Mərkəzi Bankın (MB) İdarə Heyətinin 2012-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. MB Kommunikasiya departamentindən APA-ya verilən məlumata görə, bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış etmişdir.
E. Rüstəmov bildirmişdir ki, ötən il Azərbaycan iqtisadiyyatının inkişafında mühüm illərdən biri olmuşdur. Mürəkkəb qlobal iqtisadi mühitdə ölkə iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirmiş, qeyri-neft sektoru iqtisadi artımın əsas mənbəyinə çevrilmişdir. 2012-ci ildə dünyanın əksər ölkələrinin kredit reytinqi azaldıldığı halda, Azərbaycanın beynəlxalq reytinqləri daha da yaxşılaşmışdır. Həyata keçirilən uğurlu sosial-iqtisadi strategiya nəticəsində 2012-ci il Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələnməsində mühüm illərdən biri olmuş, ölkə orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirmişdir.
E. Rüstəmov demişdir ki, çevik makroiqtisadi siyasət, o cümlədən MB-nin pul siyasəti nəticəsində 2012-ci ildə inflyasiya birrəqəmli səviyyədə olmuşdur. Manatın məzənnəsi makroiqtisadi sabitlikdə mühüm rol oynamışdır. Bank sektorunda maliyyə sabitliyi və dayanıqlıq təmin olunmuş, sektorun iqtisadiyyatda maliyyə vasitəçiliyi rolu daha da yüksəlmişdir. Maliyyə xidmətlərinə çıxış imkanları genişlənmiş, regional maliyyə infrastrukturu inkişaf etmiş, bank sisteminə inam yüksəlmiş, əhalinin əmanətləri artmışdır.
Qeyd olunmuşdur ki, MB ödəniş infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. Kütləvi ödənişlər sisteminin əhatəsi regionlara doğru genişləndirilmiş, POS-terminalların və ödəniş kartları vasitəsilə hesablaşmaların miqyasının daha da artırılması üzrə tədbirlər davam etdirilmişdir. Ölkədə nağdsız dövriyyənin artırılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Bankda yeni strateji plan çərçivəsində qəbul olunan layihələr 2012-ci ildə uğurla icra edilmişdir. Strateji planın realizasiyası həlledici mərhələyə daxil olmuşdur. Bankın fəaliyyətinin bütün istiqamətlərinin modernləşdirilməsi üzrə insentiv iş aparılmışdır. Bankın institusional inkişaf prosesi sürətlənmiş, insan resurslarının inkişafına diqqət artırılmış, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilmişdir.
İclasda aparılan müzakirələrdə həmçinin qeyd edilmişdir ki, MB-nin valyuta ehtiyatları ilin əvvəlindən 14 faiz artaraq 12 milyard dollara yaxınlaşmışdır. Bank özünün valyuta ehtiyatlarının idarə edilməsinin yeni strategiyasını formalaşdırmışdır. Ölkənin tədiyə balansında iri həcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklifin tələbi üstələdiyi şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün MB tərəfindən 1,5 milyard ABŞ dolları həcmində alışyönlü valyuta sterilizasiyası həyata keçirilmişdir. Nəticədə, dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0,2 faiz möhkəmlənmişdir.
İclasın yekununda ümumilikdə 2012-ci ilin nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov MB-nin qarşısında duran başlıca vəzifələri açıqlamışdır. O bildirmişdir ki, inflyasiya 5-6 faiz səviyyəsində hədəfənəcək, bunun üçün çevik pul siyasəti, o cümlədən sabit, lakin ixraca dəstək verə bilən səviyyədə məzənnə siyasəti yürüdüləcək.
Pul və maliyyə sabitliyi siyasəti sahəsində qərarların effektivliyinin yüksəldilməsi, bunun üçün iqtisadi diaqnostika aparatının beynəlxalq standartlaşması işləri sürətləndiriləcək. Pul və maliyyə sabitliyi siyasətinin şəffaflığı artırılacaq, bunun üçün yeni kommunikasiya məhsullarının istehsalı gücləndiriləcək. Nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, ipoteka mexanizminin inkişafı bankın fəaliyyətinin mühüm prioritetlərindən olacaq. Milli Ödəniş Sisteminin əsas komponentlərinin davamlı fəaliyyəti və inkişafı təmin ediləcək. Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təmin olunacaq.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.