Regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün reallaşdırılan kompleks tədbirlər ölkəmizin sosial-iqtisadi uğurlarını şərtləndirmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm nəticələr əldə edilmişdir.
Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır. Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi, mühüm infrastruktur layihələrinin reallaşdırılması 2012-ci ildə də inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.
Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Dövlət büdcəmizin xərcləri təxminən 20 milyard manat səviyyəsindədir. Əlbəttə, bu, böyük rəqəmdir. Bu vəsait bizə imkan verəcək ki, ölkə qarşısında duran əsas infrastruktur layihələrini başa çatdıraq. Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri bu ilin sonuna qədər başa çatsın. Bu layihələrin bəziləri əvvəlki illərdə, bəziləri keçən il başlanmışdır. Ancaq bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, gələn ildən başlayaraq bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın. Hesab edirəm ki, Dövlət İnvestisiya Proqramının həcmi və istiqamətləri bu məqsədə çatmaq üçün bizə imkan yaradacaqdır. Nəzərə alsaq ki, Dövlət İnvestisiya Proqramı ilin əvvəlində deyil, ilk dəfə olaraq ötən ilin sonunda qəbul edilmişdir, biz vaxt itirmədən işlərə başlamalıyıq və artıq başlamışıq. İnfrastruktur layihələri arasında əlbəttə ki, prioritetlər vardır. Bu prioritetlər artıq neçə ildir ki, Dövlət İnvestisiya Proqramında öz əksini tapır. Dövlət investisiyaları, əlbəttə, infrastruktur layihələrinin təkmilləşməsinə xidmət göstərir. Ancaq eyni zamanda, biz görürük ki, dövlət investisiyaları özəl sektordakı vəziyyətə canlanma gətirir. Özəl investisiyalar da böyük həcmdə gözlənilir”.
Dövlət başçısı daha sonra demişdir ki, keçən il tarixdə ən böyük investisiya-22 milyard dollardan çox investisiya Azərbaycan iqtisadiyyatına qoyulmuşdur.Bu səviyyə bu il də qorunub saxlanılacaqdır. Beləliklə, həm dövlət, həm yerli və xarici özəl şirkətlər tərəfindən qoyulacaq sərmayə ölkəmizi daha da möhkəmləndirəcəkdir.
Prioritetlərə gəldikdə isə, biz infrastruktur layihələrimizi ardıcıllıqla icra etməyə başlamışdıq. İlk növbədə, ölkəmizin enerji potensialının yaradılmasına çalışırdıq. Son illər ərzində 1500 meqavat gücündə yeni elektrik stansiyaları fəaliyyətə başlamışdır. Bu gün biz nəinki özümüzü təmin edirik, eyni zamanda, başqa ölkələrə də enerjimizi ixrac edirik. Azərbaycan öz enerjisini qonşu ölkələrə də ixrac edir. Yəni, bu, prioritet idi. Çünki bunsuz heç bir inkişaf mümkün deyildir. Biz artıq bu sahədə böyük dərəcədə uğurlara nail olmuşuq. Generasiya güclərimizi böyük dərəcədə artıra bilmişik. Bu il “Cənub” elektrik stansiyasının işə düşməsi, - bu da təqribən 800 meqavat gücünə yaxın olan bir stansiyadır, - bizim bu sahədəki vəziyyətimizi daha da yaxşılaşdıracaqdır. Çünki həm istehsal gücü artır, eyni zamanda, itkilər də azalır. Əvvəlki dövrlə müqayisədə itkilər böyük dərəcədə aşağı düşmüşdür. Bu gün itkilər demək olar ki, qəbul edilmiş normalar səviyyəsindədir. Ancaq bununla bərabər, biz bu sahədəki fəaliyyətimizi davam etdirəcəyik. “Şimal-2" elektrik stansiyasının tikintisi davam edir. O da təqribən 400 meqavata yaxın əlavə gücün yaradılmasına xidmət göstərəcəkdir.
İnfrastruktur siyasətində enerji təchizatından sonra qazlaşdırma layihələri də çox mühüm əhəmiyyət daşıyır. Son illər bu sahədə bir sıra mühüm tədbirlər reallaşdırılmışdır. Bu ilin investisiya proqramında da bu məqsədlər üçün vəsait nəzərdə tutulur. İlin sonuna qədər ölkəmizin ümumi qazlaşdırma səviyyəsi 90 faizə çatacağı gözlənilir. Bölgələrdə gedən işlər deməyə əsas verir ki, biz bu hədəfi də reallaşdıracağıq.
Elektrik enerjisinin təchizatına gəldikdə isə generasiya ilə bağlı artıq işlər yüksək səviyyədədir. Amma xətlərdə hələ ki problemlər var. Xətlərin yenilənməsi istiqamətində bu ilin investisiya proqramında vəsait nəzərdə tutulmuşdur.
Azərbaycanda, eyni zamanda, içməli su və kanalizasiya layihələri uğurla icra edilir. İçməli su ilə bağlı layihələrin böyük əksəriyyəti bu ilin sonuna qədər başa çatacaqdır. Bununla paralel olaraq, kanalizasiya xətlərinin çəkilişi də davam etdirilir.
Pzezident İlham Əliyev sözügedən iclasda daha sonra demişdir:"Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması vardır. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Bu sahəyə də bu il vəsait qoyulacaqdır. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilibdir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Kəndlərarası yolların çəkilişi geniş vüsət almışdır. Keçən il bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan yüz milyon manatdan artıq vəsait ayrılmışdır. Bu il də bu məbləğ ondan az olmamalıdır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək. Çünki onların əksəriyyəti torpaq yollar idi və qar, yağış yağan kimi o yollar keçilməz olurdu. İndi bütün yollara asfalt salınır. Ancaq əlbəttə ki, biz bu işləri digər infrastruktur layihələri ilə uzlaşdırmalıyıq, xüsusilə, yeraltı kommunikasiyaların - su, qaz xətlərinin çəkilişi ön planda olmalıdır. Ondan sonra yollar salınmalıdır, yəni, ardıcıllıq məhz belə olmalıdır. Mən infrastruktur layihələri arasında, eyni zamanda, meliorasiya layihələrini qeyd etmək istəyirəm. Bu sahəyə də biz böyük vəsait ayırmışıq. Həm Dövlət Neft Fondunun xətti ilə, eyni zamanda, dövlət büdcəsinin xətti ilə".
Hazırda Azərbaycanda iki nəhəng layihə - Taxtakörpü su anbarı-Samur-Abşeron kanalı və Şəmkirçay su dəryaçası layihələri icra edilir. Bu layihələrin icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcəkdir. Bu layihələr ölkə iqtisadiyyatı, biznesin aparılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm önəm daşıyır. Taxtakörpü su anbarı bu il istifadəyə verilməlidir. Şəmkirçay su anbarı isə yəqin ki, gələn il istifadəyə veriləcəkdir.
Beləliklə, qarşıya vəzifə qoyulmuşdur ki, əsas infrastruktur layihələri qaşıdakı il ərzində başa çatsın və ondan sonra Dövlət İnvestisiya Proqramına yeni prizmadan yanaşılsın. Hazırda yuxarıda qeyd edildiyi kimi, ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir. Onların tam əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Yollar, su-kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsi uğurla reallaşdırılır. Bu da son illər ərzində daha çox diqqət tələb edən məsələdir. İndi dövlət başçısı bölgələrdə olarkən demək olar ki, hər dəfə yeni kənd yolunun açılışında iştirak edir. Bu, müasir Azərbaycanın reallıqlarıdır. Əlbəttə, yol təsərrüfatına investisiya qoymağa başlayanda ilk növbədə, magistral yollara diqqət yetirilirdi. Ancaq indi kənd yolları da abadlaşdırılır. Hazırda Azərbaycan kəndlərinə çəkilən yollar çox keyfiyyətlidir, yaxşıdır, rahatdır. Bu yollar insanlara rahatlıq gətirir və bölgələrin daha da sürətli inkişafını təmin edir.
Bütün yuxarıda deyilənlər Dövlət Statistika Komitəsinin 2012-ci ilin yekunları ilə bağlı yaydığı məlumatda da öz ifadəsini tapmışdır. Hesabat dövründə ölkədə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün çox iş görülmüşdür. Nəticədə Azərbaycanın, eləcə də Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür.
Ölkənin tikinti kompleksində dinamik inkişaf 2012-ci ildə davam edərək bütün maliyyə mənbələrindən əsas kapitala 15,3 milyard manat və ya əvvəlki ilə nisbətən 18 faiz çox vəsait yönəldilmiş, onun 78,8 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 43,4 faizi məhsul istehsalı, 56,6 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59,3 faizini təşkil etmişdir.
Respublikamızın maliyyə ehtiyatlarının və büdcə vəsaitlərinin getdikcə artması sosial infrastruktur sahələrində daha yeni layihələrə başlamağa əlverişli zəmin yaradır. Məlum olduğu kimi, hökumət büdcənin böyük bir hissəsini sosial proqramlarla yanaşı, investisiya və infrastruktur proqramlarına yönəldir. 2012-ci ildə sosial obyektlərin tikintisi, məktəb və xəstəxanaların inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələr infrastruktur proqramlarının çox əhatəli olduğunu təsdiqləyir.
İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
İnfrastruktur layihələrinin icrasının sürətləndirilməsi onu göstərir ki, qarşıdakı illərdə də bu layihələrin maliyyə tutumu və miqyası bir qədər də genişləndiriləcəkdir. Ən nəhəng infrastruktur layihələrinin başa çatdırılması, yenilərinin icrasına başlanması nəzərdə tutulur. Dövlətimizin başçısı respublikanın bütün bölgələrində sosial və infrastruktur layihələrinin, inkişaf proqramlarının davamlı olaraq həyata keçiriləcəyini və mövcud olan problemlərin tamamilə öz həllini tapacağını qeyd etmişdir. Ölkə üzrə əhəmiyyətli layihələr bütün bölgələrə öz müsbət təsirini göstərəcəkdir. İçməli su təminatı, kanalizasiya xətlərinin yenilənməsi, yol çəkilişi, məktəb və xəstəxanaların bərpası, digər obyektlərin inşası başa çatdırılacaqdır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.