Davosda “SOCAR – Energy of Azerbaijan” illik qəbulu zamanı iki memorandum imzalanmışdır

 

 

Yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) rəsmi qəbul təşkil etmişdir. Hər il Dünya İqtisadi Forumunun iş günlərində təşkil edilən həmin qəbul bu il “SOCAR - Energy of Azerbaijan” adlanır.

ARDNŞ prezidenti Rövnəq Abdullayev tədbiri açaraq  Azərbaycan dövlətinin nailiyyətləri, xüsusən milli neft şirkətinin uğurları barədə məlumat vermişdir.

Sonra Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger çıxış etmişdir. O, öz nitqində Nobel qardaşlarını xatırlatmış, qeyd etmişdir ki, onların xoş niyyətli fəaliyyətləri sayəsində Avropa ilə Azərbaycan arasında əlaqə yaranmışdır. Avropa komissarı demişdir: “Bakı çox güclü təsir bağışlayan şəhərdir. Bəli, təəccüblənməyin - gərək bunu özünüz görəsiniz!” O, ARDNŞ haqqında demişdir: “Uğur sizi izləyir”.

Tədbir çərçivəsində iki memorandum imzalanmışdır. Birinci sənəd - Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) və Beynəlxalq Maliyyə Korporasiyası (İFC) arasında Memorandum ARDNŞ-in icraçı direktoru Şahmar Mövsümov və İFC-nin rəhbəri Cin-Yonq Çay tərəfindən imzalanmışdır.

Tərəflər özəl sektor sahəsində iki təşkilat arasında əməkdaşlığın və dünyanın inkişaf etməkdə olan bazarlarına özəl investisiyaların genişləndirilməsi barədə razılığa gəlmişlər.

Xatırladaq ki, ARDNF Afrika-Latın Amerikası-Karib Fonduna 100 milyon ABŞ dolları məbləğində sərmayə qoymuşdur. Bundan əlavə, yeni yaradılan qlobal fonda 50 milyon ABŞ dolları həcmində əlavə sərmayə qoyuluşu haqda razılıq əldə edilmişdir. Bu fakt cümə günü rəsmən elan ediləcəkdir. Gələcək investisiyalar barədə də danışıqlar aparılır.

Qeyd etmək lazımdır ki, ARDNF dünyanın yeni bazarlarına ilk sərmayə qoyan qurumlardan biri olmuşdur.

Qəbul zamanı imzalanmış ikinci sənəd ARDNŞ ilə İsveçrənin MİGROS şirkəti arasında anlaşma memorandumudur. Bu sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev və MİGROS şirkətinin direktorlar şurasının sədri Herbert Bolliger imzalamışdır.

Tərəflər İsveçrənin yanacaq bazarında əməkdaşlığın daha da dərinləşməsi, investisiyalar bazarının imkanlarının öyrənilməsi istiqamətində birgə işi davam etdirmək barədə razılığa gəlmişlər.

Qəbul zamanı qonaqlara “Azərbaycan - gələcəyin ölkəsidir” adlı sənədli film göstərilmişdir.

Tədbirdə bir sıra dövlətlərin rəsmi şəxsləri, nüfuzlu beynəlxalq strukturların və dünyanın işgüzar dairələrinin nümayəndələri iştirak etmişlər.

Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Davos


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında