Bu gün Azərbaycan dövləti tərəfindən aparılan iqtisadi siyasətin əsas strateji xəttini qeyri-neft sektorunun inkişafına nail olmaq, iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar yaratmaq təşkil edir. Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri vardır. Respublikamızın sürətli sosial-iqtisadi inkişafı fonunda ölkənin rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoru göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişaf edir. 2012-ci il ərzində sektorda əhəmiyyətli tədbirlər görülmüş, müsbət uğurlara imza atılmışdır. Artım tempinə görə, İKT sektoru ölkə iqtisadiyyatının sahələri arasında öncül yerdədir.
Cənab Prezident tərəfindən sektorun inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, 2013-cü il Azərbaycanda İKT ili elan edilmiş və BMT Baş Assambleyasının qəbul etdiyi “Minilliyin Bəyannaməsi” və “İnformasiya və kommunikasiya texnologiyalarından inkişaf naminə istifadə” haqqında qətnamələr nəzərə alınaraq, qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək məqsəd kimi qarşıya qoyulmuşdur.
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə qəbul olunmuş dövlət proqramlarının icrası daim diqqət mərkəzində saxlanılaraq, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində 2012-ci il ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz artaraq 1503,4 milyon manat təşkil etmişdir. Ötən illə müqayisədə artım tempi İKT sektorunda 16,6 faiz, o cümlədən telekommunikasiya sektorunda 17,4 faiz, İT sektorunda 8,6 faiz, eyni zamanda, poçt sektorunda 18,2 faiz, informasiya sektorunda isə 50,1 faiz təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icrası olaraq, RİTN üzrə 2012-ci il ərzində 101 yeni iş yeri açılmışdır. 1 yanvar 2013-cü il tarixə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 330,0 manat təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 9,9 faiz çoxdur. Ölkənin informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı ilin əvvəli ilə müqayisədə 9,5 faiz artırılaraq 620,7 manata çatdırılmışdır. O cümlədən telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 699,7 manat, poçt sektorunda isə 211,5 manat təşkil edir. RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 335 milyon manat proqnoza qarşı 368,2 milyon manat gəlir əldə edilmişdir ki, bu da proqnozla müqayisədə 9,9 faiz, əvvəlki illə müqayisədə 6,9 faiz çoxdu. Respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində 45 ədəd yeni EATS istismara verilmiş, 21 ədəd ATS rekonstruksiya olunmuş, 26 ədəd ATS-də genişləndirmə işləri aparılmış, 41 ədəd TV-radio vericisi quraşdırılmış (o cümlədən 23 televiziya və 18 radioverici) və 44 ədəd poçt şöbəsi binası tikilmişdir ki, bundan 11 ədədi Naxçıvan MR RİTN üzrə tikilmişdir. Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 28 480 nömrə artırılaraq 1 756 280 nömrəyə çatdırılmışdır.Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanın nəticəsidir ki, 2011-ci illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2,2 dəfə artaraq təqribən 200 Gb/s-ə çatmışdır.
Həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərlə əlaqədar və ümumilikdə beynəlxalq rabitənin dayanıqlılığının yaradılması məqsədilə il ərzində beynəlxalq telefon kanallarının sayı 2011-ci illə müqayisədə 269 ədəd artırılaraq 9385 ədədə çatdırılmışdır. BMT-nin 67-ci Baş Məclisi (dekabr 2012-ci il) Azərbaycanın əlaqələndirici olduğu “Avrasiya Transmilli Böyük İnformasiya Magistralı” (TASİM) layihəsinə xüsusi qətnamə ilə ikinci siyasi dəstəyini vermiş və bu layihə üzrə xüsusi alyansın yaradılmasını tövsiyə etmişdir. İkinci layihə Avropa Yaxın Şərq yüksəksürətli İnformasiya Şəbəkəsinin (EPEG) Azərbaycanda əsas və ehtiyat qovşaqlarının quraşdırılması tamamlanmışdır. İnternet şəbəkəsinin regional resurslar və xidmətləri serverlərinin, ünvanların idarə olunması üçün regional sistemin ölkəmizdə qurulması Azərbaycanın region ölkələrinə internet xidmətlərinin ixracını xeyli artırmışdır. Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması üzrə peykin istehsalı başa çatmış və fevral ayının birinci ongünlüyündə orbitə çıxarılması planlaşdırılmışdır.Peykin orbitə çıxarılması və orbitdə ilkin istismar dövrü üzrə sığorta olunması ilə bağlı Böyük Britaniyanın “Marsh” sığorta brokeri ilə birbaşa müqavilə imzalanmışdır. Peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin yaradılması başa çatmışdır. Yer səthinin müşahidəsi üçün universal qəbuletmə və emaletmə sisteminin quraşdırılmasına başlanılmış və 2013-cü ilin sentyabr ayından real vaxt rejimində əcnəbi peyklərdən yüksək dəqiqlikli təsvirlərin alınması və müxtəlif təyinatlı istifadəsi təmin olunacaqdır. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılmışdır. Qeyd edim ki, BMT-nin uyğun komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunmuş, ölkəmiz kosmik fəzanın sülh məqsədlərilə istifadəsi üzrə öhdəliklər götürmüşdür. Kosmik texnologiyalar üzrə çox vacib məsələ olan kadr hazırlığına xüsusi diqqət yetirilmişdir. Son üç ildə orta yaşı 25-28 olan təxminən 30 nəfər peyklərin idarə olunması üzrə ABŞ, Fransa və Malayziyada uzunmüddətli kurs və təlimlər keçmiş milli mütəxəssis hazırlanmışdır.
Yeni texnologiyaların tətbiqi məqsədilə “Azercell Telekom” MMC tərəfindən 4G LTE texnologiyasının tətbiqinə başlanılmış, digər operatorlar tərəfindən də tətbiqi istiqamətində işlər aparılır. Azərbaycan bu texnologiyanı tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsidir. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə xarici ölkələrin mobil rabitə operatorları arasında olan rouminq əməkdaşlığın dayandırılması məqsədilə, Xarici İşlər Nazirliyi və mobil operatorlarla birgə tədbirlər görülmüşdür. Belə ki, 2012-ci ildə 17 ölkənin 19 mobil operatoruna ünvanlanmış müraciətlər nəticəsində artıq 11 xarici mobil operator “Karabakh Telecom”la rouminq əməkdaşlığını dayandırmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
RİTN-in nəzdində olan Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində nanotexnologiyalar üzrə laboratoriyanın quraşdırılması başa çatmışdır. Hazırda laboratoriyada tədqiqat və yüksək nanotexnologiya əsaslı məhsulların alınması üzrə işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi təbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar E-hökumət portalı və e-xidmətlərin göstərilməsi zamanı dövlət orqanlarının informasiya sistemləri arasında infromasiya mübadiləsinin təmini üçün e-hökumət şlyuzu istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” ilə rabitə və informasiya texnologiyaları sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası uğurla həyata keçirilmişdir.
Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi təbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəyinə və onun əsasında mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təqdim olunmuş təkliflərə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı” yenidən hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli qərarı ilə təsdiq edilmişdir. Beləliklə, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin sayı 251-dən 417-yə çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında elektron xidmətlərin tətbiqinin vacibliyi ilə bağlı tapşırığından sonra dövlət orqanları tərəfindən elektron xidmətlərin təşkili prosesi daha da sürətlənmişdir. E-hökumət portalı və e-xidmətlərin göstərilməsi zamanı dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadilsini təmin etmək üçün e-hökumət şluyuzu istifadəyə verilmişdir. Hazırda “Elektron hökumət” portalına 40 hökumət və dövlət qurumu qoşulmuş və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 elektron xidmətdən 187-si vahid portal (bir pəncərə prinsipi) vasitəsi ilə məhdudlaşdırılmış rejimdə əhaliyə verilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yaradılmış “Elektron xidmətlər reyestri”nə dövlət qurumları tərəfindən göstərilən 216 elektron xidmət barədə məlumatlar daxil edilmişdir. “Elektron hökumət” portalının fəaliyyətə başladığı 2012-ci ilin aprel ayından bəri portala 15 minə yaxın müraciət daxil olmuşdur. Elektron-imzanın sadələşdirilmiş rejimdə verilməsi altsistemi işlənib hazırlanmışdır. Hazırda yeni yaradılmış “E-ərizə” e-xidməti vasitəsi ilə istifadəçilər internet vasitəsi ilə e-ərizə doldurmaqla və onlayn ödəniş etməklə e-imza kartlarına sahib ola bilirlər. 2012-ci ilin sonuna qədər Milli Sertifikat Xidmətləri Mərkəzinə edilən müraciətlərə müvafiq olaraq Dövlət Hakimiyyəti orqanlarına 2800-dən artıq , həmçinin, hüquqi və fiziki şəxslərə 2500 ədəddən çox, ümumilikdə 5300 ədəddən çox elektron imza verilmişdir.
Azərbaycan Respublikasında internet infrastrukturunun liberallaşdırılması və qiymətlərin endirilməsi məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində il ərzində internetin qiymətləri ayrı-ayrı sürətlər üzrə təqribən 35 faiz aşağı salınmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda “evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlamışdır və 2013-cü il üçün bu layihə üzrə 103 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. İnformasiya texnologiyalarının cəmiyyətə nüfuzetmə səviyyəsini artırmaq, əhalinin kompyuterlərlə təminatını yaxşılaşdırmaq məqsədilə RİTN-in təşəbbüsü və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Xalq kompyuteri” layihəsi 2012-ci ildə də uğurla həyata keçirilmişdir.
2012-ci ilin sonuna əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı 70-ə bərabərdir ki, 2005-ci ildə bu göstəricilər müvafiq olaraq 2,3 və 8 ədəd olmuşdur. Hazırda ölkədə hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 50-yə bərabərdir. Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir və dünya orta göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır. Bununla yanaşı, regionlarda informasiya cəmiyyətinin inkişaf etdirilməsi, əhali, eləcə də, dövlət orqanlarında çalışan əməkdaşlar arasında maarifləndirmə və təbliğat işinin aparılması, kompyuter savadsızlığının aradan qaldırılması məqsədilə respublikanın müxtəlif rayonlarında informasiya texnologiyaları ekspertlərinin iştirakı ilə seminarlar keçirilmiş, olimpiadalar və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunmuşdur.
Son illərdə respublikamızda İKT sahəsindəki inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində də aydın şəkildə görünür. Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları 2012 (“The Global Information Technology Report 2012”) hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlmişdir. Bu hesabata əsasən ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də I yerdədir. Həmçinin, Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report 2012-2013” hesabatında ”Qlobal rəqabətqabiliyyətlilik indeksi” üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmuş və beləliklə yenə də MDB məkanında öz liderliyini qoruyub saxlaya bilmişdir. Belə faktlar çoxdur. Bir neçə əhəmiyyətli məsələni də qeyd etmək istərdim. Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamına əsasən, RİTN-in tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılması qərara alınmışdır və hazırda fondun fəaliyyətinin təşkili üzrə işlər aparılır. Dövlət Fondunun əsasnaməsi hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə “Yüksək Texnologiyalar parkı”nın yaradılması qərara alınmışdır və hazırda fərmana uyğun olaraq, Parkın yaradılması üzrə müvafiq işlər görülməkdədir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hədəfimiz İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı səkkiz ildə sektorun gəlirlərini 8-9 milyard ABŞ dollarına çatdırmaqdır. Buna əsasən, rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılmışdır. Məlumat Hesablama Mərkəzi tərəfindən mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən “AzDataKom”şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Abunəçilər tərəfindən telefon nömrələri üzrə kommunal kodların müəyyən olunaraq kommunal xidmət haqlarının MHM-in www.rabita.az ttp://www.rabita.az internet saytında ödənilməsi üçün MHM ilə Goldenpay şirkəti arasında müqavilə imzalanmışdır. Bu məqsədlə MHM-də məlumat bazası yaradılmışdır və hazırda istənilən telefon nömrəsi üzrə işıq, qaz və su kodlarının müəyyən edilməsi mümkündür. Ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 41 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilmişdir ki, bunlardan 16 ədədi rəqəmli DVB-T verici olmuşdur. Azərbaycanda hazırda 25 televiziya kanalı fəaliyyət göstərir, onlardan 11-i ümumrespublika, 14-ü isə regional kanaldır. 15 radio proqramı mövcuddur.
Eyni zamanda, 12 kabel televiziyası və 20-dən çox internet televiziya studiyaları fəaliyyət göstərir. Milli Teleradio Şurasının razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş və lisenziyalaşdırılmış 100-dən çox xarici radio-televiziya kanallarının qəbulu, saxlanma və paylanma sistemi yaradılmışdır ki, planımız bu sistemi regional mərkəzə çevirməkdir. 2013-cü ilə qədər ölkəmizdə rəqəmsal yayıma keçidin tam təmin edilməsini nəzərdə tutan “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı” üzrə işlər davam etdirilmişdir.
Bundan əlavə olaraq, respublika və regional TV və radio proqramlarının yayım əhatəsinin və keyfiyyətinin artırılması, kənar yayımların qarşısının alınması, rəqəmli TV proqramların regionlarda ötürülməsini təmin etmək, avadanlıqların normal iş rejiminin yaradılması məqsədilə müvafiq avadanlıqlar quraşdırılmış və zəruri tədbirlər görülmüşdür. Respublikada yaradılması nəzərdə tutulan “Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin tərkib hissəsi olan radiomonitorinq məntəqələrinin yerinin ( ilkin olaraq Bakı, Gəncə şəhəri, Abşeron və Masallı rayonlarında) BTİ-nin tövsiyyələrinə və beynəlxalq standartlara uyğun seçilməsi, müvafiq yerlərin alınması, mövcud məntəqələrin müvafiq yerlərə dəyişdirilməsi, radiomonitorinq məntəqələrinin tikintisi və s. üzrə tədbirlərlər davam etdirilir və satınalma proseduru keçirilmişdir. Şəbəkənin qurulması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 2012-ci il ərzində poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilmişdir. İl ərzində 44 ədəd poçt şöbəsi binası tikilmişdir ki, bundan 11 ədədi Naxçıvan MR RİTN -nə məxsusdur. Həmçinin, 15 ədəd poçt inzibati binası və 24 ədəd PŞ binası təmir edilmişdir. İl ərzində əhalinin yerləşməsi və istifadəçilərin çoxluğu və digər amillər nəzərə alınmaqla 12 ədəd yeni poçt şöbəsi açılmışdır. Respublikadaxili köçürmələr üzrə 1 147 250 ədəd pul baratı qəbul edilmiş, 1 146 715 ədəd pul baratı isə ödənilmişdir. 2011-ci illə müqayisədə qəbul edilmiş pul baratlarının sayı 95 142 ədəd (və ya 9 faiz) artmışdır. Beynəlxlq pul köçürmələri üzrə də artım qeydə alınmışdır. “Azərpoçt” MMC beynəlxalq bağlamaların axtarışına dair Ümumdünya Poçt İttifaqının (ÜPİ) “Cricket” sorğu sistemi vasitəsi ilə hazırda dünyanın 149 ölkəsi ilə əməkdaşlıq edir.“Azərpoçt” MMC dünyanın 79 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən istifadə edir. MDB ölkələri içərisində ilk dəfə olaraq Azərbaycan poçt administrasiyası beynəlxalq sifarişli poçt göndərişlərinin izləmə və sorğu sisteminə qoşulmuşdur. Dünya Bankının maliyyə dəstəyi ilə respublikamızda həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin nəticəsi olaraq, poçt şöbələri tərəfindən yeni bank-maliyyə xidmətləri göstərilir və tətbiq səviyyəsi genişləndirilir. Maliyyə xidmətlərinin göstərilməsi məqsədilə “Azərpoçt” MMC-nin Mərkəzi Bankın AZİPS və XÖHKS sistemlərinə, eləcə də SWIFT sisteminə qoşulması tam başa çatdırılmışdır. MMC-nin əksər məntəqələrində bank hesabları açılmış, bir çox filiallarda ilk lokal plastik kartlar emissiya edilmiş, yerli və beynəlxalq ödəniş sistemlərinə, o cümlədən xarici banklarda-Citybank, Raifaizenbank və Rusiyanın Sberbankında artıq müxbir hesablar açılmış və MasterCarda qoşulma prosesi başa çatdırılmışdır. “Azərpoçt” MMC-nin PF-ləri Western Union pul köçürmələri sisteminə qoşulmuşdur. “Azərpoçt” MMC-nin ölkədaxili bütün RPF və PF-lərində “Contact” beynəlxalq pul köçürmələri sisteminin “Azərpoçt” MMC-nin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə (AKİS) inteqrasiyası başa çatmış və əhalinin istifadəsinə verilmişdir. Naxçıvan MR RİTN-in tabeliyində olan Babək, Şərur, Ordubad, Şahbuz, Culfa, Sədərək, və Kəngərli PF-lər AKİS-ə qoşularaq real rejimdə pul köçürmələri əməliyyatlarının tətbiqinə başlanılmışdır.
“Azərpoçt” MMC 2012-ci ildə Ümumdünya Poçt İttifaqının “Keyfiyyətin İdarə Edilməsi” üzrə “Qızıl Səviyyəli” sertifikatına və “Azəreksoresspoçt” RM bu təşkilatın “EMS Kooperativi”nin 6 dəfə “Qızıl Pillə” sertifikatına layiq görülmüşdürlər. RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər görülmüş, ikitərəfli görüşlər keçirilmiş, dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə sənədlər imzalanmışdır. Nazir və nazirliyin digər məsul şəxsləri dünyanın bir neçə ölkəsində keçirilmiş beynəlxalq tədbirlərdə iştirak etmiş və bir sıra beynəlxalq əhəmiyyətli konfranslar keçirilmişdir.
RİTN ötən dövr ərzində əsas fəaliyyəti ilə yanaşı, qaçqın və məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların, idmançıların və sosial vəziyyəti ağır olan digər insanların problemləri ilə yaxından maraqlanaraq, onlara daim yardımlar etmişdir. Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş ərazilərdən didərgin düşmüş məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması barədə dövlət proqramına uyğun olaraq, respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlərə və “Rabitəçi” istirahət düşərgəsində yaşayan rabitəçi köçkünlərə nazirlik tərəfindən maliyyə və ərzaq yardımı göstərilmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də RİTN tərəfindən idmanın inkişafına yaxından köməklik göstərmişdir. İdmançılara göstərilmiş qayğı nəticəsində rabitəçi idmançılar respublika və beynəlxalq yarışlarda iştirak edərək 47 qızıl, 41 gümüş və 54 bürünc medala layiq görülmüşlər. Eyni zamanda, bildiririk ki, klubun boksçusu Teymur Məmmədov XXX Londan Yay Olimpiya Oyunlarında bürünc medala layiq görülmüşdür.
Cənab Prezident İlham Əliyev 2013-cü ili “İnformasiya texnologiyaları ili” elan etməsi qarşıya çox mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün qüvvələr səfərbər olunacaqdır.
Vidadi ZEYNALOV,
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin Aparat rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.