Cəlilabadda məhsul bolluğu yaradılır

 

 

 

“Torpaq deyir: öldür məni, dirildim səni!” -Ataların bu müdrik kəlamı Cəlilabadda həyati təsdiqini çoxdan tapmışdır. Torpağa əyilən, zəhmət çəkən hər kəs bunun bəhrəsini mütləq görür, öz güzəranını düzəldir, üstəlik də ölkənin məhsul bolluğuna sanballı töhfələr verir.

Cəlilabadda kənd təsərrüfatına yararlı torpaqlar 108,6 min hektardır. Bunun 76 min hektarı əkin, 2,7 min hektarı biçənək, 27,5 hektarı otlaq sahələridir. Rayon üzrə hər nəfərə 0,44 hektar torpaq düşür. Əhalinin 159 min nəfərinə və ya 32163 ailəyə torpaq payı verilmişdir. Taxılçılıq, üzümçülük, kartofçuluq, tərəvəzçilik, bostançılıq, meyvəçilik, yemçilik, eyni zamanda heyvandarlıq sahələri dinamik inkişaf etdirilir.

Rayonda kənd təsərrüfatı məhsullarının yarıdan çoxunu bitkiçilik, qalanını isə heyvandarlıq məhsulları təşkil edir. Ümumi həcmdə bu fərq 51-49 faiz nisbətindədir. Aqrar sahədə 176 fiziki və hüquqi şəxs, o cümlədən 4 dövlət müəssisəsi, 14 xidmət təşkilatı, 13 kooperativ, 144 fərdi sahibkarlıq təsərrüfatı fəaliyyət göstərir. Torpaq adamları ötən təsərrüfat ilini uğurla başa çatdırıb, məhsul bolluğuna nail ola biliblər.  Taxılçılıq rayonda ənənəvi sahədir. Keçən il hər hektardan 19,1 sentner olmaqla 131 min 200 ton məhsul götürülmüşdür ki, bu da əvvəlki ildəkindən 16 min 990 ton artıqdır. Faktiki istehsal intensiv inkişaf etdirilmişdir. Ümumi məhsulun tərkibində buğdanın xüsusi çəkisi 89 faizdir. Ötən il Prezident İlham Əliyev tərəfindən açılışı olmuş 10 min tonluq taxıl elevator anbarında istehsal olunmuş məhsul bazardan fərqli qiymətlərlə alınır.

Rayonda ən çox becərilən və istehsal olunan məhsullardan biri kartofdur. 2012-ci ildə 5177 hektar sahədə kartof becərilmiş, hər hektardan 159,8 sentner olmaqla 82 min 750 ton məhsul istehsal olunmuşdur. Lakin ilkin məhsul yaxşı qiymətə satılsa da, sonradan bəzi çətinliklər yaranmış və sahibkarlar müəyyən ziyanla işləmişlər. Tədarük təşkilatlarının yaradılması vacibdir. Cəlilabadda 2 min tonluq soyuducu anbar fəaliyyət göstərir. Daha birinin tikintisi başa çatmaq üzrədir.

Son illər inkişaf etdirilən sahələrdən biri də üzümçülükdür. Rayondakı pay, bələdiyyə və dövlət torpaqlarında 1214 hektar, həyətyanı sahələrdə isə 200 hektardan çox üzümlük var. Hesabat ilində hər hektardan 60,8 sentner olmaqla 9170 ton üzüm yetişdirilmişdir ki, bu da əvvəlki ildəkindən 2308 ton çoxdur. Üzümçülük əməktutumlu sahədir. Burada adamlar  ilboyu işlə təmin olunur. Rayonda yeni ilkin üzüm emalı zavodunun tikilməsinə tələbat duyulur.

Üzümçülük gəlirli sahədir. Onun inkişafı həm də yeni iş yerlərinin açılması deməkdir. Bunu nəzərə alaraq Prezidentin sərəncamı ilə 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı» təsdiq edilmişdir. Bu proqrama əsasən rayonda üzümçülük sahələri 5700 hektara çatdırılacaq.

Hesabat ilində rayonda xeyli bostan bitkiləri, qarğıdalı, günəbaxan, meyvə, şəkər çuğunduru da yetişdirilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarılmasıdır. Rayonda suvarılan sahələr 10310 hektardır. Bu da kənd təsərrüfatı təyinatlı torpaqların 9,5 faizini, əkin yerlərinin isə 13,6 faizini təşkil edir. Əkin yerlərinin 65,7 min hektarı dəmyə şəraitində becərilir. Suvarma “Dəmir-beton” və “Cənubi-Muğan” suvarma kanalları, “İncəçay”, “Göytəpəçay” dəryaçaları vasitəsi ilə həyata keçirilir. Əkinçilərin fikrincə, “Cənubi-Muğan” su kanalının yenidən qurulması yaxşı olardı. Bu kanal çay formasını almış, çox yerlərdə isə istifadəyə yararsız hala düşmüşdür. Rayonda 2 sudan istifadə birliyi fəaliyyət göstərir. 2013-cü ildə daha bir belə birliyinin yaradılması planlaşdırılır.

Cəlilabadda kənd təsərrüfatı işlərinin həyata keçirilməsi üçün 1004 traktor, 397 kotan, 94 kultivator, 71 toxumsəpən, 157  otbiçən, 228 kombayn, 20 gübrəsəpən, 51 çiləyici və torlayıcı var. Lakin servis xidmətlərinin işi yaxşılaşdırılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına uyğun olaraq rayonda hesabat ilində əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara 2 milyon 859,4 min manat, buğda əkininə görə 2 milyon 408 min manat, mineral gübrələrin güzəştlə satılmasına görə 2 milyon 059,4 min manat, cəmi 7 milyon 326 min 800 manat büdcə vəsaiti  yardım kimi verilmişdir.

Cəlilabad fermerləri deyirlər ki, onlar torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar.  “Biz bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq”.

Kənd təsərrüfatı məhsulları istehsalında heyvandarlığın da çəkisi böyükdür. Mal-qaranın, qoyunların baş sayına və məhsul istehsalına görə bu rayon respublikada önəmli yerlərdən birini tutur. İribuynuzlu mal-qaranın sayı 99133 baş, qoyun və keçilərin sayı 122463 başdır. Quşların sayı artaraq 856198 baş olmuşdur. Heyvandarlıq məhsulları da artmışdır. Ət istehsalı 17,5, süd istehsalı 26,6, yumurta istehsalı 39,8, yun istehsalı isə 0,3 faiz artmışdır. Ət və süd məhsullarının artmasına təsir göstərən amillərdən biri sürünün cins tərkibinin yaxşılaşdırılmasıdır. Rayonda ət istehsalının artmasına təsir göstərən amillərdən biri də “Cəlilabad-Broyler” quşçuluq təsərrüfatının uğurlu fəaliyyətidir. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə ASC-də istehsal gücü 9 ton/saat olan qarışıq yem dəyirmanı işə salınıb.

Aqrar sahədə çalışanların sayı da ilbəil çoxalır. Torpaqlardan səmərəli istifadə genişlənir. Torpaq adamları öz həyatlarını yetərincə təmin edə bilirlər. İndi rayonda elə bir yaşayış məntəqəsi yoxdur ki, orada neçə-neçə yeni, gözəl ev tikilməsin. Fərdi minik avtomobillərinin də sayı ilbəil artır. Bütün bunlar torpağa bağlılığın fərəhli nəticələridir.

Cəlilabad özünün inkişaf dövrünü yaşayır. Sosial sahə yenilənir, iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahələri də tərəqqi edir. Dövlət qayğısı inkişaf üçün əsas stimul sayılır.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin  bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında