Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı vergi ödəyiciləri ilə görüş və treninqlər keçirilmişdir

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri üçün Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə əlaqədar görüş keçirilmişdir. Tədbirdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və 400 nəfərədək sahibkar iştirak etmişlər.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov görüşü açaraq tədbirin məqsədi barədə danışmışdır. Qeyd olunmuşdur ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər ölkə Prezidentinin Vergilər Nazirliyinin qarşısına qoyduğu tələblərə uyğun olaraq, Azərbaycanda partnyorluq, qarşılıqlı faydalara söykənən dövlət-biznes münasibətlərinin qurulması istiqamətində daha bir addımdır. Ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanunu barədə məlumat verən Ə.Məmmədov bu qanunun qəbulunun vergi qanunvericiliyinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulamışdır.

Görüşdə çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev Vergi Məcəlləsinə dəyişikliklər barədə ətraflı məlumat vermişdir. Vergi Məcəlləsinin 65 maddəsinə 131 bənd üzrə 176 əlavə və dəyişikliyin edildiyini vurğulayan idarə rəisi dəyişikliklərin əsasən vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, vergi ödəyicilərinin mənafelərinin qorunması, vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı məsələləri əhatə etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, dəyişikliklərin əsas hissəsini sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, vergi ödəyicilərinə və vətəndaşlara müxtəlif vergi güzəştlərinin verilməsi, ölkəmizin investisiya cəlbediciliyinin artırılmasına xidmət edən dəyişikliklər təşkil edir.

Görüşdə çıxış edən BŞVD-nin struktur bölmələrinin rəhbərləri Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin mahiyyəti barədə geniş məruzələr etmiş, məcəlləyə daxil edilmiş yeni anlayışlar, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi ilə bağlı müddəalar, kameral və səyyar vergi yoxlamalarına, operativ nəzarət tədbirlərinə və maliyyə sanksiyalarına edilmiş dəyişikliklər, vergi ödəyicilərinin bank hesablarına sərəncamların qoyulması və borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınmasındakı yeniliklər barədə ətraflı məlumatlar vermişlər. Fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisi, aksiz, əmlak, torpaq, yol və sadələşdirilmiş vergilərdə edilmiş dəyişikliklər, o cümlədən ƏDV-nin ödənilməsi prosesindəki yeniliklər də vergi ödəyicilərinin nəzərinə çatdırılmışdır.

Görüşün sonunda vergi ödəyicilərinin müxtəlif məsələlərlə bağlı çoxsaylı sualları cavablandırılmışdır.

Xatırladaq ki, 2013-cü ilin 1 yanvar tarixindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minmişdir. Məcəllənin yeni müddəalarının tətbiqi, vergilərin düzgün hesablanması ilə bağlı yarana biləcək  sualların cavablandırılması, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsi işlərində köməklik göstərilməsi məqsədilə Vergilər Nazirliyinin müvafiq struktur bölmələrində treninqlərə başlanmışdır.

Bu günə qədər Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti, Vergi Cinayətlərinin İbtidai Araşdırılması və Vergi Auditi departamentlərinin, bir sıra  ərazi vergilər idarələrinin əməkdaşları üçün müvafiq treninqlər keçirilmişdir və yaxın gələcəkdə bütün yerli vergi orqanlarında analoji treninqlərin keçirilməsi nəzərdə tutulur. Treninqləri Vergilər Nazirliyinin müvafiq struktur bölmələrinin vəzifəli şəxsləri aparır. Treninqlərdə Vergi Məcəlləsindəki dəyişikliklər və onların aktuallığı, məcəlləyə edilən hər bir dəyişikliyin praktiki fəaliyyətdə tətbiqi izah edilir, vergi qanunvericiliyinin tam və dəqiq tətbiq olunması ilə bağlı məsələlərə xüsusi diqqət yetirilir.

Paralel olaraq vergi ödəyiciləri ilə də müvafiq maarifləndirmə və izahat işləri aparılır.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında