Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramının həyata keçirilməsi barədə tapşırıqlarının yerinə yetirilməsinin gedişi müzakirə olunur

Dövlətimizin başçısı İlham Əliyevin martın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr edilmiş respublika konfransında verdiyi tapşırığa əsasən Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin və İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə yerlərdə zona müşavirələri keçirilir.
Növbəti - üçüncü müşavirə Abşeron, Quba-Xaçmaz, Lənkəran və Dağlıq Şirvan iqtisadi zonalarına daxil olan şəhər və rayon nümayəndələrinin iştirakı ilə aprelin 5-də Xırdalan Mədəniyyət Evində keçirilmişdir. Zona müşavirəsinin işində Sumqayıt, Abşeron, Xızı, Şabran, Quba, Xaçmaz, Qusar, Siyəzən, Qobustan, Ağsu, İsmayıllı, Şamaxı, Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, habelə Qubadlı, Şuşa və Zəngilan rayonlarının icra hakimiyyəti başçıları, onların sosial-iqtisadi məsələlər üzrə müavinləri və yerli özəl sektorun nümayəndələri iştirak etmişlər.
Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev müşavirəni açaraq demişdir ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən, ölkənin daxili siyasətinin prioritetinə çevrilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının reallaşması respublikamızın iqtisadi siyasətinin strateji istiqamətlərinin ardıcıl olaraq həyata keçirilməsinə şərait yaradır. Regionların tarazlaşdırılmış və hərtərəfli düşünülmüş inkişafı, bu siyasətin sosial oriyentasiyası əhalinin maddi rifahının davamlı şəkildə yaxşılaşdırılmasına müsbət təsir göstərmişdir. Azərbaycan iqtisadiyyatın bütün sahələrində müsbət inkişaf meyilləri nümayiş etdirir.
Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, birinci Dövlət Proqramının həyata keçirilməsinin sanballı nəticələri onun davam etdirilməsi üçün yaxşı zəmin olmuşdur. Qlobal iqtisadi böhran fonunda ölkəmizin iqtisadiyyatı inamla inkişaf etməkdədir. 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunları buna parlaq sübutdur. Dövlətimizin başçısı İlham Əliyev konfransdakı nitqlərində həmin yekunlar üzərində ətraflı dayanmışdır. Prezident tərəfindən qarşıya qoyulmuş vəzifələr və verilmiş tövsiyələr rayonların icra hakimiyyəti başçıları yanında şuraların geniş iclaslarında ciddi müzakirə mövzusu olmuşdur. Həmin iclaslarda 10 minə yaxın nümayəndə iştirak etmiş, 2308 təklif irəli sürülmüşdür. Z.Nağdəliyev vurğulamışdır ki, ölkəmizin nailiyyətləri inkişaf üçün yeni üfüqlər açır, lakin görüləsi işlər hələ çoxdur, bu cür zona müşavirələrinin keçirilməsi isə ümdə məsələlərə işgüzar və konstruktiv şəraitdə bir daha baxmağa və real vəziyyəti təhlil etməyə imkan verir.
Müşavirədə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirmişdir ki, ölkəmiz böyük nailiyyətlər qazanmış, bu isə Prezident İlham Əliyevin uğurlu strategiyası sayəsində mümkün olmuşdur. Ölkəmizin iqtisadiyyatı dünya maliyyə böhranına ən az itki ilə davam gətirməyə və sosial-iqtisadi siyasətin strateji istiqamətlərini ardıcıl həyata keçirmək xəttini davam etdirməyə nail olmuşdur. Nazir konkret rəqəmlərə əsaslanaraq ölkə iqtisadiyyatının dinamik artımını, infrastrukturda müsbət dəyişiklikləri, əhalinin maddi rifahının yaxşılaşmasını, makroiqtisadi göstəricilərin artımını əyani şəkildə əks etdirən müqayisəli xarakteristikanı təqdim etmişdir.
Ş.Mustafayev bildirmişdir ki, 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz, onun adambaşına düşən həcmində 7,9 faiz, qeyri-neft sektorunda 3,2 faiz, əhalinin gəlirlərində 8 faiz artım qeydə alınmışdır. Orta aylıq əməkhaqqı 298 manata çatmış, əsas kapitala investisiyalar 7,4 milyard manat, o cümlədən regionlar üzrə 2,9 milyard manat olmuşdur. Yoxsulluq səviyyəsi azalaraq 11 faizə, yaradılan yeni iş yerlərinin 80 faizi isə regionların payına düşmüşdür.
Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin reallıqlara istiqamətlənmiş uğurlu siyasətinin, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına sadiq qalmağın nəticəsidir.
Böhran əleyhinə tədbirlərin uğurla həyata keçirilməsi sayəsində Azərbaycan 2009-cu ili nəinki regionda, MDB məkanında, hətta bütün dünyada orta göstəricilərdən xeyli yüksək nəticələrlə başa vurmuşdur. Müqayisə üçün Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan, İran, Qazaxıstan və başqa dövlətlərdə ÜDM barədə məlumatları sadalayan nazir Azərbaycan iqtisadiyyatının qlobal böhranın mənfi nəticələrinə davam gətirməsini təmin etmiş uğurun tərkib hissələri sırasında makroiqtisadi sabitlik, neft sahəsindən asılılığın azaldılması, qeyri-neft sektorunun və infrastrukturun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşması, strateji valyuta ehtiyatları yaradılması kimi amilləri qeyd etmişdir. Ərzaq təhlükəsizliyi və yoxsulluğun azaldılması siyasətinin uğurla həyata keçirilməsi də ölkə iqtisadiyyatının böhran təzahürlərinə qarşı immunitetini artırmağa şərait yaratmışdır.
Regionların inkişafının birinci Dövlət Proqramının yekunları üzərində ətraflı dayanan nazir Prezident İlham Əliyevin diqqət və qayğısını, müvafiq tədbirlərin həyata keçirilməsinə onun şəxsən nəzarət etməsini xüsusi vurğulamışdır. Son beş ildə Azərbaycan Prezidenti regionlara 127 səfər etmiş, müxtəlif təyinatlı 500-ə yaxın müəssisə və obyektin təməlinin qoyulması və açılışı mərasimində iştirak etmişdir.
Proqram çərçivəsində səhiyyə sahəsində, sosial sferada, energetika, nəqliyyat və yol kommunikasiyalarında irimiqyaslı layihələr həyata keçirilmişdir.
Nazir konkret rəqəmlər və faktlara əsaslanaraq, 2004-2008-ci illərdə respublikanın dinamik inkişaf mənzərəsini təqdim etmişdir. Ölkənin uğurları xalqın maddi rifahında əks olunur. Bu illər ərzində ölkənin enerji sisteminin inkişafı üzrə işlər aparılmış, regionların elektrik enerjisi ilə təchiz olunması məsələləri həll edilmişdir. Son beş ildə 9 elektrik stansiyası tikilmiş, əhalinin gəlirləri dörd dəfə artmış, yoxsulluq səviyyəsi 11 faizə enmişdir. Orta təhsil müəssisələri şəbəkəsi genişlənmişdir. Beş il ərzində respublikada 1600, o cümlədən regionlarda 1204 məktəb binası tikilmiş və təmir edilmişdir. Regionlarda səhiyyə müəssisələrinin maddi-texniki bazası möhkəmlənmiş, 16 xəstəxana, 42 ambulatoriya-poliklinika, 42 özəl tibb müəssisəsi, 8 diaqnostika mərkəzi tikilmiş, 18 yeni, müasir Olimpiya İdman Kompleksi fəaliyyətə başlamışdır. Respublikanın regionlarında yaşayan şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil şəraiti nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. Onlar üçün 33 yaşayış binası, əlillərin reabilitasiyası üçün 7 mərkəz istifadəyə verilmiş, məcburi köçkünlərin çadır düşərgələri tamamilə ləğv edilmişdir.
Heydər Əliyev Fondunun fəaliyyətindən danışan nazir, sosial sahədə, eləcə də təhsil və səhiyyə sahələrində layihələrin həyata keçirilməsində fondun xidmətlərini xüsusi vurğulamışdır.
Nazir çıxışına davam edərək ikinci Dövlət Proqramının icrasının birinci ilində reallaşdırılmış layihələr barədə məlumat vermiş, qeyd etmişdir ki, həmin layihələrin çoxu artıq həyata keçirilmiş işlərin məntiqi davamı olmuşdur. 2009-cu ildə dövlətimizin başçısı regionlara 27 dəfə səfər etmiş, bu səfərlər zamanı 150-yə yaxın müəssisə və obyektin açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir. Yol-nəqliyyat arteriyaları şəbəkəsi dinamik şəkildə inkişaf edir. İqtisadi zonaların ərazisində Xırdalan-Binəqədi, Xırdalan-Novxanı yol ötürücüsü tikilmiş, Ələt-Astara-İran sərhədi avtomobil yolu yenidən qurulmuşdur. Muğanlı-İsmayıllı-Qəbələ yolunun, habelə Bakı-Quba istiqamətində və Rusiya ilə dövlət sərhədinə qədər beton örtüklü yolun tikintisi davam edir. İkinci Dövlət Proqramı çərçivəsində Bakı-Samur, Bakı-Şamaxı-Yevlax, Masallı-Astara və digər avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur.
Yaxşı inkişaf etmiş infrastruktur şəbəkəsi sahibkarlıq təşəbbüsü üçün əlverişli zəmin yaradır. Respublikanın regionlarında bu istiqamətdə intensiv iş aparılır.
Ölkənin elektroenergetika sektoru genişlənmişdir: Sumqayıtda 527 meqavatlıq, Səngəçalda 300 meqavatlıq, Qubada modul tipli 105 meqavatt gücündə "Şahdağ" elektrik stansiyası, habelə Xaçmazda və Astarada yarımstansiyalar tikilmişdir. Nazir su təchizatı və kanalizasiya, imtiyazlı kateqoriyaya aid ailələrin sosial müdafiəsi, təhsil, idman, səhiyyə, mədəniyyət və turizm sahəsində görülmüş işləri də qeyd etmişdir.
Ş.Mustafayevin çıxışının xeyli hissəsi sahibkarlıq fəaliyyətinin inkişafı məsələlərinə həsr edilmişdir. Respublikada əlverişli biznes mühiti və investisiya şəraiti sayəsində inkişaf etmiş özəl sektor yaradılmışdır. Nazir sahibkarlığın davamlı inkişafı üçün şərait yaradılmasında dövlətin də maraqlı olduğunu qeyd etmişdir. Sahibkarların fəaliyyətinin dəstəklənməsi üçün real mexanizmlərin yaradılması, onlara hüquqi, maarifçilik və təşkilati kömək göstərilməsi, bir sıra prosedurların sadələşdirilməsi, Sahibkarlığa Dəstək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi, xarici ölkələrdə təcrübə mübadiləsi praktikasının tətbiq edilməsi və digər tədbirlər ölkədə özəl sektorun inkişafına kömək göstərəcəkdir. Nazir dövlətimizin başçısının nitqinə istinad edərək vurğulamışdır ki, yüksək səmərəli innovasiya texnologiyalarının yaradılması sayəsində Azərbaycan özünün ərzaq təhlükəsizliyini tamamilə təmin etmək imkanı qazanmışdır. İndi respublikamız həm daxili bazarın tələbatını təmin etmək, həm də dünya bazarına əmtəə ixrac etmək iqtidarındadır. Məruzəçi rəqabətədavamlı məhsullar buraxan bir sıra müəssisələrin adını çəkərək, malın keyfiyyəti ilə yanaşı, onun qablaşdırılmasına və markalanmasına da lazımınca diqqət yetirməyin zəruri olduğunu xatırlatmışdır.
Nazir əmin olduğunu bildirmişdir ki, dövlət strukturlarının nümayəndələri və sahibkarlar ikinci Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr edilmiş konfransda Prezidentin proqram nitqindən irəli gələn tövsiyə və tapşırıqları yerinə yetirməklə ölkəmizin tərəqqisini sürətləndirəcəklər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Xırdalanda keçirilən müşavirə iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin daxili siyasətinin prioritetinə çevrilmiş regionların dəqiq ölçülüb-biçilmiş sürətli inkişaf konsepsiyası Abşeron rayonunda uğurla həyata keçirilir. 1963-cü ildə aqrar rayon kimi yaradılmış Abşeron rayonu Bakı və Sumqayıt sakinlərini kənd təsərrüfatı məhsulları ilə təchiz etməli idi. Məhz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş geniş spektrli layihələr rayonun simasını nəzərəçarpacaq dərəcədə dəyişməyə, onun qəsəbə və kəndlərini abadlaşdırmağa, infrastruktur şəbəkəsini genişləndirməyə, səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin maddi-texniki bazasını möhkəmlətməyə imkan vermişdir. On hektar sahədə salınmış, ulu öndər Heydər Əliyevin adını daşıyan gözəl park rayon sakinlərinin sevimli istirahət yerinə çevrilmişdir. Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə rayonun həyat fəaliyyətinin təmin edilməsi üçün mühüm layihələr həyata keçirilir.
Xırdalan şəhər statusu almışdır. İndi Xırdalanı çoxmərtəbəli yaşayış binaları, yeni parklar və bağçalar, musiqili fəvvarələr bəzəyir, küçələr müasir fanarlarla işıqlandırılır. Rayonun yollarına 2 milyon kvadratmetr asfalt döşənmişdir, müasir gənclər evi, uşaq bağçaları və məktəblər, Masazırda idman kompleksi tikilmişdir. Rayonda yaşayan yüzdən artıq şəhid ailəsi və əlil şəxs yeni mənzillərə köçmüşdür. Beləliklə, 2009-cu ildə mənzil almaq üçün güzəştlərə malik növbə gözləyənlərin siyahısında heç kəsin adı qalmamışdır.
Sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması rayonun inkişafına da müsbət təsir göstərir. Sahibkarlar mövcud problemlərə qayğı ilə yanaşır və quruculuq işində həvəslə iştirak edirlər. Z.Fərəcov demişdir ki, rayonda görülmüş tikinti və abadlıq işlərinin 70 faizi bələdiyyələrin və sahibkarların payına düşür. Rayon icra hakimyyətinin başçısı yeraltı kommunikasiyaların yaxşılaşdırılması, şəhərlərarası yolların tikintisi və digər məsələlərə dair bir sıra konkret təkliflər irəli sürdü.
Müşavirədə Şamaxı, Quba, Masallı və Ağsu rayonlarının icra hakimiyyəti başçıları Nazim İsmayılov, Rauf Həbibov, Qəzənfər Ağayev və Ənvər Seyidəliyev çıxış etmişlər. Onlar regionların intensiv inkişafı barədə danışmışlar. Qeyd edilmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi yeni iş yerlərinin yaradılmasına, ÜDM-də özəl sektorun xüsusi çəkisinin artmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə kömək edir. Bir sıra kommunal problemlər həll edilmiş, elektrik enerjisi, qaz, su təchizatı yaxşılaşdırılmış, digər sahələrdə də irəliləyiş olmuşdur. Natiqlər regionların inkişafının bəzi aktual məsələləri üzərində dayanmış, konkret təkliflər irəli sürmüşlər.
Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Sumqayıtdakı "Qartal" tikinti-quraşdırma şirkətinin rəhbəri Şahin Məmmədov, Cəlilabaddakı "Namiq-94" səhmdar cəmiyyətinin direktoru Xuraman Əliyeva, xaçmazlı sahibkar Rövşən Şərifov müşavirədə çıxış edərək, sahibkarlığın inkişafı üçün şərait yaradılmasında dövlətin rolunu minnətdarlıqla qeyd etmişlər. Onlar innovasiya istehsalatlarına investisiyalar cəlb edilməsinin zəruri olduğunu söyləmişlər. Sahibkarların fəallığının artırılmasına, işgüzar əlaqələrin inkişafına yönəlmiş maraqlı təkliflər irəli sürülmüşdür.
Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev işgüzar və konstruktiv şəraitdə keçən müşavirəyə yekun vurmuşdur. Qeyd edilmişdir ki, bütün təkliflər və tövsiyələr diqqətlə təhlil ediləcək, ümumiləşdiriləcək və hökumətə təqdim olunacaqdır.
Z.Nağdəliyev demişdir ki, Dövlət Proqramı dinamik sənəddir, proqramın həyata keçirilməsinin gedişində onun yeni təkliflərlə tamamlanması, bu sənədin insanların tələbatı ilə bağlı olmasını təsdiq edir, çünki o, ölkə əhalisinin maddi rifahının artırılmasının təmin edilməsinə yönəlmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında