Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərspace – 1” peykinin kosmosa göndərilməsi münasibətilə xalqımıza və həmvətənlərimizə ünvanladığı təbrikdən
Bakı, 8 fevral 2013-cü il
Son 20 ildə gənc müstəqil dövlətimizin həyatında tarixi hadisə kimi qiymətləndirilən çoxsaylı yeniliklər baş vermişdi. Ancaq bu il fevralın 8-də – bütün dünyanın gözü qarşısında, Azərbaycan, Avropa və Amerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, fəqət, Azərbaycan adıyla ərsəyə gəlib, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən yeni telekommunikasiya peykinin orbitə çıxarılması tamamilə başqa bir məmnunluq mənbəyi idi. Bu möhtəşəm tarixi faktın dostlarımızda və tərəfdaşlarımızda hansı hissləri yaradacağını çox yaxşı bilirik. Bəs millətimizin qanını içib torpaqlarımızı işğal edən düşmənlərimiz və onlara havadarlıq edən bədxahlarımız dövlətimizin iqtisadi qüdrətinin zirvəsi olan bu hadisəni necə qəbul edəcəklər? Bu, onların öz problemi olacaq . Hər halda, biz dünyanın 50-dən artıq ölkəsini birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq , fəqət, siyasi əhəmiyyəti və mənəvi dəyəri ondan qat-qat artıq olan bir nailiyyətə imza atmışıq. Kosmosa göndərilən telekommunikasiya peykinin ərsəyə gətirilməsi ilə yanaşı Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” Səhmdar Cəmiyyətinin təsis edilməsi və ən müasir tələblərə cavab verən şəkildə formalaşdırılması da böyük səy və vəsait tələb edirdi. Azərbaycan dövləti bu layihəni də böyük uğurla reallığa çevirmişdir.
Artıq dostlarımız da, bədxahlarımız da belə fikirdədirlər ki, gənc müstəqil Azərbaycan dövləti mütləq hər rüb və ya hər yarım ildən bir hansısa möhtəşəm uğurla dünya ictimaiyyətini heyrətləndirəcək. Ölkənin elmi şəkildə əsaslandırılmış Dövlət Proqramları əsasında idarə edilməsinin nəticəsidir ki, cəmiyyət həyatının bütün sahələrində qonşu dövlətlər üçün əlçatmaz olan nailiyyətlərə imza atılır. Respublikamızın ilk telekommunikasiya peykinin orbitə çıxarılması isə adi uğur deyil, xalqımızın və dövlətimizin həyatında möhtəşəm bir hadisədir. Bu hadisə təkcə Prezident İlham Əliyevin siyasi idarəetmədə ən müasir texnologiyalardan bəhrələnərək yaratdığı iqtisadi tərəqqinin nəticəsi olan elmi nailiyyət kimi deyil, həm də Heydər Əliyev siyasi kursunun qazandığı qələbənin kosmosdan gələn əks-sədası kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyev hələ 2003-cü ildə – dövlət başçısı seçiləndən dərhal sonra özünün ilk bəyanatlarında qeyd etmişdi ki, biz Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrinin sırasına çıxaracağıq. Həmin tezis günün reallığıdır. Ölkəmiz ötən il Birləşmiş Millətlər Təşkilatına üzv olan 15 ölkədən biri olmuşdu, bu il isə barmaqla sayılacaq qədər üzvü olan beynəlxalq kosmik klubun üzvünə çevrildi. Azərbaycan beynəlxalq maliyyə qurumlarının tərtib etdiyi hesabatlarda rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Bu hadisələr və faktlar onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə və hərtərəfli inkişaf edir. Bu gün Azərbaycanı region ölkələrindən fərqləndirən əsas cəhət yeni texnologiyaların, xüsusən, informasiya texnologiyalarının inkişaf etdirilməsidir. Ekspertlərin fikrincə, dövlətimiz öz gələcəyini məhz informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə təmin edəcəkdir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli sərəncamı ilə 2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmuşdur. Sərəncamın preambulasında deyilir ki, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012-ci illər) gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaratmışdır. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması , biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır”. Yəni Azərbaycan Respublikası bu istiqamətdə kifayət qədər layihələr həyata keçirdiyinə görə beynəlxalq aləmdə özünəməxsus nüfuz qazanmışdır. Əlavə edək ki, biz bu addımları atmaqla BMT Baş Assambleyasının qəbul etdiyi “Minilliyin Bəyannaməsi” və “İnformasiya və kommunikasiya texnologiyalarından inkişaf naminə istifadə” adlı qətnamələrin həyata keçirilməsinə də xüsusi töhfələr vermişik.
Bir daha vurğulamaq yerinə düşər ki, cəmi iyirmi ildən bir az artıq dövlət müstəqilliyi olan Azərbaycan Respublikasında bu istiqamətdə reallaşdırılan tədbirlər region ölkələrinin əksəriyyəti üçün əlçatmazdır. Belə ki, hələ 2003-cü ilin fevralında ümummilli liderimiz Heydər Əliyevin xüsusi fərmanı ilə regionda ilk dəfə olaraq qəbul olunmuş İKT-nin inkişafı üzrə 10 illik Milli Strategiya artıq ötən il başa çatmışdır. Bundan sonra isə Prezident İlham Əliyevin ötən il dekabrın 29-da imzaladığı fərmanla təsdiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və konsepsiyanın hədəflərinə çatmaq üçün informasiya kommunikasiya texnologiyaları sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulmuşdur. Respublikanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu məsələyə münasibət bildirərkən demişdir:
“Bizim geridə qalan illərimizə nəzər salsaq, sosial-iqtisadi inkişafın mahiyyəti bir kiçik tezislə ifadə oluna bilər. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələn zaman onu çörək növbələri qarşılamışdı, 2013-cü ildə isə ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq kosmik ölkələr sırasına qoşulmuşdur”. Nazir qeyd edir ki, ölkəmizdə informasiya kommunikasiya texnologiyaları sektoru 2004-2013-cü illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənmişdir. 2012-ci ildə sektorun artım tempi təxminən 18 faiz olmuşdur. Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. Müstəqil Dövlətlər Birliyi ölkələri sırasında ilk dəfə 2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, 2010-cu ildə isə tam elektronlaşdırılmışdır, yəni rəqəmləşdirilmişdir. Keçən il şəbəkəyə təxminən 20 min nömrə də əlavə olunaraq, “yeni nəsil şəbəkəsi” texnologiyaları tətbiq olunmuşdur. Bu isə adıçəkilən sektora 400 milyon ABŞ dollarından çox investisiya qoyulması nəticəsində mümkün olmuşdur.
Azərbaycanın sosial-iqtisadi inkişafının və dövlətimizin gündən-günə qüdrətlənməsinin nəticəsidir ki, artıq ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması prosesi başa çatmışdır. Orta çəkili kimi qiymətləndirilən (3,2 ton) və ABŞ-ın “Orbital” şirkəti tərəfindən istehsal olunmuş Azərbaycan peyki Fransanın “Arian” şirkəti tərəfindən orbitə çıxarılmışdır. İlkin məlumatlara görə peyk resurslarının 20 faizi ölkəmizin yerli tələbatını ödəmək üçün istifadə olunacaqdır, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacaqdır.
Bizim üçün xüsusi önəm kəsb edən məqamlardan biri də odur ki, BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunmuş, ölkəmiz kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürmüşdür. Kosmik texnologiyalar üzrə çox vacib məsələ olan kadr hazırlığına xüsusi diqqət yetirilmişdir. Son üç ildə orta yaşı 25-28 olan təxminən 30 nəfər peyklərin idarə olunması üzrə ABŞ, Fransa və Malayziyada uzunmüddətli kurs və təlimlər keçmiş milli mütəxəssis hazırlanmışdır. Bundan başqa, BMT Baş Assambleyasının 2012-ci ilin dekabrında keçirilən 67-ci iclasında Azərbaycanın əlaqələndiricilik etdiyi “Avrasiya Transmilli Böyük İnformasiya Magistralı” (TASİM) layihəsinə xüsusi qətnamə ilə ikinci dəfə siyasi dəstək verilmiş və bu layihə üzrə xüsusi alyansın yaradılması tövsiyə edilmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizin bu sahə üzrə əldə etdiyi nailiyyətlər və qarşıda duran vəzifələr barədə danışarkən demişdir: “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hədəfimiz İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı səkkiz ildə sektorun gəlirlərini 8-9 milyard ABŞ dollarına çatdırmaqdır. Buna əsasən, rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılmışdır”.
Beləliklə, beynəlxalq aləmdə neft-qaz ölkəsi, turizm ölkəsi, tolerant ölkə və idman ölkəsi kimi tanınan Azərbaycan indi də yeni innovasiyalar, informasiya- kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi nüfuz qazanır. Prezident İlham Əliyevin dediyi kimi, bütün bunlar elmi cəhətdən əsaslandırılmış Dövlət Proqramlarının icrası nəticəsində günün reallığına çevrilir. Əlavə edək ki, 2015-ci, 2016-cı illərdə daha iki peykimiz orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkan yaranacaqdır. Azərbaycan dövləti bu sahədəki fəaliyyətinə cəmi beş il əvvəl başlamışdı. İndi isə bu sahədə özünəməxsus nüfuzu olan ölkəyik. Deməli, növbəti beş və ya on ildən sonra Azərbaycanın sorağı daha böyük ənginliklərdən gələcək.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.