Vergilər Nazirliyində görüş keçirilmişdir

 

 

Vergilər naziri Fazil Məmmədovun Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia və Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüşü keçirilmişdir. Görüşdə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq məsələləri və onun perspektivləri, milli vergi sisteminin müasir vəziyyəti və inkişaf istiqamətləri müzakirə edilmişdir.

Vergilər naziri Fazil Məmmədov Azərbaycanın Avropa İttifaqı ilə sıx tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin olduğunu, ölkəmizin Avropanın enerji təhlükəsizliyində yaxından iştirak etdiyini bildirmişdir.

Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının həyata keçirilməsinin əməkdaşlıq sahəsində yeni imkanlar yaratdığını bildirən nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında milli qanunvericilik bazasının daim təkmilləşdirildiyini, idarəetmə prinsipləri və praktikasının Avropa İttifaqına üzv ölkələrin ən qabaqcıl təcrübəsini nəzərə almaqla inkişaf etdirildiyini vurğulamışdır.

Sonra vergilər naziri Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan texniki yardım proqramı çərçivəsində Vergilər Nazirliyi və Niderland Krallığının Vergi və Gömrük Administrasiyası ilə birlikdə 2011-ci ildən “Kompyüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” adlı Tvinninq layihəsinin həyata keçirildiyi barədə məlumat vermiş, bu layihə çərçivəsində bir sıra yeni qanunvericilik sənədlərinin hazırlandığını, metodoloji və insan resursları bazası yaradıldığını, mütəxəssislərin treninqlərə cəlb edildiyini, ölkəmizdə vergi auditi sahəsindəki mövcud inzibatçılığın ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işləri görüş iştirakçılarının diqqətinə çatdırmışdır.

Vergi sistemində aparılan islahatlara toxunan nazir vergi inzibatçılığının müasir informasiya texnologiyalarının nailiyyətlərinə əsaslanmaqla daim təkmilləşdirildiyini, vergi ödəyicilərinə göstərilən xidmətlərin ən müasir texnoloji səviyyədə həyata keçirildiyini, elektron vergi hesab-fakturaları, elektron bəyannamələr, on-line kargüzarlıq sistemlərinin uğurla tətbiq edildiyini, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının elektron formata keçirildiyini qeyd etmişdir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində milli vergi sisteminin qarşısında konkret hədəflərin müəyyənləşdirildiyini  qeyd edən vergilər naziri bu hədəflərə çatmaq üçün milli vergi sisteminin iqtisadiyyatın artan həcminə uyğun olaraq inkişaf etdirildiyini bildirmişdir.

Vergilər naziri Avropa İttifaqı ilə birlikdə Vergilər Nazirliyində insan resurslarının davamlı inkişafına Avropa İttifaqının “Fiskal Bluprint” direktivinin prinsipləri əsasında dəstək verilməsini nəzərdə tutan yeni bir Tvinniq layihəsinin də hazırlanmasına start verildiyini qonaqların diqqətinə çatdırmışdır.

Sonra Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər İdarəsinin rəisi Mətin Kərimli və Hüquq İdarəsinin rəisi Samirə Musayeva təqdimatla çıxış etmişlər.

Görüşdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Azərbaycanla Avropa İttifaqı arasında səmərəli və sıx əməkdaşlığın mövcud olmasından məmnunluğunu ifadə edərək bildirmişdir ki, burada söylənilənlərin hamısı Avropa İttifaqının planlarına uyğundur. O, bir həftə əvvəl keçirilmiş II Vergi Forumunun  böyük təəssürat oyatdığını, Azərbaycanın vergi xidmətinin islahatlara açıq olduğunu, onun həyata keçirdiyi şəffaflıq və korrupsiyaya qarşı mübarizə tədbirlərinin də razılıqla qarşılandığını bildirdi.

R.Kobia vergi xidmətində informasiya texnologiyalarının geniş tətbiqinin müsbət bir təcrübə olduğunu, vergi xidməti rəhbərliyinin bu istiqamətdə çalışmalarına dəstək verdiklərini və gələcəkdə də dəstək verəcəklərini nəzərə çatdıraraq, Avropa ölkələrinin səfirləri ilə Azərbaycan hökumətinin üzvləri arasında bu qəbildən olan dialoqların təşkilini səmərəli hesab etdiklərini söyləmişdir. R.Kobia Avropa İttifaqının Azərbaycanla əməkdaşlığının əsasən iqtisadiyyatın diversifikasiyası, iqtisadiyyatın liberallaşdırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində inkişafına üstünlük verdiyini vurğulayaraq, xüsusilə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahələrində ölkə başçısının siyasi iradəsini, bu xətti uğurla həyata keçirən dövlət orqanları arasında Vergilər Nazirliyinin Beynəlxalq Antikorrupsiya Akademiyası ilə keçən il imzaladığı Memorandumu yüksək dəyərləndirdiklərini bildirmişdir.

 Sonda görüşdə iştirak edən Niderland Krallığının ölkəmizdəki səfiri Aryen Uyterlinde, Avstriya Respublikasının ölkəmizdəki səfiri xanım Silviya Meyer-Kaybiç, Fransa Respublikasının ölkəmizdəki səfirliyinin iqtisadiyyat və ticarət məsələləri üzrə müşaviri  Daniel Patat mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı mülahizələrini söyləmiş, qaldırılan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak etmişdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında