Prezident İlham ƏLİYEV: Sahibkarlara kömək göstərmək lazımdır ki, öz işlərini daha səmərəli şəkildə qura bilsinlər

 

 

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş  konfransda dövlət başçısı İlham Əliyev respublikamızda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini bir daha bildirmişdir. Bu da təsadüfi deyil. Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında kənd təsərrüfatının, onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür.

Təkcə bu faktı qeyd etmək kifayətdir ki,  son illərdə investisiyaların böyük əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir. Prezident İlham Əliyev bununla bağlı  demişdir ki, biz bundan sonra da dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl  sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün də  bunun böyük əhəmiyyəti vardır.

Adıçəkilən Dövlət Proqramında nəzərdə tutulduğu kimi, özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən Azərbaycanda uğurla aparılır. Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş  konfransda da bu barədə ətraflı danışılmışdır. Konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində 250-dək  müxtəlif  təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanışlığı dövlət başçımızın bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.

Ötən ildə də biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına öz töhfəsini vermişdir. Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların online rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını alır.

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ötən il 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 83 faizi regionların payına düşmüşdür.

Ötən il ərzində fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 taxılçılıq, 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələridir.

Hazırda güzəştli kreditlər hesabına 13 quşçuluq fabrikinin, 3 heyvandarlıq kompleksinin, 12 soyuducu və taxıl anbarının, 8 istixana kompleksinin, 3 ət emalı, 2 konserv, 7 çörək zavodunun tikintisi aparılır.

Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il Hövsanda süd emalı zavodu, “Ağstafa Aqroservis” müəssisəsi və yeni sement zavodu fəaliyyətə başlamışdır. “Aqrolizinq” xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilmiş, rayon aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilmişdir. İl ərzində on rayonda aqroservis filialları tikilmiş, ölkəyə 1785 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq gətirilmişdir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş  konfransda dövlət başçısı İlham Əliyev respublikamızda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini xüsusi vurğulamışdır. Dövlət başçısı çıxışında sahibkarların himayədarı olduğunu bir daha bildirmişdir. Demişdir ki, mənim üçün özəl şirkətlə dövlət şirkəti arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətidir, hər ikisi Azərbaycanda çalışır, Azərbaycan naminə çalışır.

Dövlət başçısı bəyan etmişdir ki, sahibkarları rayonlarda həyata keçirilən işlərə məcburi qaydada cəlb etmək yolverilməzdir: “Hər bir rayonun öz büdcəsi var. Prezidentin Ehtiyat Fondundan da mütəmadi qaydada vəsait ayrılır. Bu vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir kömək eləsin, amma bəzi hallarda onları məcbur edirlər. Sahibkarlar böyük həcmdə xərc çəkirlər, sonra da onların pulunu vermirlər. Belə olmaz. Əgər kimsə fikirləşirsə ki, bu məlumatlar mənə çatmır, səhv edir. Bütün məlumatlar mənə çatır. Bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev nitqində sahibkarların fəaliyyətinə əngəl törədən digər mənfi meyilləri də kəskin tənqid etmişdir. “Biz sahibkarlara subsidiyaları veririk, amma əfsuslar olsun ki, bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünavana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda, ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün.

Bəzi hallarda xaricdən gətirilən avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Bu sahədə biz tam şəffaflığı təmin etməliyik. Dövlət öz kəndlisinə öz dəstəyini verir və verəcəkdir.

Mən xüsusilə fermerlərə müraciət edirəm, onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir. Elə etməliyik ki, yaxın illərdə Azərbaycan özünü 100 faiz əsas ərzaq məhsulları ilə təmin etsin”.

Dövlət başçımız demişdir ki, sahibkarlığın dəstəyi ölkəmizin uğurlu inkişafını təmin edəcək. Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarları incidən şəxslər cəzalandırılacaqlar.  Onlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər.   Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 9 ildə Azərbaycanın  ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində  nailiyyətlər əldə olunmuşdur. 2004-2008-ci  və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Hazırda Azərbaycanda güclü sahibkarlar sinfi formalaşmışdır. Kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür, müasir texnika alınır, lizinqlər, aqroservislər yaradılır, subsidiyalar, güzəştli şərtlərlə gübrə və yanacaq verilir. Kənd təsərrüfatının, özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi bundan sonra da gücləndiriləcəkdir. Dövlət də, insanlar da sahibkarlardan aparılan işlərin keyfiyyətli görülməsinə, istehsalın həcminin və keyfiyyətinin dünya standartlarına uyğun olmasına daha böyük ümidlər bəsləyir.

Düşünülmüş düzgün siyasətin nəticəsidir ki, qlobal maliyyə-iqtisadi böhran, Azərbaycandan yan keçmiş, dünyanın bir çox ölkələrini sarsıdan həmin böhrandan Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini və dayanıqlığını qoruyub saxlamış və artıma nail olunmuşdur.

Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın  hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi-Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında