış, eyni zamanda ölkəsinin gömrük xidmətinin strukturu, fəaliyyəti, gələcəkdə bu qurumun daha da təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barəsində ətraflı məlumat vermişdir.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə öz növbəsində ikitərəfli münasibətlərin-istər siyasi, istərsə də iqtisadi-ticari əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamış, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına dəstəyindən ətraflı bəhs etmişdir.
DGK sədri müstəqil Azərbaycanın Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna da qısaca nəzər salmış, məhz ulu öndər Heydər Əliyevin dəyərli tövsiyələri və tələbkarlığı ilə formalaşan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı ilə modern bir təsisata çevrilən gömrük xidmətinin istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində müstəsna rolundan danışmış, xüsusilə, qanunvericilik bazasının möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.
Səfər çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yan Kubiş arasında görüş keçirilmişdir.
BMT-nin xüsusi nümayəndəsi Yan Kubiş Azərbaycanda olduğu zaman dövlət başçısı İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlamış, Azərbaycan Prezidentinin Əfqanıstana xüsusi diqqət göstərilməsi, bu ölkədə sülhün bərqərar olunması ilə bağlı fikirlərinin bu gün Azərbaycan nümayəndə heyətinin Əfqanıstana səfərinin timsalında tam reallığı əks etdirdiyini xüsusi minnətdarlıq hissi ilə diqqətə çatdırmışdır. Səmimi qəbula görə təşəkkür edən DGK sədri Aydın Əliyev iki dost ölkə arasında əlaqələrin gələcək perspektivləri barədə danışmış, gömrük qurumlarının birgə əməkdaşlığından ətraflı bəhs etmişdir.
Xatırladaq ki, görüşdə BMT-nin Əfqanıstandakı yardım missiyasının siyasi məsələlər üzrə direktoru Talatbek Masadikov, Əfqanıstan İslam Respublikasında BMT-nin İnkişaf Proqramının İnstitusional Quruluş üzrə Baş müşaviri Sultan Hacıyev və Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək Proqramının rəhbəri Məzahir Əfəndiyev iştirak etmişlər.
Səfərin növbəti günü, fevralın 27-də Əfqanıstan Gömrük Xidmətinin inzibati binasında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün geniş mətbuat konfransı keçirilmişdir.
Mətbuat konfransında ilk olaraq bəyanatla çıxış edən Əfqanıstan Respublikası maliyyə nazirinin müavini Mubin Şah iki ölkə arasında dostluq müstəvisinə söykənən əlaqələrin mövcud vəziyyətindən, qarşılıqlı əməkdaşlığın inkişafına yönələn gələcək perspektivlərdən ətraflı söhbət açmış, xüsusilə qədim İpək Yolunun bərpası ilə bağlı Əfqanıstan dövlətinə və şirkətlərinə məxsus yüklərin Azərbaycandan tranzit keçməklə Avropaya çatdırılması barədə fikirlərini açıqlamış, bu sahədə mövcud problemlərdən danışmışdır. Nazir müavini, eyni zamanda Azərbaycan tərəfinə ölkəsinin gömrük xidmətinə edilən yardımlara görə təşəkkürünü də bildirmişdir.
Öz növbəsində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki dost ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırmış, bütün sahələrdə, o cümlədən gömrük sferasında əməkdaşlığın gələcəkdə daha geniş trayektoriyanı əhatə edəcəyinə ümidvar olduğunu bildirmiş, Azərbaycan tərəfinin əfqanlı həmkarlarına gömrük işi sahəsində yardımlarını bundan sonra da əsirgəməyəcəyini vurğulamışdır. Komitə sədri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Əfqanıstan hökumətinə təşəkkürünü bildirmiş, eyni zamanda bir gün öncə - fevralın 26-da 21-ci ildönümü qeyd edilən, erməni vəhşiliyinin bariz sübutu olan Xocalı soyqırımı barədə KİV nümayəndələrinə geniş məlumat vermişdir.
Sonra jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Mətbuat konfransının sonunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi adından Əfqanıstan Gömrük Xidmətinə hədiyyə olaraq 12 ədəd kompüter dəsti, 100 ədəd ingilis və fransız dillərində çap edilən Kəmaləddin Heydərovun müəllifi olduğu “Azərbaycan gömrüyü sabit inkişaf yolunda”, Hironori Asakuranın “Gömrük və tariflərin dünya tarixi” adlı kitabları və sair nəşrlər təqdim edilmişdir.
Həmin gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Əfqanıstan Respublikası prezidentinin iqtisadi məsələlər üzrə müşaviri, maliyyə naziri Omar Zaxilval arasında görüş keçirilmişdir.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə edilmiş, eyni zamanda Əfqanıstanın maliyyə naziri Omar Zaxilval tərəfindən Azərbaycandan bu ölkəyə investisiyaların yatırımı, xüsusilə Əfqanıstanda daha çox ehtiyac duyulan tikinti sektoruna azərbaycanlı investorların cəlb olunması təklifi irəli sürülmüşdür.
Sonra Azərbaycan nümayəndə heyəti Kabul Beynəlxalq Hava Limanında olmuş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi adından Əfqanıstan Gömrük Xidmətinə iki ədəd informasiya köşkü hədiyyə edilmişdir. Azərbaycan gömrük xidməti tərəfindən həmçinin, narkotik maddələrin aşkarlanması üzrə təlim keçmiş iki ədəd kinoloji xidmət itləri Əfqanıstan Gömrük Xidmətinin xahişi ilə bu ölkənin hava limanında fəaliyyət göstərən polis orqanlarına hədiyyə edilmişdir.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Əfqanıstan İslam Respublikasına səfəri bu ölkənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
DGK-nin mətbuat xidməti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.