Azərbaycanın sosial-iqtisadi inkişafı üçün əlamətdar bir dövr olan 2012-ci il tarixə çevrildi. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş düzgün iqtisadi siyasət nəticəsində ötən il ölkəmizin dinamik inkişafı davam etmiş, ümumi iqtisadi göstəricilərimiz uğurlu olmuşdur. 2012-ci ildə Azərbaycanda iqtisadi artımın 2,2 faiz, əsası isə qeyri-neft sektorunun 9,7 faiz təşkil etməsi də belə deməyə əsas verir ki, dünyada ümumi böhranın davam etməsinə baxmayaraq, ölkəmiz sabit və davamlı inkişaf yolu ilə inamla irəliləyir. Bu da təsadüfi deyil. Çünki Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış iqtisadi strategiya ölkəmizin uzun- müddətli sosial-iqtisadi inkişafının təmin olunmasına hesablanmışdır.
Yanvarın 15-də möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlər də bir daha sübut etdi ki, Azərbaycanın hərtərəfli və tarazlı inkişafı artıq davamlı bir prosesə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, yola saldığımız hər bir il ölkəmiz üçün əlamətdar hadisələrlə, yüksək nailiyyətlərlə zəngin olur. Qeyd etdiyimiz kimi, bütün bu uğurların başlıca səbəbini isə, heç şübhəsiz, möhtərəm Prezidentimizin yeni dövrün reallıqları nəzərə alınmaqla müəyyənləşdirdiyi düzgün və düşünülmüş strategiya, ən başlıcası isə iqtisadiyyatın şaxələndirilməsi tendensiyası təşkil edir. Təsadüfi deyil ki, dövlətimizin başçısı hökumətin illik hesabatındakı giriş nitqində bu amilə toxunaraq demişdir: “Bütövlükdə, ötən il ölkə iqtisadiyyatı üçün çox uğurlu il olmuşdur. Bu da təsadüfi deyil. Çünki keçən ilin uğurları bundan əvvəlki dövrdə müəyyən edilmişdir. Bizim düşünülmüş iqtisadi siyasətimiz artıq öz gözəl nəticələrini verməkdədir və dinamika müsbətdir, inkişaf çox sevindiricidir... Ən sevindirici məsələ ondan ibarətdir ki, biz bu artımı qeyri-neft sektorunun hesabına qazanmışıq. Qeyri-neft sektorumuz keçən il 9,7 faiz artmışdır. Beləliklə, biz ölkə iqtisadiyyatını şaxələndirməklə bağlı bir neçə il bundan əvvəl qarşıya qoyulmuş vəzifəyə artıq nail ola bilmişik”.
Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının minimuma endirilməsi məqsədi daşıyan şaxələndirmə siyasətinin nəticəsidir ki, ötən il ölkəmizin qeyri-neft sektorunda 9,7 faizlik artım əldə olunmuşdur. Sevindirici haldır ki, ümumi artım sosial-iqtisadi həyatın bütün sahələrində getdikcə daha çox hiss olunur. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində Azərbaycanın maliyyə imkanları xeyli artmış, ölkədə ümumi investisiya fəallığı güclənmişdir. Məhz bunun nəticəsidir ki, şaxələndirmə strategiyası ölkə iqtisadiyyatının əsasını təşkil edən sənaye sahəsində daha çox müşahidə olunur. Son illər həyata keçirilən sənayeləşmə siyasətinin məntiqi nəticəsi olaraq ölkədə yeni-yeni istehsal sahələri fəaliyyətə başlamışdır. Həmin müəssisələrdə ən son istehsal texnologiyaları tətbiq edilməklə rəqabət qabiliyyətli malların buraxılışı təmin olunmuşdur. Nəticədə 2012-ci ildə Azərbaycanda qeyri-sənaye istehsalı təxminən 8 faiz artmışdır.
Məlum olduğu kimi, ölkəmizdə həyata keçirilən iqtisadi strategiyanın əsas hədəflərindən biri də inflyasiyanın səviyyəsini birrəqəmli həddə saxlamaqla əhalinin firavan yaşayışının təmin olunmasından ibarət idi. Möhtərəm Prezidentimizin giriş nitqindən də aydın olduğu kimi, ötən il bu sahədə qarşıya qoyulmuş vəzifə tam təmin olunmuş, ölkədə inflyasiya cəmi 1,1 faiz təşkil etməklə əhalinin pul gəlirləri 13,8 faiz artmışdır. Bu isə son illər dünya miqyasında qeydə alınmış ən yüksək göstəricilərdən biridir.
Ötən ilin yüksək nailiyyətlərindən biri də ölkədə investisiya fəallığının bir qədər də artması ilə bağlı olmuşdur. Belə ki, il ərzində Azərbaycan iqtisadiyyatına 22 milyard dollardan artıq investisiya qoyulmuşdur ki, bunun da 13 milyard dollarını daxili investisiyalar təşkil etmişdir. Bu da heç şübhəsiz, ölkəmizin maliyyə gücünün artmasının göstəricisidir. Uğurlu investisiya siyasəti nəticəsində bütün ölkə boyu iri infrastuktur layihələri həyata keçirilmiş, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilmiş bir sıra vacib sosial proqramların icrası uğurla başa çatdırılmışdır. Yeri gəlmişkən, son illər Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir. Məhz həmin siyasətin nəticəsidir ki, 2012-ci ildə ölkə vətəndaşlarının sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılması ilə bağlı çoxdan gözlədikləri istəkləri reallığa çevrildi. Ölkədə həyata keçirilən uğurlu sosial siyasətin daha bir təzahürü orta aylıq əmək haqlarının və pensiyaların müntəzəm artırılması ilə bağlıdır. Vətəndaşların həyat səviyyəsinin daim yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev bu il də ölkəmizdə maaşların və pensiyaların artırılacağını vəd etmişdir. Nazirlər Kabinetinin iclasında bununla bağlı konkret mövqeyini ortaya qoyan dövlət başçımız son illərdə əməkhaqları və pensiyaların bir neçə dəfə artırılmasına baxmayaraq, bu prosesin 2013-cü ildə də davam edəcəyini söyləmişdir. Bu, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində həyata keçirilən dövlət siyasətinin daha bir parlaq nümunəsidir.
Hökumətin iclasında 2012-ci il ərzində əldə olunmuş nailiyyətlərlər sadalanmaqla yanaşı, cari ilin prioritetləri də müəyyənləşdirilmişdir. Bütün bu məsələlər dövlətimizin başçısı cənab İlham Əliyevin proqram xarakterli yekun nitqində öz əksini aydın şəkildə tapmışdır. Belə ki, qarşıda duran vəzifələrdən söhbət açan Prezident qeyd etdi ki, ötən il və ya əvvəlki dövrlərdə icrasına başlanmış bütün infrastruktur layihələri 2013-cü ildə tam başa çatdırılmalıdır. Bu məqsədlə isə həm dövlət, həm də yerli və xarici özəl şirkətlərin vəsaitlərindən istifadə olunacaq. İnfrastruktur layihələrinə gəldikdə isə dövlət başçısı qeyd etdi ki, ötən illər ərzində ölkəmizin enerji potensialının tam təmin olunmasına, hətta ölkəmizin elektrik enerjisi ixracatçısına çevrilməsinə baxmayaraq, bu sahədə işlər cari ildə də davam etdirilməlidir. Belə ki, bu il 800 meqavatlıq “Cənub” elektrik stansiyasının işə düşməsi ilə yanaşı, alternativ enerji mənbələrinin hərəkətə gətirilməsi ilə bağlı da mühüm işlər görülməlidir. Bundan əlavə, Prezident İlham Əliyevin sosial infrastruktur layihələri arasında xüsusi önəm verdiyi qazlaşdırma tədbirləri bu il daha da intensivləşəcək. Bu məqsədlə cari ildə ən ucqar kəndlərin belə qazlaşdırılacağı gözlənilir. Bütövlükdə isə dövlət başçısı 2013-cü ildə ölkə üzrə ümumi qazlaşdırmanın səviyyəsini 90 faizə çatdırmağı tapşırmışdır. Sosial infrastrukturun digər vacib sahəsi olan içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması da bu ilin əsas prioritetlərindəndir. Bununla yanaşı, il ərzində ölkədə meliorativ tədbirlər də davam etdiriləcəkdir.
Son illər ölkənin ümumi inkişafına mühüm töhfələr verən yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də geniş miqyaslı layihələr həyata keçirilmişdir. Ötən müddətdə magistral yolların təmiri və çəkilişi ilə yanaşı, kənd yollarının yenidən qurulması istiqamətində mühüm işlər görülmüşdür. Bu məqsədlə həm dövlət büdcəsindən, həm də Prezidentin ehtiyat fondundan külli məbləğdə vəsait ayrılmışdır. Sevindirici məqamdır ki, hökumətin iclasında möhtərəm Prezidentimiz cari ildə bu sahədə işlərin daha da intensivləşəcəyini bəyan etdi.
Bütün bunlarla yanaşı, 2013-cü ilin prioritetləri müəyyənləşdirilərkən sosial sferanın digər vacib sahələri sayılan məktəb, xəstəxana, mədəniyyət ocaqları və idman-sağlamlıq komplekslərinin tikintisi və təmiri də vacib məsələ kimi önə çəkilmişdir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin iclasında Prezident qeyd etdi ki, bu il ölkədə, bir dənə olsun təmir olunmamış məktəb qalmayacaqdır.
Bu il dövlətimizin hədəflədiyi əsas prioritetlərdən biri də ölkədə makroiqtisadi sabitliyi qoruyub saxlamaq, inflyasiyanın birrəqəmli həddi keçməsinə imkan verməməkdən ibarətdir. Hökumətin iclasında bu vacib məsələyə toxunan Prezident İlham Əliyev demişdir: “Biz çalışmalıyıq və əminəm buna nail olacağıq ki, inflyasiya bu il də birrəqəmli olsun. Birrəqəmli inflyasiya ölkənin uğurlu inkişafını təmin edir və əhalinin real gəlirlərini artırır. Makroiqtisadi sabitlik daim nəzarət altındadır. Hesab edirəm ki, bu sahədə də heç bir problem olmayacaqdır”.
Məlum olduğu kimi, son illər ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı təsirli mübarizə tədbirləri həyata keçirilir. Bu da ictimaiyyəti narahat edən bir sıra neqativ halların azalmasına gətirib çıxarır. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev ötən müddətdə bu sahədə böyük uğurlara imza atıldığnı diqqətə çatdırmaqla yanaşı, həmin siyasətin məqsədyönlü şəkildə davam etdiriləcəyini vurğuladı. Bundan əlavə, dövlət başçısı həyatımıza yenicə daxil olmuş 2013-cü ilin digər prioritetləri üzərində də geniş dayandı. Göründüyü kimi, 2013-cü ildə ölkə həyatının bütün sahələrində son dərəcə vacib işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ölkəmizdə hökm sürən sabitlik, davamlı inkişaf, ən başlıcası isə möhkəm siyasi iradə və güclü maliyyə imkanları onu deməyə əsas verir ki, Azərbaycan bu il üçün hədəflədiyi əsas məsələlərin öhdəsindən layiqincə gələcəkdir.
Rəşad ƏLİYEV,
iqtisad elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.