Qeyri-neft sektoru və regionların proporsional sosial-iqtisadi inkişafı

 

Azərbaycanın başlıca sərvəti olan yanacaq ehtiyatları ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı neft  strategiyasının reallaşması nəticəsində xalqımızın ümummilli mənafelərinə yönəldildi. Müstəqilliyimizin ötən 20 ilində Azərbaycanda neft hasilatı 4,3 dəfə artaraq 50,9 milyon tona, qaz hasilatı 3,1 dəfə artaraq 26,3 milyard kubmetrə  çatdırıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  dövlət başçısı cənab İlham Əliyev demişdir:“Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyamızın icrası nəticəsində biz enerji sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmişik. Neft-qaz layihələrimiz, neft-qaz kəmərlərimiz bu gün Azərbaycanı, doğrudan da, dünya miqyasında çox önəmli neft, qaz hasil və ixrac edən ölkəyə çeviribdir.

Keçən il də bu siyasətin davamı olaraq çox önəmli və deyə bilərəm ki, tarixi hadisə baş vermişdir - biz TANAP layihəsinin təməlini qoymuşuq. Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bununla bərabər, bütün riskləri, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür. Biz demək olar ki, bölgədə icra edilən bütün layihələrin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi və bərpası layihələrinin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin təşəbbüskarı olmuşuq”.

Neft və qaz sənayesinin sürətli inkişafı nəticəsində ölkəyə böyük həcmdə maliyyə vəsaitləri  daxil oldu. Uzun illər maliyyə qıtlığından əziyyət çəkən Azərbaycan, nəhayət, ilk dəfə bu hesaba öz iqtisadiyyatını əsaslı şəkildə inkişaf etdirmək imkanı əldə etdi. Yeni şəraitdə bazar iqtisadiyyatının sosialyönümlü inkişaf istiqaməti əsas seçim kimi qəbul olundu ki, bu da ilk növbədə əhalinin rifahının müntəzəm artımını təmin etdi.

Yerli ərazilərin imkanlarından dolğun və səmərəli istifadə edilməsi vəzifəsi hələ sovet hakimiyyəti illərində ilk dəfə Heydər Əliyev tərəfindən dərin düşüncə ilə, böyük müdrikliklə və bəsirətli uzaqgörənliklə gündəmə gətirildi. Bununla da regionların sosial-iqtisadi inkişafının birinci mərhələsinin əsası qoyuldu. Məhz yerli ərazilərin böyük istehsal potensialından dolğun və səmərəli istifadə edilməsi əsasında hətta imperiya sistemi şəraitində regionların  hərtərəfli iqtisadi inkişafı istiqamətində uğurlu nəticələr əldə edildi. Sübut olundu ki, respublikada neft istehsalı obyektiv səbəblər üzündən hətta 1,5 dəfə azalsa da (1970-ci ildəki 20,2 milyon tondan 1985-ci ildə 13,8 milyon tona qədər), əsasən regionlarda qeyri-neft sektorunun inkişafı hesabına Azərbaycanda bu dövr ümumi ictimai məhsul 2,7 dəfə, o cümlədən sənaye məhsulu 2,9 dəfə artdı.

Müstəqilliyin möhkəmləndirilməsinin ilkin dövründə ölkənin  ərzaq təhlükəsizliyini təmin etmək üçün regionlarda ən mühüm əkinçilik və heyvandarlıq məhsullarının artırılması ön plana çəkildi. Nəticədə bir sıra sahələrdə kənd təsərrüfatı məhsullarının istehsalı respublikada bir neçə dəfə artdı. Həmin dövrdə regionlarda kənd təsərrüfatı məhsullarının emalı üzrə sənayedə və  iqtisadiyyatın başqa sahələrində də nəzərəçarpan canlanma baş verdi. Keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq, sonralar isə Bakı-Tibilisi-Ceyhan əsas neft boru və Bakı-Tibilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi nəticəsində maliyyə vəsaitlərinin daha da artması və ölkə iqtisadiyyatının inkişafının sürətlənməsi regionlarda da məhsuldar qüvvələrin hərəkətə gətirilməsinin vacibliyini ön plana çəkdi. Yeni şəraitdə regionların daha sürətli və əhatəli inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır.

Cənab İlham Əliyevin ilk dəfə ölkə Prezidenti seçilərkən iqtisadiyyat sahəsində imzaladığı ilk mühüm sərəncamlardan biri “Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” olmuşdur. Məhz bu dövrdən regionların sosial-iqtisadi inkişafının ikinci mərhələsi başlayır. Proqramda müəyyən edilmiş vəzifələr uğurla icra edildikdən sonra onun davamı olaraq 2009-cu ilin aprelində ölkə başçısı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı imzalandı. Bu iki mühüm sənəddən başqa cənab İlham Əliyev tez-tez səfər etdiyi rayonların sosial-iqtisadi inkişafı ilə bağlı onlarca  əlavə sərəncamlar da imzalamışdır. Mübaliğəsiz demək olar ki, “Əsrin müqaviləsi”ndən sonra bu mühüm istiqamət müstəqil ölkəmizin sosial-iqtisadi inkişafında taleyüklü əhəmiyyət daşıyan ikinci mühüm strategiyadır.

Bu sərəncamlardan irəli gələn vəzifələrin gerçəkləşdirilməsinin son hədəfi regionların sosial-iqtisadi inkişafını sürətləndirmək və onlar arasındakı  fərqi azaltmaqdır. Hesablamalar göstərir ki, bütövlükdə bu sərəncamlar əsasında regionlarda 2000-dən artıq tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, onların da böyük hissəsi artıq gerçəkləşmişdir. Sahibkarlıq fəaliyyətini gücləndirmək yolu ilə  regionlarda qeyri-neft sektorunun inkişafı üçün əlverişli biznes mühiti yaradılmış, müxtəlif təyinatlı infrastruktur  şəbəkələri inkişaf etdirilmişdir. Bu istiqamətdə görülən işlərin nəticələri artıq göz qabağındadır. Hər şeydən əvvəl  köhnə infrastruktur yenidən qurulmuş, regionda yerli təminatda əhəmiyyətli rol oynayan mobil elektrik stansiyaları yaradılmış, elektrik təchizatı başa çatdırılmışdır. Hazırda regionların tam qazlaşdırılması sürətlə həyata keçirilir. Yaxın bir neçə ildə isə ölkənin bütün ərazisinin mavi yanacaqla təminatı tamamilə həll ediləcəkdir. Su təchizatı sürətlə yaxşılaşdırılır. Nəqliyyat şəbəkəsi müasirləşdirilir, magistral yollarla yanaşı, kəndarası yollar da yenidən qurulur. İndiyədək  bir sıra regionlarda (Gəncə, Lənkəran, Naxçıvan, Zaqatala, Qəbələ) dünya standartları səviyyəsində hava limanları tikilib istifadəyə verilmişdir. Yeni məktəblər, səhiyyə ocaqları, idman kompleksləri tikilmişdir.

Azərbaycan Prezidenti cənab  İlham Əliyev sözügedən iclasda həmçinin demişdir:“Regional İnkişaf Proqramı da uğurla icra edilib. Qeyd etdiyim kimi, 2004-cü ildə birinci Proqram, 2009-cu ildə ikinci Proqram qəbul edilmişdir. Artıq ikinci Proqram başa çatmaq üzrədir. Qarşıya qoyulmuş bütün vəzifələr icra edilib. Keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində, işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür -  7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir.

2013-cü ildə görüləcək işlər, yeni infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində əminəm ki, yoxsulluq səviyyəsi daha da düşəcək və beləliklə, 10 il bundan əvvəl qarşımıza qoyduğumuz vəzifə, - Azərbaycanda  yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi də artıq təmin ediləcəkdir”.

Regionlarda əlverişli sahibkarlıq mühitinin mövcudluğu  müxtəlif istehsal sahələrinin yaradılmasına, iş yerlərinin açılmasına  müsbət təsir göstərmişdir. Bu isə son nəticədə  yerlərdə əhalinin sosial şəraitinin yaxşılaşmasına, paytaxta, iri şəhərlərə axının zəifləməsinə, əhalinin təbii artımına  gətirib çıxarmışdır. Sonuncu fikirlə bağlı bəzi faktlara diqqət yetirək.  Əhalinin təbii artımı 1991-ci ildəki 145,7 min nəfərdən 2003-cü ildə 64,5 min nəfərə enmişdi. Sonrakı illərdə insanların həyat şəraitinin yaxşılaşması  nəticəsində regionlarda məhsuldar qüvvələrin hərtərəfli yüksəlişi prosesi başlandı, əhalinin təbii artımında müsbət dinamika  müşahidə edildi.  Belə ki, orta illik təbii artım  2004-cü ildəki 82 min nəfərdən 2011-ci ildə 122, 3 min nəfərə  çatdı.  Bu müddət ərzində hər min nəfərə düşən təbii artım 9,9 nəfərdən 13,5 nəfərə qədər yüksəldi.

Regionların  sosial-iqtisadi inkişafını daim diqqətdə saxlayan ölkə başçısı cənab İlham Əliyev hələ 2010-cu ildə Ukrayna Milli Telekompaniyasına, bu ölkənin “Profil Ukrayna” jurnalına və “Den” qəzetinə verdiyi müsahibəsində demişdir: “İlk növbədə regionlara çox fəal sərmayə qoymağa başladıq, regionlarda çox güclü sosial və sənaye infrastruktur yaratdıq. Beləliklə, əhalinin paytaxta axını dayandırıldı. Bakının hüdudlarından kənarda, ucqar rayonlarda müəssisələr yaratmağa başladıq”.

Bəli, həqiqətən də regionlarda aparılan böyük tikinti-quruculuq işləri, əhalinin rifahının yaxşılaşdırılması, məşğulluğunun artırılması və yoxsulluğun azaldılması insanların ərazi daxilində məskunlaşmasının təbii tarazlığına önəmli təsir göstərdi. Bunun da nəticəsində  regionlarda aparılan böyük quruculuq işləri nəticəsində əhalinin rifahının yüksəldilməsi, onun məşğulluğunun artması və yoxsulluğun azaldılması insanların ərazi daxilində məskunlaşmasının təbii tarazlığının yaranmasına müsbət təsir göstərdi. Bakı şəhəri əhalisinin respublika əhalisinin ümumi sayında xüsusi çəkisi 25,5-dən 22,9 faizə endi.

Burada bir məqama da toxunmaq istərdim. Son illər Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Qəbələ və digər şəhərlərdə  respublika əhəmiyyətli bir sıra  tədbirlər keçirilmişdir. Şübhəsiz ki, gələcəkdə sadalanan şəhərlərin coğrafiyası daha da genişlənəcəkdir.  Fikrimcə, hər bir iqtisadi regionun özünün əsas mədəni-iqtisadi mərkəzi kimi (əyalət paytaxtları) tarixən təşəkkül tapmış şəhərlərdə yaradılması daha məqsədəuyğundur.

Regionlara investiya qoyuluşu ildən-ilə  yüksəlir, xarici iş adamları ilə yanaşı, milli sahibkarların da fəaliyyəti genişlənir. Şübhəsiz ki, bu, əsas kapitala yönəldilən vəsaitlərin həcminin getdikcə artmasına müsbət təsir göstərir. Rəsmi statistikaya görə,  2010-cu ildə respublikada hasil edilən ümumi məhsul həcminin 21 faizi, kənd təsərrüfat məhsullarının 97 faizdən çoxu, pərakəndə əmtəə dövrüyyəsinin 46 faizi regionların payına düşmüşdür. Sənaye sahəsində də əhəmiyyətli işlər görülmüşdür. 2010-cu ildə sənaye məhsulu istehsalına görə regionların xüsusi çəkisi müstəqilliyin ilk dövrlərinə nisbətən 2 dəfədən çox artmışdır. Buna əsasən çoxlu yeni sənaye müəssisələrinin yaradılması hesabına nail olunmuşdur. Yeri gəlmişkən, 2010-cu ildə respublikada fəaliyyət göstərən 2649 sənaye müəssisənin 1157-si və  ya 43,6 faizi regionlardadır.

Ölkənin ümumi sənaye məhsulu istehsalında regionların payını artırmaq mühüm önəm daşıyır. Lakin regionlarda bir sıra iri sənaye müəssisələrinin  istismara verildiyini, bəzi müəssisələrin isə  tikintisinin  yaxın vaxtlarda  başa çatacağını nəzərə alsaq, onda regionların respublika sənaye məhsulu istehsalında xüsusi çəkisinin xeyli artacağı şübhəsizdir. Amma hazırda Bakı da daxil olmaqla   Abşeron iqtisadi regionu ilə respublikanın başqa əraziləri arasında sənaye istehsalına görə böyük fərqin olması ölkənin sosial-iqtisadi həyatında özünü qabarıq büruzə verir.

Xatırladaq ki, hazırda regionlarda yeni müəssisələrin tikilməsinə baxmayaraq, Abşeron iqtisadi rayonunun ölkə sənaye istehsalında yeri hələ də çox yüksəkdir. Səbəbi isə Abşeron iqtisadi regionunda sənaye müəssisələrinin sıxlığı ilə əlaqədardır. Burada hər min kvadratkilometrə 275-dən artıq sənaye müəssisəsi düşür ki, bu da bütövlükdə başqa regionlara nisbətən  təxminən 20 dəfəyə qədər çoxdur. Nəticədə ərazinin kiçik bir hissəsində (6,3 faizi) yüksək əhali sıxlığının mənfi nəticələri bu gün də qalmaqdadır. Belə ki, 2011-ci ildə Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla ümumi Abşeron meqapolisində (Xızı rayonunu nəzərə almadan) əhalinin sıxlığı 740 nəfər, Bakı şəhərində isə 996 nəfər təşkil etmişdir. Halbuki bütövlükdə respublikada əhalinin orta sıxlığı 107, regionlarda isə cəmi 81 nəfər olmuşdur. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan artıq soydaşımızın xeyli hissəsinin burada yerləşdirilməsi də vəziyyəti  gərginləşdirmişdir. Abşeron meqapolisinin hər cəhətdən yüksək səviyyədə yüklənməsi burada şəhər təsərrüfatının tənzimlənməsini çətinləşdirmiş,  çoxlu əlavə xərclərin yaranmasına səbəb olmuşdur.

Məlumdur ki, sənaye istehsalının dinamik inkişafı müvafiq ərazilərin sosial-iqtisadi və mədəni həyatında köklü mütərəqqi dəyişikliklər yaradır. Məhz bunu nəzərə alaraq hələ keçən əsrin 70-80-ci  illərindən başlayaraq, mühüm dövlət siyasəti kimi qəbul edilən qeyri-neft sektorunda  sənayenin tərəqqisi  diqqət mərkəzində saxlanılmışdır. Hazırda da bu, uğurla davam etdirilir. Bu gün artıq qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının inkişafında əhəmiyyətli yer tutur. 2003-2011-ci illərdə bu sahədə məhsul istehsalı 1,5 dəfə artmış, sənaye sahəsinin əsas potensialı daha qabarıq şəkildə özünü büruzə vermişdir. Regionlarda qeyri-neft sektoru sənayesinin müxtəlif istehsal istiqamətlərinin inkişafı üçün imkanlar hələ kifayət qədərdir. Məsələn, emal sənayesinə diqqət yetirək. Bu sahənin  yüksək əməktutumlu olması əhalinin məşğulluq səviyyəsinin yaxşılaşdırılmasında, yoxsulluğun aşağı salınmasında müstəsna əhəmiyyətə malikdir. Faktlar göstərir ki, 2012-ci ildə ölkənin emal müəssisələrində respublika sənaye işçilərinin yarıdan çoxu (52 faiz) cəmləşmişdir ki, bu da sosial şəraitin yaxşılaşmasında önəmli rol oynamışdır.

Regionlarda sənaye sahəsinin inkişaf imkanları getdikcə genişlənir. Gəncədə alüminium zavodunun istismara verilməsi, burada iri metal emalı müəssisəsinin, Qazax sement zavodunun tikintisinin sürətlə davam etdirilməsi, Naxçıvanda, Ağstafada yeni sement zavodlarının istehsal güclərinin tam mənimsənilməsinə başlanılması, energetika sahələrində istehsal güclərinin artırılması  bir sıra zəruri sahələrin yaradılması imkanlarını xeyli artırır. Bununla yanaşı, fikrimcə, müxtəlif yerli sərvətlərin səmərəli istifadəsinin zəruriliyi və bu əsasda daxili tələbatın ödənilməsi, onun ixrac imkanlarının genişləndirilməsi ilə bağlı  nəzərdə tutulan bir sıra mühüm sənaye sahələrinin yaranmasında şirkətlərin, səhmdar cəmiyyətlərin, eləcə də  iş adamlarının bu sahədə fəaliyyəti xeyli gücləndirilməlidir. Yaxın gələcəyin tələbləri nəzərə alınmaqla regionlarda maşınqayırmanın bir çox yeni istiqamətləri, o cümlədən mühərriklər, alternativ enerji istehsalı üçün avadanlıqlar istehsalı üzrə müəssisələrin yaradılması, neft emalı, neft-kimya, toxuculuq, ayaqqabı, tikiş və digər sənaye sahələrinin inkişafı zamanın  tələbidir. Bu sahələrlə əlaqədar təcrübəli mütəxəssislərin fəaliyyəti bərpa edilməlidir.

Regionların  inkişafı üçün hər cür imkan və şəraitdən səmərəli istifadə iqtisadiyyatın şaxələndirilməsinə müsbət təsir göstərir.  Məsələn, ilk baxışda çox adi görünən istehsalın bir sahəsinə  diqqət yetirək. Məlumdur ki, Lənkəran iqtisadi regionu əhalinin yüksək artımı ilə səciyyələnir. Elə təkcə bu amili nəzərə alaraq, burada yerli imkanlar əsasında əməktutumlu və dənizlə əlaqədar məhsullar, yəni adi və yelkənli qayıqlar, baydarkalar, lövbərlər və s. üzrə böyük istehsal sahəsinin yaradılması ərazinin sosial-iqtisadi inkişafında ciddi dəyişikliklər yarada bilər. Belə imkanlar kənd təsərrüfatında da kifayət qədərdir. Elə bu məqamı nəzərə alaraq ölkə başçısı cənab İlham Əliyev xüsusi vurğulamışdır: “...Ancaq biz hamımız yaxşı bilirik, imkan vardır ki, hətta indiki əkin sahələrini də nəzərə almaqla, məhsuldarlığı artırmaqla ərzaq təhlükəsiyliyini tam şəkildə təmin edə bilərik. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının istehsalında özümüzü yüz faiz təminetmə prinsipi tətbiq edilir. Yaxın illərdə biz özümüzü əsas ərzaq məhsulları ilə yüz faiz təmin edəcəyik.”

Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  isə deyilmişdir ki,   əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilmiş, hesabat dövründə kənd təsərrüfatı sahəsində 5,8 faiz artıma nail olunmuş, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilmişdir.

Quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılmış, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur.

İri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı dövlət başçımızın tapşırığına əsasən Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatları yaradılmış, bu mövsüm həmin  təsərrüfatlarda yüksək məhsuldarlıq əldə olunacaqdır. Bu layihə çərçivəsində həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservisin yaradılması da nəzərdə tutulur və layihələrdə əsasən məcburi köçkün və yerli sakinlər işlə təmin olunur. Növbəti addım olaraq Cəlilabad, Beyləqan, Şamaxı və Hacıqabul rayonlarında da taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə zəruri işlərə başlanılmışdır.

Ölkənin torpaq-iqlim şəraitinə uyğun əkinçiliyin təkmilləşdirilməsi, ilk növbədə iri fermer təsərrüfatlarının təşkilinin elmi əsaslarla yaranması, bitkiçilik və heyvandarlıq sahələrində istehsal mədəniyyətinin yüksəldilməsi hesabına məhsuldarlığın artırılması emal sənayesinin də inkişafını  genişləndirər. Bununla  yanaşı, həm də hər bir sahənin özünəməxsus inkişaf imkanları müəyyən edilib düzgün istifadə olunmalıdır. Məsələn, keçən əsrin 70-80-cı illərində respublikada yaşıl çay yarpağı yığımı 30 min tonu keçmişdi. Mütəxəssislərin mülahizəsinə görə, həmin istehsal mövcud imkanların təxminən 1/3-ni təşkil edirdi. Hazırda isə Azərbaycanda müəyyən obyektiv səbəblər üzündən hələlik yaşıl çay yarpağı istehsalı  (540 ton) bu potensialın cəmi 0,5 faizini təşkil edir. Halbuki ancaq Lənkəran iqtisadi rayonunda  yararlı torpaqlardan istifadə edilməklə 100 min tondan artıq yaşıl çay yarpağı istehsal etmək olar.

Ölkəmizdə turizmin inkişafı olduqca əhəmiyyətlidir və bu, həm iqtisadi, həm də sosial təsirlərə malikdir. Turizmin inkişafı isə regionlarda yerləşən mehmanxaların investisiya imkanlarının genişləndirilməsindən və eləcə də onların müasir tələblərə uyğun daha çox turist qəbul etmək imkanlarının artırılmasından aslıdır. Ölkə Prezidentinin bəyan etdiyi prioritet sahələrə uyğun olaraq qeyri-neft sektorunun inkişafında turizm sektorunun dəstəklənməsi və sözügedən sahədə davamlı inkişafın formalaşdırılması vacib məsələlərdən hesab edilir. 2011-ci ilin “Turizm ili” elan edilməsi və ötən il bu sektorun inkişafı ilə bağlı bir sıra əhəmiyyətli islahatların aparılması da məhz bu sektora dövlət qayğısından xəbər verir. Bununla yanaşı, bu sektorda islahatların davam etdirilməsi  prioritet məsələlərdəndir. Ölkə Prezidenti cənab İlham Əliyev bu sektorun inkişafını qeyd edərək bildirimişdir ki, Azərbaycanda turizm sektorunun inkişafına böyük diqqət göstərilir: “Hesab edirəm ki, növbəti illərdə turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm yer tutacaq. İnkişaf etmiş, xüsusən də zəngin təbiətə malik olan ölkələrin iqtisadiyyatında turizm mühüm yer tutur. Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər vardır və biz bu imkanlardan istifadə etməliyik”.

Turizm sektorunun ölkə Prezidenti tərəfindən prioritet elan edilməsi bu sahənin qeyri-neft sektorunda payının daha da artırılmasını aktuallaşdırır. Ümumiyyətlə, perspektivinə görə turizm sektoru qeyri-neft sahələri arasında aparıcı mövqedə dayanır. Dünya ölkələri üzrə ümumi milli məhsulun 10 faizi, ixracın isə 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm sektorunda və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

Regionlarda təbiətin zənginliyi və rəngarəngliyi turizmin müxtəlif növlərinin inkişafına geniş imkanlar yaradır. Məhz regional inkişafa dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən 30-u turizmə həsr olunub. “2008-2017-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” artıq Nazirlər Kabinetinə təqdim edilmişdir. Turizm sektorunun inkişafının sürətləndirilməsi üçün beynəlxalq turizm şirkətlərinin fəaliyyəti yerli əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilməli, tarixi abidələr abadlaşdırılmalı, istirahətin təşkili müasir tələbata uyğun formalaşdırılmalı, nəqliyyat vasitələri xidmət tələblərinə uyğunlaşdırılmalı və bu vasitələrdən istifadə edərkən texniki təhlükəsizliyə əməl edilməlidir. Yerli baza infrastrukturları turistlərin tələbatına uyğunlaşdırılmalı, su, qaz, elektrik təchizatı, kanalizasiya, telekommunikasiya sistemi lazımi səviyyədə olmalı, turizm marşurutuna daxil olan rayonların iqtisadi- mədəni səviyyəsi turizmin təşkilinin müasir tələblərinə uyğunlaşdırılmalı, görməli yerlər haqqında informasiya xidməti təşkil edilməli, ölkəmizdə turizm işi peşəkarlıqla təşkil edilməlidir. Bunların nəticəsi olaraq, beynəlxalq bazarda mövcud olan güclü rəqabətə davam gətirə bilən turizm sektoru yaradılmasına ciddi ehtiyac vardır. Beləliklə, ölkəmizdə turizm sektorunun inkişafı ilə bağlı son illər atılan addımlar öz pozitiv bəhrələrini verməlidir. Ölkə Prezidentinin prioritet elan etdiyi bu sahənin daha da inkişaf etdirilməsi və ümumu daxili məhsulda payının artırılması istiqamətində imkanlar yetərincədir.

Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Hazırda Azərbaycan yeni inkişaf mərhələsindədir. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni uğurların əldə olunmasıdır. Ona görə də hər birimiz milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin sosial-iqtisadi, siyasi-hərbi qüdrətinin daha da artması üçün fəal çalışmalıyıq.

Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, qlobal və regional çağırışlara cavab verərək ölkəmizin dünya nizamında öz mövqelərini gücləndirməsi üçün Prezident İlham Əliyev “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə imzaladığı  Fərman 2020-ci ilə qədər olan dövrdə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi, mədəni irs və ətraf mühitin qorunması məsələlərini əhatə edir.

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul ediləcəkdir. İnkişaf Konsepsiyası orta və uzun müddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndiriləcəkdir ki, bu da müəyyənləşdirilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin resursların rasional bölüşdürülməsini təmin edəcəkdir.

Konsepsiya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaqdır. İqtisadi inkişafın innovativ xarakteri rəqabətədavamlılığı yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli inteqrasiya imkanları yaradacaqdır.

Azərbaycan dövlətinin strateji vəzifəsi biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir. Lakin inkişaf birtərəfli olmayacaq, davamlı xarakter daşımaqla iqtisadi-sosial və ekoloji məsələləri də əhatə edəcəkdir. Bu, konsepsiyanın əhatə etdiyi dövrdə ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcminin iki dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılmasına imkan verəcəkdir. Azərbaycan əlverişli coğrafi mövqeyindən yararlanaraq enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun inkişaf etdirilməsi ilə regional mərkəzə çevriləcəkdir.

 

  Asəf NADİROV,
akademik, əməkdar elm xadimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında