Şriftin ölçüsü:
03.07.2010 04:59 | Oxunma sayı: 905
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ARDNŞ-in beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərən çevik və rəqabətədavamlı bir şirkətə çevrilərək dünya miqyasında özünə layiqli yer tutması ilə bağlı göstərişlərinə əsasən aparılan məqsədyönlü tədbirlər müsbət nəticələrini verməkdədir. Belə ki, şirkətin idarəçiliyində müasir texnologiya və sistemlərin uğurla tətbiq olunması artıq beynəlxalq səviyyədə öz təsdiqini tapır. Əldə olunmuş nailiyyətlərin davamı olaraq bu günlərdə ARDNŞ MDB ökələrində "Böyük şirkətlərdə SAP proqram təminatının tətbiq edilməsi" kateqoriyası üzrə "SAP CİS Quality Award 2010" (Gold Winner) Qızıl mükafatına layiq görülmüşdür. Xatırladaq ki, bu mükafat SAP proqramının yüksək keyfiyyətlə səmərəli tətbiqi sahəsində uğurlu nəticələr qazanmış şirkətlərə təqdim olunur.
İyulun 2-də ARDNŞ-in Baş Ofisində "SAP CIS Quality Award - 2010" mükafatının təntənəli təqdimat mərasimi keçirilmişdir. ARDNŞ rəhbərliyinin, Şirkətin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin, SAP-ın Almaniyadakı Baş Ofisinin, MDB nümayəndəliyinin, həmçinin, "PriceWaterhouseCoopers" beynəlxalq məsləhət şirkəti təmsilçilərinin iştirak etdiyi mərasimdə SAP şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələrində biznesin inkişafı üzrə meneceri Valdemar Şnayder mükafatın verilməsi ilə bağlı vəsiqəni və rəsmi sertifikatı ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımova təqdim etmişdir.
Bildirilmişdir ki, dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının lokomotivi sayılan ARDNŞ vacib sahələrin avtomatlaşdırılması hesabına səmərəliliyin artırılmasına böyük diqqət yetirir. Şirkətdə bu istiqamətlər üzrə uzunmüddətli strateji transformasiya proqramı reallaşdırılır. Proqramda Maliyyə Hesabatları Beynəlxalq Standartlarına (MHBS) keçid və beynəlxalq təcrübəyə əsaslanaraq şirkətin idarəetmə sisteminin modernləşdirilməsi məsələləri xüsusi yer tutur. Proqramın başlıca məqsədi şirkəti bu sahənin lider qurumları sırasına çıxarmaq, məhsulların və biznes proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Aydın məsələdir ki, istənilən anda düzgün əsaslandırılmış qərarlar qəbul etmək üçün şirkətin tərkibində fəaliyyət göstərən müəssisələrin mövcud vəziyyətinə dair dəqiq, ətraflı, aktual və təfərrüatı ilə hazırlanmış informasiyaların mövcudluğu vacib şərtlərdəndir. Belə informasiyaların əldə edilməsinin ən mühüm vasitəsi isə müasir dövrdə ümumkorporativ məlumat sistemləri hesab olunur. Məhz bu məqsədlə ARDNŞ tərəfindən SAP şirkətinin proqram təminatı seçilmişdir. Bu da təsadüfi deyil. SAP bütün dünyada biznesin idarə edilməsində əsas proqram təminatçısı sayılır. Hazırda 120 ölkənin 97 min şirkəti öz fəaliyyətində SAP proqramlarından istifadə edir.
SAP proqram təminatı əsasında ARDNŞ-də uzunmüddətli (2012-ci ilə qədər) avtomatlaşdırılmış proqram işlənib hazırlanmışdır. Artıq maliyyə-uçot əməliyyatlarının MHBS-na uyğun qurulması, təchizatın və satışın avtomatlaşdırılması, risklərin və pul vəsaitlərinin idarə olunması, kadr uçotu, əmək haqqının hesablanması və s. məsələlər üzrə müvafiq layihələr reallaşdırılmış və SAP mükafatlarına layiq görülmüşdür.
Mərasimdə "SAP CİS Quality Award - 2010" mükafatçılarının müəyyən olunması üçün keçirilən beynəlxalq müsabiqənin şərtləri və qaydaları haqqında da iştirakçılara ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 2008-2010-cu illərdə SAP şirkətinin proqram qərarlarını tətbiq etmiş müştəriləri arasında keçirdiyi müsabiqənin seçim turunu müvəffəqiyyətlə başa vurduqdan sonra ARDNŞ 21 iştirakçı şirkət siyahısına daxil edilmişdir. Bu mərhələdə ARDNŞ-in layihəsi SAP-ın MDB üzrə ekspertlərindən ibarət münsiflər heyətinə təqdim olunmuşdur.
Həmin layihə SAP-ın 10 keyfiyyət prinsipinə əməl olunması parametri üzrə qiymətləndirilmişdir. Bura səmərəlilik prinsipi, həmçinin layihələrin unikal xüsusiyyətləri nəzərə alınmaqla tətbiqin rentabelliyi və məcmu dəyəri kimi əsas göstəricilər daxildir. Müsabiqə nəticəsində ARDNŞ "böyük şirkətlər arasında tətbiq edilmə" nominasiyasında qalib elan olunmuş və şirkətin təcrübəsi SAP qərarlarının uğurlu və keyfiyyətli tətbiqində nümunə hesab edilmişdir. Bu barədə qərar ilk dəfə cari il iyunun 23-də Moskvada keçirilən SAP forumunda açıqlanmışdır. Qeyd etmək lazımdır ki, forumda 1500-dən artıq qonaq - Rusiya Federasiyası Prezidenti Aparatının, nazirlik, və RF federal agentliklərinin nümayəndələri, SAP müştəriləri olan şirkət rəhbərləri iştirak etmişlər. Forumda keçirilmiş təqdimatda açıq şəkildə qeyd olunmuşdur ki, ARDNŞ-də SAP proqramlarının tətbiq edilməsi səmərəli nəticələr vermişdir. Şirkətdə bir sıra sahələr üzrə itkilərin qarşısı alınmış, MHBS üzrə hesabatların konsolidasiyası prosesi sürətlənmiş, şirkətin biznes-prosesləri beynəlxalq praktikaya uyğun olaraq təkmilləşdirilmiş, idarəetmə və informasiya axınının təhlükəsizlik səviyyəsi yüksəlmişdir.
Təqdimat mərasimində SAP şirkətinin departament rəhbəri Dmitri Krasyukov, şirkətin MDB nümayəndəliyinin təmsilçisi Vadim Rıskal, "PriceWaterhouseCoopers" beynəlxalq məsləhət şirkətinin biznesin effektiv idarə edilməsi şöbəsinin tərəfdaşı Aleksey Burlatski və başqaları çıxış edərək SAP qərarlarının tətbiqi və idarəetmə sisteminin modernləşdirilməsində ARDNŞ-in tərəf-müqabili "PriceWaterhouseCoopers" beynəlxalq məsləhət şirkətinin, həmçinin ARDNŞ-in İnformasiya Texnologiyaları İdarəsinin mütəxəssislərinin rolunu yüksək qiymətləndirmişlər.
{nl}
M.YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.