Azərbaycan Transxəzər qaz kəməri vasitəsi ilə Türkmənistan qazının Avropaya ötürülməsinə təminat verir

 

 

Transxəzər qaz kəməri ideyası Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı ilk dəfə 1997-ci ildə gündəmə gəlmişdir. Bundan sonra Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanmışdır. Sazişə əsasən, Türkiyə öz üzərinə Transxəzər qaz kəməri vasitəsilə ildə 30 milyard kubmetr qaz almaq öhdəliyi götürmüşdü.

1999-cu il fevralın 19-da Aşqabadda təntənəli surətdə Transxəzər qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında imzalanan müqaviləyə ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atmışdı. 1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılması layihəsi mövcud idi və Transxəzər kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstan ərazisindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalıydı. O zaman türkmən qazının Avropa bazarına çıxarılması ilə bağlı layihə gündəmdə deyildi: əsas və perspektiv bazar kimi Türkiyə nəzərdən keçirilirdi.

Rusiya və İran Transxəzər qaz kəmərinin əleyhinə müxtəlif səviyyələrdə iş aparırdılar. Vladimir Putin hakimiyyətə gələndən sonra bu layihə gündəmdən çıxdı və PGS konsorsiumu 2000-ci ilin ortalarında ləğv edildi.

2011-ci ildə Türkmənistan hökuməti uzunluğu 1000 kilometr və dəyəri iki milyard dollar olan daxili “Şərq-Qərb” qaz kəmərinin tikintisinə başlamışdır. Bu kəmər ölkənin şərq regionunun - Eloten və Xəzər sahillərindəki qonşu yataqların ehtiyatlarını vahid nəqliyyat şəbəkəsinə birləşdirmək, ordan dənizin dibi ilə 300 kilometrlik boru kəməri çəkərək Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxmaq üçün çəkilir.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 30 milyard kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin xərcləri hazırda təqribən 7,9 milyard avro məbləğində dəyərləndirilir.

Kəmərlə bağlı jurnalistlərə açıqlama verən sənaye və energetika naziri Natiq Əliyev demişdir ki, 90-cı illərdə Transxəzər qaz kəmərinin Türkiyəyə qədər çəkilməsi üçün 3 milyard dollara yaxın maliyyə vəsaiti tələb olunurdu, amma indi qiymətlər qalxıb, vəziyyət dəyişmişdir: “Təkcə Xəzərin dibi ilə boru xəttinin çəkilməsi 1-2 milyard dollara başa gələ bilər. Transxəzər qaz kəmərinin çəkilməsi çox mürəkkəb bir layihədir. 90-cı illərdə Türkmənistandan Türkiyəyə qədər bu kəmərin çəkilməsi gündəmə gətirilib və bununla bağlı çoxlu işlər görülüb. İlk növbədə o vaxtlar bunun iqtisadi əsaslandırılması hazırlanmışdı. Ancaq indi isə bu tam başqa bir mərhələdə yenidən qaldırılmışdır. Transxəzər qaz kəməri Cənub dəhlizi çərçivəsində mühüm bir layihədir və bu məsələ hazırda Avropa İttifaqı tərəfindən gündəmə gətirilmişdir. Bununla bağlı Türkmənistan, Azərbaycan və Aİ arasında danışıqlar aparılır, iki sənədin layihəsi hazırlanır. Birinci layihə siyasi bir sənəddir. Hansı ki, Türkmənistanla Azərbaycanın dövlət başçıları və Avropa İttifaqının başçısı Barozzo tərəfindən imzalanmalıdır. Yəni bu siyasi sənəd Cənub dəhlizinin reallaşmasına dəstəkdir və eyni zamanda Transxəzər qaz kəmərinin tikilməsinin vacibliyi bir daha qeyd olunmalıdır”.

N.Əliyev bildirmişdir ki, ikinci sənəd Transxəzər qaz kəmərinin tikintisi haqqındadır: “Bu da Azərbaycan və Türkmənistan hökumətləri arasında sazişin hazırlanması ilə bağlıdır. Biz bununla bağlı müxtəlif görüşlər keçirmişik və sənədlər artıq hazırdır. Bir-iki məsələ var ki, hələlik aydın deyil. Türkmənistan tərəfi bununla bağlı öz razılığını bildirir və təxminən 30 milyard kubmetrə qədər təbii qaz verməyə hazırdır. Ancaq Türkmənistan qazı öz sahilində Avropa İttifaqına vermək istəyir. Bu zaman bir çox problemlər yaranır. Kim bunu maliyyələşdirəcək? Hansı şirkətlər bu qazı alıb tranzit şəklində Azərbaycandan Avropaya nəql edəcəklər? Azərbaycan tərəfinin mövqeyi budur ki, biz Türkmənistandan daşınan qazın tam şəkildə ötürülməsinə təminat veririk. İlk növbədə Türkmənistan və Avropa İttifaqı bu layihənin reallaşmasında maraqlı olmalıdır. Daha sonra Azərbaycan da bu layihəyə dəstək verməlidir. Hər bir ölkənin öz siyasəti var. Azərbaycan digər ölkələrin siyasətinə qarışmaq istəmir. Bu Türkmənistanla Aİ arasında olacaq anlaşmadır. Daha sonra Azərbaycan bu layihəyə dəstək verəcək”.

 

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında