“Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər”

 

 

 

Bakıda keçirilən “Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda II vergi forumunda  dövlət orqanlarının, Milli Məclisin, Avropa Birliyinin, Dünya Bankının, Iqtisadi Əməkdaşlıq və İnkiaf Təşkilatının (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatının, Bakıda akkreditə olunmuş səfirliklərin, ABŞ, Belçika və Türkiyədən gəlmiş tanınmış iqtisadçıların, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak etmişlər.

Forumu giriş sözü ilə açan Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bu tədbirin ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti və işgüzar dairələrlə açıq dialoqun qurulması istiqamətində mühüm bir addım olduğunu bildirmişdir.

Forumda çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bu ilki tədbirin xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirildiyini vurğulamış və ölkəmizin vergi sisteminin formalaşmasında ulu öndərin xidmətləri barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda vergi sisteminin strukturu, vergi sahəsində milli qanunvericilik bazası formalaşdırılmış, vergi siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmiş, vergi inzibatçılığının müasirləşdirilməsi istiqamətində bir sıra uğurlar əldə edilmişdir.

Vergi sistemində həyata keçirilən islahatlar, o cümlədən vergi ödəyicilərinə göstərilən elektron xidmətlər barədə danışan vergilər naziri vergi orqanları ilə vergi ödəyiciləri arasında bütün proseslərin əsasən elektronlaşdırıldığını və sahibkarların vergi əməkdaşları ilə ünsiyyətə girmədən vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bütün prosesləri həyata keçirə bildiklərini qeyd etmişdir. Natiq bildirmişdir ki, elektron hökumət çərçivəsində təqdim olunan elektron xidmətlərin sayına görə Vergilər Nazirliyi daha çox sayda elektron xidmət göstərən dövlət orqanıdır. Hazırda vergi sistemi üzrə bu xidmətlərin sayı 57-yə çatdırılmışdır ki, onların da 46-sı artıq tətbiq olunur, qalan 11 xidmətin tətbiqi ilə bağlı işlər isə başa çatmaq üzrədir.

2012-ci ilin ölkə başçısı tərəfindən İKT ili elan olunduğunu xatırladan Fazil Məmmədov fevral ayının 8-də Azərbaycanın ilk telekommunikasiya peykinin kosmosa  çıxarıldığını və Prezident İlham Əliyevin bu prosesi xanımı Mehriban Əliyeva ilə birlikdə canlı olaraq izlədiyini, peyk orbitə çıxarıldıqdan dərhal sonra bu tarixi hadisə münasibətlə Azərbaycan xalqını təbrik etdiyini forum iştirakçılarının diqqətinə çatdırmışdır.

Nazir daha sonra vurğulamışdır ki, vergi xidməti son illər əsaslı moderniləşdirmə prosesindən keçmiş, onun texnoloji imkanları genişləndirilmiş, vergi inzibatçılığı daha da təkmilləşdirilmişdir.

Ölkənin yeni inkişaf xəttinə çıxdığı bir dönəmdə vergi orqanları qarşısında duran vəzifələrə toxunan F.Məmmədov qeyd etmişdir ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası milli vergi sistemi üçün də yeni hədəflər müəyyən etmişdir. Dünyada baş verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın dərinləşməsi bilik menecmentinə əsaslanan, texnoloji baxımdan daim təkmilləşən bir vergi sisteminin yaradılmasını zəruri edir.

Vergilər naziri yaxın gələcək üçün vergi xidmətinin əsas inkişaf istiqamətləri kimi müasir informasiya texnologiyalarının, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin qurulması istiqamətində aparılan islahatları, nağdsız ödənişlərin stimullaşdırılması və əmək münasibətlərinin leqallaşdırılaraq əmək müqavilələrinin bağlanması hesabına vergi bazasının genişləndirilməsini xüsusi olaraq diqqətə çatdırmışdır.

Forumun birinci hissəsində Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev “Azərbaycanın vergi qanunvericliyi və onun təkmilləşdirilməsi istiqamətləri”, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova “Qeyri-neft sektorunun inkişafı və vergi siyasəti”, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Roland Kobia “Vergi islahatları sahəsində Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığı”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti və İdarəetmə Mərkəzinin direktor müavini Grace Perez-Navarro “Beynəlxalq vergi və rəqabətlilik”, Türkiyənin Hacettepe Universitetinin professoru Ahmet Burçin Yereli “Vergi əməletmə xərcləri (vergilərin psixoloji təhlili)”, ABŞ-ın Ceorgia Dövlət Universitetinin professoru Tad D.Ransofer “Transfert qiymətlərinə tələblər”, “PricewaterhouseCoopers” şirkətinin partnyoru Mövlan Paşayev “Azərbaycanın vergi sistemində aparılan islahatların ölkənin ”Paying Taxes"reytinqində mövqeyinə təsiri, “Holcim-Azərbaycan” şirkətinin baş maliyyə direktoru Oliver Vilke “İctimai və özəl sektorun dialoqu vergi siyasəti təşəbbüslərinin dərinləşdirilməsi vasitəsi kimi: biznes assosiasiyalarının rolu” mövzularında çıxış etmişlər.  Vergi Forumunun ikinci iclasında vergilər nazirinin müşaviri Asəf Əsədovun “Azərbaycanda elektron vergi sisteminin yaradılması”, Mərkəzi Bankın idarə heyətinin sədr müavini Xəqani Abdullayevin “Azərbaycanda nağdsız ödənişlərin inkişaf perspektivləri”, Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin prezidenti Daniel Vittin “Vergi və iqtisadi islatahtlar. Azərbaycan xalqı üçün tərəqqi”, Belçikanın “Ecomod Network” şirkətinin prezidenti, professor Ali Bayarın “Neft hasil edən ölkələrdə vergitutma”, “Deloitte & Touche” şirkətinin partnyoru Nuran Kərimovun “Elektron vergi auditinin hüquqi tənzimlənməsi”, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının eksperti Anne Paavonahonun “ƏVD fırıldaqçılığı ilə mübarizə”, Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədovun “Könüllü əməletmə səviyyəsinin yüksəldilməsi vergi ödəyicilərinə xidmətin əsas hədəfidir”, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırovun “Əmək müqavilələrinin leqallaşmasının sosial-iqtisadi problemləri”, Milli QHT Forumunun prezidenti Rauf Zeyninin “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında dövlət qurumları və QHT-lərin əməkdaşlığının rolu” mövzularında çıxışları dinlənilmişdir.

İclaslarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılmış, forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış etmişlər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında