Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlərdə bir daha qeyd edilmişdir ki, ölkəmiz bu gün regionda həlledici mövqeyə malik aparıcı dövlət kimi tanınır. Azərbaycan vaxtilə xarici yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə ixracatçısına çevrilməkdədir. Son illər dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olmuş, ölkəmizin regional və qlobal əhəmiyyəti, etimad səviyyəsi xeyli artırılmış, regional və qlobal enerji təhlükəsizliyi sahəsində mövqelərimiz, milli iqtisadiyyatımızın rəqabətədavamlı xarakteri gücləndirilmiş, əhalinin sosial rifahı nəzərəçarpacaq səviyyədə yüksəlmişdir.
Davosda Prezident İlham Əliyevin ABŞ-ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkəti “Booz&CO”nun baş icraçı direktoru Çezare Maynardi ilə görüşündə bu qurumun baş icraçı direktoru Çezare Maynardi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirmişdir. Ç. Maynardi Azərbaycanda həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının yaradılması ilə bağlı layihələrin əhəmiyyətini vurğulamış, bu sahədə artıq işlərin başlanmasından məmnunluğunu ifadə etmişdir.
Prezident İlham Əliyev isə ölkəmizdə neftdən əldə olunan gəlirlərin bir hissəsinin yüksək texnologiyaların inkişafına yönəldildiyini vurğulayaraq, informasiya-kommunikasiya texnologiyaları sahəsində özəl sektorun iştirakının daha da genişləndirilməsinin önəmini qeyd etmişdir.
Dövlət başçımız “Holcim Group” şirkətinin rəhbəri Bernard Fontana ilə görüşmüşdür. Ötən il Bakıda bu şirkətin sement zavodunun açılışında Prezident İlham Əliyevin iştirakını məmnunluqla xatırladan B. Fontana ölkəmizdə biznes fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğunu yüksək qiymətləndirmişdir. Bu şəraitin səmərəli fəaliyyət üçün yaxşı zəmin yaratdığını bildirmişdir.
Prezident İlham Əliyevin Davosda ABŞ-ın qlobal layihələrinin idarəçiliyi üzrə tanınmış konsaltinq şirkəti “McKinsey&Company”nin rəhbəri Dominik Barton ilə görüşündə bu şirkətin adı çəkilən rəhbəri Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm layihələrin reallaşdırılmasında maraqlı olduqlarını bildirmişdir. O, son vaxtlar respublikamızda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün yaradılmış şəraitin ölkəmizdə bu sahədə layihələrin həyata keçirilməsində xarici investorların diqqətini cəlb etdiyini vurğulamışdır.
Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının genişləndirilməsində elm və təhsil sahələrinin inkişafının da vacib olduğunu və ölkəmizdə bu işə diqqətin artdığını diqqətə çatdırmışdır.
Dövlət başçımızın Davosda bp şirkətinin sədri Karl-Henrik Svanberq ilə görüşündə isə Azərbaycanla adı çəkilən şirkət arasında uzun illər uğurlu əməkdaşlığın davam etməsindən məmnunluq ifadə olunmuşdur. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələri üzrə əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulanmış, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilmişdir.
Davosda bir sıra ölkələrin rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi “Mərkəzi Asiya üçün yeni üfüqlər” mövzusunda keçirilən sessiyada çıxış edən Prezident İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə danışmışdır. Dövlət başçısı son illərdə Azərbaycanda yüksək dinamik inkişafın müşahidə olunduğunu, ümumi daxili məhsulun üç dəfə artdığını diqqətə çatdırmışdır.
Enerji sahəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışan Prezident İlham Əliyev bildirmişdir ki, ölkəmizdə qeyri-enerji sektorunun da inkişafı diqqət mərkəzində saxlanılır və bununla bağlı bir çox layihələr həyata keçirilir. Dövlət bu sahədə dəstəyini hər zaman nümayiş etdirir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə toxunan Prezident İlham Əliyev ölkəmizin qlobal iqtisadi və enerji layihələrində iştirakının əhəmiyyətindən danışmışdır.
Burada ölkəmiz üçün son dərəcə əhəmiyyətli bir faktı da qeyd edək. Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilmişdir. Bu əlaqələrin son illərdə inkişaf edərək yeni mərhələyə daxil olduğu bildirilmişdir. Bu forumun, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa müsbət təsir göstərdiyi xüsusi qeyd olunmuşdur. Ümumi razılığa əsasən, Davos Dünya İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçiriləcəyi və bunun mühüm hadisə olacağı vurğulanmışdır.
Klaus Şvab ümidvar olduğunu bildirmişdir ki, Bakıda keçiriləcək Dünya İqtisadi Forumu Cənubi Qafqaz və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfəsini verəcəkdir. Dövlət başçımız Davosda “CNN-İnternational” televiziya kanalının iqtisadi məsələlər üzrə müxbiri Riçard Kestə müsahibəsində demişdir: “Bu gün bizim iqtisadiyyatımız çox sabitdir. Biz iqtisadi böhran illərində belə inkişafımızı davam etdirə bilmişik. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Biz 10 ildən də az müddətdə ümumi daxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik. Hazırda iqtisadiyyatımız daha da şaxələndirilib. Bu, təkcə enerji sahəsinə aid deyil. Hazırda bizim əsas məqsədimiz Azərbaycanın qeyri-enerji sektoruna, xüsusilə yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə investisiyaları cəlb etməkdir”.
Yuxarıda sadalanan sahələr arasında İKT xüsusi yer tutur. Ölkə başçımız bununla bağlı demişdir: “İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir”.
Ümumiyyətlə, İKT sektoru 2004-2013-cü illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənmişdir, 2012-ci ildə isə sektorun artım tempi təxminən 18 faiz olmuşdur. Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. 2012-ci ildə sektora 400 milyon ABŞ dollarından çox investisiya qoyulmuşdur.
Ötən ildə Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın doqquzuncu, dünyanın isə 37-ci ölkəsi olmuşdur. İndi bizdə hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisini 100 faiz əhatə etmişdir. İndi mobil abunəçilərin əksəriyyəti, həm də sürətli internet istifadəçiləridir.
Başqa bir uğurlu məqama da diqqət yönəldək. Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı başa çatmış və fevral ayının birinci ongünlüyündə orbitə çıxarılması planlaşdırılmışdır. Peyk orta çəkilidir - 3,2 ton, ABŞ-ın “Orbital” şirkəti tərəfindən istehsal olunmuş və Fransanın “Arian” şirkəti tərəfindən orbitə çıxarılacaqdır. Peyk resurslarının 20 faizi ölkəmizin yerli tələbatını ödəmək üçün istifadə olunacaqdır, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacaqdır. Təxminən 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır. Peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin yaradılması başa çatmışdır. Mərkəz təkcə Azərbaycanın yox, region üzərindən uçan digər ölkələrə məxsus peyklərin də idarə olunması üçün istifadə olunacaqdır. Yer səthinin müşahidəsi üçün universal qəbuletmə və emaletmə sisteminin quraşdırılmasına başlanılmış və 2013-cü ilin sentyabr ayından real vaxt rejimində əcnəbi peyklərdən yüksək dəqiqlikli təsvirlərin alınması və müxtəlif təyinatlı istifadəsi təmin olunacaqdır. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı Yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılmışdır. Qeyd edim ki, BMT-nin uyğun komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunmuş, ölkəmiz kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürmüşdür. Kosmik texnologiyalar üzrə çox vacib məsələ olan kadr hazırlığına xüsusi diqqət yetirilmişdir. Son üç ildə orta yaşı 25-28 olan təxminən 30 nəfər peyklərin idarə olunması üzrə ABŞ, Fransa və Malayziyada uzunmüddətli kurs və təlimlər keçmiş milli mütəxəssis hazırlanmışdır.
Davosda Dünya İqtisadi Forumu keçirilən günlərdə bu şəhərdə ölkəmizin sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrinə aid reklamlar müşahidə edilmişdir. Bununla bağlı “CNN-İnternational” televiziya kanalının müxbiri Prezident İlham Əliyevə belə bir sualla müraciət edib: “Nəyə görə onun ölkəsi avtobus və binalarda bu qədər reklam yerləşdirib? Nəyə görə onun ölkəsi burada bu qədər reklam edilir?” Azərbaycan Prezidenti isə cavabında demişdir ki, ölkəmiz inkişaf edir. İnkişaf çox sürətlə gedir və şübhəsiz ki, biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusilə də Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş şəkildə təqdim etmək istəyirik. Biz qapılarımızı geniş şəkildə açmışıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik.
Bəli, bu gün həqiqətən də Azərbaycan dünyada regionun ən güclü iqtisadi potensiala və inkişaf tendensiyasına malik dövləti kimi tanınır. Milli iqtisadiyyatımız özünün dinamik inkişaf tendensiyalarını qoruyub saxlayır. Dünyanın bir çox dövlətlərini bürüyən iqtisadi və maliyyə böhranı Azərbaycana elə də mənfi təsir göstərə bilməmişdir. Əksinə, respublikamız qlobal iqtisadi-siyasi vəziyyətin mürəkkəbliyinə baxmayaraq, özünün dinamik inkişafını təmin etmişdir. Şübhəsiz ki, bu, ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü çevik və düşünülmüş iqtisadi siyasətin məntiqi nəticəsidir.
Azərbaycanın regionun ən güclü iqtisadi potensiala və inkişaf tendensiyasına malik dövləti olmasını belə bir fakt da aydın göstərir: Dünya İqtisadi Forumunun “Dünya Rəqabətlilik Hesabatı - 2012-2013" nəşrinə əsasən, ölkəmiz reytinq cədvəlində 9 pillə irəliləyərək dünyanın 144 dövlət arasında 46-cı yerdə qərarlaşmışdır. Forumun hesablamalarında Azərbaycan makroiqtisadi sabitliyə görə hazırda dünya miqyasında 18-ci yerdədir və bu göstəricinin yaxın dövrlərdə xeyli yaxşılaşdırılması üçün kifayət qədər iqtisadi resurs və mexanizmlər mövcuddur.
Bütün bunlar isə ölkəmizə investisiya qoyuluşunda da özünü qabarıq büruzə verir. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti demişdir: “Keçən il investisiya xərcləri rekord səviyyədə olmuşdur. Rəsmi statistik məlumatlara görə, keçən il investisiyalar 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. İlk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil edir. Digər tərəfdən, 9 milyard dollara yaxın xarici sərmayənin qoyulması da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaşdır, çox cəlbedici ölkədir. Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın xarici sərmayənin qoyulmasına gətirib çıxarmışdır. Əlbəttə, bu məsələdə beynəlxalq kredit agentliklərinin reytinqləri də az rol oynamır. Çünki dünyanın aparıcı kredit reytinq agentlikləri keçən il Azərbaycanın kredit reytinqlərini artırmışlar. Bu da, deyə bilərəm ki, müasir dünya üçün çox nadir bir məsələdir. Çünki inkişaf etmiş ölkələrin bəzilərinin reytinqləri aşağı salınır, Azərbaycanın kredit reytinqləri isə yuxarı qaldırılır və bu da aparılmış iqtisadi islahatların nəticəsidir”
Yeri gəlmişkən, yuxarıda adı çəkilən televiziya kanalının müxbirinin - “Bu gün xəbərlərdə daha çox bp-nin adı çəkilir. Bu şirkətin ”ROSNEFT"lə olan əlaqələri, bp-nin Azərbaycan ilə olan münasibətləri səbəbindən Rusiya hökumətinin “ROSNEFT” və bp vasitəsilə ölkənizə müdaxilə etmək cəhdləri ilə bağlı narahatlıq qeyd olunur. Bu məsələ Sizi narahat edirmi? Rusiya ölkənizə müdaxilə etmək üçün bp-dən istifadə edə bilərmi?" - sualına dövlət başçımızın cavabı da diqqət çəkir: “Hər şeydən öncə deyim ki, bu, bizi narahat etmir. Birincisi, bp 1994-cü ildən bəri demək olar ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdən ölkəmizdə fəaliyyət göstərir. Bu, təxminən 20 illik tarixə malik olan dostluq, əməkdaşlıq və tərəfdaşlıq münasibətləridir, əlaqələrimiz bundan sonra hələ ən azı 20 il də davam edəcəkdir. Çünki bizim hazırda bp şirkəti ilə birgə həyata keçirdiyimiz layihələr gələcəyə yönəlib. Bu baxımdan bp-nin digər tərəfdaşları ilə əməkdaşlığı məni narahat etmir”.
Xatırladaq ki, bu gün Azərbaycanda qeyri-neft sektorunun dinamik inkişafına baxmayaraq, enerji sektoru milli iqtisadiyyatın aparıcı seqmenti olaraq qalmaqdadır. Ölkəmiz enerji təhlükəsizliyi sahəsində də milli maraqlarını tam şəkildə təmin edə bilmişdir. Azərbaycan əldə etdiyi iqtisadi uğurlara təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının reallaşdırılması nəticəsində nail olmuşdur. Burada, şübhəsiz ki, 1994-cü ildən bəri ölkəmizdə fəaliyyət göstərən bp şirkəti ilə birgə həyata keçirilən layihələrin uğurla reallaşdırılması da önəmli rol oynamışdır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.