Şriftin ölçüsü:
06.07.2010 08:48 | Oxunma sayı: 532
İqtisadi İnkişaf Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərindən bildirmişlər ki, yay mövsümü ilə əlaqədar əhalinin sərinləşdirici içkilər və digər məmulatlara olan tələbatı artdıgından, aidiyyəti dövlət orqanları bu sahədə istehsalı və satışı həyata keçirən müəssisələr tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi işinə diqqəti gücləndirərək, keyfiyyətsiz məhsulların realizəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Belə ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) tərəfindən Şükürov Azər Əkbər oğlunun direktor olduğu Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 21 ünvanda fəaliyyət göstərən "AER" şirkətində dondurma məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılmışdır.
Yoxlama zamanı şirkətin anbarında satışa hazır 17 çeşiddə, ümumi çəkisi 19 min 318 kiloqram olan dondurmaların etiketlərində, habelə ümumi çəkisi 5 min 607 kiloqram olan bükmə materiallarında saxlama müddətlərinin normativ sənədlərdə nəzərdə tutulan vaxtdan artıq göstərildiyi, dondurma məhsullarının qablaşdırılmasında istifadə olunan, lakin istehsalçı və yararlılıq müddətləri göstərilməmiş üç çeşiddə 215 min 250 vafli məhsulları müəyyən edilərək, məhsul saxlamaya verilmişdir. Qeyd olunan məhsullardan istifadənin təxirə salınmadan dayandırılması və dondurma istehsalının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə "AER" şirkətinə iyunun 12-də göstəriş verilmişdir.
Həmçinin, yoxlamanın gedişində müəssisənin anbarında olan südlü, qaymaqlı və plombir dondurmalarının üç çeşidindən nümunələr götürülərək, laborator müayinəyə verilmiş, nəticədə plastmas qablaşdırmada olan 500 qramlıq plombir dondurmasında yağın və quru maddələrin ümumi kütlə payının normadan az, 65 qramlıq "Belıye noçi" adlı dondurmada mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, "Nağıl" adlı dondurmada isə bununla yanaşı, tərkibində bağırsaq çöpləri qrupundan bakteriyaların (koliformalar) olduğu aşkar edilmiş, bu səbəbdən həmin məhsulların ASİHMDX əməkdaşlarının nəzarəti altında məhv edilməsi və bu dondurmaların ticarət şəbəkələrindən geri yığılması barədə "AER" şirkətinə iyunun 18-də göstəriş verilmişdir.
Qeyd olunan göstərişlərin icra vəziyyəti iyunun 25-də yoxlanılaraq müəssisənin anbarında 19 min 318 kiloqram hazır məhsuldan 14 min 558 kiloqram və ya 4 min 760 kiloqram az, 5 min 604 kiloqram bükmə materiallardan isə yalnız 2 min 555 kiloqram və ya 2 min 555 kiloqram az aşkar edilmişdir. Müəyyən edilmişdir ki, verilmiş göstərişə riayət edilməyərək keyfiyyətsiz məhsullar ticarət şəbəkələrindən geri yığılmamış, eyni zamanda istehsalat prosesi davam etdirilməkdədir.
"AER" şirkəti 2010-cu il 19 iyun tarixli 121 nömrəli məktubla anbarda olan 4 min 760 kiloqram və ticarət şəbəkəsindən yığılmış 120 kiloqram dondurmaların "Təmiz Şəhər" ASC-in poliqonunda məhv edildiyini bildirsə də, yoxlama zamanı həmin firma tərəfindən heç bir dondurmanın "Təmiz Şəhər" ASC-yə təqdim olunmadığı və məhv edilmədiyi müəyyən edilmişdir.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı "AER" şirkətinin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etdikləri, həmin təşkilat tərəfindən istehsal olunan malların istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçıları aldadaraq, onların hüquqlarına və qanuni mənafelərinə, habelə istehlak bazarını tənzimləyən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması faktları təsdiq olunmuşdur. Kifayət qədər əsaslar olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan 200.2.2, 200.2.3 və 308.1-ci maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Səlahiyyətli dövlət orqanları vətəndaşları əmin edir ki, istehlakçıların aldadılmasına yönəldilmiş keyfiyyətsiz məhsul istehsal edən və satışını həyata keçirən fiziki və hüquqi şəxslərə qarşı kəskin mübarizə bundan sonra da davam etdirilərək təqsirkar şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilməsi təmin olunacaqdır.{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.