Dövlət Neft Fondu Beynəlxalq Maliyyə Korporasiyasının Katalizator Fonduna sərmayə yatıracaqdır

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Kanada və Böyük Britaniya hökumətləri ilə birgə yeni yaradılmış BMK-nın Katalizator Fonduna sərmayə yatıracaqdır.

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, sözügedən Fond bərpa olunan enerji mənbələrindən istifadə və iqlim dəyişikliyinin qarşısının alınması üzrə fəaliyyət göstərən fondların və bu sahəyə dair layihələrin inkişafını dəstəkləmək məqsədi ilə yaradılmışdır.

BMK-nın Aktivlərin İdarə Edilməsi Şirkəti tərəfindən idarə ediləcək Katalizator Fondu, təbii resurslardan səmərəli istifadəyə şərait yaradan və iqlim dəyişikliyi probleminin qarşısının alınması üzrə innovativ həll yolları təklif edən şirkətlərə artım kapitalı təmin edən fondlara sərmayə yatırılmasına imkan yaradacaqdır.

İlkin tranşda BMK-nın Katalizator Fondu 280 milyon ABŞ dolları məbləğində vəsaiti idarə edəcək ki, bu vəsaitin də 50 milyon ABŞ dollarının ARDNF tərəfindən ayrılması nəzərdə tutulmuşdur.

 Qeyd edək ki, 2010-cu ildə ARDNF BMK-nın Afrika, Latın Amerikası və Karib Fonduna 100 milyon ABŞ dolları məbləğində sərmayə yatırmışdır.

ARDNF-in İcraçı direktoru Şahmar Mövsümov bu investisiya ilə bağlı şərh verərkən bildirmişdir ki, Azərbaycan Respublikası qlobal inkişafa böyük əhəmiyyət verir. Bizim neft gəlirlərindən əldə etdiyimiz vəsaitlərin etibarlı investisiya layihələrinə yatırmağımızın əsas səbəblərindən biri məhz budur. Biz BMK-nın təcrübəsini və inkişaf etməkdə olan ölkə bazarlarında fəaliyyətini yüksək dəyərləndiririk və birgə həyata keçirdiyimiz investisiyaların ölkəmizin iqtisadi inkişafına və maliyyə göstəricilərinə müsbət təsir edəcəyini düşünürük. Yaxın gələcəkdə BMK-nın Aktivlərin İdarə Edilməsi Şirkətinin idarə etdiyi digər fondlara investisiya imkanlarını nəzərdən keçirəcəyik.

Azərbaycanın Suveren Fondu olan ARDNF 1999-cu ildə ümummilli lider Heydər Əliyevin  qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədi ilə yaradılmışdır.

Xatırladaq ki, 2013-cü il 1 yanvar tarixinə ARDNF-in vəsaitlərinin ümumi həcmi 34 129,4 milyon ABŞ dolları təşkil edir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında