Vergilər Nazirliyində mətbuat konfransı

 

Vergilər Nazirliyində ötən ilin yekunları və 2013-cü ildə görüləcək işlərə, eləcə də Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə həsr olunmuş mətbuat konfransı keçirildi.

Vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə reallaşdırılmış sosial-iqtisadi siyasət nəticəsində qarşıda duran mühüm vəzifələrin uğurla həyata keçirilməsi üçün möhkəm və dayanıqlı zəmin yaradıldığını qeyd etdi. Bildirdi ki, 2012-ci ildə nazirlik tərəfindən dövlət büdcəsinə 6 milyard 25,4 milyon manat vəsaitin ödənilməsi təmin olunmuşdur. Bu da 2011-ci illə müqayisədə 553,5 milyon manat və ya 10,1 faiz çoxdur. Daxil olan vergilərin 4 milyard 330,2 milyon manatı və ya 71,9 faizi qeyri-dövlət sektorunun payına düşür. Qeyri-dövlət sektorundan vergi daxilolmalarının həcmi əvvəlki ilə nisbətən 512,6 milyon  manat və ya 13,4 faiz artmışdır. Qeyri-neft sektorundan daxilolmalar isə 3 milyard 286,5 milyon manat təşkil etməklə, 2011-ci ilə nisbətən 415,7 milyon manat və ya 14,5 faiz artmışdır.

Konfransda qeyd olundu ki, 2012-ci ildə vergi sistemində həyata keçirilən islahatlar davam etdirilmiş, vergi nəzarəti təkmilləşdirilmiş, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsi və keyfiyyəti yüksəldilmişdir. Vergi xidmətində informasiya texnologiyalarının tətbiqi və genişləndirilməsi istiqamətində bir sıra ciddi nailiyyətlərə imza atılmışdır. 2012-ci ildə yerli investisiyalı hüquqi şəxslərin dövlət qeydiyyatı elektron formata keçirilmiş, vergi və rüsumların elektron ödənilməsi imkanları yaradılmış, elektron xidmətlərin çeşidi artırılmışdır. Hazırda ölkəmizdə elektron hökumət çərçivəsində təqdim olunan elektron xidmətlər arasında Vergilər Nazirliyi ən çox sayda - 57 elektron xidmət göstərən dövlət orqanıdır.

Natiq Əmirov ölkə Prezidentinin fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2012-ci il tarixli Qanun barədə də ətraflı məlumat verdi. Vergi Məcəlləsinin 65 maddəsinə 131 bənd üzrə 176 əlavə və dəyişikliyin edildiyini vurğulayan nazir müavini dəyişikliklərin əsasən vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, vergi ödəyicilərinin mənafelərinin qorunması, vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı məsələləri əhatə etdiyini bildirdi.

Sonra nazirliyin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri və mahiyyəti barədə ətraflı danışdı. İdarə rəisi vergi ödəyicilərinin hüquqlarının müdafiəsi istiqamətində Vergi Məcəlləsinə edilən əsas dəyişikliklər sırasında vergi partnyorluğu sazişinin bağlanması hüququnun verilməsini qeyd etdi. Göstərdi ki, vergi ödəyicilərinin hüquqlarının müdafiəsini təmin etmək məqsədilə edilmiş bu dəyişiklik vergi ödəyicisinin maliyyə itkilərinin minimallaşdırılmasına imkan verəcək.

Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları ilə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyalarından məhkəməyə şikayətin verilməsi, bu dövrdə vergi ödəyicisinin pul vəsaitlərinin yalnız məhkəmənin müvafiq qərarına uyğun olaraq dövlət büdcəsinə alınması qaydasını tənzimləyir.

Məcəlləyə edilmiş dəyişikliklər sırasında diqqət çəkən digər yenilik isə büdcəyə ödənilməli olan əlavə dəyər vergisinin təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə vergi ödəyicisinin kassasına və hesablaşma hesabına daxil olmuş məbləğlərdən hesablanmasının nəzərdə tutulmasıdır.

Əsas vəsaitlərə aid edilən aktivlərin dəyərinin 100 manatdan 500 manatadək artırılması uçot-hesabat işlərinin aparılmasının daha da sadələşdirilməsinə müsbət təsir göstərəcək, eyni zamanda dəyəri 500 manatdan aşağı olan aktivlərin xərclərə silinməsinə imkan verəcəkdir. Bu isə vergi ödəyicilərinə əlavə dövriyyə vəsaitinin əldə edilməsinə, investisiya fəaliyyətləri üçün əlavə imkanlar yaranmasına səbəb olacaqdır. Sözügedən dəyişikliyi faktiki olaraq 100 faiz həcmində sürətli amortizasiya kimi də dəyərləndirmək olar.

Vergi Məcəlləsinə edilmiş daha bir əsas dəyişiklik fiziki şəxslərin aylıq gəlirlərinə və qeyri-sahibkarlıq fəaliyyətindən illik gəlirlərinə tətbiq edilən gəlir vergisinin maksimal dərəcəsinin 30 faizdən 25 faizə endirilməsi, fiziki şəxslərin 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilən aylıq gəlirlərinin 2000 manatdan 2500 manatadək artırılması, fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinin 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilən illik gəlirlərinin isə 24000 manatdan 30000 manata qaldırılmasıdır. Bu dəyişiklik muzdla işləyən fiziki şəxslərə ödənişlərin əmək haqları şəklində leqallaşdırılmasına, əhalinin pul gəlirlərinin artırılmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Gəlir vergisi üzrə qanunvericiliklə müəyyən edilmiş güzəştlərdə də dəyişikliklər vardır. Sosial vəziyyətindən asılı olaraq fiziki şəxslərin müxtəlif kateqoriyalarının aylıq gəlirlərinə tətbiq edilən vergi güzəştləri müvafiq olaraq 100 manatdan 200 manata, 55 manatdan 100 manata, 20 manatdan 50 manatadək artırılmışdır.

Mühüm dəyişikliklər sırasında Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə yaradılmış sənaye və texnologiyalar parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirlərinin 7 il müddətinə gəlir vergisindən, parkların idarəedici təşkilatının və operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsinin müddət qoyulmadan və sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərinin fəaliyyətindən əldə etdikləri gəlirlərin 7 il müddətinə mənfəət vergisindən, sənaye və texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi məqsədilə idxal edilən texnikalar, texnoloji avadanlıqlar və qurğuların ƏDV-dən, parkların idarəedici təşkilatı və operatoru, parkların rezidenti olan hüquqi və fiziki şəxslərin əmlak və torpaq vergilərindən azad edilməsi də vardır.

Məcəlləyə edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlirlər mənfəət vergisindən, Fondun aktivlərində yerləşdirilməsi üçün idxal edilən qızılın və qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi ƏDV-dən azad edilmişdir.

Geniş ictimaiyyətin marağına səbəb olmuş dəyişikliklərdən biri də ödənişli təhsil xidmətlərinin göstərilməsinin ƏDV-dən azad edilməsidir.

Vergi Məcəlləsində sığorta agentlərinin və sığorta brokerlərinin xidmətləri maliyyə xidmətlərinə aid edilmişdir və bundan sonra həmin xidmətlər maliyyə xidmətlərinin tərkib hissəsi kimi ƏDV-dən azad olunacaqdır.

Bütövlükdə, son dəyişikliklərlə vergi güzəşt və imtiyazlarının əhəmiyyətli şəkildə artdığını vurğulayan A.Musayev bu addımın Azərbaycanda innovasiya və bilik menecmentinə əsaslanan iqtisadiyyatın qurulması istiqamətində vergi siyasətinin, eləcə də “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının vergi siyasəti nöqteyi nəzərindən hədəf və məqsədlərinə xidmət etdiyini qeyd etmişdir. Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinin 51 maddəsinə dəyişikliklər edilmişdir. Bunların sırasında nağdsız ödənişlərin aparılması zamanı vergi ödəyiciləri tərəfindən POS-terminalların quraşdırılması, vergi orqanı tərəfindən kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar əsas olmadan təqdim edilmədikdə əlaqəli məlumatlardan istifadə etməklə vergilərin hesablanması və s. dəyişiklikləri qeyd etmək olar.

Həmçinin əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmalı olan hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmləri eyniləşdirilib və 120.000 manat müəyyən edilib.

Yol vergisinin hesablanmasının və ödənilməsinin təkmilləşdirilməsi və təbii inhisar subyektlərinin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququnun olmamasını nəzərdə tutan dəyişikliklər də qeyd edilməlidir.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bazar qiymətləri nəzərə alınmaqla müəyyən ediləcəkdir.

A.Musayev bildirmişdir ki, vergi inzibatçılığının təkmilləşdirilməsi vergi qanunvericiliyinin vahid normativ sənəd əsasında tənzimlənməsini zəruri edir. Bu məqsədlə Vergi Məcəlləsinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənən vergi ödəyicilərində istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə xronometraj metodu ilə müşahidənin aparılması qaydaları, iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsi meyarları və idman mərc oyunlarını həyata keçirən vergi ödəyicilərinin  cəlb edilməsi qaydalarını nəzərdə tutan 50.1-ci maddə daxil edilmişdir.  Vergi Məcəlləsinə vergi nəzarətinin təkmilləşdirilməsi məqsədilə də müəyyən dəyişikliklər edilmişdir. Vergi ödəyicisinin filialı, nümayəndəliyi və digər təsərrüfat subyektlərinin olduğu ünvan üzrə uçota alınması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvafiq dövlət orqanı tərəfindən verilmiş sənəd əsasında vergi orqanlarında uçota alınması, vergi ödəyicisində əmlak vergisinin hesablanması və ödənilməsinin düzgünlüyü yoxlanılarkən inventarizasiya aparılması, vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və növbədənkənar səyyar vergi yoxlamalarının 9 aydan çox olmayan müddətdə dayandırılması (təxirə salınması) məhz bu qəbildən olan dəyişikliklərdir.

Cari ildə Vergi Məcəlləsinə əlavə edilmiş bir sıra yeniliklər sırasında elektron auditin tətbiqi ilə əlaqədar əlavələr xüsusi vurğulanmalıdır. Bu dəyişiklik və əlavələr nəticəsində ilk dəfə qanunvericilikdə elektron auditin tətbiqi üçün imkanlar yaradılmışdır. Dəyişikliklərə elektron fayl formasında sənədlərin tələb olunması, elektron qaydada audit aparılan zaman sənədlərin müəyyənləşdirilmiş  müddətdə təqdim edilməməsi, bilərəkdən təhrif olunmuş formada təqdim edilməsi və sənədlərin qanunla müəyyən edilmiş müddətdə saxlanılmamasına görə maliyyə sanksiyasının tətbiqi də daxildir.

Sonra Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri KİV nümayəndələrinin suallarını cavablandırdılar.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında