Qazaxıstan paytaxtında üçüncü Astana İqtisadi Forumu keçirilmişdir

İyulun 1-2-də Qazaxıstan paytaxtında üçüncü Astana İqtisadi Forumu keçirilmişdir. Tədbirdə dünyanın 50 ölkəsindən gəlmiş 2 mindən artıq siyasi və ictimai xadim, beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri, tanınmış iqtisadçı alimlər, ekspertlər iştirak etmişlər. Onların arasında iqtisadi sahədə Nobel mükafatı laureatları - Robert Conn Aumann, Finn Kidland və Robert Mandell də vardır.
Forumda Azərbaycan MEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev, İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev və digər şəxslər iştirak etmişlər.
Açılışda Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirmişdir ki, dünyada sabit makroiqtisadi sistem yaratmaq istəyiriksə, birgə dünya valyutasının yaradılması məsələsini həll etməliyik. Prezident dördüncü Astana İqtisadi Forumunun dünya valyutasının yaradılması məsələsinə həsr olunmasını təklif etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, ekspertlər 2050-ci ilədək dünya əhalisinin 9 milyarddan 12 milyard nəfərə çatacağını proqnozlaşdırırlar. Bu sayda adamı isə ərzaq və su ilə təmin etmək üçün yeni texnologiyaların yaradılması qaçılmazdır.
Sonra BMT baş katibinin müavini, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Yan Kubiş, ATƏT-in baş katibi Mark Perren Brişambo Forum iştirakçılarını salamlamışlar.
Forumda böhrandan sonrakı dövrdə iqtisadi artım və insan amilindən istifadə məsələləri, iqtisadi potensialın artırılmasında dövlətin rolu, böhranın aradan qaldırılmasında beynəlxalq təcrübə, MDB ölkələrində böhrandan sonrakı inkişaf məsələləri, qlobal enerji-ekoloji strategiyanın formalaşdırılması, iqtisadi inteqrasiya və digər mövzularda müzakirələr aparılmışdır.
Forum çərçivəsində Sənayeçilər və Sahibkarların İşgüzar Forumu və islam maliyyələşdirilməsi sisteminin tənzimlənməsi ilə əlaqədar beynəlxalq elmi konfrans keçirilmiş, yekun sənədlər qəbul olunmuşdur. Azərbaycan MEA-nın İqtisadiyyat İnstitutu və Bakı Dövlət Universiteti yeni yaradılan Avrasiya İqtisadi Forumuna üzv seçilmişlər.
Azərbaycan nümayəndələri müzakirələrdə iştirak etmiş, ölkəmizdəki iqtisadi vəziyyət haqqında məlumat vermişlər.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Astana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında