Dövlət başçısı İlham Əliyevin 2009-cu il aprelin 14-də imzaladığı fərmanla "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq olunması ilə ölkəmizin tarazlı inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycanın növbəti beş ildə sosial-iqtisadi tərəqqisinin sürətləndirilməsini təmin edəcək bu mühüm dövlət sənədinin əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə, tarazlı, davamlı iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.
İkinci regional inkişaf proqramının qəbulundan ötən bir il ərzində bölgələrdə kənd təsərrüfatının, emal sənayesinin, turizmin və digər sahələrin inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Dövlət Proqramının icrasını daimi nəzarətdə saxlayan Prezident İlham Əliyev bu məqsədlə bölgələrə müntəzəm səfər edir, lazımi göstəriş və tapşırıqlarını verir. Martın 12-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransın keçirilməsi və dövlət başçısının bu tədbirdə şəxsən iştirak etməsi də ölkəmizin növbəti beş ili üçün əsas fəaliyyət proqramına çevrilmiş bu sənədin icrasına göstərilən qayğı və diqqətin əyani təcəssümüdür.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda kənd təsərrüfatının inkişaf etdirilməsi də əsas prioritetlərdən, başlıca istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Xatırladaq ki, ikinci regional inkişaf proqramında kənd təsərrüfatına dövlət qayğısının və bu sahəyə birbaşa subsidiyaların artırılması, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlb edilməsi nəzərdə tutulur ki, bundan da əsas məqsəd aqrar sektorun potensial imkanlarını hərəkətə gətirməklə adı çəkilən bölmənin sürətli inkişafına nail olmaqdan ibarətdir. Artıq kənd təsərrüfatı sahəsində sahibkarlıq hissinin daha da gücləndirilməsi məqsədilə mühüm stimullaşdırıcı tədbirlər həyata keçirilir. Belə ki, ötən dövrdə yeni proqrama əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin müddəti uzadılmış, ölkəyə kənd təsərrüfatı texnikasının, gübrə və pestisidlərin gətirilməsi davam etdirilmiş, fermerlərə göstərilən aqrotexniki xidmətin səviyyəsi daha da yaxşılaşdırılmışdır. Bütün bu tədbirlər isə öz növbəsində aqrar sektorda işgüzar fəallığın və təşəbbüskarlığın artmasına, çoxsaylı iş yerlərinin yaradılmasına səbəb olmuşdur. Təkcə onu demək kifayətdir ki, proqramın icrasına başlanıldığı 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı 1939 investisiya layihəsinin maliyyələşdirilməsinə 22 milyon 573,3 min manat, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı 19 investisiya layihəsinin maliyyələşdirilməsinə 19 milyon 643,5 min manat güzəştli kredit ayrılmışdır. Bundan əlavə, il ərzində kənd təsərrüfatı infrastrukturunun inkişaf etdirilməsinə diqqət də xeyli artırılmışdır. Belə ki, hesabat dövründə 17 sahibkarlıq subyektinin soyuducu anbar komplekslərinin tikintisi ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsinə 32 milyon 317 min manat, 15 sahibkarlıq subyektinin taxıl məhsullarının təmizlənməsi və saxlanılması üçün anbar komplekslərinin tikintisinə isə 15 milyon 874 min manat güzəştli kreditin ayrılması təmin edilmişdir. Yeri gəlmişkən, maliyyələşdirilmiş həmin layihələr hesabına 5841 yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur.
İl ərzində aqrar bölmənin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilmiş tədbirlər müsbət nəticə vermiş, kənd təsərrüfatı məhsulları istehsalı dəyər ifadəsində 3,5 faiz artmışdır. 2009-cu ildə qarğıdalı da nəzərə alınmaqla 2 milyon 988,3 min ton dənli və dənli paxlalılar, 983 min ton kartof, 1 milyon 177,9 min ton tərəvəz, 771 ton meyvə və giləmeyvə, 410,8 min ton bostan məhsulları, 129,2 min ton üzüm və s. kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bundan əlavə, heyvandarlıq sahəsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı da sabit olaraq qalır. Belə ki, 2010-cu il yanvar ayının 1-nə iri buynuzlu mal-qaranın baş sayı 2 milyon 600,4 minə, qoyun və keçilərin baş sayı isə 8 milyon 387 minə çatmışdır. Ötən il ölkədə diri çəkidə 305,1 min ton ət, 1 milyon 433,1 min ton süd, 1 milyon 209,4 min ədəd yumurta və 15,3 min ton yun istehsal olunmuşdur. Aqrar bölmənin inkişaf etdirilməsinin dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olduğunu dəfələrlə bəyan edən Prezident İlham Əliyev martın 12-də keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: "Əgər kənd təsərrüfatı inkişaf etməsə, onda emal sənayesinin əhəmiyyəti də, necə deyərlər, olmayacaqdır. Gərək məhsul olsun ki, o emal edilsin, ondan sonra bazara çıxarılsın".
Proqramın icrasına başlanıldığı ötən dövr ərzində "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası və İslam İnkişaf Bankı tərəfindən təsis edilmiş Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin Müşahidə Şurası Samux rayonunda 25 min ton tədarük gücü olan soyuducu anbarın yeni texnologiyalarla təkmilləşdirilməsi, 2 hektar ərazidə yerləşən istixana kompleksinin qurulması, ildə 12 milyon kvadratmetr karton kağız və taraların istehsalı məqsədilə investisiya qoyuluşuna razılıq vermişdir. Bundan əlavə, Xaçmaz rayonunda istixanaların, həmçinin şitillik, soyuducu anbar və qablaşdırma sexinin də daxil olduğu kompleksin tikintisi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti və xarici investorlar arasında anlaşma memorandumu imzalanmışdır.
Dövlət Proqramında aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlət maliyyə yardımı tədbirlərinin davam etdirilməsi də aqrar sektorda reallaşdırılması nəzərdə tutulan mühüm istiqamətlərdəndir. Bu məqsədlə kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına, mineral gübrələrə görə dövlət tərəfindən güzəştli maliyyə yardımları verilir. 2009-cu ildə yanacaq və motor yağlarına görə 417 min hüquqi və fiziki şəxsə 59,8 milyon manat, mineral gübrələr üçün 6,5 milyon manat, toxum və ting üçün 4,6 milyon manat subsidiya verilmişdir. Bundan əlavə, buğda və çəltik səpini ilə əlaqədar 36 rayon üzrə 12,4 milyon manat məbləğində subsidiyanın ayrılmasına dair qərar qəbul edilmişdir.
Proqramda nəzərdə tutulduğu kimi, regionlarda aqrotexservis xidmətləri şəbəkəsinin genişləndirilməsinin dəstəklənməsi, kənd təsərrüfatının texnikaya, mineral gübrələrə və pestisidlərə olan tələbatın ödənilməsinin yaxşılaşdırılması məqsədilə ötən bir il ərzində "Aqrolizinq" ASC tərəfindən 55 aqroservis filialı və onların nəzdində 107-dən çox mexanikləşdirilmiş dəstələr yaradılmış, yerlərdə kənd təsərrüfatı istehsalçılarına servis xidmətləri göstərilmişdir. 2009-cu ildə "Aqrolizinq" ASC dövlət büdcəsindən ayrılmış 37,5 milyon manat vəsait hesabına 13,6 milyon manat dəyərində 500 ədəd "Belarus" markalı traktor alınması üçün Gəncə avtomobil zavodu ilə birbaşa müqavilə bağlamış, 12,3 milyon manatlıq 180 ədəd "Niva" və Sampo" markalı taxılyığan kombaynın və 3,2 milyon manatlıq traktora qoşulan digər kənd təsərrüfatı texnikalarının alınması üçün Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanununun tələblərinə uyğun olaraq satınalmalar prosedurunun həyata keçirilməsini təmin etmişdir. Artıq 180 ədəd taxılyığan kombayn, 500 ədəd traktor, 20 ədəd ekskavator, 1068 ədəd digər kənd təsərrüfatı texnikası alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" ASC-yə ayrılmış 5 milyon manat vəsait hesabına Zaqatala, Ağdaş, İsmayıllı və Xaçmaz rayonlarında aqroservislərin tikintisi başa çatmaq üzrədir. Bundan başqa, mineral gübrələrin qəbulu, saxlanması və paylanmasını yaxşılaşdırmaq üçün Şəmkir və Xaçmaz rayonlarında hər birinin tutumu 10 min ton olan iki regional logistik bazanın tikintisinə başlanılmışdır. "Aqrolizinq" ASC tərəfindən ötən müddətdə 7 milyon 972,2 min manatlıq 8 dəst soyuducu kamera, 1 milyon 189,4 min manatlıq bir dəst fındıq emalı zavodu, 446,2 min manatlıq bir dəst meyvə qurutma, 728 min manatlıq bir dəst damcılı suvarma sistemi, 642,7 min manatlıq iki dəst bitki yağı istehsalı zavodu, illik istehsal gücü 10 ton olan 618,8 min manatlıq bir dəst süd emalı zavodu, istehsal gücü 3 ton olan 51,8 min manatlıq bir dəst qarışıq yem zavodu və 93,6 min manat dəyərində bir dəst inkubator üçün texnoloji avadanlıq alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilmişdir.
2009-cu ildə aqroemal müəssisələri şəbəkəsinin genişləndirilməsinin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artrılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqinin, eləcə də fermerlərin idarəetmə vərdişlərinin və biliklərinin artırılması məqsədilə təlimlərin, təcrübələrin yayımının və elmi tədqiqatların həyata keçirilməsinin dəstəklənməsi ilə bağlı da mühüm işlər görülmüşdür.
Bütövlükdə isə proqramda kənd təsərrüfatı sahəsi ilə bağlı 111 tədbirin reallaşdırılması nəzərdə tutulmuşdur ki, onların da 13-ü bilavasitə ölkə əhəmiyyətli tədbirlərdir. Həmin tədbirlərin həyata keçirilməsi, heç şübhəsiz, aqrar bölmənin sürətli inkişafına təkan verəcək, ölkənin kənd təsərrüfatı məhssuları ilə təminatının getdikcə yaxşılaşmasına səbəb olacaqdır.{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.