21 il bundan öncə, 1992-ci il yanvarın 30-da, Azərbaycan öz suverenliyini bərpa etdikdən üç ay sonra ölkənin iqtisadi təhlükəsizliyini təmin edəcək yeni bir qurum-Dövlət Gömrük Komitəsi yaradıldı.
Dövlət Gömrük Komitəsi ötən 21il ərzində sürətli inkişaf yolu keçmiş, ölkəmizdə dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır. Lakin Azərbaycan gömrüyü iqtisadiyyatın digər sahələri kimi yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən qurularaq, həyata keçirilən irimiqyaslı tədbirlər və geniş kadr islahatları nəticəsində təşəkkül tapmağa başlamışdır. Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. Məhz Heydər Əliyevin tələbkarlığı gömrük orqanlarında uğurların təminatçısı olmuş, beləcə gömrük sistemi dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilmişdir. Qısa zaman kəsiyində respublikanın iqtisadi suverenliyi və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşan Azərbaycan Gömrük Xidməti bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində dünya standartlarına cavab verən modern dövlət təsisatına çevrilmişdir.
Bəli, Azərbaycan Respublikasının müasir gömrük sistemini müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev yaratmışdır. Yanvarın 30-nun gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də məhz onun adı ilə bağlıdır. Belə ki, Azərbaycan Prezidentinin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilmişdir.
Fəxrlə deyə bilərik ki, artıq Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı uğurla mübarizə aparır.
Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Son illər ərzində Azərbaycan Gömrük Xidmətinin öz inkişafının pik nöqtəsinə doğru inamla irəliləməsi dövlət başçısının respublikamızda hər bir sahəyə olduğu kimi, gömrük sisteminə də olan gündəlik diqqət və qayğısının bariz nümunəsidir.
Gömrük sisteminin qurulmasında, kadr siyasətində, dövlət büdcəsi qarşısında öhdəliklərin yerinə yetirilməsində ciddi nöqsanlara yol vermiş və strateji əhəmiyyətli malların qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasına şərait yaratmış Dövlət Gömrük Komitəsinin rəhbərliyini tutduğu vəzifədən uzaqlaşdırmaqda dövlət başçısı Heydər Əliyevin əsas məqsədi Azərbaycan gömrük orqanlarının işinin kökündən dəyişdirilməsi, sağlam əsaslar üzərində qurulması idi. 1995-ci ilin əvvəllərindən etibarən, Dövlət Gömrük Komitəsi yeni rəhbərliyinin az müddətdə kadr potensialını yeniləşdirməsi, gömrük nəzarətinin və xidməti intizamın gücləndirilməsi, struktur dəyişikliklərinin aparılması, gömrük buraxılış məntəqələrinin texniki resurslarının möhkəmləndirilməsi və yeni gömrük postlarının yaradılması, avtomatlaşdırılmış idarəetmə sisteminə keçid, tarif-tənzimləmə sisteminin təkmilləşdirilməsi və s. tədbirlər nəticəsində respublikada gömrük işinin yenidən qurulmasına başlanıldı.
Ümummilli lider Heydər Əliyev 1997-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncaqdakı nitqində gömrük orqanlarının fəaliyyətini son dərəcə dəqiqliklə təhlil edərək, bu sistemdə yaranmış problemlərin həlli yolunun tələbkarlıq və nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, hər bir gömrük işçisinin öz dövlətinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü göstərmişdir.
Bununla da Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu xeyli artırıldı, gömrük işinin iqtisadi göstəriciləri və maddi-texniki resursları, informasiya təminatı yaxşılaşdırıldı, gömrük qanunvericiliyinin formalaşdırılması, hüquqi-normativ sənədlərin və gömrük işinə dair ilk milli dərsliklərin yaradılması, tədris-metodiki vəsaitlərin hazırlanması həyata keçirildi, Azərbaycan gömrüyünün beynəlxalq təşkilatlarla əlaqəsinin daha da möhkəmləndirilməsi və təcrübə mübadiləsi aparılması sahəsində səylər geniş xarakter aldı. Bir sözlə, bu gün ölkəmizdə dünyanın ən təkmil gömrük sistemlərindən biri fəaliyyət göstərir.
Dövlət Gömrük Komitəsi və onun yerli strukturları hər il olduğu kimi ötən 2012-ci il ərzində də öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını, Gömrük Məcəlləsini, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını və gömrük işini tənzimləyən digər normativ-hüquqi aktları əldə rəhbər tutaraq tərtib olunmuş iş planı əsasında qurmuşdur.
Dövlət Gömrük Komitəsi və onun yerli strukturları tərəfindən ötən dövr ərzində idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsinin və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi, gömrük-vergi qanunvericiliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində müvafiq işlər görülmüş, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması halları ilə mübarizənin gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, elektron gömrük xidmətlərinin təşkili, beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi, gömrük orqanlarının maddi-texniki bazasının inkişaf etdirilməsi və s. sahələrdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
İlk olaraq qeyd edim ki, 2012-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyən edilmiş 1 milyard 200 milyon manat büdcə proqnozuna qarşı 1 milyard 208,35 milyon manat gömrük vergi və rüsumlarının toplanıb dövlət büdcəsinə köçürülməsi uğurla təmin olunmuş, nəticə etibarı ilə proqnoza 100,7 faiz əməl edilmişdir.
Ötən il gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən müvafiq işlər həyata keçirilmişdir. “Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”, “Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”, “Ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi Qaydaları”, “Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”, “Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədilə gömrük orqanları tərəfindən istifadə olunan texniki nəzarət vasitələrinin siyahısı və onlardan istifadə Qaydaları”, “Gömrük brokerinin dövlət reyestrinin aparılması Qaydaları”, “Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”, “Mallara gömrük təminatının vurulması Qaydaları” və “İdxal olunmuş malların kabotaj daşınması Qaydası” hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmişdir.
Yola saldığımız 2012-ci ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülmüşdür. Ötən dövr ərzində gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti əsasən qabaqcıl dünya təcrübəsinə əsaslanan metodların tətbiqi, əməliyyat-axtarış və qabaqlayıcı-profilaktik tədbirlərin gücləndirilməsi, habelə hüquqpozmalara qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi yolu ilə Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunmasına, hüquqpozma törətmiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsinə yönəlmişdir.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2012-ci il ərzində 14606 hüquqpozma faktı aşkar edilmişdir ki, bunlardan 272-si cinayət xarakterli faktlar olmuş və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 3 milyon 855 min 85 manatdan çox təşkil etmişdir. Bu əməllərin törədilməsində şübhəli bilinən 237-si Azərbaycan, 75 nəfəri xarici vətəndaş olmaqla , ümumilikdə 312 nəfərin barəsində müvafiq tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən “ötürücü məntəqə” kimi istifadə olunmasına yol verməmək məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən, digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində 2012-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 87 fakt aşkar olunmuşdur.
Bu faktlar üzrə ümumilikdə 136 kq 876 qram narkotik, o cümlədən, 107 kq 513 qram həşiş, 3 kq 869 qram heroin, 10 kq 540 qram tiryək, 0,216 qram kokain, 102,17 qram marixuana, 9,42 qram metadon, 12 kq 613 qram metamfetamin və digər narkotiklər qanunsuz dövriyyədən çıxarılmışdır. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 110 nəfər (103 kişi, 7 qadın) barəsində müvafiq tədbirlər görülmüşdür. Bundan başqa, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 narkoqrup zərərsizləşdirilmişdir.
Ötən il ərzində gömrük-sərhəd keçid məntəqələrində xidmət göstərən instruktor-kinoloqlar tərəfindən onlara təhkim olunmuş xidməti axtarış itlərinin tədbiqi nəticəsində 11 fakt üzrə 3 kq 537 qram narkotik, o cümlədən, 71,13 qram həşiş, 2 kq 364 qram tiryək, 1 kq 86 qram heroin, 2,382 qram metamfetamin, 14 qram marixuana və 110 qutu müxtəlif dərman vasitələri aşkar olunmuşdur.
Narkotik vasitələrin qaçaqmalçılığının transmilli xarakteri ona qarşı mübarizədə beynəlxalq əməkdaşlığı zəruri edir. Ona görə də hesabat ilində bir sıra beynəlxalq təşkilatlarla, habelə dıgər ölkələrin gömrük xıdmətləri ilə sıx əməkdaşlıq edilmiş, bu istiqamətdə birgə tədbirlər həyata keçirilmişdir.
Ötən il sentyabrın 11-14 tarixlərində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi üzv ölkələrinin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə II yarışı keçirilmiş və bu yarışda Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin instruktor-kinoloqları 724 bal toplayaraq birinci yerə layiq görülmüşlər.
2012-ci il ərzində qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə istiqamətində hədəflərin müəyyənləşdirilməsi işi təkmilləşdirilmiş, riskin idarə olunması sistemindən istifadə genişləndirilmiş, səlahiyyətlər daxilində operativ nəzarət gücləndirilmişdir. Ötən il aşkar olunmuş 14334 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 373 hüquqi şəxs (o cümlədən, 165 xarici hüquqi şəxs) və 13945 fiziki şəxs (o cümlədən, 8827 xarici) inzibati məsuliyyətə cəlb edilmiş, göstərilən şəxslərə qarşı 1 milyon 172 min 525 manat cərimə tətbiq olunmaqla, dəyəri 182 min 352 manat olan mallar müsadirə edilmişdir.
Valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində qanunvericiliyin tələblərini pozan şəxslərdən - 337972 ABŞ dolları, 12738 avro, 18516100 rus rublu, 4 kq 651 qram qızıl, 1391745 manat dəyərində 38 ədəd qızıl əşya, 10 kq 218 qram gümüş, 63565 manat dəyərində 3716 ədəd gümüş əşya, 334 karat qiymətli daşlar tutulmuşdur.
Eyni zamanda, alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilmiş, aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 818728 ədəd xaricdə istehsal olunan siqaret, 1240 litr və 26646 ədəd spirtli içki saxlanılmışdır.
Hesabat ilində mobil telefonlarla əlaqədar törədilmiş hüquqpozmaların xüsusi həcminin artımı müşahidə olunmuş, hüquqpozma predmeti kimi 13 min 322 ədəd mobil telefon götürülmüşdür. Bundan əlavə, gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 4 odlu silah, 46 ədəd pnevmatik silah, 3 ədəd ov silahı, 32 ədəd soyuq silah, 17 ədəd xalça və külli miqdarda digər mallar tutularaq barələrində müvafiq tədbir görülmüşdür.
Azərbaycan Gömrük Xidməti tərəfindən Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) yaradılması, məlumatların yoxlanılması və emalı, yeni proqram təminatlarının yaradılması, korporativ şəbəkənin genişləndirilməsi, Azərbaycan Respublikasının xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahəsində də bir sıra mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir.
Kommunikasiya və informasiya təhlükəsizliyi istiqamətində - əlaqənin keyfiyyətini yaxşılaşdırmaq və məlumat mübadiləsinin sürətini artırmaq məqsədilə Bakı Baş Gömrük İdarəsinin Sahil və Bərə, Enerji Gömrük İdarəsinin Liman gömrük postlarında Wİ-MAX naqilsiz şəbəkəsi və Enerji Gömrük İdarəsinin Yeni Səngəçal gömrük postunda peyk rabitəsi fiberoptik xətt ilə əvəz edilmişdir. Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsində, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanı gömrük postunda, komitənin “Azterminalkompleks” Birliyində və Kinoloji Mərkəzdə lokal şəbəkə qurulmuş və fiberoptik xətt vasitəsi ilə DGK-nın korporativ şəbəkəsinə qoşulmuşdur. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Wi-Max vasitəsilə şəbəkəyə qoşulmuş, Enerji, Avtonəqliyyat, Aksiz, Şirvan, Yevlax gömrük idarələrində və Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postunda lokal şəbəkələr yenilənmişdir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə komitənin elektron informasiya resurslarının ehtiyat (back up) server mərkəzi istismara verilmiş, elektron sənəd dövriyyəsinin idarə olunması və təhlükəsizliyinin təmin edilməsi üçün mərkəzi Mail Server yaradılmış və Anti-Spam filter sistemi tətbiq edilmiş və s. işlər görülmüşdür.
Həyata keçirilən mühüm tədbirlər elektron gömrük xidmətləri sahəsində də davam etdirilmiş, gömrük-biznes əməkdaşlığı çərçivəsində vətəndaş-məmur təmasını minimuma endirmək məqsədilə xarici iqtisadi fəaliyyət iştirakçılarının (XİF) həyata keçirdikləri ayrı-ayrı gömrük əməliyyatlarının gömrük orqanlarına bilavasitə gəlmədən və 24/7 saat rejimində həyata keçirilməsini təmin etmək üçün komitənin rəsmi internet saytında “XİF iştirakçısının şəxsi kabineti” bölməsi yaradılmışdır. Hazırda bu bölmə vasitəsilə bir sıra əməliyyatların aparılması - gömrük rəsmiləşdirilməsi və gömrük qaydaları haqqında XİF iştirakçısına lazım olan informasiyaların əldə olunması; gömrük rəsmiləşdirilməsi ilə bağlı müraciətin elektron qaydada təqdim olunması, müxtəlif vətəndaş sorğuları, ərizə və şikayətlərin qəbulu, mal və nəqliyyat vasitələrinin ilkin bəyan olunması və gömrük rəsmiləşdirilməsi ilə bağlı Mərkəzi Gömrük Ekspertiza İdarəsinə müraciət olunması mümkündür.
Bundan başqa, bütün sərhəd-gömrük orqanlarında informasiya-məlumat köşkləri quraşdırılmışdır. Burada fiziki şəxslər köşklərdən istifadə etməklə gətirdikləri (apardıqları) əşya və valyutaları gömrük orqanında bəyan edə bilirlər. Həmin şəxslər köşklərdən gömrük rəsmiləşdirilməsi və gömrük qaydaları haqqında lazımi məlumatlar da əldə edə bilərlər. “Fiziki şəxslər üçün gömrük bəyannaməsi” avtomatlaşdırılmış sistemi yaradılmışdır ki, Azərbaycan Respublikasına gələn və ya respublika ərazisini tərk edən fiziki şəxslər bu sistemdən istifadə etməklə gömrük sərhədlərindən keçirdikləri malları və qiymətli əşyaları öz vaxtlarına qənaət etməklə elektron qaydada qabaqcadan bəyan edə bilərlər. DGK-nın internet saytında yaradılmış imkandan istifadə etməklə bu şəxslər komitənin mobil qrupları ilə əlaqə yaradıb məlumat verə və ya yardım da istəyə bilərlər. Komitənin internet saytı vasitəsilə ictimaiyyətin gömrük orqanlarının fəaliyyəti, gömrük işi sahəsində yeniliklər və gömrük xidməti ilə bağlı digər məsələlər üzrə məlumatlandırılması sistemi də təkmilləşdirilmiş, saytın əksər bölmələrinin ingilis və rus dili variantları hazırlanmışdır.
Dövlət Gömrük Komitəsi beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü iş aparmışdır. Belə ki, ötən ilin aprelində Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” imzalanmışdır. Həmin ay Dövlət Gömrük Komitəsində ABŞ-ın İxracat Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində ABŞ nümayəndə heyəti ilə görüş zamanı “Avadanlıqların ötürülməsi haqqında” qrant sazişinə əsasən Dövlət Gömrük Komitəsinə ABŞ-da istehsal olunmuş və köməkçi alətlərlə təchiz edilmiş iki ədəd “Ford Mobile Tool Service Vehicle” xüsusi təyinatlı nəqliyyat vasitəsi təqdim olunmuşdur. Sentyabrda isə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranın diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Dövlət Gömrük Komitəsində keçirilmiş görüş zamanı BMT İnkişaf Proqramı tərəfindən “Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək” layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinə elektron gömrük xidmətlərini təmin edən 18 ədəd informasiya köşkü təqdim edilmişdir.
Bundan başqa, ötən ilin may ayında Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri Yungsup Joonun, oktyabrda Uruqvay Şərq Respublikası Milli Gömrük İdarəsinin baş direktoru Enrike Kanon Pedraqosanın və Toqo Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyinin baş Gömrük İdarəsinin Baş direktor müavini Ekpao Adjabonun, dekabrda isə Argentina Respublikası Dövlət Gəlirləri Federal Administrasiyasının rəhbəri Rikardo Eçeqarayın rəhbərliyik etdiyi nümayəndə heyətləri respublikamızda səfərdə olmuşdur. Nümayəndə heyətlərinin Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə keçirilən görüşlərində tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etmiş, qonaqlar DGK-nın bir sıra strukturları ilə yaxından tanış olmuşlar.
Xatırladım ki, Uruqvay gömrük xidmətinin rəhbəri bu ölkənin Azərbaycana səfər edən ilk yüksək vəzifəli şəxsi, eləcə də Toqo gömrükçüləri bu ölkədən Azərbaycana gələn ilk rəsmi nümayəndə heyəti olmuşdur. Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivi bu ilklərə imza atmağın məmnunluğunu duymaqla yanaşı, bu ilk əməkdaşlıq əlaqələrinin ölkələrimiz arasında nəinki gömrük xidməti, eləcə də digər sahələrdə münasibətlərin yaradılması işinə böyük töhfə verəcəyinə əmindir.
Bununla yanaşı, Dövlət Gömrük Komitəsi öz ənənəsinə sadiq qalaraq ötən ildə də milli-mənəvi dəyərlərin, eləcə də tarixi-mədəni sərvətlərin qorunması və dünya miqyasında təbliği sahəsində müvafiq işi davam etdirmişdir. Belə ki, iyulun 9-da Budapeşt şəhərində Macarıstanın Gömrük və Vergi Tarixi Muzeyində Dövlət Gömrük Komitəsi tərəfindən “Bizim Azərbaycan” sərgisinin təqdimatı keçirilmişdir. Sərgidə Azərbaycan Gömrük Tarixi Muzeyi filialının “Qədim və orta əsrlər” bölməsinin 25 eksponatı - Qarabağ, Şirvan və Qazax məktəblərinə məxsus xalça və xalçaçılıq məmulatları, mis-məişət qabları, Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) aid xəncər, XIX-XX əsrlərdə xalq sənətkarları tərəfindən yaradılan dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilmişdir. Xatırladım ki, bu tarixi-mədəni sərvətlər Azərbaycan ərazisindən ayrı-ayrı vaxtlarda qaçaqmalçılıq yolu ilə çıxarılmasına cəhd göstərilərkən ölkənin gömrük orqanları tərəfindən müsadirə edilmişdir.
2012-ci ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Dövlət Gömrük Komitəsinin və Azərbaycanın bu şəhərdəki baş konsulluğunun təşkilatçılığı ilə “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” adlı sərgi də keçirilmişdir. Sərgidə nümayiş etdirilən eksponatlar Azərbaycan gömrüyünün tarixini yetərincə əks etdirmiş, gömrükçülərimiz tərəfindən müxtəlif vaxtlarda saxlanılan, milli-mənəvi dəyər kəsb edən əşyalar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Azərbaycan gömrüyünün uğurları Moskvada keçirilən “Gömrük xidməti-2012” XIII beynəlxalq sərgisində də nümayiş olunmuşdur. Milli gömrük xidmətinin inkişaf tarixi və bu günü haqqında mükəmməl və məzmunlu təsəvvür yaradan Azərbaycan Dövlət Gömrük Komitəsinin stendini Rusiya Federasiyası hökuməti sədrinin birinci müavini İqor Şuvalov, Rusiya Gömrük Xidmətinin sədri Andrey Belyaninov, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya və digər mühüm şəxslər ziyarət etmişlər.
Məlum olduğu kimi, Azərbaycan Gömrük Xidməti gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində təkcə hüquq-mühafizə müstəvisində deyil, eyni zamanda, maarifləndirici tədbirlərə və bu istiqamətdə beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələrinə də xüsusi önəm verir. Ötən il bu baxımdan da yaddaqalan olmuşdur. Sentyabrın 18-21 tarixlərində Dövlət Gömrük Komitəsi Portuqaliyanın Porto şəhərində “Narkotiklərə yox deyək!” adlı beynəlxalq sərgi keçirmiş, burada Azərbaycan rəssamları və heykəltəraşlarının əsərləri nümayiş etdirilmişdir. Bunlar “Narkotiklərə yox!” devizi altında Bakı şəhərində 2011-ci ildə keçirilən “Molla Nəsrəddin-Azərbaycan” Beynəlxalq Karikatura Müsabiqəsində iştirak etmiş Azərbaycan incəsənət ustalarının əsərləri olmuşdur.
Ötən il Dövlət Gömrük Komitəsi tərəfindən Bakı şəhərində də bir neçə regional və beynəlxalq səviyyəli tədbirlər hazırlanmış və keçirilmişdir. Məsələn, yanvarın 27-də Bakı Dövlət Universitetində “Qloballaşma mühitində iqtisadi təhlükəsizliyin təmin olunmasında gömrük tənzimlənməsinin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Cenevrə Beynəlxalq Universiteti, Türkiyə Respublikasının Qazi Universiteti, Tokio Milli Siyasi Araşdırmalar İnstitutu və dünya miqyasında tanınmış digər təhsil müəssisələrinin, həmçinin xarici ölkələrin gömrük xidmətlərinin nümayəndələri çıxış etmişlər.
Aprelin 12-13 tarixlərində isə Bakıda Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük xidməti rəhbərlərinin 2012-ci il Konfransı təşkil olunmuşdur. 37 ölkənin nümayəndə heyəti, eləcə də 18 ölkənin gömrük xidməti rəhbərinin qatıldığı konfransda, ümumilikdə 84 əcnəbi qonaq, o cümlədən, ÜGT-nin baş katibi Kunio Mikuriya, ÜGT-nin sədri xanım Josefin Fihili, ÜGT Maliyyə Komitəsinin sədri Tomas Şönek, ÜGT-nin Avropa Regionu üzrə həmsədri Bjorn Ross, Avropa Komissiyası Vergi və Gömrük Baş Direktorluğunda bölmə rəhbəri Peter Kovaç və digər məsul vəzifəli şəxslər iştirak etmişdir. Konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev ÜGT-nin baş katibini qəbul etmiş, bu tədbirin Azərbaycan və Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Bu əməkdaşlığın davamı kimi ötən ilin iyun-iyul aylarında Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ÜGT-nin “Qlobal Qalxan” proqramı çərçivəsində seminar, həmçinin potensialın gücləndirilməsi və gömrük işinin təkmilləşdirilməsi üzrə subregional seminar keçirilmişdir. Birinci seminar Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyanın gömrük xidmətlərinin nümayəndələri üçün nəzərdə tutulmuş, ikincidə isə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Polşa, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan, həmcinin ÜGT, ATƏT və Avrasiya İqtisadi Komissiyasının mütəxəssisləri iştirak etmişdir.
Ümumiyyətlə, 2012-ci il həm Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, həm də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 20 illik yubiley tədbirlərilə də yaddaqalan olmuşdur. Bununla əlaqədar, müvafiq olaraq yanvarın 30-da və fevralın 24-də keçirilən təntənəli mərasimlərdə ölkə ictimaiyyətinin nümayəndələri, eləcə də xarici qonaqlar iştirak etmiş və yubiley təbriklərində Azərbaycan Gömrük Xidmətinin sürətli inkişafı, regionda liderlik keyfiyyəti və bu cəhətilə də dünya gömrük ailəsində tanındığı vurğulanmışdır.
Ötən il oktyabrın 5-də Naxçıvan Muxtar Respublikasında türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin ilk görüşünün keçirilməsi də nəinki ölkəmizin, eləcə də türk dünyasının həyatında əlamətdar hadisələrdən birinə çevrilmişdir. Belə ki, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan respublikalarının gömrük xidməti nümayəndələri iştirak etmişdir. Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşündə tərəflər gömrük işi sahəsində öz təcrübə və yenilikləri ilə yaxından tanış olmuşlar. Bu məqsədlə ticarət və sərhəd keçid prosedurlarının sadələşdirilməsi ilə bağlı layihələrin təqdimatı keçirilmişdir. Görüşün sonunda isə türkdilli dövlətlərin gömrük xidməti rəhbərləri tərəfindən “Naxçıvan bəyannaməsi” qəbul olunmuşdur.
Onu da xatırladım ki, ötən il Naxçıvan Muxtar Respublikasında gömrük sahəsində mühüm tədbirlərdən biri də mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılış mərasimi olmuşdur. Mərasimdə dövlət başçısına məlumat verilmişdir ki, Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binası ən müasir avadanlıqla təchiz edilmişdir. Üçmərtəbəli binada xidməti otaqlar, server və tədris otaqları, arxiv vardır. Müşahidə otağında quraşdırılan 22 nəzarət kamerası ilə eyni vaxtda müşahidə aparmaq mümkündür. Binadakı iclas, konfrans və akt zalları da müasir tələblər səviyyəsində yaradılmışdır.
Sonda bir daha vuğulamaq istərdim ki, ölkəmizdə müasir tələblərə cavab verən gömrük sisteminin yaradılması işi dövlət və hökumət tərəfindən bu gün də dəstəklənir, gömrük sahəsində əldə olunan nailiyyətlər layiqincə dəyərləndirilir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində vaxtaşırı olaraq gömrük orqanlarının maddi-texniki və intellektual bazasının möhkəmləndirilməsi, eləcə də ölkə rəhbərliyi tərəfindən bir sıra gömrük əməkdaşlarının xüsusi təltiflərlə mükafatlandırılması dediklərimizə əyani misaldır.
Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş,uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan davamlı olaraq hərtərəfli inkişafdadır və respublikamız nəinki region çərçivəsində, eləcə də bütün dünyada sülh, sabitlik və iqtisadi tərəqqiyə xidmət edən qlobal layihələrin əsas təşəbbüskarı qismində çıxış etməkdədir. Öz növbəsində, əminliklə deyə bilərəm ki, Azərbaycan Gömrük Xidməti gələcəkdə də ölkəmizin iqtisadi inkişafına təkan verməklə ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasında, dövlət başçısının həyata keçirdiyi siyasi kursun reallaşmasında mühüm rol oynayacaq, gömrük əməkdaşları bu vəzifələrin reallığa çevrilməsinə önəmli töhfələr verəcəklər. Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivi bundan sonra da müstəqil Azərbaycanımızın beynəlxalq nüfuzunun daha da artırılması işində yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz, mühüm vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcəkdir.
Aydın ƏLİYEV,
Dövlət Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-leytenantı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.