İkinci Kənd İnvestisiya Layihəsi bütün kəndlərimizi əhatə edəcək

 

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyası hazırda onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Keçən əsrin 90-cı illərinin ortalarından sonra Azərbaycan özünün siyasi sabitlik və iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Böyük neft və qaz müqavilələrinin gerçəkləşməsi ölkəmizin iqtisadi inkişafının yeni üfüqlərini müəyyən etdi.

Ölkəmizin ildən-ilə artan iqtisadi imkanlarını nəzərə alan Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, biz fəaliyyətimizi yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmamalıyıq. Hərtərəfli inkişafa nail olmaq üçün bütün sahələrdə kompleks islahatlar aparılmalı,o cümlədən infrastruktur layihələrinin gerçəkləşməsinə xüsusi diqqət yetirilməli, qlobal investisiya layihələrinin həyata keçirilməsi təmin edilməlidir.      Bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə həyata keçirilən hər bir layihə sırf bazar iqtisadiyyatı prinsiplərini, açıq desək, daha çox mənfəət götürülməsini nəzərdə tutur. Buna baxmayaraq bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda belə layihələr götürülən mənfəət nəzərə alınmadan xalqın rifahı naminə həyata keçirilir.

Son illərin dövlət büdcəsinə nəzər salsaq infrastruktur layihələrinin gerçəkləşməsinə ayrılan vəsaitin miqdarı dediklərimizin həqiqət olduğunu bir daha təsdiqləyər. Bütün bunlar onu göstərir ki, infrastruktur layihələrinin həyata keçirilməsi ictimai həyatın bütün sahələrinin yenidən qurulması məqsədilə Azərbaycanda reallaşdırılan sosialyönümlü layihələrin tərkib hissəsidir. Haqlı olaraq Prezidentimiz də davamlı sosial-iqtisadi inkişafın yeganə yolunu infrastrukturun yeniləşməsində, qabaqcıl texnologiyanın mənimsənilməsində görür və bu   istiqamətdə əlindən gələni edir. Bunun nəticəsidir ki, ölkəmizin bütün regionları tədricən canlanmağa başlayır və hər yerdə irimiqyaslı layihələr həyata keçirilir. Kəndlərin illər boyu yığılıb qalan problemləri tədricən öz həllini tapmağa başlayır.

Bu  məqamda bir  fikri xüsusilə qeyd etmək istəyirəm. 2000-ci il mayın 18-də ulu öndər Heydər Əliyev donor ölkələrin, beynəlxalq humanitar təşkilat nümayəndələrinin iştirakı ilə Bakı şəhərində keçirilən “İnkişaf Problemləri və Strateji İstiqamətlər” mövzusunda beynəlxalq konfransda məhz “Humanitar Yardımdan İnkişafa Doğru” strategiyasını müəyyənləşdirdi. Məhz bu istiqamətdə son illər qəbul edilmiş və uğurla həyata keçirilən iqtisadi proqramlar arasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL-in) xüsusi yeri var. Bu layihə ilkin olaraq  Azərbaycan Hökuməti və Dünya Bankı arasında 2004-cü ilin 23 sentyabrında bağlanmış sazişə əsasən respublikanın 3 zonasında: Naxçıvan (Şərur, Ordubad, Culfa, Kəngərli, Babək, Şahbuz, Sədərək), Muğan-Salyan (Cəlilabad, Neftçala, Salyan, Saatlı, İmişli, Biləsuvar, Sabirabad), Düzən Şirvan (Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax)  zonalarında həyata keçirilərək 2005-2008-ci illəri əhatə etmişdir.

Bu illər ərzində 3 zonada 340 layihə həyata keçirilmiş və təqribən bir milyona qədər kənd əhalisinin yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olmuşdur. Bu, sadəcə, rəqəm yox, hər üç zonada onlarca kəndin içməli və suvarma suyu ilə təmin edilməsi, kənd yollarının əsaslı təmiri və bərpası, məktəb tikintisi və təmiri, elektrik sisteminin bərpası və genişləndirilməsi, kəndlərdə drenaj kanallarının təmiri və çəkilməsi və s. deməkdir. Dəfələrlə Dünya Bankının Nəzarət Missiyası layihələrin texniki icrası və onun keyfiyyətinin monitorinqini keçirmiş, nəticə etibarilə Dünya Bankı və Azərbaycan Hökuməti layihələrin yüksək keyfiyyətini qeyd etmişlər.

AzKİL-in  uğurlu fəaliyyəti onun əhatə dairəsinə daxil olmayan rayon rəhbərlərinin, kənd sakinlərinin, bələdiyyələrin ciddi marağına səbəb olmuş, Azərbaycan Hökumətinin, Kənd Təsərrüfatı Nazirliyinin, təmsil olunduğu agentliyin, eləcə də layihə rəhbərliyinin ünvanına bu layihənin  həmin rayon və kəndlərdə də tətbiqi ilə bağlı çoxsaylı məktublar daxil olmuşdur. Məhz AzKİL-in uğurlu fəaliyyəti və əldə etdiyi nəticələr Azərbaycan Hökuməti və Dünya Bankını 2009-cu ilin 20 aprelində onun fəaliyyətinin uzadılması və yeni zonaların cəlb olunması bərədə AzKİL üçün “Əlavə Maliyyələşdirmə ”Sazişi bağlamağa sövq etdi. Layihənin fəaliyyət zonası Naxçıvan MR qalmaqla Şimal (İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz) və Şimal-Qərb (Bərdə, Tərtər, Goranboy, Samux, Göygöl, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Gədəbəy) zonalarına qədər genişləndi. Bu zonalarda da həmişə olduğu kimi, kənd sakinlərinin özləri tərəfindən qəbul olunan layihələr yüksək keyfiyyətlə reallaşdırılmış və əsasən bələdiyyələrin, eləcə də dövlət qurumlarının balansına təhvil verilmişdir.Yuxarıda qeyd olunduğu kimi ildə, ən azı, iki dəfə Dünya Bankının AzKİL üzrə Nəzarət Missiyası layihənin fəaliyyətini qiymətləndirmək məqsədilə Azərbaycana səfərlər edir və hər dəfə də texniki  icrada olan və təhvil verilmiş layihələrlə yaxından tanış olur, öz rəy və təkliflərini bildirir. Onu da qeyd etmək lazımdır ki, həmin missiyanın tərkibində həmişə yüksək səviyyəli beynəlxalq mütəxəssislər təmsil olunurlar.

2010-cu ilin yayında  AzKİL-in ünvanına sevindirici bir xəbər gəldi. Dünya Bankının Şərqi Avropa  və  Mərkəzi Asiya regionları ərazisində həyata keçirilən yüzdən artıq layihənin arasından ən layiqli 47 layihə seçilmiş və  “İnsanların həyatının yaxşılaşdırılması” müsabiqəsində qalib elan edilən 12 layihədən biri  olmuşdur. 2010-cu ildəki bu müsabiqənin məqsədi qaliblər arasından Dünya Bankından alınmış kreditlə həyata keçirilən müxtəlif layihələrin Analitik Məsləhət Tədbirlərinin təmsili və özlərinin inkişaf məqsədləri, bu və ya digər göstəricilər, öyrənilmiş mühüm dərslərə müvafiq güclü nəticələr əldə edən namizədlərin seçilməsi idi. Xüsusi olaraq sektor islahatlarına töhfələr vermiş, infrastrukturu gücləndirmiş və müsabiqənin qalibi olmuş 12  layihə iş yerlərinin sayının artırılması, kiçik biznesin inkişafı, səhiyyə xidmətinin gücləndirilməsi, məhsul artımına səbəb olan su və suvarma sistemlərinin bərpası kimi  layiqli nəticələr nümayiş etdirmişdir.

2010-cu ilin sentyabrında Dünya Bankının vitse-prezidentinin Azərbaycana səfəri zamanı “İnsanların həyatının yaxşılaşdırılması” müsabiqəsinin 12 qalibindən biri olan AzKİL-in rəhbərliyinə bu müsabiqənin mükafatı təqdim edilmişdir. Əlbəttə, bütün bunlar ölkəmizdə siyasi sabitliyin və iqtisadi inkişafın qarantı olan Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin məqsədyönlü, qətiyyətli və reallığa söykənən fəaliyyətinin nəticəsidir. Yeri gəlmişkən, onu da qeyd edək ki, kəndlərin hərtərəfli və uzunmüddətli inkişafına yönələn  layihələrin məhz  Kənd Təsərrüfatı Nazirliyinin ümumi rəhbərliyi altında həyata keçirilməsi bu uğurların əldə olunmasında əsas faktordur.                 AzKİL kollektivinin ən böyük arzusu bu layihənin respublikanın bütün ərazisini əhatə etməsi, daha böyük uğurlara imza atılması və daha çox insanları sevindirməsidir.

Uzun müddət idi ki,  Kənd İnvestisiya Layihəsinin uğurlu fəaliyyəti onun əhatə dairəsinə daxil olmayan rayon rəhbərlərindən, kəndlərin yerli icra və bələdiyyə strukturlarından  Azərbaycan Hökumətinin, Kənd Təsərrüfatı Nazirliyinin və layihə rəhbərinin ünvanına çoxsaylı müraciətlər daxil olurdu. Onlar bu layihənin fəaliyyət dairəsinin genişləndirilməsini və müddətinin uzadılmasını xahiş edirdilər. Bütün bunları nəzərə alan ölkə rəhbərliyi və Dünya Bankı layihənin ikinci mərhələsi ilə bağlı razılıq əldə ediblər. 2012-ci il oktyabrın 19-da Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında layihənin fəaliyyətinin bütün ölkə ərazisini (işğal altındakı ərazilərdən başqa) əhatə etməsi ilə bağlı İkinci Kənd İnvestisiyaları Layihəsinin  beş il müddətində maliyyələşdirilməsi barədə saziş bağlanıb.

Yeni layihənin məqsədi icma yönümlü kənd infrastrukturlarına çıxışı və istifadəni, kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini artırmaqdır. İkinci Kənd İnvestisiya Layihəsi 2012-2017-ci illər ərzində 600 icma layihəsini maliyyələşdirəcəkdir ki, bunun da nəticəsində regionlarda kənd təsərrüfatı məhsullarının artımı və onların bazarlara çıxışı əhəmiyyətli dərəcədə artacaqdır. Layihədən faydalananların sayı təxminən 2 milyon nəfərə, yeni yaradılacaq iş yerlərinin sayı isə 18 minə çatdırılacaq.

 Sübhan ƏSGƏROV,
İkinci Kənd İnvestisiya Layihəsinin direktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında