Keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası artıq dünyanın inkişaf etməkdə olan dövlətləri ilə bir sırada inamla irəliləyir. İndi ölkəmizin sosial-iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, orada sürətli inkişaf və tərəqqi meyilləri nəzərə çarpmasın. Bu da təsadüfi deyil. Çünki əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının, ölkənin yeni neft doktrinasının uğurla reallaşdırılması Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu güçləndirmişdir.
Ötən müddətdə neft-qaz ehtiyatlarının satışından əldə edilən gəlirlər ölkəmizin maliyyə imkanlarını xeyli artırmışdır. Neft gəlirlərinin artması isə öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinə, ölkədə güclü investisiya mühitinin formalaşdırlmasına səbəb olmuşdur. Hazırda Azərbaycanda istənilən sahədə son dərəcə nəhəng infrastruktur layihələri həyata keçirilir, ölkənin regionları sürətlə inkişaf edir. Sevindirici haldır ki, bir neçə il əvvəl investisiya cəlb edən Azərbaycan indi artıq investisiya qoyan ölkəyə çevrilmişdir.
İqtisadiyyatın şaxələndirilməsi bütün digər sahələr kimi aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Onu da deyək ki, hazırda əhalisinin təqribən yarısı bölgələrdə yaşayan Azərbaycanda aqrar sahənin böhrandan çıxarılması, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı getdikcə ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməkdədir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ilin avqust ayında qəbul olunmuş ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı müstəsna əhəmiyyət kəsb edir. Ötən müddətdə proqramın icrası ilə bağlı həyata keçirilmiş mühüm tədbirlər nəticəsində kənd təsərrüfatında əhəmiyyətli artım baş vermiş, yerli istehsal hesabına daxili bazarda məhsul bolluğu müşahidə olunmuşdur. Bu tendensiya yola saldığımız 2012-ci ildə də davam etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkənin aqrar bölməsində faktiki qiymətlərlə 4 milyard 763,7 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2011-ci ilə nisbətən 5,8 faiz çoxdur. İl ərzində bitkiçilik məhsulları 5,8 faiz, heyvandarlıq məhsulları isə 5,9 faiz artmışdır. Bu da qeyd etdiyimiz kimi, ölkəmizin ərzaq təhlükəsizliyinin təminatına, daxili bazarın tələbatının yerli istehsal hesabına ödənilməsinə mühüm töhfələr vermişdir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev bu vacib məsələyə toxunaraq demişdir: “İndi biz özümüzü əsas ərzaq malları ilə təmin edirik. Amma əlbəttə, istərdim ki, biz özümüzü 100 faiz təmin etmək səviyyəsinə çataq. Artıq görülən işlər, xüsusilə iri fermer təsərrüfatlarının yaradılması, meliorativ tədbirlərin görülməsi, kreditlərin verilməsi, infrastruktur, yolların və s. məsələlərin həlli hesabına biz buna nail olacağıq ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etsin... Bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən vacibdir, eyni zamanda, yerli istehsalın gücləndirilməsi deməkdir və dövlətimiz bu məqsədə çatmaq üçün, demək olar ki, hər şeyi edir”. Doğrudan da, son illər aqrar sahənin inkişafına dövlət dəstəyi xeyli artmış, kənd təsərrüfatında sahibkarlıq hissinin gücləndirilməsi istiqamətində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, artıq uzun illərdir ki, Azərbaycanda fermerlərə güzəştli kreditlər ayrılır, “Aqrolizinq” tərəfindən gətirilən texnikalar əlverişli şərtlərlə sahibkarlara icarəyə verilir. Bundan əlavə, aqrar sahədə istehsalçı marağını artırmaq məqsədilə gübrələr və yanacaq da son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Ən başlıcası isə, uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azaddırlar. Əlbəttə, dövlət başçımızın təbirincə desək, dünyada ikinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaratsın, onlara belə güzəştlər etsin. Bütün bunlar isə, hüç şübhəsiz, ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, daxili bazarda məhsul bolluğunun təmin edilməsinə hesablanmış addımlardır. Hətta yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevrilməsi də başlıca hədəf olaraq seçilmişdir. Bu məqsədə çatmaq üçün isə ölkəmizdə hər cür imkanlar, ən başlıcası isə dövlət dəstəyi mövcuddur.
Yeri gəlmişkən, regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” ölkə Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamında hər hektar əkin sahəsinin becərilməsində istifadə edilən yanacağa və motor yağlarına görə büdcə vəsaiti hesabına 40 manat yardımın verilməsi, habelə istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, adıçəkilən sərəncama uyğun olaraq ölkədə buğda istehsalının stimullaşdırılması məqsədilə hər hektar üçün əlavə 40 manat yardımın verilməsi və bütövlükdə sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyinin gücləndirilməsi ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalının artmasına öz müsbət təsirini göstərmişdir. Təkcə onu demək kifayətdir ki, ilkin məlumatlara görə, yola saldığımız 2012-ci ildə Azərbaycanda qarğıdalı da nəzərə alınmaqla 1030,8 min hektar sahənin hər hektarından orta hesabla 27,2 sentner olmaqla ilkin çəkidə 2 milyon 802,3 min ton taxıl məhsulu toplanmışdır. Bu da əvvəlki illə müqayisədə 343,8 min ton və ya 14 faiz çoxdur. Dənli və dənli paxlalıların isə 65, 9 faizi payızlıq və yazlıq buğdanın payına düşmüşdür. Ötən il ölkə üzrə tütün istehsalı 19,3 faiz artaraq 4,3 min tona çatmışdır. Bununla yanaşı, il ərzində ölkədə 3,6 min hektar sahədə emal üçün şəkər çuğundurunun əkini aparılmış və həmin sahələrdən 175,7 min ton məhsul götürülmüşdür. 2012-ci ildə ölkə üzrə 968,5 min ton kartof, 1milyon 214,9 min ton tərəvəz məhsulu toplanmışdır ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur. İl ərzində bostan məhsullarının istehsalı isə bir qədər azalaraq 428 min ton təşkil etmişdir. Ötən il Azərbaycanda meyvə və giləmeyvə istehsalı 44 min ton, üzüm istehsalı 13,1 min ton, çay yarpağı istehsalı isə 33,8 ton artmışdır.
2012-ci ildə payız-tarla işləri də müvəffəqiyyətlə başa çatdırılmış, payızlıq əkinlər üçün qaldırılmış 1079,2 min hektar şumun 93,4 faizi əkin məqsədilə istifadə edilmişdir. 2013-cü ilin məhsulu üçün həmin sahələrdə 1008,2 min hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Onu da deyək ki, dən üçün əkin sahələri əvvəlki ilə nisbətən 4,3 faiz artmışdır.
Kənd təsərrüfatının ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün də ötən il bir sıra vacib işlər görülmüşdür. Belə ki, il ərzində sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər heyvanların məhsuldarlığının yüksəlməsinə və mal-qaranın baş sayının, xüsusən də bu sahədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Belə ki, 2012-ci ildə ölkə üzrə diri çəkidə 478,8 min ton ət. 1719,6 min ton süd, 1226,7 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur. Bundan əlavə, heyvandarlığın inkişaf etmiş ənənəvi sahələrindən sayılan iri və xırda buynuzlu mal-qaranın yetişdirilməsi üzrə həyata keçirilmiş tədbirlər də müsbət nəticələr vermiş, 2013-cü il yanvarın 1-nə ölkədə iribuynuzlu mal-qaranın sayı 2703,9 min başa çatmışdır.
Ötən il Azərbaycanın meşəçilik təsərrüfatında faktiki qiymətlərlə 9 milyon 754,3 min manatlıq mal istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bununla yanaşı, hesabat ilində ölkənin balıqçılıq təsərrüfatları və fiziki şəxslər tərəfindən 182,3 milyon manat dəyərində 50,6 min ton balıq ovlqanmışdır.
Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər öz müsbət nəticəsini verir. Onu da qeyd etmək lazımdır ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir. Eyni zamanda, ölkə əhalisinin təqribən yarısının bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, bu sahə yeni təşəbbüslərin icra edilməsi, xüsusən də məşğulluğun təmin edilməsi üçün son dərəcə vacib və gərəkli bir sahədir. Təşəbbüslərdən söhbət düşmüşkən, aqrar bölmənin inkişaf etdirilməsi üçün iri fermer təsərrüfatlarının yaradılmasını bu sahədə reallaşdırılan mühüm tədbirlərdən biri kimi qeyd etmək olar. Hətta ölkə üzrə bu məqsədilə xüsusi yerlər də müəyyən edilmişdir. Artıq ilk beş min hektar sahədə iri fermer təsərrüfatının yaradılmasına başlanmışdır. Bu, eləcə də yaxın illərdə ayrılacaq digər sahələrin rentabelliyini artırmaq məqsədilə bir sıra lazımı aqrotexniki və meliorariv tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. 2013-cü ildə də bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi, aqrar sahədə bir sıra layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın 2013-cü ilin dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 494 milyon 300 min 403 manat vəsait ayrlmışdır ki, bunun da 408 milyon 259 min 368 manatı bilavasitə kənd təsərrüfatı xərclərinə aiddir. Kənd təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin ilbəil artırılması isə onu deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.