“AzBanvit” dünya brendi – Azərbaycan milli markasıdır

 

 

 

“AzBanvit” müəssisəsi Türkiyənin dünyaca məşhur “Banvit” brendini artıq Azərbaycan markasına çevirmişdir. “Banvit”in ölkəmizdəki nümayəndəliyi 18 ildən bəri respublikamıza gətirdiyi toyuq və ondan hazırlanmış məhsullarla bu markanı ən yüksək dad və faydalılıq meyarı kimi tanıtmışdır.

Çoxillik səmərəli əməkdaqlıq nəticəsində “Banvit” standartlarını mənimsəmiş “AzBanvit” ötən ildən Azərbaycanda bu beynəlxalq markanın keyfiyyət tələbləri əsasında dana əti istehsalı, kəsimi, emalı və satışını həyata keçirir. Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində 8 aya yaradılmış bu nümunəvi özəl müəssisə ölkə bazarına beynəlxalq standarta uyğun cavan və təzə dana əti çıxaran yeganə yerli istehsalçı kimi qısa müddətdə yüksək etimad və mötəbər sifarişçi çevrəsi qazanmışdır. Bakıda əsasən xarici müştərilərə xidmət göstərən iaşə obyektləri — beşulduz otellərin restoranları, xüsusi müştəriləri olan kafe və marketlər artıq “AzBanvit” markalı dana ətinə üstünlük verirlər.

Toyuq ətinin ən yüksək dadını və faydalılığını illərdən bəri dünya bazarında təsdiqləməyə nail olmuş “Banvit” keyfiyyətinin nəyə qadir olduğunu “AzBanvit” dana ətinin də ləzzətini müştərilərə duydurmaqla artıq dərəcədə Azərbaycan gerçəkliyinə çevirmişdir. “AzBanvit” qabaqcıl dünya təcrübəsinin ən yüksək səviyyədə mənimsənilməsi, müasir texnologiyanın ölkəmizə gətirilməsi ilə Azərbaycanda ən keyfiyyətli dana ətinin çeşidli formada, yüksək etiket normaları əsasında alıcıya çatdırılmasında yeni bir tarix yaratmışdır.

“AzBanvit”in məhsullarından bir dəfə xəbər tutan onun daimi müştərisinə çevrilir. Tarixən, öz məişətində dana ətinə üstünlük verən xalqımız bu heyvanın hər əzasının spesifik ləzzətindən və cana faydalılığından yaxşı xəbərdar olmuşdur. Təəssüf ki, sovet dövründə donmuş dana ətinin odun kimi doğranmış buzlu parçalarından istifadə etməyə məhkum edilmiş adamlar bu barədə təsəvvürləri unutmuşlar. Müstəqillik dövründə isə heyvanlar primitiv qaydalarla kəsildiyindən, gigiyenik və texnoloji normalara əməl olunmadığından müştərilər yenə dana ətinin ən yüksək ləzzət və faydasından kənarda qalmışlar. “AzBanvit” bu boşluğu doldurmağa necə nail olmuşdur? Müəssisədə görüb şahidi olduqlarımızı qısaca oxucularımıza çatdırmaqla “AzBanvit”in keyfiyyət meyarlarına aydınlıq gətirmək istədik.

Şirkət Buzovna — Albalı yolu üstündə boş ərazidə yaradılıb. 7 əsas istehsal sahəsinin birincisi danabəsləmə fermasıdır. 6 aylıq xüsusi ətlik danalar buraya Macarıstandan alınıb gətirilir. Yüksək zootexniki şəraitdə bəslənən heyvanlara 1 yaşadək bacarıqlı baytarlar xidmət göstərirlər. Ferma o qədər təmizdir ki, burada ənənəvi peyin qoxusu belə duyulmur. Baytarlar içəriyə dezinfeksiya qurğularından keçməklə daxil olurlar. Heyvanlara əti dadlandıran yemlərdən əlavə, onlara xoş əhval gətirən musiqilər də verilir.

Yüksək çəki və dad kondisiyasına çatan 1 yaşar danalar sonuncu baytar nəzarətindən keçəndən sonra kəsim sexinə gətirilir. Burada təcrübəli qəssablar “bismillah” duasını oxumaqla, heyvanı qorxudub-incitmədən halallıqla kəsib-soyurlar. Zədələnmədən soyulmuş cins dana dərisi yüksək xammal kimi tədarük olunur. Avtomat mişarla 2 hissəyə bölünmüş cəmdəklər, xalqda deyildiyi kimi, “ət özünü tutsun” deyə 1 sutka depo-karkasda aşağı temperaturda saxlanır. Bu müddətdə onun “ph” və rəng göstəricilərini “AzBanvit” keyfiyyətə nəzarət heyəti dəfələrlə yoxlayır, mikrobioloji mühit maksimum qorunur.

Sonra iri hissələrə bölünmüş ət emal sexinə gətirilir. Burada keyfiyyət göstəricilərinə görə ət parçalara, sümüklü və sümüksüz hissələrə, tikələrə və piyə ayrılır. Sifarişə uyğun olaraq, ət rənglərinə, yağlılıq dərəcəsinə uyğun olaraq çeşidlənir. Təmiz ət “quşbaşı” deyilən tikələrə, eyni ölçülü sümük hissələr əsasında parçalara ayrılır. Yumşaq hissələr “qiymə” kimi çəkilir.

Qablaşdırma sexində alıcılar üçün xüsusi doğranmış və çəkilmiş ət birdəfəlik istifadə qablarında və paketlərdə hermetik üsulla bükülür. İaşə obyektləri isə istifadəsinə uyğun olaraq əti əsasən “bel əti”, “döş əti”, “qol əti”, “can əti” və s. parçalar şəklində sifariş edirlər. Dönər üçünsə heyvanın yumşaq yerləri nazik doğranıb, ədviyyat vurularaq xüsusi şişlərə yığıldıqdan sonra eyni qaydada paketlənir.

Nəhayət, xüsusi soyuducu konteynerlərə yığılaraq qablaşdırılmış hazır məhsul aşağı temperaturlu anbarda nəzarət altında saxlanır və sifarişin həcminə, tələbata uyğun olaraq istehlakçılara göndərilir. Danaların müəssisəyə gətirilməsindən tutmuş məhsulun alıcıya göndərilməsinədək bütün proseslər yüksək gigiyenik qaydada aparılır, bütün əməliyyatlarda ətin keyfiyyətinin qorunub saxlanması, üstəlik, dada gətirilməsi təmin edilir.

“AzBanvit”in yeməkxanasında eyni ölçüdə, səliqə ilə kəsilmiş bir neçə dana tikəsini tavaya atıb ikicə dəqiqəyə göstərilən qaydada bişirdik. Yumşaq, təzə, xüsusi ləzzətli ətin dadı, həqiqətən, damağımızda qaldı. Müəssisədə hazırlanmış suçuq da olduqca ləzzətli idi.

Nəhayət, alıcı, sifarişçi üçün keyfiyyətdən heç də az önəmli olmayan qiymətlər barədə. Azərbaycanda dünya bazarı keyfiyyətinin canlı nümunəsi olan “AzBanvit” ətlərinin qiymətləri ölkə bazarı həddində və hətta ondan aşağıdır. Doğrudan da, bu, inanılmaz dad, fayda və səmərə deməkdir. Budur “AzBanvit”in ölkəmizə gətirdiyi “Banvit” markasının üstünlükləri.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında