Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında Bankın Rəhbərlər Şurasının 2015-ci ildə illik iclasının Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır

 

 

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Filippin Respublikasının paytaxtı Manila şəhərinə işgüzar səfəri çərçivəsində  fevralın 19-da Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan hökuməti arasında Bankın Rəhbərlər Şurasının Bakı şəhərində 48-ci illik iclasının keçirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, razılaşma Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankı arasında 2015-ci il mayın 3-dən 5-dək Bakı şəhərində AİB-in Rəhbərlər Şurasının illik toplantısının keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

Səfər zamanı nazir Samir Şərifov Rəhbərlər Şurasının illik iclasına hazırlıq və təşkilati işlərlə yanaşı, AİB ilə Azərbaycan hökuməti arasındakı ikitərəfli əməkdaşlıqla bağlı bankın yüksək səviyyəli rəsmiləri ilə müzakirələr aparmışdır.

Azərbaycan nümayəndə heyəti ilə görüşdə Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kurado bildirmişdir ki, bankın səhmdarlarından olan Azərbaycan AİB-in fəal iştirakçılarından biridir və dinamik inkişaf edən iqtisadiyyatı ilə regionun gələcək tərəqqisində aparıcı rol oynayır.

Haruhiko Kurado Bakı şəhərinin bankın Rəhbərlər Şurasının 48-ci illik iclasına layiqincə ev sahibliyi edərək AİB-in etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyinə əminliyini bildirmişdir. Qeyd olunmuşdur ki, illik toplantı keçirilən ölkəyə Bankın 67 üzv ölkələrindən nazirlər və yüksək vəzifəli hökumət rəsmiləri, biznes liderləri, beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyətinin nümayəndələri, media  təmsilçiləri olmaqla 4 mindən çox qonaq gəlir.

Nazir Samir Şərifov Azərbaycan Respublikasının AİB ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilən bu səfər zamanı mövcud əlaqələrin daha da genişləndirilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildirmişdir.

Samir Şərifov AİB-in Rəhbərlər Şurasının 2015-ci ilin mayında Bakı şəhərində keçiriləcək illik iclasının yüksək səviyyədə təşkil olunacağını və Azərbaycan hökumətinin ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini diqqətə çatdırmışdır. Nazir ölkənin bu sahədəki təcrübəsinin, cari iqtisadi vəziyyətin, siyasi sabitliyin, eyni zamanda, Bakıda yaradılmış yüksək standartlara uyğun infrastrukturun bu cür əhəmiyyətli tədbirləri keçirməyə imkan verdiyini vurğulamışdır.

Səfər çərçivəsində Samir Şərifov AİB-in vitse-prezidentləri Xiaoyu Zhao və Lakshmi Venkatachalam, baş katib Robert Douson və Bankın avstraliyalı icraçı direktoru Riçard Sisson ilə işgüzar görüşlər keçirmişdir.

Tərəflər arasında Bakı iclasına hazırlıq, bankın Azərbaycanda maliyyələşdirdiyi nəqliyyat, enerji, infrastruktur, su-kanalizasiya təchizatı və digər layihələrin icra vəziyyəti və gələcək əməkdaşlığın istiqamətləri, qarşılıqlı təcrübə mübadiləsi, habelə özəl sektorda layihələrin maliyyələşdirilməsinin icra vəziyyəti, regional inkişaf və digər məsələlər barədə müzakirələr aparılmışdır.

AİB Dünya Bankından sonra ən böyük inkişaf yönümlü dövlətlərarası bankdır. 1966-cı ildə yaradılan və baş qərargahı Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşən AİB-in Azərbaycan da daxil olmaqla 67 üzvü vardır. Azərbaycan Respublikası AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında