“PAŞA Həyat Sığorta” 2012-ci ilə yekun vurdu

 

 

Dünən “PAŞA Həyat Sığorta” ASC-nin 2012-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirdə şirkətin ötən il ərzində topladığı yığımlar, verilən sığorta ödənişləri, şirkətin sığorta bazarındakı mövqeyi, əldə etdiyi nailiyyətlər, həmçinin, görülmüş işlər barədə ətraflı məlumat verildi.

“PAŞA Həyat Sığorta” ASC-nin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Elnur Hüseynquliyev bildirdi ki, 2011-ci illə müqayisədə 2012-ci ildə şirkətin topladığı sığorta haqlarının həcmi 80 faiz artaraq 14,697 milyon manata, sığorta riskləri üzrə verilən ödənişlərin həcmi isə təxminən iki dəfə artaraq 360 min manata çatıb. Yığımlarda 9,432 milyon manat icbari sığorta növünün, 5,264 milyon manat isə könüllü sığorta növlərinin payına düşüb. Məcmu daxilolmalarda icbari sığorta növünün payı təxminən 64 faiz, könüllü sığorta növlərinin xüsusi çəkisi isə 36 faizədək artıb. Şirkətin apardığı uğurlu siyasətin nəticəsi olaraq, hər il məcmu sığorta haqlarında könüllü sığorta növlərinin xüsusi çəkisi durmadan artır. Təsdiq olunmuş yeni strategiyanın tərkib hissəsi olaraq, könüllü sığorta növlərinin məcmu daxilolmalarda artım tempi növbəti illərdə də davam edəcək.

Daha sonra ödənişlərin strukturu ilə bağlı məlumat verildi. Qeyd olundu ki, 2012-ci ildə icbari sığorta növü üzrə (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) 263 min manat, könüllü sığorta növləri (kredit götürən şəxslərin həyat sığortası və həyatın yaşam sığortası) üzrə isə  95,877 min manata yaxın ödəniş həyata keçirilib.  Xüsusi ilə qeyd edilməlidir ki, təkcə ötən ilin dekabr ayında yalnız bir sığorta hadisəsinə görə şirkət tərəfindən 50 min manata yaxın (icbari) sığorta ödənişi verilib.    

Bütün bunlarla yanaşı, şirkətin ötənilki fəaliyyəti bir sıra uğurlu işlərin həyata keçirilməsi ilə də yadda qalıb. Belə ki, ötən ildə şirkət üçün ən böyük işlərdən biri 3 illik (2013-2015-ci illər) strateji inkişaf planının təsdiq edilməsi olub.  Daha bir uğurlu işin nəticəsi olaraq, Azərbaycan sığorta bazarında ilk dəfə “PAŞA Həyat”da yeni struktur bölmə kimi strateji, maliyyə, əməliyyat və digər risklərin idarə edilməsi məqsədi ilə Risklərin idarəolunması şöbəsi yaradılıb.

Qeyd edək ki, konfransda şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanmış 2012-ci il üzrə Azərbaycanın sığorta bazarının təhlili, bazar üzrə şirkətlərin payı, şirkətlərin nizamnamə fondu, həmçinin, həyat sığortası bazarının iştirakçıları barədə geniş təqdimat nümayiş olunub.

“PAŞA Həyat Sığorta” ASC-nin risklərin idarə olunması şöbəsinin müdiri Pərviz Quliyev çıxışında qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı bu gün özünün inkişaf dövrünü yaşayır. Ölkəmizdə  baş verən iqtisadi yeniliklər maliyyə sığorta sahəsinə də öz müsbət təsirini göstərir. Bu baxımdan sığorta şirkətləri də mövcud vəziyyətə uyğun siyasət qurmalı, yeni sığorta məhsulları hazırlayıb müştərilərə təqdim etməlidirlər. Cari ildə şirkətin regionlarda 4 yeni filial və nümayəndəliklərinin açılması, agentliklər şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. 2013-cü ildə  “PAŞA Həyat Sığorta”  ümumi sığorta yığımını 17 milyon manata çatdırmağı proqnozlaşdırır.

“PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə fondu 15,050 milyon manat təşkil edib.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında